“AZƏRBAYCANIN YOLU REPRESSİYALAR YOX, İSLAHATLAR OLMALIDIR”

avroparlament

“Azərbaycanın yolu repressiyalar yox, islahatlar olmalıdır”

«İndiki məqamda maliyyə qeyri-müəyyənliyi ilə diplomatik böhranın birləşməsi Azərbaycana gərəkən sonuncu şeydir»

«Azərbaycanı ağuşuna almış iqtisadi tufan Əliyev administrasiyasının sonu üçün xeyir-dua rolunu oynaya bilər»

Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun siyasi müşaviri Eldar Məmmədov xarici mediada Azərbaycandakı iqtisadi və siyasi vəziyyəti təhlil edib, neftin ucuzlaşmasının Əliyev rejiminə yaratdığı təhlükədən bəhs edib. “Eurasianet.org”da yayımlanmış bu təhlil yazısında Nardaran hadisələrinə, o cümlədən ilahiyyatçı Taleh Bağırzadə ətrafında baş verənlərə ayrıca diqqət yetirilib. “Azadlıq” radiosu məqaləni tərcümə edərək yerli oxucular üçün də yayıb.

“Səudiyyə Ərəbistanında dissident şiə ruhanisi Nimr əl-Nimrin edamı müsəlman dünyasında rezonans doğurmaqdadır. Bu arada Azərbaycanda daha bir cəsarətli şiə ruhanisi Taleh Bağırzadə dəmir barmaqlıqlar arxasındadır. Bağırzadə Bakının Nardaran kəndindəki toqquşmalar zamanı həbs olunub. O, ”Müsəlman Birliyi Hərəkatı” adlanan təşkilatın rəhbəridir, – deyə məqalədə bildirilir.

Müəllif yazır ki, Azərbaycan liderləri şiə probleminin həllində Səudiyyədə əl-Nimrin edamı və ondan sonra baş verənlərdən dərs çıxarmalıdır: “Bağırzadənin Əliyev administrasiyasına qarşı sərt bəyanatları onun həbsinin əsl səbəbi kimi görünür. O, hakimiyyətə hücum xarakteri ilə əl-Nimri xatırladır. Nəcəfdəki Böyük Ayətulla Əli Əl-Sistani kimi ənənəvi, siyasi baxımdan sakit şiə ruhanilərdən fərqli olaraq, Bağırzadə və əl-Nimr şiəliyin siyasi inadkar qanadına aiddir, Iran Islam Respublikasının yaradıcısı Ayətulla Xomeyni də bu sırada idi.
Ancaq Bağırzadə də əl-Nimr kimi avtoritarizmə qarşı çıxsa da, onlardan heç biri liberal demokrat deyil. 2008-ci ildə yayılmış “WikiLeaks” teleqramlarında əl-Nimr ABŞ diplomatıyla söhbətində Iranın idarəçilik sistemini dəstəkləyirdi.

Bağırzadə iyulda həbsdən buraxılandan daha ehtiyatlı siyasi bəyanatlar verib. O, Azərbaycanın indiki məqamda Islam Respublikası qurmağa hazır olmadığını etiraf edir, ancaq Iran sisteminə qarşı olduğunu da dilə gətirmir. O, ölkənin 19-cu əsrədək şəriətlə idarə olunduğunu vurğulayır, ancaq bu idarəçiliyin yenidən tətbiqinə də çağırmır. Ancaq moizələrindəki sərtlik, prezident Ilham Əliyevi Iraq diktatoru Saddam Hüseynlə müqayisə etməsi mövqeyi barədə fikir formalaşdırır”.

Müəllif yazır ki, əl-Nimr və Bağırzadə dini-siyasi baxımdan ümumi baxışları paylaşdığı kimi, onları həbsə atanlar da oxşar davranıblar. Üzdən baxanda, vəhhabi monarxiyası olan Səudiyyə Ərəbistanı ilə dünyəvi Azərbaycanın oxşar cəhətləri azdır. Ancaq bu ölkə liderlərinin hakimiyyəti saxlamaq metodlarında oxşarlıqlar var. Hər ikisində sülalə sistemidir – Səudiyyədə rəsmi, Azərbaycanda faktiki. Hər ikisi narazılarla sərt rəftar edir. Düzdür, Səudiyyədə edam yayılsa da, Azərbaycanda çoxdan ləğv olunub. Hər iki ölkə neftdən asılı olduğundan, “qara qızıl”ın ucuzlaşması Ər-Riyad və Bakıda maliyyə çətinlikləri yaradıb. Nəticədə də hər iki ölkədə sosial duruma təhlükə yaranıb.

“Rəsmi ritorikaya rəğmən, əl-Nimr və Bağırzadə iranpərəst baxışlarına görə deyil, ictimai narazılığa dəstək verdiklərinə görə təhlükə mənbəyi sayılırlar. Onlar Bakı və Ər-Riyadda elitalara ictimai təhlükə törədirlər. Bu problem indi özəlliklə təhlükəlidir, belə ki, rejimlər sosial vədlərini yerinə yetirməkdə çətinlik çəkirlər”, – deyə məqalədə vurğulanır.

Müəllifin fikrincə, Səudiyyə şiə ruhaninin qətlinin doğuracağı qəzəbi öncədən görürdü, ancaq eskalasiyaya getdi, bir məqsəd də ölkədəki iqtisadi çətinliklərdən diqqəti yayındırmaq idi. Amma maliyyə resurslarının azalması, beynəlxalq diplomatik və hərbi dəstəyin olmaması Bakının belə bir yol seçməsini əngəlləyir. Rusiya-Türkiyə və Iran-Səudiyyə böhranı Bakını da çətin duruma salır, iqtisadi sancılar başladığı bir məqamda qonşularını qəzəbləndirməmək üçün ehtiyatlı davranmağa çalışır: “Indiki məqamda maliyyə qeyri-müəyyənliyi ilə diplomatik böhranın birləşməsi Azərbaycana gərəkən sonuncu şeydir. Iranda şiə ruhanilərin taleyinə göstərilən həssaslığı nəzərə alsaq, Bakı Bağırzadəyə Səudiyyənin əl-Nimrə yanaşmasından tam fərqli münasibət sərgiləməlidir. Bağırzadəyə qarşı cinayət işinin hüquqi əsasları varsa, o, ədalətli məhkəməyə çıxarılmalıdır. Əks halda, buraxılmalıdır.

Ümumilikdə isə Azərbaycanı ağuşuna almış, sürətlə inkişaf edən iqtisadi tufan Əliyev administrasiyasından ötrü bir xeyir-dua rolunu oynaya bilər. Hökumət çoxdan gərəkən struktur iqtisadi islahatlara başlaya, Avropa Birliyi və Birləşmiş Ştatlarla münasibətləri yenidən qura, siyasi məhbusların buraxılması daxil olmaqla, ehtiyatla idarəolunan siyasi liberallaşdırmanı həyata keçirə bilər.

Bacarıqla və düzgün ardıcıllıqla idarə olunsa, bu islahatlar Azərbaycanı daha ümidverici yola çıxarar. Istənilən halda, belə islahatlar Bağırzadə kimi ruhanilərin siyasi nüfuzunu məhdudlaşdırmağı hədəfləyən açıq repressiyadan daha səmərəlidir”.

~ tərəfindən Patriot 30/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma