“1130 TÜRK ŞƏHİDİNİ UNUTDUNUZMU? BİZ UNUTMADIQ!”

1130 sehid

Hakimiyyətin Türkiyəyə münasibətdə bu cür mövqeyi, xüsusən də hakimiyyətə yaxın ictimaiyyət adamlarının Ankaranı üzr istəməyə çağırması sərt təpkilər doğurub

etirazAXCP sədri Əli Kərimli feysbuk səhifəsində bu açıqlamaları hakimiyyətin öz əlaltıları vasitəsilə Türkiyəni aşağılamaq cəhdi kimi qiymətləndirib.
“Nə oldu, daha “bir millət, iki dövlət” deyilik? Yoxsa, bu sözlər sizlər üçün yalnız xoş günlərdə deyilən sağlıqdır? Yığışdırın bu 5-ci kolonunuzu. Əlaltılarınız vasitəsilə Türkiyəni aşağılamayın.Türkiyə ilə qardaşlığımızı duyurmağa cəsarətiniz çatmır, başa düşdük, heç olmasa namərdcəsinə ayaqlarının altını qazıb, əl-ayağa dolaşmayın! Nuru Paşanı, Bakıda Türk Şəhidliyində uyuyan 1130 türk şəhidini unutdunuzmu? Biz unutmadıq!”, – deyə AXCP lideri yazıb.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli də bu açıqlamalara etirazını feysbuk səhifəsində bildirib:

“2002-ci ildə İran təyyarələri sistemli şəkildə Azərbaycanın Xəzər dənizi üzərindəki hava sərhəddini pozurdu. Vəziyyət çox gərgin idi. Azərbaycanın İrana müqavimət göstərmək imkanları məhdud olduğu üçün mərhum prezident Heydər Əliyev Türkiyədən kömək istədi. Və Azərbaycanın yeni tarixinin bütün ağır, həlledici məqamlarında olduğu kimi Türkiyə Azərbaycandan qardaş yardımını əsirgəmədi. Bakı səmasında qəhrəman Türk Şahinlərinin göstərilərini keçirməklə Türkiyə Azərbaycana görə İran boyda bir dövlətə diş qıcıdı, gövdə göstərdi. O zaman böyük qürur və iftixarla Türk Şahinlərini izləyən 2 milyon Bakı sakini arasında mən də daxil Milli Məclisin 125 deputatı da vardı. Ürəyimiz Türkiyəyə minnətdarlıq, sevgi, qürur hisləri ilə atırdı, bir-birimizi təbrik edir, gözaydınlığı verir, “nə yaxşı ki, Türkiyəmiz var” deyirdik. İndi həmin Milli Məclisin deputatları öz hava sərhəddini pozan rus qırıcı təyyarəsini dəfələrlə edilən xəbərdarlıqlardan sonra vurduğuna görə Türkiyənin Rusiyadan üzr istəməli olduğunu deyirlər. Rusiyanın 366-cı motoatıcı alayının təşkilatçılığı ilə Xocalı soyqırımıni yaşamış millətin vəkilləri Suriyada soydaşlarımızı Rusiyanın törətdiyi növbəti soyqırımından qorumağa çalışan Türkiyəni Rusiyanın qarşısına çıxdığı üçün qınayırlar. Bu qədər də nankorluq olarmı?! İlahi, niyə başımıza göydən daş yağdırmırsan?! Görünür, biz hələ bundan betərinə də layiqik!”

Tanınmış telejurnalist Sevil Nuriyeva da feysbuk səhifəsində baş redaktoru və deputatı kəskin tənqid edib: “Rəşad Məcidin “Türkiyə Rusiyadan üzr istəməlidir” bəyanatını şiddətlə qınayıram. Və sadəcə qınamıram, dostluğumu pozuram. Salamımı kəsirəm… Ümumiyyətlə, Türkiyə məsələsinə Rusiya, İsrail, İran, Əsəd, Gülən perspektivindən baxan hər kəsi… Susub zamanı gözləyənləri, baxım görüm nə olacaq, sonra danışaram deyənləri adam saymıram… Açığı, düşündüm ki, düşmənim belə hesab etmirəm – Bir HEÇSINIZ.”
S.Nuriyeva R.Məcidə dəstək olan millət vəkili Aqil Abbasa da “təşəkkür”ünü bildirib: “Mən anladım…Türkiyə Rusiyadan üzr istəməlidir deyənlər kimin şaykasıdır. Rəşad Məcidə dəstəyə qalxan millət vəkili sağ olsun, şaykanı çözməmə yardım etdi…”.

Yazıçı Zümrüd Yağmur da Rəşad Məcidlə Aqil Abbasın açıqlamalarına sərt təpki göstərib. O, feysbuk səhifəsində məsələyə belə münasibət bildirib:

“Rəşad Məcid və Aqil Abbasın düşüncələrini ciddi qəbul etmədiyimdən dəyərləndirmək belə istəmirəm… Düzünə qalsa, onların ciddi-ciddi Türkiyə-Rusiya münasibətlərini şərh etmə çabalarına da ironik yanaşıram… Hələ Aqil Abbasın Putinlə Ərdoğanın çörək yeyib, su içməsindən bəhs etməsini oxuyanda bu məmləkətiə lap yazığım gəldi. İndi siyasəti yeyib içmək səviyyəsində anlayan bu adam ölkənin yazarıdır yəni? Rəşad Məcidə gəlincə, hər şey ortada, adam illərdir özü haqqında hər şeyi deyib zatən… Bizə zəhmət vermək istəməyib yəni…
İnanın, məsələ bu adamların Türkiyə və Rusiya arasında yaşanan gərginliyə bu şəkildə münasibət bildirməsi də deyil. Amma yaltaqlanmağı belə riyaya büküb “səmimi” etməyə cəsarətlərinin çatmamasını, güya bununla Türkiyənin təssübünü çəkdiklərini nümayiş etdirmək çəhdi insanın ürəyini ağrıdır. Yazarın ürəyi köləlikdən, dili riyadan tökülübsə, qəlbində yaltaqlığa heykəl qoyubsa o necə əlinə qələm alıb millətin aydını olmaq iddiasına düşür?
Bu haqqı necə tanıyır özünə?
Yeri gəlmişkən, axı ölkənin “dahi” yazarları siyasətə qarışmırdı, indi nə oldu ki, bunlar danışdı?
Adi vətəndaş mövqeyi göstərməyə cəsarətləri çatmayan və bunu da güya siyasətin fövqündə olmaq kimi təqdim edənlərin bu “siyasətçilik” azarını mən anlaya bilmədim.
Yazıq, yazar olmaq bu qədərmi ucuzlaşıb, bayağı və dəyərsiz olub bu ölkədə?!”

“Türkiyənin Rusiyadan üzr istəməsini söyləyənlərin siyasi savadı yoxdur”. Bunu isə siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

Meydan TV-yə açıqlama verən Zərdüşt Əlizadənin sözlərinə görə, belə adamlara fikir vermək lazım deyil: “Bu adamların siyasətdən anlayışı yoxdur. Bu adamlar sadəcə kiməsə xoş gəlmək üçün danışmaqla ailələrini dolandırır, güzəranlarını keçirirlər. Axı Türkiyə niyə üzr istəməlidir? Əcəb edib hava məkanını pozan təyyarəni vurub, Ankara formal cəhətdən haqlıdır”.
Siyasi şərhçi hesab edir ki, 24 noyabr hadisəsi genişmiqyaslı münaqişəyə çevrilməyəcək: “Bəli, gərgin olan münasibətlər pisləşəcək, amma bir müddətdən sonra yaxşılacaq. Diplomatiya tarixində bu cür hadisələr olub”.
Zərdüşt Əlizadə deyir ki, məlum hadisənin səbəbi aydındır: “Rusiyanın Qərbin inhisara götürdüyü olaya müdaxiləsi Avropanı və Türkiyəni qəzəbləndirmişdi. Qərb açıq şəkildə Rusiya ilə qarşıdurmaya getmədi, amma Ankara bu vəzifəni boynuna götürdü. Xüsusən Ərdoğan ailəsinin biznesi Rusiyanın avia zərbələri nəticəsində böyük ziyan görüb. Bu ailə qeyri-qanuni neft ixracından milyonlarla dollar gəlir götürür, ona görə Ərdoğan qırıcı təyyarənin hava məkanını pozacağı təqdirdə vurmağı əmr etdi. Rusiya təyyarəsi Türkiyənin hava məkanını, doğrudan da, pozmuşdu. Bundan əvvəl də rus təyyarələri eyni addımı atmışdılar. Sadəcə, Türkiyə ümid edirdi ki. Qərb bunu alqışlayacaq. Amma alqışlamadı, dedi ki, get, özün həll et”.
Zərdüşt Əlizadə indiki vəziyyətdə Rusiyanın Türkiyəyə heç nə edə bilməyəcəyini düşünür: “NATO üzvü olan və hərbi cəhətdən Rusiyadan geri qalmayan Türkiyəyə heç nə edə bilməz. Moskva nə etsə, beşqat artıq cavabını alacaq. Rusiya vətəndaşlarına Türkiyəyə getməsini qadağan edəcək, bundan Ankara müəyyən mənada itirəcək, amma bu ölümcül itki deyil. Rusiya vətəndaşları isə maddi-mənəvi cəhətdən cəzalanacaqlar. Çünki Türkiyədəki qədər yüksək xidmət və ucuz olan istirahət mərkəzləri yoxdur. Cənub-qaz axını layihəsini də ləğv edə bilməz, çünki özünə ziyan edə bilər. Hadisə olan günü Rusiya televiziyaları isterikaya düşmüşdü, erməni soyqımının tanınmasını tələb edirdilər, onsuz da Putin İrəvana getmişdi, bundan artıq nə edə bilərlər? Yaxud kürd separatçılarına dəstək verilməsini tələb edirlər, belə olanda Türkiyə Qərblə birgə Rusiyadakı separatçılara dəstək verəcək və bundan ziyanı çoxmillətli şimal ölkə görəcək. İstənilən baxımdan Rusiyanın nəsə etmək imkanı çox azdır. Rusiya yalnız həmin bölgədə Əsədə qarşı çıxanları darmadağın edə bilər ki, Əsəd həmin zolağı nəzarətə götürsün. Hesab edirəm ki, bir müddət gərginlikdən sonra münasibətlər mülayimləşəcək”.

~ tərəfindən Patriot 26/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma