AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 98 YAŞI TAMAM OLDU

28 may

Şərqdə ilk demokratik Azərbaycan Xalq Cümhuriyyəti…

Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 98 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur.

M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil – red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib. İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov – hərbi nazir
Məmmədhəsən Hacınski – xarici işlər naziri
Nəsib bəy Yusifbəylı – maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov – ədliyyə naziri
Məmmədyusif Cəfərov – ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri
Xudadat bəy Məlik-Aslanov – yollar naziri və poçt-teleqraf naziri
Camo bəy Hacınski – dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə.Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H.Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca F.X.Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırılıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may – 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edlir. Bu tarix ölkəmizdə qeyri-iş günü elan olunub.

Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.

Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə AXC qurucusu Məhəmməd Əmin Rəsulzadənin, onun silahdaşları Əlimardan bəy Topşubaşovun, Fətəli xan Xoyskinin və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilib, xatirələri əbədiləşdirilib.

Azərbaycan prezidenti Respublika Günü münasibətilə hər il rəsmi qəbul keçirir.

Respublika Günü münasibətilə ölkənin bütün strukturları, Azərbaycanın diplomatik nümayəndələri və diaspor təşkilatları tədbirlər təşkil edirlər.

Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.

~ tərəfindən Patriot 28/05/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma