KİM ÇEN ININ BAŞIYLA DÜŞÜNMƏK

eliyev-kimcenin

Əli Əhmədov absurdun zirvəsində Xətainin yaşına istinad edib

Bu günə qədər hökumət komandası Konstitusiyaya edilən dəyişikliklərlə bağlı heç bir ağlabatan açıqlama verə bilməyib. Kim mikrofonu əlinə götürüsə rüsvayçılıq, biabırçılıq, cılızlıq “nəğmə”ləri oxuyur.

Bu dəfə də mürtəce dəyişikliklərə don geyindirmək növbəsi Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədova çatıb. Təbii ki, Əli Əhmədov da Konstitusiyaya təcavüz edilməsinə hüquqi qiymət verməyə çalışsa da,  o biri həmkarları kimi  “2” qiymət alıb.

Əli Əhmədov əvvəlcə bildirib ki, Konstitusiyaya təklif edilən dəyişikliklər siyasi sistemi təkmilləşdirmək,  dövlət maraqlarını qorumaq, hüquq və azadlıqları təmin etmək üçündür.

Siyasi sistemi təkmilləşdirmək, insan hüquqlarına hörmətlə yanaşmaq, azadlqıları təmin etmək üçün mövcud Konstitusiya əngəl törədir? Korrupsiyanın tüğyan etməsi, seçkilərin saxtalaşdırılması, neft pullarının offşorlara daşınması, məhkəmələrin  oyuncağa çevrilməsi mövcud Konstitusiya ilə bağlıdır? Konstitusiyamızda insan hüquq və azadlıqlarına önəm verən, siyasi sistemin təkmilləşdirilməsinə xidmət edən kifayət qədər maddələr var. Hökumətin məqsədi dövləti gücləndirmək, hüququn aliliyini təmin etmək olsaydı, Konstitusiya buna tam imkan yaradır. Əksinə, hökumət Konstitusiyanın bütün maddələrini şəxsi məqsədlər naminə girova çevirib. Ölkənin adını “qeyri-azad ölkələr” sırasına salıb, ölkədə avtoritar idarəçilik yaradıb, sonra hüququn aliliyindən danışmaq absurddur.

Heç kimə sirr deyil ki, Konstitusiyaya dəyişikliklərdə məqsəd prezident hakimiyyətini gücləndirmək, mütləq monarxiya yaratmaqdır.  Əks halda 23 ildə dövlətçiliyə xidmətin, azadlıqlara sayğının nümunəsini görərdik.

Daha sonra Əli Əhmədov yaş məhdudiyyəti məsələsinə toxunub. Deyib ki,  yaş həddinin aşağı salınması o demək deyil ki, 18 yaşda vətəndaş mütləq deputat və ya prezident olacaq. Söhbət Konstitusion seçilmək hüququnun demokratik təminatından gedir.

Bəli, Əli Əhmədov bizi inandırmaq istəyir ki, yaş həddinin 18-ə endirilməsi vətəndaşın seçilmək hüququna hörmətdən doğub. Olduqca tragikomik mənzərədir.  Seçkidə qalib gələn vətəndaşın haqqını oğurlamaqdan çəkinmirlər, Avropa Məhkəməsi saxta  mandat daşıyanlarla bağlı ard-arda qərarlar çıxarır, seçicinin və namizədin haqqının oğurlandığını sübut edən foto-video görüntülər yayılır və hökumət bütün bunlara sudur. Və bu  miqyasda eybəcərliklərdən sonra yaş müddətinin azadılmasını vətəndaşın seçilmək hüququyla izah edirlər. Namizədin halal haqqını özünə vermirlər, vətəndaşın seçilmək hüququndan danışırlar.

Əli Əhmədov həm də deyib ki, Makedoniyalı İsgəndər, Şah İsmayıl Xətai, Napoleon da erkən yaşlarında dövlət başçısı olublar və xarüqələr yaradıblar. Bəli, hökumətimiz arqument axtaranda da qədim dövrlərə istinad edir, keçmişdən sitat gətirir. Çünki, 21-ci əsrə qədəm qoya bilməyiblər, orta əsr təfəkkürünün daşıyıcısıdılar, müasirliklə düşməndilər. Tarixi şəxsiyyətlərin yaşının azlığından nümunə götürürlər, amma qətiyyətindən, cəsarətindən, dövlət sevgisindən nümunə götürmək istəmirlər. Birdə ki,  hökumət dövlət idaretməsində gənclərin iştirakında maraqlıdırsa Ramiz Mehdiyev, Artur Rəsizadə və digər qocalar niyə “stop” eləmir? Milli Məclisin 90 faizi niyə qocalardan ibarətdir? Niyə ölkənin gələcəyi olan gənclər səfalət bataqlığında çırpınmağa məcbur edilib?

Deməli, yaş həddinin azaldılması qətiyyən seçilmək hüququyla bağlı deyil, növbəti hüquqsuzluğa hüquqi don geyindirmək üçündür. Vəzifəlilərin xaricdə təhsil almış övladları “gənc nəsil” kimi parlamentdə təmsil olunacaqlar.

Əli Əhmədov Konstitusiyaya təklif edilən dəyişikliklərin bir səbəbini də dünyada və regionda gedən proseslərlə əlaqələndirib.  Deyib ki, inqilablar, savaşlar, terrorizm, humanitar fəlakətlər baş verir və buna adekvat addımlar atılmalıdır.

Deməli, Əli Əhmədov uzun illər aparılan təbliğatın yalan olduğunu etiraf edib. Yəni, “Azərbaycan sabitlik adasıdır”, “xalq- hakimiyyət birliyi mövcuddur” kimi fikirlər çaşqınlıq yaratmaq üçündür.  Əgər Azərbaycanda xalq hakimiyyəti dəstəkləsəydi, hakimiyyətə qarşı kütləvi narazılıq olmasaydı, ölkənin qarşıdakı mərhələdə daha ağır böhrana yuvarlanacağı gözlənilməsəydi, hökumət bu addımları atmazdı. Bu həm də onun etirafıdır ki, ölkə uçurumun kənarına gəlib, xalqın nifrəti artıb və hökumət də indidən vəziyyətə nəzarəti ələ almaq istəyir.

Amma başa düşmürlər ki, xalqın qəzəbi qarşısında heç bir mürtəce dəyişiklik, əbədi prezidentliyin legitimləşdirilməsi davam gətirə bilməz.

Müxtəsər, Əli Əhmədovun da arqumentləri, əsaslandırmaları bumeranq effekti verdi. Deyilənlər, hökumətin əmməlləriylə qətiyyən üst-üstə düşmür.  Mürtəceliyin əyninə hüquqi don dar gəlir.  Bunlardan Napoleon, İsgəndər çıxmaz, uzaqbaşı Kim Çen İr ola bilərlər.

~ tərəfindən Patriot 28/07/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma