AXCP SƏDRİNİN MÜAVİNİ HƏBS EDİLDİ

fuad qehramanli

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu gün axşam saatlarında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb

Bu barədə “Azadlıq” qəzetinə AXCP-dən xəbər veriblər.

Məlumatda deyilir ki, F.Qəhrəmanlını zəng vurub, şifahi şəkildə İdarəyə çağırıblar. O, hansı iş üzrə və hansı statusla dəvət edildiyini öyrənmək istəyib, amma cavab ala bilməyib. Bundan sonra o, rəsmi dəvət – çağırış vərəqəsi göndərilməsini istəyib. Lakin bir müddət keçdikdən sonra polis əməkdaşları onun yaşadığı evə gələrək F.Qəhrəmanlını özləri ilə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar.

Hazırda F.Qəhrəmanlının mobil telefonu bağlıdır və ondan heç bir xəbər yoxdur.
Fuad Qəhrəmanlını polislərin evdən apardığını həyat yoldaşı Zümrüd Yağmur da özünün feysbuk səhifəsi üzərindən xəbər verib.
***
Fuad Qəhrəmanlıya qarşı cinayət işi qaldırılıb. Lakin işin motivi barədə məlumat yoxdur.

Bu barədə AXCP sədri Əli Kərimli feysbuk səhifəsində məlumat paylaşıb.

“Bu gün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı evində həbs edilərək, Respublika Prokurorluğunun Ağır Cinayətlər İdarəsinə aparılıb. Fuad bəyin hansı cinayət işi üzrə prokurorluğa aparıldığı məlum deyil. Telefonla yalnız onu deyə bildi ki, ona qarşı cinayət işi qaldırılıb. Nə baş verdiyini hələlik heç bir dövlət orqanından öyrənə bilmirik. Ölkədə hüquqsuzluq o səviyyədədir ki, müxalifət partiyasının sədr müavinini, tanınmış siyasətçini sanki adam oğurlayırmışlar kimi, heç bir izahat, məlumat vermədən həbs edirlər. Fuad bəyə qarşı hansı ittihamı irəli sürürlər sürsünlər, aydındır ki, həmin ittiham saxta olacaq. Fuad bəyi ölkəmizin demokratikləşməsi uğrunda apardığı ardıcıl, prinsipial mübarizəsinə görə həbs edirlər. Nə baş verməsindən asılı olmayaraq, AXCP-nin də, Fuad bəyin də mübarizəsi bu ölkədə demokratiya və azadlıqlar tam bərqərar olana qədər davam edəcək”, – deyə Əli Kərimli yazıb.
***
Prokurorluq Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbiri seçilmək üçün təqdimat verib.
Bu dəqiqələrdə F.Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinə aparılıb.
Məlumatı vəkil Fəxrəddin Mehdiyev verib.
***
Məlumata görə, F.Qəhrəmanlı CM-nin 281.1 – (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial,nifrət aşılayan çağırışlar etmə) maddələri ilə təqsirləndirilir.

Artıq F.Qəhrəmanlının evində axtarış aparılacağı ilə bağlı qohumlarına məlumat verilib.
***
Prokurorluq əməkdaşları Fuad Qəhrəmanlının yaşadığı evədə axtarışa başlayıblar. Jurnalistlər axtarış prosesini müşahidə etmək istəsələr də, buna imkan verilməyib. Axtarış prosesini müşahidə üçün Fuad Qəhrəmanlının yaxınlarından və tanıdığı şəxslərdən heç kəs evə buraxılmayıb.
Axtarış zamanı evdən nəsə tapılmayıb və prokurorluq əməkdaşları Fuad Qəhrəmanlının kompüterini özləriylə aparıblar.
Gecə saat 23.00 radələrində Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Hüseynovanın sədrliyilə onun barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə “Azadlıq”a Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Vəkil bildirib ki, Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1-ci (zor tətbiq etmə hədəsilə milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilir. Vəkilin sözlərinə görə, Fuad Qəhrəmanlıya qarşı ittihamlar onun “facebook” sosial şəbəkəsində paylaşdığı fikirlərilə bağlıdır.

Fuad Qəhrəmanlının ittiham üzrə özünü təqsirli bilmədiyini deyən vəkil qeyd edib ki, Nəsimi Rayon Məhkəməsinin həbs qərarından apellyasiya şikayəti veriləcək.

~ tərəfindən Patriot 09/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: