MİLLİ ŞURA ŞƏHİDLƏRİ İZDİHAMLI YÜRÜŞLƏ ZİYARƏT ETDİ (VİDEO-FOTOLAR)

milli sura-AXCP-ziyaret

Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar hadisələrindən 26 il ötdü

milli sura-AXCP_ziyaretXalqımızın qürur yerinə çevrilən, milli hüzn günü ilə yanaşı, həm də qəhrəmanlıq səlnaməsi kimi qeyd etdiyimiz bu gündə ənənəvi olaraq, Şəhidlər Xiyabanı ziyarət edildi, şəhidlərimiz yad olundu, onların ruhuna dualar oxundu.

Milli Şura da öz tərəfdarları ilə birlikdə şəhidlərimizin məzarını ziyarət edib. Ziyarətdən sonra AXCP lideri Əli Kərimli jurnalistlərə açıqlama verib.

AXCP sədri bildirib ki, əgər bu gün dünyada müstəqil Azərbaycan varsa, onun necə idarə edilməsindən asılı olmayaraq, bu, Azərbaycan xalqının böyük qələbəsidir: “20 Yanvar Azərbaycan xalqının əsrlərlə davam edən istiqlal mübarizəsinin ən yüksək zirvəsidir. Məhz həmin gün yüzminlərlə insan dünyanın ən böyük superdövlətlərindən birinin ordusuna qarşı mərdliklə, mətinliklə dayandı. Onlarla üz-üzə gəldilər,

Azərbaycanın müstəqilliyi üçün canlarından keçdilər. Bu gün artıq 26 ildir ki, Şəhidlər Xiyabanı azərbaycanlılar üçün hər zaman hörmətlə yad ediləcək bir ziyarətgaha çevrilib. Təəssüf ki, o zamankı ideyaların digər hissəsi reallaşmayıb. Qarabağ de-fakto Azərbaycanın tərkibində, bizim suverenliyimiz altında deyil, ölkəmizdə xalq hakimiyyəti, demokratiya bərqərar olmayıb. Amma biz hamımız inanırıq ki, bu böyük mübarizə ilə istiqlalını qazanmış xalq, Allahın köməkliyi, millətin əzmi ilə Qarabağı da geri qaytaracaq, ərazi bütövlüyünü təmin edəcək, Azərbaycanda xalq hakimiyyəti də bərqərar olacaq”.

Primakovun adını qərardan kim çıxarıb?

Əli Kərimli 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsilə bağlı sualı belə cavablandırıb: “Əslində, hüquqi qiymət verilib. Hadisələrdən dərhal sonra, eləcə də 1992-ci ildə qərar verilib. Sadəcə, azərbaycanlıları bir növ çaşdırıblar. 1993-cü ilin məlum çevrilişindən sonra hakimiyyətə gələn qüvvələr, Heydər Əliyevin rəhbərliyi altında YAP guya əvvəllər qiymət verilmədiyini ifadə edərək, yenidən bu məsələyə qiymət verməyə çalışdılar. Yeni qiymətləndirmədə də hadisələrin əsas günahkarlarından biri olan Primakovun adını qərardan çıxardılar. Ona görə də Azərbaycan xalqında belə təəssürat yaranıb ki, hadisələrə tam və doğru hüquqi qiymət verilməyib. Amma ayrı-ayrı adamların adının orada olub-olmamasından asılı olmayaraq, Azərbaycan xalqı bu hadisəyə qiymət verib. Bu, Moskvanın Bakını yenidən işğal etmək cəhdi idi. Azərbaycan xalqının istiqlal arzusunu gözündə qoymaq cəhdi idi. Azərbaycanı yenidən işğal eləmək üçün edilən təşəbbüs idi. Azərbaycan xalqı kütləvi qəhrəmanlıqla bu cəhdi uğursuzluğa düçar etdi”.

Milli Şuranın sədri Cəmil Həsənli və AXCP lideri, MŞ Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli feysbuk səhifələrində bu günün önəmindən yazaraq, xalqı bu müqəddəs ziyarətdə elliklə iştirak etməyə bir daha səsləyiblər.

Cəmil Həsənli yazıb:

“Yanvar ayının 20-si xalqımızın tarixində və taleyində önəmli günlərdən biridir. 26-cı dəfə Azərbaycan xalqı qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edəcək. Qəribə olsa da, 1918-ci ilin 28 May istiqlalına gedən yol həmin ilin mart faciəsindən, ötən əsrin 90-cı illərində istiqlalın bərpasına gedən yol isə qanlı yanvar faciəsindən keçdi. Hər ikisində xalqımız dəryalarca qan axıtdı, çoxlu sayda günahsız qurbanlar verdi.
Hər iki qırğının şəhidləri eyni yerdə dəfn olundu. Sanki mart şəhidləri istiqlal ideyasını əmanət kimi 70 ildən artıq bir dövrdə yanvar şəhidlərinə təslim etmək üçün ruhlarında saxladılar. Hər ikisi Sovet qurulusunun, Sovet ideyasının, Sovet Qırmızı Ordusunun xalqımızın başına gətirdiyi müsibət idi. Amma millətimiz həm birinci souyqırımdan, həm ikinci qırğından istiqlal amalı ilə çıxdı. Tarixin hər iki anında bu Sovetlərin “Pirr qələbəsi”, xalqımızın isə bütün canı, ruhu, varlığı ilə istiqlal amalına tapınmaq məqamı idi.

Son illər çoxları 1990-cı ilin 20 Yanvar Bakı hadisələrini bir il əvvəl baş vermiş Tbilisi, bir il sonra törədilmiş Vilnüs hadisələri ilə müqayisə etməyə, onları eynilədirməyə üstünlük verirlər. Fəqət bunlar fərqli hadisələrdir. Tbilisi və Vilnüsdə baş verənlər yerli, məhəlli hadisələr idi. Bakı isə Sovet müdafiə nazirinin rəhbərlik etdiyi xüsusi əməliyyat nəticəsində Sovet ordusu tərəfindən işğal olundu. Öz miqyasına görə bu əməliyyat 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa hadisələri ilə müqayisə edilə bilər. Hər üç işğal zamanı hərbi əməliyyatın mərkəzi qərargahı Kremldə yerləşirdi. 20 yanvar Sovetlərin dağılmasını şərtləndirən sonuncu qanlı cinayət oldu. Yanvar ayının 26-da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyindəki çıxışında Mixayil Qorbaçov deyirdi ki, bizim indi Azərbaycanda vəziyyətimiz Şərqi Almaniyada olduğu kimidir. Respublika partiya təşkilatına rəhbərlik edəcək, ölkəyə başcılıq edəcək etibarlı adam, inanılmış kommunist tapa bilmirik. Bu artıq Sovet sisteminin, kommunist ideologiyasının açıq böhranı idi. Az sonra bu böhran bütün ölkəni bürüdü. Ona görə Sovetlərin çöküşünə, Qorbaçov idarəçiliyinin iflasına sonuncu nöqtəni Azərbaycan xalqının mübarizə əzminin ifadəsi kimi 20 Yanvar hadisələri qoydu. Bu baxımdan həmin hadisələr dünyanın siyasi mənzərəsinin dəyişməsinə təkan verdi, kommunist sistemi birdəfəlik tarixin yaddaşına verildi. 20 Yanvarın tarix üçün siyasi məzmunu da məhz, bundan ibarətdir”.

Əli Kərimli:

“20 Yanvar tariximizin kütləvi qəhrəmanlıq səhifəsidir, istiqlal mübarizəmizin zirvəsidir! Xalqımızın işğalçı ordu qarşısına vüqarla, qorxmadan, mərdliklə çıxdığı gündür!

20 Yanvar ümummilli hüzn və qürur hissinin bizi birləşdirdiyi gündür! Şəhidlər Xiyabanı özü boyda İstiqlaliyyət abidəsidir!

20 Yanvar şəhidlərimiz bizləri hər zaman dövlətimizi və müstəqilliyimizi qorumağa səsləyən milli ruhumuzdur!

20 yanvar saat 12-də Milli Şura olaraq əvvəllər Əzizbəyovun heykəli olan dairədə toplaşıb, Şəhidlər Xiyabanına ziyarətə gedəcəyik. Siz də gəlin! Nə vaxt istəyirsiniz, onda gəlin, amma sabahkı ziyarətdə hamılıqla iştirak edək! 20 Yanvar şəhidlərinin ruhunu şad edək! Milli ruhumuzu diri saxlayaq!”




~ tərəfindən Patriot 21/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma