“XOCALI DƏHŞƏTİ”

Nesiman Yaqublu - Xocali soyqirimi

Heç yerdə oxumadığınız həqiqətlər! – Nəsiman Yaqublu

1992-ci ildə Xocalı soyqırımı baş verəndən bir-neçə gün sonra Ağdama gedib rəhmətlik Allahverdi Bağırovla görüşdüm. Və onun köməkliyi ilə bu qətliam haqqında faktlar toplamağa başladım,hadisənin şahidləri ilə görüşdüm.”Xocalı qırğını” adlı bu hadisədən bəhs edən tarixi-publisistik kitabımı elə həmin ildə-1992-ci ildə 30.000 tirajla nəşr etdirib ictimaiyyətə çatdırdım.Həmin dövrdə yazdıqlarımın bir hissəsini oxuculara təqdim edirəm.

MEYİDLƏRİ GƏTİRMƏYƏ GEDİRİK

nesiman yaqublu“UAZ” maşınında dördümüzük: Allahverdi bəy, köməkçisi, sürücü və mən. Arxadakı “Kamaz”da isə 16 nəfər əyləşib, meyidləri yığmaq üçün. Meyid yığmaq üçün adam tapmaq da çətindir. Çoxunun ürəyi gəlmir getməyə.

Allahverdi bəy əvvəlcədən ermənilərlə danışıb. Razılığa gəliblər ki, iki girov erməninin əvəzinə meyidləri və bir azərbaycanlı girovu dəyişsinlər. Saat 12- də ermənilərlə müəyyənləşdirilmiş yerdə görüşməliyik.

BİR ƏLAVƏ.  Ağdam rayon Xalq Cəbhəsinin sədri Allahverdi bəy haqqında çoxları razılıq və minnətdarlıqla danışır. Məhz onun bacarığı, səyi nəticəsində çoxları əsirlikdən buraxılıb, yüzlərlə meyidi gətirib basdırmaq mümkün olub.

Ağdamın qurtaracağında post qoyulub. Bura “Qatır Məmməd” adı ilə məşhur olan Yaqubun dəstəsinin nəzarətindədir. Postun kənarında isə üstündə Yaqubun həlak olan oğlu Canpoladın adı yazılmış tank dayanıb. Öyrənirəm ki, Yaqub bəy qəhrəmanlıqla həlak olan oğlunun meyidini dünən ermənilərdən alıb basdırıb. Neçə müddət idi ki, ermənilər meyidi vermirdilər.

ERMƏNİ QULDURLARI İLƏ GÖRÜŞ

Əsgəran yoluna çatırıq. Qarşıda ermənilərin postu qoyulub. Ratsiya ilə xəbər verməyimizə baxmayaraq sürücü maşının işığını yandırıb-söndürərək işarə verməyə başladı. Allahverdinin köməkçisi maşından düşüb onlara tərəf getdi. Allahverdi bəy qazılmış yolu göstərib dedi:

– Bax buranı ermənilər qazıb. Axıra kimi yolu qazmaq istəyirdilər ki, tank keçməsin. Mən onlarla danışıb qoymadım. Amma belə getsə axıra kimi qazacaqlar. Belə olmaz axı! Silahımız azdır, texnika çatışmır. Bax, gedib çətinliklə Əsgəranı almışdıq. Yağışın altında gecə saat 12-yə kimi er­mənilərlə döyüşdük. Kömək olmadığından geri çəkilməyə məcbur olduq, o Qaraqayanı görürsünüzmü? Ora da əlimizdə idi. Amma saxlaya bilmədik.

Allahverdi bəy narazı halda danışır. Qaraqayadan isə ermənilər Ağdama güllə atırlar.

Ermənilərin sarı rəngli “UAZ”ı on metrliyimizdə dayanır. Allahverdi bəy düşüb, maşına sarı gedir. Mənə isə düşməməyi, maşında oturmağı tapşırır. Kənardan görüşü müşahidə edirəm. Ermənilərin komandiri Vitalik maşından düşüb Allahverdi ilə görüşür. Özü də mehribanlıqla, heç nə olmamış kimi səmimi görüşür.

KİÇİK HAŞİYƏ. Allahverdi bəyin Vitaliklə çoxdankı tanışlığının nəticəsində belə görüşürlər mümkün olur: Ermənilər öz girovlarını qəbul edir, bizimkiləri isə verirlər.

Maşından beş nəfər əlavə silahlı quldur düşür və düşmən hesab etdikləri azərbaycanlılarla görüşürlər. Kənardan baxanda ermənilərin bu davranış və hərəkətindən “quldurluq, vəhşilik” əlaməti yağmır. Amma bu xain xəstələrin içərisində bizi hər zaman sancmağa hazır olan zəhərli bir ilan yatır.

Bu vaxt maşından qara paltarlı heysiz-halsız bir kişi düşürülür. Qısa danışıqdan sonra qara paltarlı kişi əyləşdiyim maşına tərəf gəlir. Gözlərində kədər qarışıq sevinc ifa­dəsi var. Maşına əyləşən kimi sorğu-suala tuturam:

Ermənilər nə vaxt tutmuşdu sizi?

Xocalıdan bizi qovub çıxaran günün sabahısı Dəhraz kəndində girov götürdülər.

Harda saxlayırdılar sizi?

İyirmi gün idi ki, Stepanakertdə saxlayırdılar. Başımıza olmazın oyununu açdılar. Gündə əl boyda çörək, yarım stəkan su verirdilər. Heç bilmirəm ki, oğul uşağımdan kimlər qaldı, kimlər qırıldı.

Əlli iki yaşlı Yaqub kişi bu sözləri deyib acı-acı hönkürdü. Yazıq görkəmli, başı min bir faciələr çəkmiş bu adamın halına baxdıqca içərim alışıb yanırdı.

Az aralıda isə ermənilər dayanmışdı. Allahverdi bəyin dediyinə əməl etməyib maşından düşüb onlara sarı gedirəm. İstəyirəm ki, onlarla azacıq da olsa söhbət edib bu vəhşiliklərini heç olmasa üzlərinə deyim.

ERMƏNİ QULDURLARI İLƏ SÖHBƏT

Komandir Vitalik: – Ara, hər şeyi sakitcə, “po çeloveçeski”(yəni insancasına-red) eləmək olar də…

Axı Xocalı faciəsində hər şey bu dediklərinizdən uzaq oldu.

Quldurlardan biri: – Oradakıları ruslar öldürdü. Qalanları da gecə görməyib bir-birlərinə atıblar.

Bəs başları kəsilən, əlləri, qulaqları kəsilənlər necə?

Quldurlardan biri: – Biz belə şey etməmişik. Amma sizinkiləri görürsənmi, danışmışıq güllə atmayaq, lakin atırsınız.

Bayaq rusları dediniz, vuruşmaq üçün sizdən çoxmu pul alırlar?

Quldurlardan biri: – Sizdən necə alırlarsa, bizdən də o qədər alırlar. Bizdən də alırlar, sizdən də alırlar bu ruslar.

Başqa bir quldur: – Amma biz də bezmişik. Bəzən yeməyə çörək də tapmırıq.

Görüş qurtarır. Erməni Vitalik zarafatla deyir:

Allahverdi, maşındakıların sayını dəqiq deyin ha, yoxsa artıq adamı Stepanakertə aparacağıq.

Vitalikin ironiya ilə dediyi sözlər içərimi kəsib doğrayır: Vətənimdə, torpağımda at oynadana bir bax!

“Kamaz”dakı azərbaycanlılar ermənilərin müşayiəti ilə Xocalı meyidlərini gətirməyə gedirlər. Biz isə Ağdama qayıdırıq.

Bayaqdan sıxıntı içərisindəyəm. Meyid gözləyənlərə yaxınlaşıb sorğu-sual etməkdə çətinlik çəkirəm. Nəhayət, özümdə bir qüvvə tapır, dərd içində boğulub, alışıb yanan zavallılara yaxınlaşıram.

Əliyeva Zoya: – Oğlumdan xəbərətər yoxdur. Anamı meşədə girov götürmüşdülər. Bir erməni girovu ilə dəyişdirildi. Oğlum, görən, salamatdımı, ay Allah…

Əliyeva Afət: – Bacımın oğlu Ülfəti gözləyirəm. Rus dili institutunda oxuyurdu…

Fərzəliyeva Hürü: – Oğlanlarım beş gün aeroporta keşik çəkdilər, indi heç birindən xəbərim yoxdur.

Bəsti Bəndəliyeva: – Qoca nənəmdən, babamdan heç bir xəbər yoxdur.

Vidadi Əliyev: – Qaynatam altı nəfər ailə üzvü ilə bir­likdə gəlməyib. Haradadırlar, başlarına nə oyun gəldi?…

Çaxalov Vəhdi (mesxeti türkü): – Qardaşım uşaq­la­rı­nın beşi də yoxdur. Heç bir xəbər öyrənə bilməmişik.

MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN

Bəhmənov Müşviq Vaqif oğlu. 22 yaş. Milli ordu əsgəridir. – Kəllənin güllə yarasından ölmüşdür.
Mehdiyev Murad Şəfa oğlu. 26 yaş. – Döş qəfəsinin güllə yarasından ölmüşdür.
Xəlilova Zərifə Zəkara qızı. 27 yaş. – Döş qəfəsinin güllə yarasından ölmüşdür.
İbrahimov Əlixan Xəlil oğlu. 35 yaş. Milli ordudan. – Kəllənin güllə yarasından ölmüşdür.
Əbdülov Yelmar İsgəndər oğlu. 43 yaş. Fəhlə. – Kəllənin güllə yarasından ölmüşdür.
Əliməmmədov Faiq Şahmalı oğlu. 24 yaş. Fəhlə. – Döş qəfəsinin güllə yarasından ölmüşdür.
Əliyev İsa Əbdüləli oğlu. 59 yaş. Fəhlə. – Kəllənin güllə yarasından ölmüşdür.
Abbasov Əntiş Heydər oğlu. 42 yaş. – Qarın və döş qəfəsinin güllə yarasından ölmüşdür.
Məmmədov Talış. 50 yaş. Fəhlə. – Döş qəfəsinin ön səthindən güllə yarasından ölmüşdür.
Vəliyev Ələsəf Zakir oğlu. 45 yaş. Fəhlə. – Qarının ön səthinin və sağ budun güllə yaralarından ölmüşdür.
Cəcərova Pəri Muxtar qızı. 36 yaş. – Döş qəfəsinin arxa səthinin güllə yarasından ölmüşdür.
Məmmədov Şöhrət İbiş oğlu. 36 yaş. – Döş qəfəsinin ön səthinin və sağ bud nahiyəsinin güllə yarasından ölmüşdür.
Çobanova Nəzakət Tapdıq qızı. 8 – 10 yaş. – Qarının ön divarının güllə yarasından ölmüşdür.
Orucova İzafə Əli qızı. 27 yaş. – Başın və döş qəfəsinin güllə yaralarından ölmüşdür.

“ERMƏNİLƏR DIRNAQLARIMI QOPARIRDILAR”

Zülmün, işgəncənin hər formasını sınaqdan çıxarırdı ermənilər. Kimsəsiz, köməksiz xocalılara odlu nifrətlə yanaşır, istədikləri hərəkəti edirdilər. Bizim nağıllardan eşitdiyimiz işgəncə üsullarını ermənilər böyük müvəffəqiyyətlə dinc camaata ağsaçlı anaya, köməksiz qadına, qocaya, körpəyə tətbiq edirdilər.

Xocalı sakini Cəmil Məmmədovun başına min bir oyun açıblar. 14 min manat pulunu alıblar. Naxçıvanikdə pəyəyə salıb 4 gün ac saxlayıblar. Sonra Əsgərana gətirib nəvəsini orda əlindən alıblar. Nə nəvəsindən, nə də arvadı və qızından xəbər tutmayan, nigaran qalan Cəmil Məmmədovun başına elə müsibət açıblar ki, ağrısı indi də canından çıxmır.

Cəmil Məmmədov: – 4 gündən sonra məni nəvəmlə Əsgəran rayonuna gətirəndə başımıza elə oyun açdılar ki, Naxçıvanikdəki pəyəni cənnət sandım.

Erməni muzdurları ayaq barmaqlarımın dırnaqlarını çəkib çıxartdılar… Bir neçə saat davam edən işgəncələrdən sonra məni həbs edilmiş bir erməni ilə dəyişdilər.

“ERMƏNİ QƏBİRİSTANLIĞINDA BAŞLAR KƏSİLİRDİ”

Ermənilər həmin o məşəqqətli gündə əsir tutduqları azərbaycanlılarla istədikləri rəftarı edir, istədikləri işgəncəni verirdilər. Ermənilər neçə yüzilliyin ürəklərində yığılıb qalan nifrətini dinc camaatın üstünə tökürdülər. İnsanların diri- diri başını kəsirdi ermənilər.

Səriyyə Talıbova: – Bizi erməni qəbiristanına gətirdilər. Burada baş verənləri danışmağa çətinlik çəkirəm: 4 nəfər gənc mesxeti türkünü və 3 azərbaycanlını bir erməni yaraqlısının qəbri üstündə qurban kəsdilər… Bundan sonra əsgərlər və yaraqlılar valideyinlərinin gözü qabağında uşaqlara işgəncə verib öldürməyə başladılar. Sonra buldozerlərin köməyi ilə meyidləri dərəyə tökdülər. İncan cildinə girmiş bu vəhşilərin ürəyi bununla da soyumadı. Onlar əynində milli ordunun forması olan iki azərbaycanlı gətirdilər və vintaçanla onların gözlərini dəldilər…

AZƏRBAYCANLILARIN GÖZLƏRİ ÇIXARILIRDI

Bəli, ermənilər həmin o hadisədə insanları dünyada ən şirin nemət olan göz işığından məhrum edir, sonra qətlə yetirirdilər. Ermənilər qəsdən belə zülmü edirdilər. Doğrudan da, əgər insanı öldürəcəksənsə, onda niyə işgəncə verib gözlərini çıxarırsan?

Həsənova Fitat, Xocalı sakini. – Yazıq qadına ermənilər görün hansı işgəncəni veriblər!

Başına vurub zədələyəndən sonra əl-qolunu bağlayıb bədbəxt qadının gözlərini çıxarıblar.

Məmmədova Məhruzə, Xocalı sakini. – Yazıq qadına verilən işgəncələr daha dözülməzdir. Ermənilər qadını necə əzabla öldürüblər! Baxın, diqqət edin, bu zülmə, bu vəhşiliyə! Əvvəlcə qadının gözlərini çıxarıb, işığa həsrət qoyublar köməksiz qadını. Sonra kinli ermənilərin ürəyi bununla da soyumayıb. Sonra qadının döş vəzilərini və burnunu kəsiblər.

Məmmədova Tamara Səlim qızı. – Yazıq qadına verilən işgəncə dözülməzdir, ürəkparçalayandır. Ermənilər bu zülmkarlıq və zalımlığına görə nifrətə layiqdir! Ana müqəddəsliyinə hörmət, ehtiram bir yana qalsın, heç olmasa o əzablı ölümə düçar etməyəydin bu qadını! Erməninin gözünü vəhşilik, qatillik pərdəsi elə tutub ki, hələ də anlamır ana müqəddəsdir, ana dünyanın, hamının anasıdır. Millətindən, irqindən asılı olmadan hamı anaya, qadına eyni ehtiramla yanaşmalıdır. Budur erməninin azərbaycanlı qadını Məmmədova Tamaraya olan “münasibəti”. – Əvvəlcə bədəni güllə yarası alıb. Sonra yaralı qadına ermənilər növbəti işgəncəni verib: bədbəxtın gözlərini çıxarıb onu həyat işığından məhrum ediblər. Bununla da ürəyi soyumayan ermənilər qadının döşlərini kəsib qətlə yetiriblər.

Aslanov İqbal Bahadur oğlu. – İqbalın ölümü çox faciəlidir. İqbalın başına açılan oyunları sakitliklə qarşılamaq olmur. İqbalın böyük işgəncə ilə qətlə yetirildiyini təsdiq edən sənədləri həyəcansız, sarsıntısız oxumaq olmur. İqbal milli orduda döyüşürdü. Doğma torpağı Xocalını qəhrəmanlıqla qoruyurdu. İqbal bilmirdi ki, bir gün amansız düşmən gəlib yurdunu alacaq, onu isə əzabla qətlə yetirəcək. İqbal hər gün qarşısını kəsdiyi düşmənin belə amansız olacağını, türk qanına hədsiz dərəcədə susadığını düşünməzdi də. Əgər düşünsəydi özünə qəsd edər, zalım erməni əlinə keçməzdi. Çox heyf İqbaldan. Çox heyf ki, erməni vəhşiliyinin onu bu hala salacağını fikirləşmirdi də. İnsan olan kəsin bu dəhşətləri edəcəyinə inanmırdı.

İqbalın əvvəl gözlərini çıxartdı ermənilər. Onu dünya işığına həsrət qoydular. Sonra cinsiyyət üzvünü kəsib yandırdılar.

İgid və qəhrəman İqbal beləcə qətlə yetirildi.

YANDIRILANLAR

Ermənilərin ən vəhşi cəza üsullarından biri adamları diri-diri yandırmaq idi. Azəri türklərini yandırmaqdan böyük zövq alırdı ermənilər. Özü də yana-yana əzab çəkib ölən insanın iztirablarından rahatlanır, xoş bir əhval keçirirdilər. Yanan türk övladı idisə niyə sevinib şad olmayaydı ermənilər. Onlar ki, pis hərəkət etmirdi, öz ulu babalarının ən böyük istəyini həyata keçirirdilər. Nə idi bu istək?

Azəri türklərini işgəncə ilə öldürmək. Və indi də ermənilər öz sələflərinin murdarlanmış ruhlarını şad edirdilər.

Yandırılırdı xocalılar, min bir işgəncə ilə qətlə yetirilirdi günahsızlar. Hüseynov Şakir Mustafa oğlu.
Şakir milli orduda döyüşürdü. Xocalı faciəsində ermənilər onu bütövlükdə yandırıblar.
İmani Ağayar.
Ağayar milli orduda döyüşürdü. Xocalı faciəsində ermənilər onu da yandırıblar.
Məmmədov Saday.
Saday milli orduda döyüşür, doğma torpağını qoruyurdu. Ermənilər Sadayı da yandırıblar.
Hüseynov Allahverdi Qulu oğlu.
Heç bir günahı olmayan Allahverdini də qəddar ermənilər yandırıblar.
Rəcəbov Cəbrayıl Mehdi oğlu.
Ermənilər Xocalıya girəndə Cəbrayılı əsir alıb əl-ayağını məftillə bağladılar. sonra üstünə benzin töküb yandırdılar.
Fərzəliyev Cahan Hümbət oğlu.
Ermənilər qəddarlıqla onu yandırıblar.
Kərimov Firuz.
Ermənilər onu da işgəncə ilə öldürüb yandırıblar.

QADINLARIN DÖŞLƏRİNİ KƏSİRDİLƏR

Ermənilərin əsir qadınlara olan münasibəti insan rəftarından tamam uzaq idi. Əsir Xocalı qadınlar istənilən təhqirə və şəxsiyyət alçaqlığına məru qalırdılar. Əsir qadınların gözü qabağında övladını öldürür, qətlə yetirirdi ermənilər. Qadınları ən ağır işlərdə işlədir, olmazın işgəncə verirdilər. Onların namusunu ləkələyir, ismətinə toxunurdular. Bununla da bu alçaq hərəkətlərlə də sakitləşmirdi er­mənilər. Ürəklərindəki kin soyumurdu. Yazıq Xocalı qadınlarını işgəncə ilə öldürürdü ermənilər. Qadınların döşlərini kəsirdilər.

Kərimova Firəngül.
Döşünü kəsdikdən sonra qulaqlarını kəsmişdilər. Sonra gözlərini çıxarıblar. Sonra da bədənini doğrayıblar.
Əzimova Dilarə Seydulla qızı.
Döşü kəsilmiş, güllələnmişdir.
Məmmədova Tamara Səlim qızı.
Döşləri kəsilmişdir. Gözləri çıxarılıb. Bədənində güllə yarası vardı.

CİNSİYYƏT ÜZVLƏRİ KƏSİLİRDİ

Erməni vəhşiliyini sübuta yetirən bir cəza üsuludur bu. Ermənilər dünyada ən qəddar və qatil adamların belə qəbul etmədiyi vəhşi “cəza üsulunu” azərbaycanlılara tətbiq edirdilər. Köməksiz, günahsız adamları içəridən qırıb məhv edir, sonra qətlə yetirirdilər.

Ermənilər əsir azərbaycanlıların cinsiyyət üzvlərini kəsirdilər.

Səlimov Bahadur. Xocalı sakini.
Cinsiyyət üzvü kəsilmiş, sonra yandırılmışdır. Behbudova Sürəyya Yusif qızı.
Cinsiyyət üzvünə çoxlu güllə vurulmuşdur.
Öldürülüb tanınmaz hala düşən çoxlu xocalının cinsiyyət üzvü kəsilmişdir.

NƏZAKƏTİN FACİƏSİ

İsmayılova Nəzakət Lətif qızı. 19 yaşında. – Nəzakət əvvəl Xankəndində yaşayırdı. 1989-cu ildə Xankəndindən qovulduqdan sonra Xocalıya gəlir. Xocalı şəhər tikiş fabrikində işləyir. Xocalı faciəsində Ağdamda olub. Nəzakət doğma adamlarını itirib o hadisədə.

Həyat yoldaşı İsmayılov Vidadi və onun başqa qohumları Xocalıda həlak olublar.
Xocalını müdafiə edəndə Nəzakətin doğma qardaşı Quliyev Zakir həlak olub.
Nəzakətin yaxın qohumu İsmayılov Səməndər həmin o hadisədə meşədə donub.

NARXANIMIN GÖZ YAŞLARI

Xocali-mehv olmus ailelerMəmmədova Narxanım Heydərəli qızı. 37 yaşında. – Narxanım Ermənistanın Basarkeçər rayonundandır. Ailəlidir. 6 uşağı var. 1988-ci ildə Narxanımı ailəsi və uşaqları ilə birlikdə Ermənistandan öz dədə-baba yurdundan qovublar. Narxanım o zaman tikilib böyüməkdə olan Xocalı şəhərinə pənah gətirib. Amma bu torpaq da onun üzünə gülmədi. Bu yeri də ermənilər ona çox gördü. Fevralın 25-dən 26-na keçən gecə ermənilər onların yaşadığı evi mühasirəyə alıb atəşə tutdular. Atılan güllədən qonşuları Sara Yusifova və onun qızı 5 yaşlı Natəvan Yusifova həlak oldu. Sonra ermənilər onların evinə qranat atdılar. Nəticədə Nəzakətin həyat yoldaşı Məmməd Məmmədov, oğlanları Mürşüd və Əhməd yaralandılar. Bundan sonra ermənilər evə soxulub onları tutub Əsgərana apardılar. Əsgəran milis idarəsində həyat yoldaşını, 16 yaşlı oğlu Möhləti, 7 yaşlı oğlu Söhbəti ayırdılar ondan. Sonra Narxanımın üstündə olan pulları və qızıl şeyləri tutub aldılar. Narxanımın başına gətirilən oyunlar bununla da bitmədi. Vəhşi ermənilər qadını təhqir etməyə başladılar. Uşaqlarının gözü qabağında qadını zorlayır, alçaldıcı hərəkətlər edirdilər. 2 gün ona bu işgəncələri verəndən sonra bir erməni ilə dəyişib əsirlikdən azad etdilər. Narxanımın həyat yoldaşı və iki oğlundan bu günə kimi xəbəri yoxdur.

ŞƏRQİYYƏNİN GÖRDÜYÜ DƏHŞƏTLƏR

Həsənova Şərqiyyə Fərhad qızı. 52 yaşında. – Şərqiy­yə­nin əsli Xocalıdandır. 6 uşağı var. Fevralın 25-i gecəsində ermənilərdən xilas olmaq üçün meşəyə qaçıblar. Meşədə qızı Mehribanı 3 yaşlı oğlu ilə birlikdə itirib. İndiyə kimi xəbər tutmayıb. Naxçıvanik tərəfə çatanda onları hər yandan gülləyə tutublar. Həyat yoldaşı Həsənov Allahverdi ayağından yaralanıb. Onun gözü qabağında Zamin, Şöhrət və Əlif Hacıyev həlak olublar. O faciədə Şərqiyyə qohumu Səltənətin və onun iki qızının, nəvəsinin də ölümünün şa­hidi olub. Ermənilər “Qaraqayada” Şərqiyyənin qardaşı Həmzəni, oğlu Etibarı və onun nişanlısı Çiçəyi vəhşicəsinə qətlə yetiriblər. Şərqiyyənin bacısı əri Məhəmmədi də orda qətlə yetiriblər. Başqa qohumu Saray da üç uşağı ilə donub həlak oldu. Sarayın xalası Bağırova Zöhrə də soyuqdan donub öldü.
Bu faciəli ölümlərin hamısını Şərqiyyə bacı gözləri ilə görüb.

AEROPORT MİLİSİNİN GÖRDÜKLƏRİ

Məmmədov Nizami Teymur oğlu. 22 yaşında. – Niza­minin əsli Xocalıdandır. Xocalı aeroportunda milis işləyirdi. 25 nəfər yoldaşı ilə mayor Əlif Hacıyevin başçılığı altında aeroportu qoruyurdu. Fevralın 25-də ermənilər Xocalıya hücum etdilər. Aeroportu əsas “Qaladərəsi”ndən gülləyə tuturdular. Saat 10-dan sonra aeroportu qorumaq artıq mümkün deyildi. Ona görə də Əliflə birlikdə aeroportdakı stansiyanı partlatdılar, sonra geri çəkilib 1500-ə kimi adamı qoruyub Ağdama aparmaq istədilər. Adamların çoxu ayaqyalın idi. Onlar Naxçıvanik istiqamətindən adamları çıxarmaq istəyirdilər. Amma 26-cı günü səhər tezdən ermənilər zirehli texnikadan “Qaraqaya” istiqamətindən odlu güllələrlə adamları qətlə yetirdilər. Həmin o dəhşətli anlarda Nizami çox yaxın adamını itirdi.

Atası   Məmmədov Teymur ağır yaralandı.
Bacısı qızı Sevda (7 yaşında) güllədən həlak oldu.
Bibisi Həsənova Afiqə, həyat yoldaşı Vaqif və 3 oğlu, iki qızı ilə həlak oldu.
İstəkli dostu Əlif Hacıyev də orda həlak oldu.
Ölənlərin sayı yüzlərlə idi. Nizami 30-a yaxın adamla böyük əziyyətlər çəkib, Ağdamın Şelli kəndinə gəlib çatdı.

TALEHİN DƏRDİ BÖYÜKDÜR

Orucov Taleh Əli oğlu. 21 yaşında. – Əsli Ermənistandandır. 1988-ci ilin iyulunda doğma yaşayış yerini məcburi tərk edib. Böyük çətinliklərdən sonra Xocalıda yurd salıblar. Ermənilər Xocalıya hücum edəndə ailə üzvləri və qohumları ilə birlikdə qonşuları Cəmilənin zirzəmisində gizləniblər. Gecə milli ordudan mayor Tofiq gəlib və tezliklə şəhərdən çıxmağı lazım bilib. 40 nəfərə kimi adam meşəyə girmək istəyəndə ermənilər onları tutublar. Ermənilərin əsir aldıqları 40 adamdan 15-ni elə orda Talehin gözü qabağında güllələyiblər.

Qardaşı arvadı Orucova Məleykə və onun qızı Natəvanı.
Məleykənin on beş yaşlı bacısı Məlahəti.
3. Nazimi, Kifayəti, Bəhramı, Muğanı, onun bacısı Simuzəri, anasını Talehin gözü qabağında güllələyiblər.

Ermənilər bir çox “könüllü”nün başını elə orada, onların yanında kəsiblər. Qalan adamları isə Stepanakertə aparıblar. Ermənilər Talehin gözü qabağında anasına əzab verib, qızıl dişlərini söküblər. Sonra anasını, onu və 12 yaşlı bacısını əsirlikdən buraxıblar. Atası Əli, qardaşları Nəbi və Famil hələ də ermənilərin əlində əsirdir.

BƏSTİNİN ÖLƏN QARDAŞI

Bəndəliyeva Bəsti Məşədi qızı. 38 yaşında. Əsli Xocalı­dandır. 3 uşağı var. – Fevralın 25-də ermənilər hər yan­dan onların evini atəşə tutdular. Atılan mərmilərdən biri həyətlə­rindəki “Moskviç”i yandırdı. Sonra düşən mərmi­dən evlər yandı. Məcbur olub, meşəyə qaçdılar. Yolda mindən çox adam gördülər. Qardaşı Davud və Əlif Hacıyev də orda idi. Səhəri günü ayın 26-da Naxçıvanik tərəfə çatanda ermənilər camaatı qırmağa başladı. Həyat yoldaşı Zakir itkin düşdü orda. Bəsti qardaşı Davuddan xahiş etdi ki, ermənilərin əlinə düşməmək üçün onu güllələsin. Lakin qardaşının ürəyi gəlmədi və doğma bacısına təskinlik verdi. Bəsti çox ölümlər gördü orda. Əlif Hacıyev, Zərifə, Zöhrə, Rəşid, Ramil həlak oldular onun gözü önündə. Hələ bu tanıdığı adamlar idi. Bəsti bir təhqiredici hadisə də gördü orda: ermənilər 16 yaşlı bir qızı saçından sürüyüb harasa aparırdılar. Bəstigil çətinliklə Ağdamın Şelli kəndinə çatdılar. Qardaşı Davud geri qayıtdı ki, adamlara kömək etsin. Davudu orda öldürüb ermənilər. İkinci qardaşı Şahini Dəhrazda girov götürüblər və indiyə kimi bir xəbər yoxdur. Üçüncü qardaşı Cavanşir həyat yoldaşı Bənövşə ilə xəstəxanada müalicə olunurlar. Qardaşı qızı iyirmi yaşlı Heyrananı iki uşağı ilə birgə ermənilər öldürüblər. Heyrananın təkcə 7 yaşlı bir oğlu salamat gəlib çıxıb.

ŞİKARIN ATASINI ÖLDÜRDÜLƏR

Hüseynov Şikar Mürşüd oğlu. 32 yaşında. Evlidir. Üç uşağı var. – Hadisə başlayanda Şikar həmyerliləri ilə birlikdə Abdal-Gülablı kəndi istiqamətinə getdilər. Amma ermənilər gördü onları. Hər yandan üstlərinə yağış kimi güllə yağmağa başladı. İki nəfər yaralandı, ikisi həlak oldu. Şikar qardaşı ilə gəlib Abdal-Gülablıya çatsa da orda dayanmadı. Geri qayıdıb yaralıları daşımağa başladı. Onların dəstəsində olan iki yüzə yaxın adamdan 40 – 50-si sağ qalmış, qalanı həlak olmuş, ağır yaralanmışlar. Şikar öyrəndi ki, Şelli istiqamətində atası Hüseynov Mürşüd həlak olub. Bacısının yoldaşı Əliyev Əbülfət də nahaqcasına qətlə yetirilib. Bacısı Heyran və həyat yoldaşı Firdovsi Əliyev, uçaqları Elçin və Elgizdən isə heç bir xəbər yoxdur. Yalnız bir bacısı oğlu – Əliyev Mehdi çətinliklə də olsa Ağdama gəlib çatıb.

ELDARIN QIZINI ÖLDÜRDÜLƏR

Hümbətov Eldar Şükür oğlu. 52 yaşında. 11 uşağı var. – Eldar Xankəndində yaşayırdı. 1988-ci ildə ermənilər onu Xankəndindən qovub. Min bir çətinlikdən sonra gəlib Xocalıda yaşayırdı. 20 adamla birlikdə gəlib Abdal-Gülablı kəndinə çıxıblar. Başqa dəstədə olan qohumlarını isə ermənilər Dəhraz yaxınlığında qətlə yetiriblər, girov tutublar. Qızı Hümbətova Anaxəti və arvadının bacısı Kərimova Firəngizi ermənilər öldürüb. Oğlu Hümbətov Hümbəti əlindən yaralayıblar. Bacısının əri Zeynalov Tofiq üç qardaşı ilə itkin düşüb. İndiyə kimi bir məlumat alınmayıb.

QARDAŞ BACILARININ MEYİDİNİ AXTARIR

İmanov Həsən Səfər oğlu. 50 yaşında. – Həsən Ağdam aeroportunda dispetçer işləyirdi. Xocalıda çoxlu qohumu yaşayırdı. Xocalı faciəsini eşidən kimi doğmalarını soraqlamağa başladı. Qaraqaya istiqamətində doğma bacısı Mahmudova Rozanın və onun oğlu Akifin meyidini tapdı. O biri bacısı Dilarə də 6 yaşlı oğlu ilə birgə meşədə öldürülmüşdü. Başqa bir qohumu Zeynalova Çiçəyi tikə-tikə doğramışdılar. Qohumları Əzimov Həsənbala və onun arvadı Pərvanənin, dayısı nəvəsi 6 yaşlı Aynurun meyidini özü gətirdi Ağdama.

ŞAHMAR KİŞİ BACI HƏSRƏTİNDƏ

Əliyev Şahmar Əliabbas oğlu. 61 yaşında. 8 uşağı var. – Fevralın 25-də ermənilər Xocalıya hücum edəndə Şahmar 400-ə yaxın adamla Kətik istiqamətinə getdi. 4 gün meşədə qaldı. Çoxlu ölənləri, soyuqdan donanları öz gözləri ilə gördü. Meşədə ermənilər onun istəkli bacısı Vəliyeva Zəhranı öldürdülər. Şahmarın yanında tanışı Səfərəli və Səlimə 3 nəvəsi ilə donub öldülər. Şahmargil 4 gün meşədə qaldıqdan sonra Dəhraz kəndinə doğru getdilər. Dəhrazda ermənilər onları əsir aldılar. Kəndə gətirib bütün qiymətli şeylərini götürdülər. Özünü sonra buraxdılar. Şahmar kişi bacısının meyidini aparmaq üçün ermənilərə 10 min manat pul verdi. Şahmar kişinin oğlu Kamil isə yaralı vəziyyətdə Bərdədə yatırdı.

BACI QARDAŞLARINI GÖZLƏYİR

Əliyeva Yeganə Hüseyn qızı. 29 yaşında. – Fevralın 25-də ermənilər Xocalıya hücum edəndə Yeganə anası, qardaşı Lətif və Lətifin həyat yoldaşı Sevillə birgə ikinci qardaşı Məmmədov Sadayın evinin zirzəmisində gizləndilər. Səhərə kimi qaldılar orda. Sonra zirzəmidən çıxdılar. Çünki ev yanırdı. Birlikdə Qarqar çayına tərəf getdilər. Çayı keçmək istəyəndə ermənilər onları tutdular. Güllə ilə vurub Sadayı yaraladılar. Lətifin yoldaşı Sevili isə öldürdülər. Onu, anasını və qardaşı Lətifi Xankəndinə apardılar. Stepanakertdə onları avtobusda saxlayırdılar. Çörək vermir, başlarına min bir oyun açırdılar. 4 gün burda saxlayandan sonra hərbi maşına mindirib “Qırmızı bazara” apardılar. Füzuli rayonunda saxlanılan bir neçə erməni əsiri ilə onları dəyişdilər. Yeganə bu günə kimi də qardaşı Lətifdən və Sadaydan bir xəbər almayıb.

ZOYA XANIM OĞLUNDAN XƏBƏRSİZDİR

Əliyeva Zoya Əli qızı. 36 yaşında. – Ermənilər şəhərə hücum edəndə Zoya anası Əliyeva Çiçək və qardaşları Rüfət, Əbülfət, oğlu Ülfətlə meşəyə qaçdılar. 150-yə yaxın adamla üç gün meşədə dolaşdılar. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donub həlak oldular. Ermənilər onları tutmaq istəyəndə Həsənov Mehdi adlı bir tələbə oğlan atışmağa başladı. Mehdi ermənilərə əsir düşmək istəmirdi. Onu vurub güllə ilə öldürdülər. Mehdi ilə birlikdə Nadir adlı bir oğlan və Zahirə adlı bir qadın da öldülər atışmada. Onları tutub Dəhraza gətirəndən sonra aralarından 11 nəfər oğlanı seçib ayırdılar. Onların arasında Zoyanın oğlu Ülfət də vardı. Zoya bu günə kimi də oğlundan xəbər tutmayıb. Yalnız bir dəfə eşidib ki, sevimli oğlu Əsgəranda girov saxlanılır. Zoyanın dərdi bununla da bitmir. Anası Əliyeva Çiçək, babası doxsan yaşlı Savalan kişi meşədə qalıblar. Öldü-qaldılarından bir məlumat yoxdur hələ.

ASLANIN AĞRISI

Zeynalov Aslan Bəhram oğlu. 61 yaşında. 7 övladı var. Ermənilər Xocalıya girəndə Aslan kişi ailə üzvləri ilə birlikdə Əsgəran istiqamətindəki meşəyə qaçdı. Bir müddət orda qalandan sonra Dəhraz tərəfə gəldilər. Orda çoxlu adamla birlikdə mühasirəyə düşdülər. Atışmada həyat yoldaşı Sayalını və qızı Validəni yaraladılar. Milis işçisi Yunis Rəşid oğlunu isə Aslan kişinin gözü qabağında öldürdülər. Çoxları ağır güllə yarası aldı o döyüşdə. Yaxın qohumu Şəmilin meyidini çətinliklə Ağdama gətirdi Aslan kişi. Amma oğlu Nadirdən dəqiq məlumatı yoxdur. Dəhrazda ermənilər tərəfindən öldürüldüyünü eşidib. Lakin ata inanmır oğlunun ölümünə.

TEYMURUN QƏM YÜKÜ

Məmmədov Teymur İxtiyar oğlu. 55 yaşında. Beş övladı var. – Ermənilər Xocalıya hücum edəndə o da ailəsi ilə birgə Kətik tərəfə qaçdı. Dəstədə minə qədər adam vardı. Ermənilər hər yandan onları atəşə tuturdular. Sabahı günü Ağdamın Şelli kəndinə keçmək istədilər. “Qaraqaya” deyilən yerə çatanda yenə adamları atəşə tutmağa başladılar. Ölənlərin sayı-hesabı yox idi. Teymur kişinin 7 yaşlı nəvəsi Sevinc həlak oldu. Həyat yoldaşının bacısı Afiqə, üç oğlu və həyat yoldaşı Vaqiflə qətlə yetirildilər. Qızı Mətanətin qaynatası Zəkəriyyə və onun həyat yoldaşı Şura, oğlu Taleh, bir yaşlı nəvəsi Seymur, qızı Zərifə iki yaşlı qızı ilə Teymurun gözü qabağında öldürüldülər. Teymur özü isə çətinliklə gəlib Ağdama çatdı.

RİZVANIN ANASI YANINDA DONDU

Hüseynov Rizvan Ramiz oğlu, 25 yaşında. – Ermənilər Xocalını tutanda biz baş götürüb Kətik tərəfə meşəyə qaçdıq. Yanımızda 200-ə qədər adam vardı. Fevralın 27-də gecə meşənin soyuğuna və şaxtasına dözə bilməyən Rizvanın anası Şərqiyyə arvad donub öldü. Meşədən çıxmaq məqsədi ilə Dəhraz istiqamətinə üz tutdular. Dəhrazda ermənilər hər yandan onlara atəş açdılar. Rizvanın gözü önündə Mehdi, Zəhra, Bəbir və çoxlu balaca uşaq həlak oldu. 150-ə yaxın adamı ermənilər girov götürdü. Onların arasından 12 nəfər Milli ordu formalı oğlanları seçib harasa apardılar. Aparılanlar arasında Rizvanın qardaşı Siyavuş, bacısının əri Zakir, Zakirin qardaşı Əliyar da vardı. Ermənilər bütün gecəni qalan əsirləri qarın üstündə, açıq havada saxladılar. Fevralın 28-də onunla birlikdə daha 35 nəfəri də dəyişib buraxdılar. Rizvan indiyə kimi qardaşı Siyavuşun və başqa qohumlarının taleyindən nigarandır.

ÖVLAD DAĞI YAMANDIR

Quliyev Qaryağdı Soltan oğlu. 47 yaşında. 7 övladı vardı. – Hadisə başlayanda o öz ailəsi və həyat yoldaşının bacısı uşaqları ilə birlikdə Kətik tərəfə meşəyə qaçdılar. Meşədə 500-ə kimi adam vardı. Dəhraz istiqamətinə çıxanda ermənilər hər yandan atəş açdılar. Çoxlu ölən oldu. Sonra başqa istiqamətə üz tutdular. Qardaşı Tahir yolda soyuqdan dondu. Özü çətinliklə gəlib Abdal- Gülablıya çatdı. Sabahı günü gedib qardaşının meyidini gətirdi. Abdal-Gülablıda Qaryağdı kişi çox dəhşətli məlumatlar aldı. Öyrəndi ki, 12 yaşlı qızı Rəvanə, 9 yaşlı Nuranə, 7 yaşlı oğlu Şükür həlak olublar. Qaynı Sədaqətin 12, 4 və 7 yaşında qızları donub ölüblər. Qaryağdının həyat yoldaşı Quliyeva Sara və qohumu Kərimov Rəşid haldan düşdüklərinə görə meşədə qalıblar.

İRADƏ NƏLƏR SÖYLƏYİR?

Ələsgərova İradə Rəşid qızı. 27 yaşında. – Fevralın 25-i gecəsi ermənilərin əlinə düşməmək üçün anası Şərqiyyə, bacısı Həlimə dörd uşaqla evin zirzəmisində gizlənmişdilər. Amma evlərinin lap yaxınlığında erməni dilində danışıq eşidirdilər. Qorxudan qaçıb qonşudakı zirzəmiyə doluşdular. Az keçməmiş oraya 2 əli avtomatlı erməni daxil oldu. Ermənilər onların bütün pullarını və qızıllarını tutub aldılar. Sonra onları mağazanın yanına apardılar. Mağazanın yanında əsir tutulmuş çoxlu adam vardı. Ermənilər onları götürüb Stepanakertə apardılar. 4 gün internat məktəbin binasında saxladıqdan sonra onları Əsgəran rayon Milis İdarəsinə gətirdilər. Martın 1-də onları dəyişib Ağdama buraxdılar. İradə məhz Ağdamda başlarına gətirilən faciələrin, qırılan qohumlarının dərdini, həmyerlilərin ağrısının böyüklüyünü başa düşdü. Öyrəndi ki, qardaşı Murad iki uşağı ilə meşədə donub. Uşaqlarından birinin 4, digərinin 2 yaşı vardı. Hər üçünün meyidini gətirib Ağdamda basdırdılar. Danışırdılar ki, Muradın bütün qızıl dişlərini ermənilər yarıb çıxarıbmış. İradənin bacısı əri Hüseynov Çingizdən isə bu günə kimi bir xəbər yoxdur. Bəziləri onun girovda qaldığını söyləyirlər.

ŞAHİNİN GÖRDÜKLƏRİ

Heydərov Şahin Zülfüqar oğlu. 36 yaşında. Əsli Xocalıdandır. Bərdədə yaşayır. – Hadisə baş verəndən iki gün sonra Ağdama gəlib meyidxanada qohumlarını axtardı. Meyidxanada xalasının – Səfərova Pərinin meyidini tapdı. Xalası başından qəlpə yarası almışdı, ayağının biri isə kəsilmişdi. Fevralın 29-da Şahin tanışları ilə “Qaraqaya” tərəfə meyid gətirməyə gedib. Naxçıvanik kəndindən çox da aralı olmayan bu yerdə o 80-ə yaxın meyid görmüşdü. Meyidlər qorxulu bir vəziyyətə salınmışdı: Hamısının başı kəsilmişdi. Milis mayoru Əlif Hacıyevin də meyidini orda görmüşdü. Yaxın qohumlarından Səlimov Fəxrəddinin, Səlimov Mikayılın meyidini görmüşdü. Mikayılın bədənində şişlə yandırılmış 100 yanıq yeri vardı. Onlar həmin gün Ağdama 80-ə yaxın meyid daşıdılar. Meyidlərin çoxunda şişlə yandırılmış izlər vardı. Milli ordu formasında olan 3 meyidin isə başı bədəndən kəsilib atılmışdı. Onların şəx­siyyətini müəyyənləşdirmək qeyri-mümkün idi.

CAMALIN DEDİKLƏRİ

Heydərov Camal Əbdülhüseyn oğlu. 57 yaşında. – Xocalıda onun qardaşı Lətif yaşayırdı. Lətifin 8 uşağından 3-ü həmin gün Xocalıda idi. Fevralın 28-də Camal bir çox tanışı ilə Şelli istiqamətindən meyidləri gətirməyə getdi. Amma ermənilər imkan vermədilər. Nəhayət, fevralın 29-da “Qaraqaya” deyilən yerdən meyidləri daşımaq mümkün oldu. Təxminən ordakı fermanın iki kilometrliyində çoxlu meyid vardı. Bəzi qadınlar qucağında uşaq öldürülmüşdü. Meyidlərin bəziləri isə hiss olunurdu ki, yenicə qətlə yetiriliblər. Bir çox uşağın sinəsini yarıb, ürəyini parçalamışdılar. Meyidlərin çoxu isə tikətikə doğranmışdı. Yaxın qohumu Zöhrənin də meyidini burda tapdı. Zöhrə milli ordu paltarında idi. Zöhrənin ayağının biri kəsilmişdi. Alnından güllə ilə vurmuşdular. Camal son­radan qardaşı Lətifin də acı taleyini öyrəndi. Lətifi ermənilər Xo­calıda öldürmüşdülər.

BƏKİR DƏRDDƏN YANIR

Məmmədov Bəkir Şükür oğlu. 55 yaşında. Əsli Xocalıdandır. – Xocalı qırğınında Bəkirin də ömrünə iti baltalar vurulub. İtirdiyi yaxın adamlarının ölümü ona böyük dərd gətirib. Bəkirin qardaşı Vaqifi, arvadı Afiləni, 3 oğlunu – Azəri [19yaş], Ceyhunu [17 yaş], Nizaməddini [15 yaş] Əsgəranda ermənilər öldürüb. O biri qardaşı Oktay itkin düşub. Qaynatası Məhəmməd, qaynanası Bağdad Xocalıda öldürülüblər. Qayınları Səfər və Əşrəf girov düşüblər. Dayısı Əliyev Əyyub Əsgəranda “Uzundərə” deyilən yerdə öldürülüb. Bəkirin o biri qardaşı Şakirin qaynı Əbülfət və qaynatası Rəşid ermənilər tərəfindən öldürülüb. Qardaşı Vidadinin qaynatası da öldürülüb. Qardaşı Vaqifin qaynı Həsən, Həsənin həyat yoldaşı və beş uşağı itkin düşüb. Xalası oğlunun yaxın qohumu Firdovsini də ermənilər öldürüb.

Bu faktlar bir daha erməninin kafirliyini, zalımlıq və qəddarlığını sübuta yetirir.

Xocalı qətliamının qısa xronikası

RİZVANIN ANASI YANINDA DONDU
ON İKİ GÜN MEŞƏDƏ
ANA BALASINI BOĞUR…
AEROZOL İÇƏN QADIN
“ATAMI DİRİ-DİRİ YANDIRDILAR”
ATA ÖVLADINI GÖRMƏDİ
ATASIZ, ANASIZ ƏDALƏT
QARAXANIN ATA-ANA DƏRDİ
ELBRUSU ATA-ANA DAĞI YANDIRIR
“BÜTÜN AİLƏM QIRILIB”
QIRX DOQQUZ QOHUMUN AĞRISI
“BEŞ ADAMIMI ÖLDÜRÜB ERMƏNİLƏR”
“QARDAŞIMDAN VƏ AİLƏSİNDƏN XƏBƏRSİZİK”
“QARDAŞIM OĞLU YANIMDA ÖLDÜ”
QORXURAM ONUNLA GÖRÜŞMƏYƏ
“ERMƏNİLƏR DIRNAQLARIMI QOPARIRDILAR”

~ tərəfindən Patriot 29/02/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: