“SABİT MƏZƏNNƏ DÖVRÜ BİTDİ”

dollar-mezenne

İqtidardan xalqa qarşı “gecə qarəti”: manatı birdən-birə 50% ucuzlaşdırdılar

Mərkəzi Bank üzən məzənəyyə keçdiyini bildirdi; ekspertlər yeni devalvasiya qərarını şərh etdi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Dünən dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3% və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.
Mərkəzi Bankdan izahat bəyanatı

valyutadeyisme“Manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq”. Bu fikir Mərkəzi Bankın yaydığı bəyanatda qeyd olunur. Bəyanatda deyilir: «Qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb.

Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb.

Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevralında manatın devalvasiyası həyata keçirilmiş, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu.

Lakin, cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırmışdır. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlamışdır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötmüşdür.

Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri etmişdir.
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etmişdir. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi

Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir.

Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcəkdir”.

Amma ekspertlərin fikrincə, dekabrın 21-i verilən qərar üzən kursa keçid yox, ikinci kəskin devalvasiyaya gedilməsidir.
«Manatın günahı nə?»

İqtisadçı Rövşən Ağayev də MB-nin dünənki qərarına münasibət bildirib: «Yayılan xəbərlərdən belə aydın oldu ki, dekabrda Mərkəzi Bankın ehtiyatlarında sürətli ərimə davam etməkdədi. Çox narahatedici durumdu – ehtiyatların sürətli əriməsi ölkənin maliyyə sisteminin kollapsına səbəb ola bilər. Biznes də, vətəndaşlar da bu prosesdən eyni dərəcədə zərbə alacaq – biznes müflis olmaqla, vətandaşlar məşəqqtəli sosial durumla.

Ehtiyatlar niyə əriyir? Bunun səbəbi vətəndaşlar deyil – vətəndaşın sadəcə olaraq dollar almağa pulu yoxdu. Hər halda Elman müəllimin “yastıq” söhbətini cəmiyyətimiz gərgin dövrdə əsəbləri sakitləşdirməyə hesablanmış yumor kimi qəbul etdi.
Əsas səbəb kənara valyuta axınıdı. Sadəcə Mərkəzi Bank şəffaf bir qurum olaraq cəmiyyətin qarşısına çıxıb gerçək durumu izah etmək istəmir. Nədən söhbət gedir?

1) Bu sırf ehtimaldı, amma reallığa çox yaxındı – idxala rəsmi elan ediləndən daha çox valyuta xərclənir.
Rəsmi məlumata görə, bu ilin 10 ayının nətisəcinə görə ixrac idxalı 2.2 milyard dollar üstələyib. UNCTAD-ın məlumatları əsasında ötən il apardığımız tədqiqat göstərdi ki, idxalın rəsmi həcmi real həcmindən azı 30% az göstərilir. İndi Mərkəzi Bank deyə bilərmi: belə alternativ hesablaması varmı, varsa nəticələr nə göstərir? Yoxdursa niyə kifayət real olan bir problemi araşdırmağa maraqlı deyillər?

2) Ölkədən kənara sərmayə və əmanət formasında çıxan leqal və qeyri-leqal kapitalın həcmi ölkəyə cari valyuta axınlarının müqabilində həddən artıq böyükdür.

Qeyri-leqal kapitalın həcmini hökumətin özündən başqa kimsə deyə bilməz».
R.Ağayevin sözlərinə görə, amma rəsmi olaraq ölkədən kənara çıxan valyutanın həcmi kəskin artıb və bu fakt onu deməyə əsas verir ki, qeyri-leqal kapitalın da artımı baş verir: «Rəsmi olaraq Azərbaycandan çıxan kapitala diqqət yetirək: 2015-ci ilin 9 ayı ərzində birbaşa investisiya formasında Azərbaycandan xaricə 2.6 milyard dollar çıxıb. Bu məbləğin 1.4 milyard dolları Neft Şirkətinin xaricdəki layihələri ilə bağlıdı. Bəs yerdə qalan 1.2 milyard birbaşa investisiya kimi hansı ölkələrə gedib – milli iqtisadiyyatın hazırkı sərmayə və valyuta defisiti dövründə?

Vacib məqam: 2012-2014-ci illərin eyni dövründə xaricə çıxan birbaşa investisiyalar cəmi 2.7 milyard dollar olmuşdu. Təkcə bu fakt 2015-ci ildə kapital axının necə sürətləndiyini təsdiq edir.

Ölkədən kənara çıxan kapitalın həcminin böyüklüyünü təsdiqləyən 2-ci fakt: “depozitlər və nağd valyuta” formasında bu ilin 9 ayında ölkədən kənara 4.6 milyard dollar çıxıb. Bu 2014-cü ilin 9 ayına nisbətən təxminən 1.3 milyard dollar çoxdu.
3-cü fakt: 2015-ci ildə xaricilər Azərbaycandan “kreditlər və digər investisiyalar” maddəsi altında 824 milyon dollar çıxarıblar. Halbuki 2014-cü ildə bu maddə altında xaricilər Azərbaycana 1.042 milyard dollar valyuta gətirmişdilər.

4-cü fakt: tədiyyə balansının metodologiyasına görə, “uçota alınması mümkün olmayan valyuta kütləsi” böyüyüb. 2015-ci ilin 9 ayında uçotsuz ölkədən çıxan valyuta uçotsuz daxil olan valyutadan 2.8 milyard dollar çox olub. Halbuki 2014-cü ildə (9 ay) həmin fərq 1.7 milyard dollar, 2013-də isə 900 milyon dollar olmuşdu.

Kənara valyuta axınlarının bu qədər artdığı dövrdə ölkəyə daxil olan valyuta həcminin azalma miqyasına baxın: 2015-c ilin 9 ayında əmtəə ixracı və kreditlər hesabına daxil olan valyuta 10 milyard dollara çatmır.
Amma 2014-də 20 milyard dollar ətrafında idi. İndi manat bu stiuasiyada necə davranmalıdı və “yastıqsevərlik”də günahlandırılan sadə vətəndaşın günahı nə?»

1 dollar 3-5 manat ola bilər

«Azərbaycanın üzən məzənnəyə keçidi məcburi addımdır. Bu, dünyanın valyuta bazarındakı proseslərlə izah edilir. Hazırda gördüyümüz manatın real qiymətidir». Bunu iqtisadçı ekspert Oqtay Haqverdiyev bildirib.
Onun sözlərinə görə, dolların bahalaşması prosesi 2016-cı il ərzində də davam edəcək. «Ekspert qiymətləndirmələrimə əsasən, dolların real qiyməti 3-5 manat arası təşkil edə bilər”, deyə O.Haqverdiyev vurğulayıb. O.Haqverdiyev qeyd edib ki, indi Azərbaycan qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək vəzifəsi dayanır.

Budurmu “analoqsuz inkişaf”, “güclü iqtisadiyyat”?

İqtisadçı Azər Mehtiyev də manatın ikinci devalvasiyası ilə bağlı maraqlı fikirlər söyləyib. A.Mehtiyev sosialşəbəkədə paylaşdığı fikirlərdə qeyd edib ki, neftin qiyməti aşağı düşdükcə, ölkənin neft gəlirləri azaldıqca, müstəqil ekspertlər manatın devalvasiyasının qaçılmaz olduğunu söyləyəndə hökumət onları “əhali arasında panika yaymaqda” suçlayırdı. Hətta fevral dvalvasiyasından sonra da manatın məzənnəsinin 1.05 səviyyəsində saxlanılmasının başa düşülən olmadığını dəfələrlə bildirmişik: «ABŞ-da FES uçot drəcəsini qaldırmağa hazırlaşdığını tam 1 il əvvəldən bəyan edir, araşdırmalar və müzakirələr aparır və cəmiyyəti buna hazırlayır. Uçot dərəcəsinin qaldırılması isə tədricən, addım-addım, məqsədyönlü şəkildə həyata keçirilir. Heç bir panikaya imkan verilmir. Buna cəmiyyəti idarə etmək deyirlər.

Ölkəmizdə isə tamamilə fərqli yanaşma hökm sürür: siyasət qapalı aparılır, cəmiyyət aldadılır, ən yüksək səviyyədə hər şeyin nəzarət altında olduğu, heç bir problemlərin olmadığı bəyan edilir, əhali iqtisadi savadsızlıqda və yersiz panikaya düşməkdə ittiham olunur, sonra isə birdən kəskin addımlar atılır…

Mərkəzi Bank üzən məzənnə siyasətinə keçdiyini bəyan edir və dərhal manatın dollara nəzərən kursunu 1.05-dən 1.55-ə yüksəldir. Amma heç bir izahat yoxdur ki, niyə 1.15 yaxud 1.35 yox, məhz 1.55. Bu məzənnə hardan ortaya çıxdı? Kim hesabladı? Kim qərar verdi?
Demirsiniz ki, “üzən məzənnəyə keçirik”, onda manatın “cilov”unu buraxın, manat özü tədricən kursunu tapsın. Əgər kursu özünüz istədiyiniz kimi müəyyənləşdirirsinizsə, bunu niyə “üzən kurs” adlandırırsınız ki?

Budurmu “analoqsuz inkişaf” və “güclü iqtisadiyyat”? Qərb ölkələri belə inkişafamı paxıllıq edir?».

“Sabit məzənnə dövrü bitdi“

“Bu, manatın ucuzlaşmasının son həddi deyil. Bundan sonra da proses davam edəcək. Ola bilsin ki, müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu, müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq”.

Bu fikirlər isə iqtisadçı Samir Əliyevə məxsusdur. Onun sözlərinə görə, gözlənilən devalvasiya baş verdi: «Bildirilib ki, hökumət valyuta ehtiyatlarını qoruyacaq və uzağı 5 milyard dollara qədər əriməsinə imkan verəcək. Son məlumatlara əsasən, Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi. FES uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etmişdik. Hər bir halda insanları aylarla üzən hadisə baş verdi”.

S.Əliyev qeyd edib ki, Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə ilk növbədə kəskin ucuzlaşmanı göstərir. Bizdə də fərqli ssenari olmadı. Ancaq Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları da ağır olmalı idi və olacaq da.

Onun sözlərinə görə, Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi. Ancaq bunu etmək əvəzinə yenidən manata süni nəfəs verməyə çalışdı: «Əgər manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı, indi kəskin devalvasiyaya ehtiyac qalmazdı.

Üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq. Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək».

Ekspertin fikrincə, əsas problem inflyasiya olacaq. Qiymətlər artacaq. Ona görə hökumət devalvasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir.

~ tərəfindən Patriot 21/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma