“BƏS, 23 İLLİK YAP HAKİMİYYƏTİ NƏ İŞ GÖRÜB?”

elcibey

Tarixi araşdırmaq, yoxsa milli hökumətə qarşı kampaniya

1 illik hakimiyyət 23 illik rejimə bütün parametlər üzrə qalib gəlir

Hökumətin heç bir uğur hekayəsi qalmayıb. Bugünə qədər  arqument kimi yapışdıqları hər şey ifşa edilib. Son olaraq bütün uğursuzluqlarını Avropa Oyunları ilə sığortalamağa çalışdılar ki, bu da əks-efekt verdi. Avropa liderləri bu tədbiri boykot etdi, vətəndaş isə lənətlə qarşıladı. Hamı başa düşdü ki, Avropa Oyunlarına xərclənən milyardlar ölkəni səfalətə sürükləyir, xalqın sabahını təhdid edir.

Ona görə hökumət hər yerdən əli üzüləndə 1 illik AXC hakimiyyətini hədəf seçməyə başlayır. Yəni dünya da, ölkə ictimaiyyəti də bunları korrupsioner kimi tanıyır, xalq bu hakimiyyətə nifrət edir, bunlar isə əvəzində “AXC hakimiyyəti pisdir” cavabını verirlər. Guya, AXC hakimiyyətinin pis olması, YAP hakimiyətinin milyardlar oğurlamasına, vətəndaşı kredit bataqlığına salmasına, bir qarış torpağı işğaldan azad etməməsinə, ölkənin ata malı kimi bölüşdürülməsinə haqq qazandırır.

Indi də cəmiyyətdə çaşğınlıq yaratmaq, alternativləri gözdən salmaq üçün 4 iyun hadisələrini gündəmə gətiriblər. Hökumətin qazanından qidalanan saytlar, qəzetlər bir neçə gündür bu mövzunu işıqlandırır, bəzi adamlar da ekspert qismində tarixə ekskurs etməyə başlayıblar. Bilən də, bilməyən də hökumətin tələsinə düşüb, AXC hakimiyətini yıxıb-sürüyür.

Əlbəttə, AXC hakimiyyətində nöqsanlar var idi və bunu hər zaman etiraf edirlər. Amma AXC hakimiyyətinin xalq seçmişdi və bu hakimiyyət xalqa xidmət edirdi. Niyə bu “tarix agentləri” həmin dövrdən danışanda ancaq mənfi məqamları dilə gətirirlər? Bir illik hakimiyyətin nöqsanlarının olması təbii deyilmi? Əsas budur ki, bu 1 il ərazində rus qoşunları ölkədən çıxarıldı, milli valyuta dövriyyəyə buraxıldı, peşəkar ordu quruculuğuna start verildi, Ləl-Cəvahirat Fondu yaradıldı, mətbuat sahəsində işlər görüldü, hüquq sahəsində islahatlar aparıldı, təhsil islahatları həyata keçirildi, müəllimlərin maaşı 3 dəfə artırıldı, ən əsası isə torpaqların 40 faizi işğaldan azad edildi.

Bəs, 23 illik YAP hakimiyyəti nə iş görüb? Yüz milyardlarla neft pulu ilə hansı işlər görülüb? Fakt budur ki, xarici borcumuz gündən-günə artır, Azərbaycanın adı qeyri-azad ölkələr sırasına salınıb, dövləti şəxsi obyekt kimi təsəvvür edənlər vəzifə sahibi olub. Biz əminliklə deyə bilərik ki, Əbülfəz Elçibəy bu dövlətin bir qəpiyinə xəyanət etməyib, amma bu hakimiyyətin başında duranlar milyarderə çevrilib. Xalqın bədbəxtliyi üzərində xoşbəxtlik qurublar.

Əlbəttə, 4 iyun qiyamı olmasaydı, Rusiyanın əlaltıları dövləti işğal etməsəydilər, bu gün tamam fərqli bir mənzərənin şahidi olardıq. Fakt budur ki, torpaqları işğaldan azad edən 33 könüllü batalyon ləğv edildi, məğlubiyyətin atəşkəsi imzalandı və neft pulları bir neçə adamın əlində cəmləşdi. Ona görə də təpədən-dırnağa korrupsiyaya bulaşmış, zəngin ölkəni dilənçi vəziyyətinə salmış hökumətin AXC hakimiyyətini tənqid etməsi absurd görünür.

Əslində, AXC hakimiyyətini xatırlamaq YAP hakimiyyətnin özünüifşasıdır. Çünki, bu gün Azərbaycan bütün parametrlər üzrə AXC dövründən 23 dəfə üstün olmalıydı. Amma bu gün Azərbaycan pis nümunələr üzrə 23 dəfə üstündür. Bir faktı yazaq ki, həmin dövrdə adambaşına düşən xarici borc 9 dollar idi, indi isə adambaşına düşən xarici borc 750 dolları ötüb, yəni 83 dəfə artıb.

Son günlər 4 iyun hadisələrinə ekskurs edilməsi, təbii ki, AXC hakimiyyətini gözdən salmağa, bu gün mübarizənin önündə olan AXCP-yə badalaq vurmağa hesablanıb. Amma bu məsələni gündəmə gətirənlər həqiqətən də tarixi hadisələrə qiymət vermək, həqiqətləri üzə çıxarmaq istəyirlərsə, əsas məqamlara toxunmalıdılar. Məsələn, 6 rayonun işğalının hansı dövrə təsadüf etdiyini, 33 batalyonu kimin ləğv etdiyini, 20 Yanvar qatilləri siyahısından Primakovun adını kimin çıxardığını, sonrakı mərhələdə Ziya Bünyadovun, Elmar Hüseynovun və digərlərinin niyə öldürüldüyünü və bu cinayətlərin üstünün niyə açılmadığını, Hacı Məmmədov cinayətini və bunun arxasında kimlərin dayandığını və digər məsələləri müzakirəyə çıxarmaq olar. Axırda da ofşor zonalarda kimin pullarının saxlandığını, ölkədəki bankların,  qızıl yataqlarının kimlərə məxsus olduğunu, Dubaydan tutmuş, Londona qədər kimlərin mülkünün tapıldığını da gündəmə gətirmək olar.

Yəni YAP hakimiyyəti dövründə o qədər dəhşətli hadisələr baş verib ki, bu hadisələrin ən zəifini AXC dövrünün ən böyük nöqsanı ilə müqayisə etmək olmaz.

Təbii ki, bütün bu vacib məqamları sifarişlə jurnalist olanlar, sifarişlə müsahibə verənlər gündəmə gətirə bilməzlər. Ona görə də ayıbınıza kor olun və keçmişə səyahət etməkdən daşının. Çünki, “sehrli xalat” bir də gələcəyə qayıtmağınıza əngəl yarada bilər.

~ tərəfindən Patriot 07/06/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma