YAP-çı DEPUTAT: “RƏSULZADƏ SATQIN OLUB”

simasiz_naqif hemzeyev

Rəsulzadəyə həqarət yağdıran simasız deputatı sosial media “topa tutdu”

Naqif Həmzəyev fikirlərinin təhrif olunduğunu iddia edir, Rauf Arifoğlu isə səs yazısının olduğunu bildirir

Milli Məclisə Gəncədən deputat seçilən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin bu şəhərdəki büstünə niyə çuval keçirildiyi barədə suala heç kimin gözləmədiyi tərzdə cavab verib.
Naqif Həmzəyev “Yeni Müsavat” qəzetinin əməkdaşına verdiyi cavabda Rəsulzadənin vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb:

“Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram..

Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı.
Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub…

Axı niyə fikirləşirsiz ki, Gəncədə Rəsulzadənin heykəli olmalıdır?! Rəsulzadə respublikanı Gəncədə deyil, Tiflisdə qurub
“Yeni Müsavat”ın əməkdaşı yazır ki, gənc deputat Rəsulzadəyə nifrət yağdırarkən kənardan dəstəkçiləri də ona qoşulub. Onlar da “Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı…; O, bizim nə qədər sərvətimizi talayıb…” kimi alçaldıcı ifadələr işlədiblər.
Rəsulzadənin nəvəsindən cavab

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin yeni deputatın açıqlamasına münasibəti isə kəskin olub.
O, Modern.az saytına açıqlamasında deputatla məhkəmədə görüşəcəyini deyib: “Dediyi sözlərin hamısı onun özünə aiddir. Belə fikir səsləndirməsi həmin adamın tarixi bilməməsindən irəli gəlir. Təəssüf edirəm ki, belə savadsızlar deputat seçilib. O, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmədə cavab verməli olacaq”.

Deputatın “Rəsuzladə respublikanı Tiflisdə qurub qoy büstü də Tiflisdə olsun” fikirlərinə Rəis Rəsulzadə belə cavab verib: “O kimdir?! Prezidentdən çox bilir tariximizi?! Ona sual etmək lazımdır ki, əldəqayırma deputat ölkə başçısından çox bilir?! Bu savadsız, kimliyi bilinməyən adam Heydər Əliyevə, İlham Əliyevə, alimlərə tarix öyrədəcək?! Dediklərinin hamısı məhkəmə müstəvisində həll ediləcək. Təhqirlərinə hüquqi qiymət veriləcək!”

Əli Kərimlidən sərt reaksiya

Naqif Həmzəyevin fikirləri sosial şəbəkələrdə də ciddi etiraz doğurub. Deputatın Məhəmməd Rəsulzadə haqqında əsassız iddialarına görə üzr istəməsi tələb olunur. Hətta onun mandatdan məhrum edilməsini tələb edənlər də var.

Sosial şəbəkədə məsələyə AXCP sədri Əli Kərimli də sərt münasibət bildirib. O feysbuk səhifəsində yazıb ki, YAP-ın yeni deputatının belə çıxışı bütövlükdə hakimiyyətin Rəsulzadəyə neqativ münasibətinin nəticəsidir:

“Yenicə deputat təyin edilmiş YAP funksionerinin M.Ə.Rəsulzadəni çox ağır sözlərlə təhqir etməsi qətiyyən təsadüfi və özfəaliyyət deyil. Uzun müddət ərzində hakimiyyətin həyata keçirdiyi Rəsulzadəyə şər atmaq, onu unutdurmaq, tariximizdəki rolunu kiçiltmək siyasətinin məntiqi nəticəsidir. İllərdir ki, xalqımızın qəlbindəki Rəsulzadə sevgisini özlərinə təhlükə kimi görürlər. Anlayırlar ki, Rəsulzadəni sevən əksəriyyət sülalə hakimiyyəti tərəfdarı ola bilməz.

Sərt avtoritar idarəçilik şəraitində belə, hökumətin iradəsi ziddinə ifadə olunan Rəsulzadə sevgisi xalqımızın həm də demokratik və ədalətli idarəetməyə, rüşvətə bulaşmamış təmiz əllərə olan rəğbətinin ifadəsidir. M.Ə.Rəsulzadə irsi ötən 100 ildə necə dəhşətli hücumları dəf edib?! Əlbəttə ki, bu hücum da milli liderimizin parlaq obrazına heç bir xələl gətirə bilməyəcək!”

Deputat inkar edir

Məsələ ilə bağlı “Qafqazinfo” Naqif Həmzəyevdən də münasibət öyrənə bilib. Deputat açıqlamasında vurğulayıb ki, o, Məhəmməd Əmin Rəsulzadəni təhqir etməyib: “Məqalə həmin dialoqun ruhuna tamamilə ziddir. Orada xanım jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib”.
YAP deputatına qahmar çıxdı

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə də Modern.az saytına Naqif Həmzəyevin bu fikirləri səsləndirmədiyini deyib:

“Mən onun açıqlamasını oxudum və Naqif Həmzəyevə inanıram. Gənc deputatımız özünün də dediyi kimi bu fikirləri işlətməyib və onun fikirləri təhrif olunub, tamam başqa fikirlər verilib”.

Aydın Mirzəzadə deyib ki, Naqif Həmzəyev YAP-ın fəal üzvlərindəndir: “O, özünü siyasi fəaliyyətdə, partiya işində həmişə müsbət tərəfdən göstərib, yetkin fikirlərilə yaşadığı Gəncə şəhərində nüfuz qazanıb. Çox təəssüf edirəm ki, ilk gündən bizim YAP-dan olan gənc üzvümüz haqqında bilərəkdən yaxud da bilməyərəkdən aciotac yaradıblar”.

Aydın Mirzəzadə bildirib ki, Naqif Həmzəyev demədiyi fikirlərə görə məsuliyyət daşımır: “Yeni Azərbaycan Partiyasının üzvləri həmişə tariximizə hörmətlə yanaşıb, tarixi şəxsiyyətlərin hörmətinin qorunmasının tərəfdarı olub. Bu məsələdə hər zaman digərlərinə nümunə göstəriblər. Mən hesab edirəm ki, bu, sadəcə sensasiya xatirinə yaranmış insident idi və ona da cavab verildi”.

Baş redaktordan cavab: “Yalançının təkidirlər”

“Müxbirin təqdim etdiyi yazı yoxlanıb, onun həqiqiliyini məhkəmədə sübut edə biləcək dəlillərə malikik, yazdıqlarımızın arxasındayıq, bunun əksini iddia edib, bizi yalanda suçlayanlar özləri yalançının təkidirlər”.
Bu sözləri isə Moderator.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

Rauf Arifoğlu onu da qeyd edib ki, bir məmura, hər hansı bir layihəyə görə milli dəyərlərdən, Azərbaycana dövlət quran kişilərin təhqir olunmasından vicdansızcasına keçənlər, buna susanlar qəzetin üstünə getsələr, peşman olacaqlar.

~ tərəfindən Patriot 02/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: