ZƏRDÜŞT ƏLİZADƏ: “YATIN, YATIN, SƏADƏT YUXUDADIR…”

zerdust elizade

Prezidentin Yeni İl təbriki nələrdən xəbər verdi?

Yəni gələn ilin Yeni İlinə qədər manat məzənnədə üçqat itirəcək. Nisbi yoxsulluğun yerinə mütləq yoxsulluq təşrif buyuracaq. Yəni bir oğru və rüşvətxoru çıxarıb,  hələ ifşa olunmamışını təyin edəcəklər ki, zamanı gələndə asanlıqla ifşa edib, neytrallaşdıra bilsinlər.

Prezident xalqı təbrik etdi. Xalq təbriki eşitdi və düşünməyə başladı. Düşündü və anladı ki, prezident ölkədə işlərin gedişini ümumilikdə müsbət qiymətləndirir. Yəni, vəziyyətdən razıdır.

Yəni, əvvəlki siyasət davam edəcək. Yəni, dövlət idarəçiliyi məsələlərində cəmiyyətlə heç kəs heç vaxt məsləhətləşməyəcək. Yəni fərqli düşünən və danışan vətəndaşların rəyinə heç kəs, heç vaxt məhəl qoymayacaq. Ucadan danışmağa başlasalar, imkan varsa özləri, yoxsa, qohumları həbs olunacaqlar.

Yəni, vergi müfəttişləri sahibkarları qoyundan yun qırxan kimi, qırxacaqlar. Onların ah-naləsinə heç kəs, heç vaxt fikir verməyəcək. Yəni banklar vətəndaşların cibinə girməkdə davam edəcəklər. Dövlətin iqtisadi siyasətinin davamlılığına inanıb, istehlak krediti götürmüş insanların özlərini bankların önündə yandırması üçün əla imkanlar yaranacaq.

Yəni, gələn il Dövlət Neft Fondunda qalmış vəsaitin qalığının da, elə əsas hissə kimi, heç vaxt, heç bir gəlir gətirməyəcək mənasız layihələrə xərclənməsi qaçılmazdır. Yəni, vətəndaş artıq müftə neft pullarının tükəndiyini bilə-bilə, mənasız “divarqaşıma” məsrəflərinin davamını görəcək.

Yəni, “təbii” inhisarçıların mütəşəkkil sıraları gələn il də sıxlaşmaqda davam edəcək və milli istehsalın halvası çalınmaqda davam edəcək. Yəni, Konstitusiyada vətəndaş azadlıqları barədə yazılmış gurultulu ifadələri bürokratiyanın qadağa qəliblərinə salıb, şikəst edən avtoritar qanunlar millətin gələcəyini məhv etməkdə davam edəcək.

Yəni gələn ilin Yeni İlinə qədər manat məzənnədə üçqat itirəcək və nisbi yoxsulluğun yerinə mütləq yoxsulluq təşrif buyuracaq. Yəni bir oğru və rüşvətxoru çıxarıb, digər hələ ifşa olunmamışını təyin edəcəklər ki, zamanı gələndə asanlıqla ifşa edib, neytrallaşdıra bilsinlər.

Yəni, xalqımız yenə də ədalətli məhkəməyə həsrət qalıb, bəzi hakimlərin intəhasız maddi tamahının qurbanı olacaq. Yəni, vətəndaş hər bir məqamda haram pulun çoxluğundan əndazə hissini itirmiş məmurların və oliqarxların alçaldıcı “kimə istəyirsən, şikayət et” təklifini eşidəcək.

Yəni bir il daha  Ermənistanın qoşunlarının qanuni ərazimizi işğal etməsinə zavallı görkəmlə tamaşa edəcəyik. Yəni, əcnəbilər yenə də Azərbaycana gəlib, analoqu olmayan qonaqpərvərlik görəcək və aborigenlərin öz məzlum və miskin vəziyyətləri ilə barışmasına təəccüblənəcək.

Yəni, dünyada heç bir hörmətli insan və qurum qalmayacaq ki, Azərbaycanı qınamasın və qanuna dəvət etməsin, lakin biz öz orta əsr mahiyyətimizdə qalacağıq. Yəni, dünyanın magistral inkişaf yolundan kənarda durub, təməddünün və tərəqqinin bizdən yan keçməsinə tamaşa edəcəyik.

Yəni məzlum dahilərimiz Axundovun, Zərdabinin, Mirzə Ələkbərin, Mirzə Cəlilin və Üzeyir bəyin gördüyü və çarəsizlikdən üzüldüyü millət olaraq qalacağıq.

Yeni İliniz mübarək, ey misli-bərabəri olmayan Azərbaycan xalqı! Milli dəyərlərinizdən möhkəm yapışın, yoxsa, Allah eləməmiş, XXI əsrin isti-soyuq küləkləri sizin əski zamanın daşlaşmış yadigarı olan dövlətciyinizi sarsıda bilər.

Yatın, yatın, səadət yuxudadır…

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

~ tərəfindən Patriot 06/01/2016.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma