TÜRK ORDUSU ƏSƏD QÜVVƏLƏRİNİ TOP ATƏŞİNƏ TUTDU

suriya

Türk Ordusundan PKK-nın Suriya qoluna sarsıdıcı zərbə

ABŞ-dan «dur» tələbi gəldi, Ankara bombardmanı dayandırmadı

Səudiyyə döyüş təyyarələrini Türkiyəyə göndərdi

Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qolu olan PYD-yə qarşı hərəkətə keçib. Ötən şənbə axşam saatlarından başlayaraq ordu bu qruplaşmanın mövqelərini bombalamağa başlayıb. Kürd döyüşçülərin bazalarına “Fırtına” topları ilə zərbələr endirilib.

PYD Türkiyənin bir addımlığında

Iki gün əvvəl başlayan ağır toplarla vuruşlar hələ də davam edir. PYD-nin Suriyanın Hələb şəhərinin Azez şəhərini ələ keçirməsinə qarşı həyata keçirilən bu döyüş əməliyyatı az sonra qruplaşmanın bölgədəki bütün bazalarını əhatə edib.

Türkiyə hökuməti hücumlara hələ ki ara verməyəcəklərini bildirib: “Məqsədlərdən biri Türkiyə sərhədlərinə yaxınlaşmaqda olan PYD-nin uzaqlaşdırılmasıdır. Eyni zamanda bir tərəfdən Əsəd qüvvələrinin, bir tərəfdən də PKK-çıların Hələbdəki müxalif qrupları mühasirəyə alaraq onlarınÿ Türkiyə ilə qurudan birləşdirilən yeganə dəhlizini kəsməsinin qarşısı alınmalıdır”.

Türkiyə Ordusu PYD-nin Azez qəsəbəsindəki mövqelərinə dünən də artilleriya zərbələri endirib. Eyni zamanda qəsəbədəki Əsəd qüvvələri də atəşə tutulub. Buna səbəb Türkiyənin Hatay bölgəsi ilə sərhəddə türk əsgərlərinə atəş açılmasıdır. Türk Ordusu buna cavab olaraq dərhal Əsəd qüvvələrini top atəşinə tutub.

Davudoğludan sərt tələblər

Baş nazir Əhməd Davudoğlu Hələbi əlində saxlayan Azad Suriya Ordusunu sonadək müdafiə edəcəklərini bildirib. Onun sözlərinə görə, PYD dərhal Azez qəsəbəsinin ətrafını tərk etməli və bura bir daha yaxınlaşmamalıdır: “Onlar humanitar dəhlizi açmalı, bir daha ora yaxınlaşmamalı, “Minnak” hava limanından Türkiyə və Suriya müxalifətinə qarşı istifadə etməməlidirlər. Bu liman dərhal azad edilməlidir”.
Davudoğlu kürd silahlılarını etnik ərəblərə və türkmənlərə qarşı hücumlarda da ittiham edib.

Ankaranın tələblərinə qarşı tərəfdən də reaksiya gəlib.

PYD-nin həmsədri Salih Müslim Türkiyənin bu tələblərini rədd etdiklərini bildirib. S.Müslim suriyalıların Türkiyənin müdaxiləsinə qarşı dirənəcəyini bildirib.

Suriyadakı PYD silahlıları da Türkiyənin tələblərini rədd ediblər və əraziləri tərk edəcəkləri təqdirdə islamçıların geri qayıdacağını bildirblər.
Səudiyyədən dəstək gəldi

Bu açıqlamadan sonra Türkiyə tərəfi Səudiyyə Ərəbistanının döyüş təyyarələrinin yaxın günlərdə Türkiyənin “Incirlik” aviabazasına gələ biləcəyi barədə bəyanat səsələndirib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Səudiyyə krallığının təyyarələri IŞID-ə qarşı mübarizədə iştirak üçün yaxın günlərdə Türkiyəyə göndərilə bilər: “Bu bizim ümumi mübarizəmizdir. Səudiyyə Ərəbistanı hərbi-hava əməliyyatına qatılmaq niyyətindədir”.
Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanının döyüş təyyarələri Türkiyənin “Incirlik” aviabazasında yerləşdiriləcək. Çavuşoğlu Türkiyəyə göndəriləcək təyyarələrin sayı barədə açıqlama verməyib.

“Hazırda Suriyada quru əməliyyata dair heç bir qərar və ya strategiya yoxdur”, deyə Çavuşoğlu əlavə edib.
Səudiyyədən gələn açıqlamadan isə məlum olub ki, krallıq öz qırıcı təyyarələrini artıq Türkiyənin hərbi hava bazasında yerləşdirib. Qırıcıların yerləşdiyi “Incirlik” bazası Suriya ilə sərhədin bir neçə kilometirliyində yerləşir.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin məlumatına görə, məqsəd IŞID-lə mübarizədir. Bununla yanaşı, nazirlikdən bildiriblər ki, bu zonaya quru qoşunlarının göndərilməsi barədə yekun qərar yoxdur.

Krallığın müdafiə naziri Əhməd Əsiri də deyib ki, hələlik söhbət Türkiyə ərazisində krallığın quru qoşunlarının yerləşdirilməsindən getmir.
O, bu addımların ikitərəfli danışıqlar əsasında deyil, beynəlxalq koalisiya çərçivəsində həyata keçirildiyini bildirib.

Ər-Riyaddan ultimatum…

Növbəti açıqlama Səudiyyə krallığının xarici işlər naziri Adel əl-Cübeyrdən gəlib. Cübeyr Bəşər Əsədin istənilən halda öz postunu tərk edəcəyini bildirib: “Ya özü könüllü şəkildə isteafaya getsin, ya da güc yolu ilə hakimiyyətdən salınacaq”.

CNN telekanalına müsahibəsində Cübeyr onu da qeyd edib ki, Səudiyyə münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Lakin Əsəd və müttəfiqlərinin ucbatından məsələ dalana dirənərsə, güc yoluna əl atmaqdan başqa çarə qalmayacaq: “Ər-Riyad Suriya ərazisinə quru qoşunları göndərməyə hazırdır. Təbii o şərtlə ki, bu, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya çərçivəsində olsun”.

Səudiyyə Ərəbistanı Suriyada quru əməliyyatına başlayacağını ilk dəfə fevralın 11-də bəyan edib. Suriya rəhbərliyi isə buna cavab olaraq bildirib ki, Dəməşqin razılığı olmadan Suriyada quru əməliyyatlarına qatılanlar evlərinə tabutda dönəcəklər.

ABŞ-dan reaksiya

Məsələyə Birləşmiş Ştatların da reaksiyası gecikməyib.

ABŞ Türkiyəni Hələb yaxınlığında kürd və suriyalı silahlıların mövqelərinə zərbələr endirməyə son qoymağa çağırıb.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin bəyanatında bildirilir. Bəyanatda xatırladılır ki, Türkiyə Silahlı Qüvvələri PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib. Və Ankara buna son qoymalıdır.
Con Kirbi açıqlamasında Hələbdəki vəziyyətdən narahat olduqlarını və Türkiyənin PYD-ni artilleriya atəşinə tutmasının doğru olmadığını da deyib.

ABŞ rəsmisi Türkiyəni atəşi dayandıraraq diqqətini IŞID-ə qarşı mübarizəyə yönəltməyə çağırıb. Departamanet sözçüsü eyni zamanda PYD-yə də qarışıq vəziyyətdən istifadə edib yeni ərazilər tutmamaqla bağlı çağırış edib. Kirbi həm Türkiyənin, həm də PYD-nin IŞID tərəfindən təhdid olunduğunu bildirib.

ABŞ Ankaranın kürd döyüşçülərlə yanaşı, Əsəd əsgərlərini vurmasını da pisləyib.

Putinin bir zəngi kifayət edir…

“Putin Suriyadakı müharibəni bir telefon zəngi ilə bitirə bilər. Bu barədə BBC-yə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib.

Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd yalnız Rusiyanın dəstəyi ilə hakimiyyətdə qala bilir: “Planetdə yalnız bir nəfər var ki, təkcə bir telefon zəngi ilə Suriyada vətəndaş müharibəsinə son qoya bilər. Bu prezident Putindir. Bəşər Əsəd prezident postundan gedəcək, yoxsa qalacaq? Bu son nəticədə Rusiyanın onu kənarlaşdırmaq üçün öz təsirindən istifadə edib-etməyəcəyindən asılıdır”.

Britaniya XIN başçısı eyni zamanda Rusiyanı BMT-nin qətnamələri və beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıb. O qeyd edib ki, vaxtilə Suriyanın ən böyük şəhəri olan Hələb şəhəri ilə bağlı yaranmış vəziyyət narahatlıq doğurur: “Ruslar “xalça bombardımanı” taktikasından, müxalif qüvvələrin nəzarətində olan ÿdinc sakinlərin yaşadığı rayonlara zərbələr endirirlər”.

Hammond Rusiyanın hava zərbələrinin müxalifəti zəiflətdiyini də bildirib. Onun fikirincə, ÿbuna baxmayaraq Bəşər Əsəd ordusu müxaliflərin boşaltdığı əraziləri ələ keçirə bilməyəcəklər: “Suriya reciminin bu rayonlara nəzarəti təmin etmək üçün gücü və təsisatları yoxdur. Ruslar aviasiyadan istifadə edirlər. Onlar müxalifəti geri çəkilməyə məcbur edə bilərlər. Amma rejim bu ərazilərə nəzarət edə bilmək imkanları nümayiş etdirməyib. Hazırkı vəziyyət dalanı xatırladır”.

Fransa da Moskvanı ittiham edir

Fransanın baş naziri Manel Vals da Rusiyanı Suriyadakı hücumlar vaxtı mülki əhaliyə qarşı aviazərbələri dayandırmağa səsləyib. Münhendə keçirilən Təhlükəsizlik Konfransında Valls deyib ki, mülkiləri hədəfləməklə əminamanlığa nail olmaq mümkün deyil.

Rusiyanın baş naziri Dmitri Medvedev isə bu ittihamları rədd edib: “Hamı bizi bunda təqsirləndirsə də, ortada mülki əhalinin bombalanmasını təsdiqləyən dəlil yoxdur. Rusiya Suriyada hansısa gizli hədəflərə nail olmağa yox, öz milli maraqlarını qorumağa çalışır”.

Medvedev Suriyadakı quru əməliyyatlarına da qarşı çıxaraq koalisiya ölkələrinin bu qərarını pisləyib: “Suriyada quru əməliyyatları uzunmüddətli bir müharibəni başlatmaq deməkdir”.

Qeyd edək ki, Britaniyada yerləşən Suriya Insan Haqları Müşahidə Mərkəzi Rusiyanın hava zərbələri nəticəsində ən azı 1015 adamın öldürüldüyünü bildirib.

Rusiyanı dinc əhaliyə qarşı hücumlarda ABŞ-ın dövlət katibi Con Kerri də ittiham edib: “Rusiyanın əksər hücumları qanuni müxalifət qrupları əleyhinə yönəldilir”. Münhen konfransı iştirakçılarına müraciət edən Kerri bildirib ki, Moskva özü üçün başqa hədəflər də müəyyən etməlidir.

~ tərəfindən Patriot 15/02/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma