NARDARAN QƏSƏBƏSİ BLOKADAYA ALINIB (FOTOLAR)

nardaran-blokada

Ölənlərin sayı artdı

Qəsəbədə həbs olunanlar 16 maddə ilə ittiham olunur; Onların barəsində həbs-qətimkan tədbiri seçildi

Noyabrın 26-da polisin qanlı əməliyyat keçirdiyi Nardaran qəsəbəsində gərginlik davam edir. Ən son məlumatlara görə, qəsəbə sözün həqiqi mənasında blokadaya alınıb. Qəsəbədə elektrik, qaz, telefon rabitəsi kəsilib, qəsəbəyə marşrut avtobuslarının hərəkəti dayandırılıb. Bundan başqa əməliyyat nəticəsində ölənlərin sayı artıb.

nardaran_ blokadaNardaranda əməliyyat zamanı yaralanan yerli sakinlərdən biri də dünyasını dəyişib. Bu barədə APA-ya açıqlamasında Nardaran sakini Məşədi Natiq Kərimov bildirib. Onun sözlərinə görə, hadisədən dərhal sonra 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən Fərahim Bünyatov aldığı xəsarətdən orada dünyasını dəyişib.

Məşədi Natiq Kərimov qeyd edib ki, F. Bünyatovun qardaşı Rafael Bünyatov da insident zamanı öldürülüb.

O həmçinin bildirib ki, insident zamanı dünyasını dəyişənlərin meyitləri yaxın saatlarda ailələrinə təhvil veriləcək: “Hadisə zamanı öldürülən Abbas Hüseyn Gəncə, Sərvan Səfərov isə Masallı sakinidir. Onların meyitləri öz rayonlarına göndəriləcək. Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşlarının meyitləri isə Nardarana gətiriləcək. Onlar burada dəfn olunacaqlar”.

Öldürülən sakinlərin qəbrləri qəsəbədəki Məscidin qarşısında qazılıb

***

Qəsəbədə telefon rabitəsi də kəsilib. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev “APA-Economics”ə bildirib ki, rabitənin kəsilməsi borca görə deyil. Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb. Stansiyaya elektrik enerjisi kəsilib, onun da batareyası tükənib.

***

Nardaranda baş verən silahlı insident zamanı xəsarət alanların yerləşdirildiyi 3 saylı şəhər klinik xəstəxananın (Sabunçu xəstəxanası) girişində sıxlıq yaranıb. Buna səbəb isə xəstəxanaya daxil olmaq istəyən vətəndaşların ciddi şəkildə yoxlanmasıdır.

Məlumata görə, xəstəxananın giriş qapısında 6-7 silahlı polis əməkdaşları xidmət aparır ki, onlar xəstəxanaya girib-çıxanları ciddi şəkildə yoxlayırlar. İnsanların problemləri daha çox xəstəxanannın girişində yaşanır.

Çünki tibb müəsisəsinə girmək istəyənlərin bütün əşyaları yoxlanır və bu da, xeyli zaman aldığı üçün xəstəxananın girişində basabas yaranır. Təbii ki, bu da, zaman-zaman hüquq-mühafizə orqanları əməkdaşları ilə mülki şəxslər arasında narazılığın yaranmasına səbəb olur.

Tibb müəsisəsinin giriş hissəsi ilə yanaşı ərtaf ərazilərdə də çoxlu polis əməkdaşları var. Bununla bərabər xəstəxananın ətrafında avtomobillərin saxlanılmasına da icazə verilmir. Ona görə hazırda xəstəxanada Nardaranda baş verən insident zamanı xəsarət alanlardan neçəsinin müalicə edildiyini öyrənmək mümkün olmayıb.

Diqqət çəkən digər məqam isə yeni gələn xəstələrin qəbul edilməməsidir. Hazırda xəstəxanaya yeni xəstələrin qəbuluna icazə verilmir

***

Nardarana giriş-çıxış qapanıb. Metronun “Koroğlu” stansiyasından qəsəbəyə gedən avtobus da artıq işləmir. Bunu Nardarana gedərək oradakı son durumu öyrənmək istəyən jurnalistlrdən biri moderator.az saytına bildirib. Nardaran sakinləri evlərinə getməyə nəqliyyat vasitəsi tapmaqda çətinlik çəkirlər. Dayanacaqda olan qəsəbə sakinləri bildiriblər ki,  Nardarana verilən elektrik enerjisi də kəsilib, əhali isə barrikadalar arxasında hələ də gözləyir.

***

Noyabrın 26-da Nardaranda saxlanılan 14 nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu haqda Azadlıq Radiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

***

27.11.2015

Hökumət qəsəbə ilə danışıq təklifini rədd etdi; Gəncədə də həbslər həyata keçirildi

Hüquq-mühafizə orqanlarının noyabrın 26-da Nardaranda keçirdiyi əməliyyat zamanı öldürülən bütün şəxslərin adları məlum olub. Virtualaz.org-un hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla yaydığı xəbərə görə, həlak olan polis əməkdaşları Vüqar Əyyub oğlu Nəsibov və Ismayıl Rəsul oğlu Tağıyevdir. Öldürülən sakinlər isə bunlardır: Babayev Əkbər Nazim oğlu, Səfərov Sarvan Şirvan oğlu, Bünyadov Rəfail Zeynalabdin oğlu və Abbas Hüseyn. Abbas Hüseyn xəstəxanada keçinib.

“Nardaran camaatını təxribata çəkmək istəyirlər”

Nardaran camaatı hüquq-mühafizə orqanları ilə danışığa hazırdır. Bu barədə APA-ya Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bildirib. Onun sözlərinə görə, kənd camaatı yaranmış vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanları ilə danışıqlar aparmağa hazırlaşır: “Biz qərara gəldik ki, polis və prokurorluq əməkdaşları ilə görüşüb yaranmış vəziyyəti müzakirə edək. Yaxın saatlarda görüş baş tutacaq. Biz bir daha bəyan edirik ki, Nardaran camaatını təxribata çəkmək istəyirlər. Biz bu məsələnin şişirdilməsinin əleyhinəyik. Nardaran camaatı heç vaxt dövlətə qarşı çıxmayıb, çıxmayacaq”.

Prokurorluq nardaranlıların danışıq təklifini rədd etdi

Baş Prokurorluq isə Məşədi Natiq Kərimovun danışıqlar təklifinə rədd cavabı verib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Nardaran qəsəbəsində baş vermiş ölümlə nəticələnən silahlı insidentlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb: “Baş Prokurorluq olaraq silahlı ekstremist cinayətkar dəstə ilə hər hansı bir danışıqlar aparmaq niyyətində deyilik”.

Eldar Sultanov həmçinin qeyd edib ki, hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılmaqla qeyd edilən cinayətin bütün iştirakçılarının, həmçinin həmin silahlı cinayətkar dəstəyə köməklik etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nardaranla hökumət arasında danışıqlar nəticəsiz qaldı

Baş Prokurorluq danışıqları rədd etsə də, Sabunçu rayonunun rəhbərliyi Naradaran ağsaqqalları ilə görüşüb.

Bu barədə Trend-ə kənd ağsaqqalı Hacı Tağı məlumat verib. Məlumata görə, kənd ağsaqqalları ilə rayon icra hakimiyyəti nümayəndələri arasında danışıqlar başlayıb. Görüşdə Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov, Hacı Ilqar və başqaları da iştirak edir. Məlumata görə, sakinlərin asayişə riəyyət etmələri xahiş olunub.

Danışıqlar bitdikdən sonra Trend-ə açıqlama verən Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovun sözlərinə görə, tərəflər arasında ümumi razılığa gəlinməyib: “Kənd ağsaqqalları hadisə nəticəsində öldürülən kənd sakinlərinin meytlərini tələb ediblər. Sabunçu Rayon Prokurorluğu isə hələlik həlak olanların meyitlərini ailələrinə təhvil verməyib. Kənd ağsaqqalları bununla bağlı Sabunçu Rayon Prokurorluğuna xəbər göndərib ki, meyitlər təhvil verilməyənə qədər kənd sakinləri heç bir danışıqlara getməyəcək”.

Axşam saatlarında məlumat yayılıb ki, ölənlərin nəşi Nardarana gətirilir. Lakin Məşədi Natiq Kərimov “Azadlıq”a bildirib ki, məlumat doğru deyil. Onun sözlərinə görə, mümkündür ki, meyitləri sabah (bu gün-red) təhvil versinlər: “Mən ölənlərin ailə üzvlərinə də demişəm ki, müraciət edib, meyitlərinizi istəyin. Meyitləri saxlamağın nə mənası var axı. Ola bilər ki, sabah (bu gün-red) təhvil versinlər”.

Taleh Bağırovun harada olması ilə bağlı məlumat yoxdur

“Taleh Bağırovun harada olması barədə hələlik məndə məlumat yoxdur”. Bunu Trend-ə T.Bağırovun vəkil Cavad Cavadov bildirib. Vəkilin sözlərinə görə, Taleh Bağırovla hələ görüşməyib və hazırda onun harada olması barədə məlumatı yoxdur.
Nardaranın işığı kəsildi, yolları bağlandı

Axşam saatlarında Nardarana giriş yasaqlanıb. Yalnız sakinlər kəndə buraxılıb. Bu barədə Meydan TV-yə hadisə yerində olan jurnalistlər məlumat verib. Məlumata görə, kəndin girişində postlar qurulub, kənd cavanları tərəfindən mühafizə olunur. Girişdən xeyli aralıda isə polislər dayanıb.

Kəndin özündə də gərginlik müşahidə olunur. Imam Hüseyn meydanında çadır qurulub, əhali ora toplaşıb. Kənd sakinlərinin sözlərinə görə, orada gecələyir, hətta namazı da çadırda qılırlar.

Prosesə uşaqlar da qoşulub. Onlar keşikçilərin tonqal qalaması üçün yol kənarlarındakı kiçik ağacları kəsir, qurumuz budaqları toplayırlar.
Nardaranda elektrik enerjisinin verilişi də dayandırılıb. Faktı “Trend”ə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev təsdiqləyib.

O, bildirib ki, elektrik enerjisinin verilişi abonentlərin borcuna görə dayandırılıb.

Tanrıverdi Mustafayev qeyd edib ki, təmsil etdiyi qurum bununla bağlı bir müddət əvvəl xəbərdarlıq edib: “Biz bir neçə gün əvvəl bütün borclu abonentlərə xəbərdarlıq etmişdik. Bir daha qeyd edirik ki, borcu olan abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq”.

Məşədi Natiq isə “Azadlıq”a bildirib ki, indiki vəziyyətdə borcdan danışmaq heç bir vicdana sığmır: “Burada qarşıdurma olub, qan tökülüb. Bunlar da borcdan danışır. Əsassız fikirlərdir. Kəndi zülmətə döndəriblər. Göz-gözü görmür. Birdən kiminsə bağında nəsə hadisə olsa kim məsuliyyət daşıyacaq? Insanlar gərgin vəziyyətdədir. Indi istəyirlər ki, biz onların korrupsiya əməllərindən danışaq?!”

2 nəfər də Gəncədə həbs edilib

Noyabrın 26-da Nardaranda Tale Bağırzadə və tərəfdarlarına qarşı əməliyyatla yanaşı Gəncə də eyni motivlə 2 nəfər həbs edilib. Bununla bağlı DIN-in yaydığı məlumata görə, Gəncə sakinləri Sabir Əliyev və Ruzi Ismayılov şəhərin müxtəlif yerlərində Tale Bağırzadə və tərəfdarlarını müdafiə etməyə çağırarkən saxlanılıblar. Sabir Əliyev şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində tutulub və üzərindən “TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülüb. Ruzi Ismayılov isə evinin qarşısında tutulub. Nazirliyin bildirdiyinə görə, Ruzi Ismayılov tutularkən qumbara ilə polis mayoru Oqtay Orucovun başına xəsarət yetirərək, qumbaranı partlatmağa cəhd göstərib. Ondan 1 ədəd “F-1″, 1 ədəd ”RQD-5″ qumbaraları və 14 qram heroin götürülüb.

Nardaranda ölən polislər dəfn edildi

Nardaranda həyata keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşları isə dünən II Fəxri xiyabanda dəfn ediliblər.

Mərasimdə daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, müdafiə naziri Zakir Həsənov, Yol Polisinin rəisi Ramiz Zeynalov, baş prokurorun müavini Rüstəm Usubov, Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin rəisi Həzi Aslanov, Prezident Administrasiyasının Müdafiə Məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev, Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsinin rəisi Yaşar Əliyev də iştirak edib.

Dəfn mərasimi saat 13.35-də başa çatıb.

Nardaranda həbs olunanlar hansı maddələrlə ilə ittiham olunur?

Noyabrın 26-da Nardaranda həyata keçirilən əməliyyat zamanı həbs olunan şəxslərə qarşı artıq rəsmi ittihamlar irəli sürülüb. “Azadlıq” qəzetinə daxil olan məlumata görə, saxlanılan şəxslər Cinayət Məcəlləsinin 16 maddəsi ilə ittiham olunur.

Maddələr bunlardır:

120.2.1 – Qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
120.2.3. – Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;
120.2.4. – Xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə;
120.2.7. – Iki və ya daha çox şəxsi öldürmə;
120.2.11. – Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə;
120.2.12. – Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə;
214.2.1. – Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
214.2.3. – Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;
220.2. – Kütləvi iğtişas, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə;
228.3. – Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə;
Maddə 233. – Ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə;
Maddə 278. – Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama;
Maddə 279.3 – Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda;
Maddə 281.2. – Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə;
Maddə 283.2.3. – Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə;
Maddə 315.2 – Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə.

Bu maddələrin bir qisminin sanksiyasında ən ağır cəza – ömürlük azadlıqdan etmə də nəzərdə tutulur.

~ tərəfindən Patriot 29/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: