TÜRKİYƏNİN NATO-da ÜZVLÜYÜ TƏHLÜKƏDƏ!

nato-turkiye

ABŞ Ankaraya xəbərdarlıq etdi: «Çox irəli getməyin!»

Hərbi qiyam cəhdinə görə həbs olunan generalların sayı 100-ü keçdi

Dünən Türkiyə baş naziri Binəli Yıldırımın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. Çankaya köşkündə keçirilən iclasda ölkədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı müzakirələr aparılıb.

“208 şəhid vermişik, 1491 yaralı var”

Üç saat davam edən iclasdan sonra B.Yıldırım mətbuat konfransı keçirərək bildirib ki, iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması nəticəsində şəhid olanların sayı 208-ə çatıb. Onlardan 60-ı polis, 3-ü hərbçi, 145-i mülki şəxsdir.

Baş nazirin sözlərinə görə, qiyam nəticəsində ümumilikdə 1491 nəfər yaralanıb. Indiyədək 7543 nəfər həbs edilib.

B.Yıldırım Türkiyənin hava məkanının təhlükəsizliyi ilə bağlı hazırda hər hansı təhdidin olmadığını, ölkə üzrə ümumi vəziyyətə nəzarət edildiyini qeyd edib.

Qiyamda iştirak edən şəxslərin edam cəzasına məhkum olunması ilə bağlı suala cavab verərkən baş nazir deyib ki, bu, Konstitusiyada dəyişiklik tələb edən bir məsələdir. Vətəndaşlarımız hadisələrlə əlaqədar emosional davranaraq müəyyən çağırışlar səsləndirə bilərlər. Ancaq biz xalqın tələbinə göz yuma da bilmərik. Bütün bu məsələlər Türkiyə Böyük Millət Məclisində müzakirə ediləcək.

“Edam cəzasını bərpa edən ölkə Avropa Ittifaqına üzv ola bilməz”

Edam cəzası ilə bağlı məsələyə Avropa Ittifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini ilə ABŞ dövlət katibi Con Kerrinin dünən Brüsseldə keçirdiyi mətbuat konfransında da toxunulub.

Türkiyədə baş verənlərə dair mövqeyini bölüşən F. Mogerini bu ölkənin Konstitusiya quruluşuna riayət edilməsinin və hüququn üstünlüyünün təmin olunmasının zəruriliyini vurğulayıb: “Türkiyədə yaşananlara dair narahatlıqları bölüşürük. Türkiyənin demokratiya, insan haqları və təməl hüquqlara riayət etməsini təmin etməliyik”.

F.Mogerini bildirib ki, Türkiyə edam cəzasını bərpa edərsə, Avropa Ittifaqına üzv qəbul oluna bilməz: “Edam cəzasını tətbiq edən heç bir ölkə Avropa Ittifaqına üzv ola bilməz. Türkiyə Avropa Şurasının bir parçasıdır və Avropa Insan Haqları Konvensiyasına qoşulub”.

Kerri: “Türkiyəyə xəbərdarlıq edirik ki…”

C.Kerri isə Türkiyənin seçilmiş liderlərinin yanında olduqlarını deyib. O, ABŞ və AI-nin Türkiyəni hüququn üstünlüyünə hörmət göstərməyə çağırdığını deyib: “Çevriliş cəhdi göstərənlərin məhkəmə önünə çıxarılmasını dəstəkləyirik. Lakin Türkiyəyə xəbərdarlıq edirik ki, çevriliş cəhdindən sonra qayda-qanunu təmin etmək məsələsində çox irəli getməsin”.

C.Kerri NATO-nun Türkiyədə baş verənləri nəzərdən keçirəcəyini də əlavə edib: “Türkiyədə çevriliş cəhdindən sonra kütləvi “təmizləmələr” dalğasında demokratiya prinsiplərinə əməl edilməzsə, ölkə NATO-dan çıxarıla bilər”.ÿ

Kerri bildirib ki, ABŞ və Avropa Ittifaqı Türkiyəyə demokratiya qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir: “ABŞ Türkiyəni mili demokratik institutların və qanunun aliliyinin yüksək standartlarına hörmət göstərməyə çağırır”.

ABŞ dövlət katibi Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı fikirlər münasibət bildirib.

Kerri Türkiyə tərəfinin təqdim etdiyi dəlillərin standartlara uyğun olacağı təqdirdə ekstradisiya anlaşmasına əməl edəcəklərini bildirib. O əlavə edib ki, ölkəsi F.Güləni Türkiyəyə verməməklə hər hansı məqsəd güdmür(apa).ÿ

8 minə yaxın polis işdən çıxarılıb

Anadolu Agentliyi indiyədək 103 general və admiralın həbs olunduğu barədə məlumat yayıb. Dövlət çevrilişinə cəhdlə əlaqədar vəzifədən azad edilənlərin də sayı artır. 30 vali və yerli icra hakimiyyəti orqanlarının təqribən 300 nümayəndəsi tutduqları vəzifədən azad olunub. Vəzifəsindən azad edilənlər arasında daxili işlər orqanlarının və Sahil Mühafizəsinin əməkdaşları da var. Beləliklə, qiyamla əlaqədar ümumilikdə vəzifəsindən azad edilənlərin sayı 8 min 777-yə çatıb.

Dövlət çevrilişinə cəhdlə əlaqədar 7850 polis əməkdaşı da işdən azad edilib. Bazar günü gecədən etibarən Türkiyədə hüquq mühafizə orqanlarında qiyamçıların aşkar edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilir. Polis idarələrinə çağırılan xidmətdən kənarlaşdırılmış həmin polis əməkdaşlarının silahları və nişanları alınıb.

Istanbul şəhər təhlükəsizlik xidmətinin rəisi Mustafa Çalışkan bildirib ki, şəhərə 1800 nəfərlik xüsusi təyinatlı polis qüvvələri gətirilib. Onlar strateci əhəmiyyətli obyektlərdə yerləşdirilib.

Mustafa Çalışkan şəhər üzərində uçan helikopterlərin xəbərdarlıq etmədən vurulmasına dair əmr verib.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi çərçivəsində şəhərə, zirehli texnika da yeridilib.

Türkiyə hakimiyyəti dövlət qulluğunda çalışan məmurların ölkədən çıxışına məhdudiyyət qoyub. Məlumata görə, yalnız yaşıl pasportu və xidmət möhürü olan şəxslər ölkədən çıxa biləcəklər. Lakin bu şəxslər də ölkədən çıxmaq üçün işlədikləri yerdən xüsusi sənədlər təqdim etməli olacaqlar.

“WikiLeaks” hərbi çevrilişlə bağlı 100 mindən çox sənəd yayacaq

Məxfi sənədləri və yazışmaları yaymaqla məşhurlaşan “WikiLeaks” beynəlxalq qeyri-kommersiya təşkilatı Türkiyədəki hərbi çevriliş hadisəsi ilə bağlı çoxlu sayda sənəd açıqlayacağını elan edib. “WikiLeaks” bunu özünün rəsmi “Twitter” səhifəsində bildirib. “Türkiyə çevrilişi” etiketi ilə verilən açıqlamada “Türkiyənin siyasi güc iyerarxiyası” haqqında 100 mindən çox sənəd yayımlanacağı bildirilib.

Türkiyədə qiyama cəhdlə bağlı aparılan araşdırmalar nəticəsində həbs edilən 103 ÿgeneral və admiralın arasında Hərbi Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk də var. Dünən Akın Öztürk hərbi çevrilişdə iştirakını etiraf edib. Bu barədə “Anadolu” agentliyi xəbər verib.ÿ

“Mən çevriliş etmək məqsədilə hərəkət etmişəm”, deyə A.Öztürk məhkəmədə deyib.

Maraqlıdır ki, həbsinin ilk günü Öztürk tamam başqa ifadələr vermiş və hərbi çevrilişə cəhdin heç bir mərhələsində yer almadığını, əksinə, qiyam etməyə çalışanların bu yoldan çəkindirmək üçün səy göstərdiyini bildirmişdi. Həmçinin əlavə etmişdi ki, proses boyunca Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akarın yanında olub.

Qeyd edək ki, saxlanılanların bir hissəsinin barəsindəki cinayət işi artıq məhkəməyə göndərilib. Onlar barəsində ağır ittihamlar irəli sürülüb. Bunlar arasında Konstitusiyanı pozan təşəbbüs, zorakılıq və şiddət istifadə edərək, Türkiyə Cümhuriyyətini ortadan qaldırmağa cəhd kimi maddələr var.ÿ

“Ergenekon” işinin prokuroru da həbs edildi

Türkiyədə hərbi çevriliş cəhdindən sonra həbs olunan çoxsaylı prokurorlar arasında ötən illərin səs-küylü “Ergenekon” istintaqını aparan prokuror da var.

“Konstitusiya quruluşunu dəyişməyə cəhd” ittihamı ilə başlanan cinayət işi çərçivəsində Düzcə vilayətində saxlanılan 13 prokurordan 5-i haqqında həbs qərarı çıxarılıb. Onlardan biri “Ergenekon” cinayət işi çərçivəsində bir vaxtlar çoxlu sayda yüksək rütbəli hərbçinin həbsinə sanksiya vermiş Osman Şanaldır.

  1. Şanal həbs qərarının verildiyi məhkəmə binasından çıxarılarkən “mən cümhuriyyət prokuroru Osman Şanalam. Mənə bu davranışı rəva görənləri millətimə həvalə edirəm. Həbsimə sanksiya verənlərdən şikayətçi olacam”, deyib.ÿ

Bundan başqa, Səudiyyə Ərəbistanınınÿ hüquq-mühafizə orqanları rəsmi Ankaranın sorğusu əsasında Türkiyənin Küveytdəki hərbi attaşesini həbs edib.

Diplomat Dəmmam şəhərinin beynəlxalq hava limanında saxlanılıb.

Həbsin hərbi çevriliş cəhdi ilə əlaqədar olduğu bildirilir. Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra 2418 hərbçi həbs edilib.

”Əsgərləri linç edənlər də mühakimə olunsun”

“Əmr alıb küçəyə çıxan əsgərləri deyil, onlara təlimat verənlərin sorğu-sual edilməsi lazımdır. Türk əsgərinin salndığı vəziyyət heç də ürəkaçan deyil. Hüquqa əməl edilməlidir.  Türkiyə qanunun aliliyinə inanan və bu mövzuda güvəniləcək bir ölkə olmaq istəyirsə, qərarları və təqibləri qanunlar çərçivəsində həyata keçirməlidir”.

Bunu CHP başqanı Kamal Kılıçdaroğlu deyib. O, çevrilişə cəhd edən əsgərlər kimi, əmrə tabe olub küçəyə çıxan əsgərləri linç edənlərin də mühakimə olunmalı olduğunu deyib. “Əsgərləri linç edənlərin də tapılıb mühakimə olunması eyni dərəcədə vacibdir. Türk əsgərinə bu münasibəti heç bir vicdan qəbul edə bilməz”,-deyə CHP başqanı bildirib.

~ tərəfindən Patriot 19/07/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma