HƏSƏN KƏRİMOV SON MƏNZİLƏ UĞURLANDI (VİDEO – FOTOLAR)

hesen kerimov - defn merasimi

Azərbaycan Həsən Kərimovla vidalaşdı

Noyabrın 20-də dünyasını dəyişən AXCP Ali Məclisinin sədri Həsən Kərimov bu gün son mənzilə yola salınıb. Həsən Kərimovun cənazəsi saat 13 radələrində Yeni Günəşli qəsəbəsində, yaşadığı binanın qarşısından götürülüb. Mərhum Dədə Qorqud qəsəbə qəbristanlığında, 6 il əvvəl bir neçə gün fərqlə vəfat etmiş iki oğlunun yanında dəfn edilib.

hesen kerimov_defn merasimiHəsən Kərimovla vida mərasiminə Azərbaycanın ictimai-siyasi dairələrini təmsil edən yüzlərlə insan qatılıb.
Dəfn mərasimində AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və Müsvatın keçmiş başqanı İsa Qəmbər çıxış edərək, Həsən Kərimovun Azərbaycan xalqı, milli demokratik düşərgə üçün dəyərindən, gördüyü işlərdən və yüksək insani keyfiyyətlərindən danışıblar.
“Həsən bəy millətə təmənnasız xidmətin nümunəsini yaratdı”

Əli Kərimli:

– Bu gün biz hamımız əziz dostumuzu itirmişik. Bizim üçün çox ağırdı. Itki tək bizim yox, millətimizindi. Millətimiz çox fədakar, xalq üçün yaşayan, özünü bu yola qurban vermiş, hər cəhətdən nümunə olan, xalq hərəkatının sadiq bir oğlunu itirib. Millətimizin başı sağ olsun!
Həsən bəy bütün şüurlu fəaliyyətilə bu xalq üçün numunə yaradıb – mərdliyin, dürüstlüyün, ardıcıllığın, səbatlılığın numunəsini. Harada olubsa, başımızı uca eləyib.

Həsən bəy öz varlığı ilə “siyasət iyrənc peşədir” deyənlərin ağzının üstündən şapalaq vurub. Öz nümunəsilə göstərib ki, millətə necə təmənnasız xidmət eləmək olar. Bu gün biz hamımız şahidik ki, millətimiz ona dəyər verir. Haqqa dayaq olduğunuz, haqq-ədalətin qədrini bildiyiniz üçün Allah hamınızdan razı olsun!

Acımız çox böyükdür. Təsəllimiz odur ki, bizim əziz dostumuz ləyaqətlə yaşadı, ləyaqətlə də bu dünyadan köçdü və bir simvol yaratdı. Allah hər birimizə ləyaqətlə bu dünyadan köçməyi nəsib eləsin!

Hamımız üçün təsəlli həm də odur ki, Həsən bəyin uğrunda özünü fəda elədiyi bu mübarizənin çoxlu sayda ardıcılları var. Allahın köməyilə bu yol davam eləyəcək. Biz bu mübarizədən vaz keçməyəcəyik. Əbülfəz Elçibəy, Həsən Kərimov kimi bu yolda itirdiyiz bütün mübariz dostlarımızın, qardaşlarımızın amalının gerçəkləşməsi üçün bundan sonra da mübarizəmiz davam edəcək.

Həsən bəy özündən sonra çox böyük boşluq qoyacaq, onun yerini doldurmaq mümkün olmayacaq. Allah bizim hamımıza bu acını yaşamağa güc, səbr versin.

Həsən bəyə Allah rəhmət eləsin!

“O, bütün xeyirli əməllərinin mükafatını öz vicdanından alan adam idi”

Cəmil Həsənli:

– Bu gün biz Azərbaycan milli hərəkatının, demokratik hərəkatın çox qiymətli, fədakar bir nümayəndəsini övladlarının yanına gətirmişik. Həsən bəy həyatının böyük bir hissəsini xalq işinə sərf elədi. Azərbaycan Xalq Cəbhəsi, xalq hərəkatı yaranandan bəri Həsən bəy bu hərəkatın önündə gedənlərdən biri idi. O, şərəflə, ləyaqətlə, namusla millətə xidmətin nümunəsini yaratdı.

Həsən bəy dost üçün, millət üçün canını fəda etməyə hazır adam idi. Hər kəsin işinə yarayırdı, hər kəsin yanında olmağa çalışırdı. Öz xəstə ürəyilə Xalq Cəbhəsinin döyünən qəlbi idi. Gerçəkdən böyük itkidir. Onun yeri görünəcək. Amma o, öz varlığı ilə bir nümunə yaratdı – birlik, millətə, xalqa xidmət örnəyini verdi. Gördüyü işlərin müqabilində heç vaxt mükafat ummadı.

Cəmi bir il Səbail rayonunun icra başçısı oldu. Bu rayonun ziyalısından tutmuş, adi vətəndaşına qədər hər kəs ona sayğı ilə, hörmətlə yanaşırdı. Çünki bu bir il Həsən bəyin o rayonda yaşayanların qəlbinə daxil olması üçün bəs etmişdi.

O, gördüyü bütün xeyirli əməllərin mükafatını öz vicdanından alan adam idi, heç nədən umacağı yox idi.

Allah qəbrini nurla doldursun, Allah o dünyasını versin!

“Bütün gücünü millətin yolunda qoydu”

İsa Qəmbər:

– Həsən bəyi 25 il olar tanıyırdım – hərəkat dönəmindən. Sovet Imperiyasına qarşı, Azərbaycanın müstəqilliyi, Qarabağın müdafiəsi, ölkənin demokratikləşməsi uğrunda mübarizələrdə birlikdə olmuşuq. Hər zaman sevmişəm, hörmət eləmişəm. Təkcə mübarizə meydanlarında, mitinqlərdə yox, həm də dost məclislərində olmuşuq, yol yoldaşı olmuşuq. Onu hamı dost kimi, qədirbilən şəxs kimi yaxşı tanıyır.
Həsən bəy ömrü boyu millətə, xalqın gələcəyinə xidmət elədi. Bütün gücünü millətin yolunda qoydu. Ona görə də xalqın yaddaşında dürüst, fədakar bir insan kimi qaldı.

Elçibəy hakimiyyəti haqqında çox yalanlar, böhtanlar danışırlar. Amma bu yalanların sırasında korrupsiya, rüşvət məsələsinə toxunmağa cəsarət eləmirlər. Çünki bizim insanlarımız təmiz işləyirdilər, xalqa xidmət eləyirdilər, özlərini düşünmürdülər.
Həsən bəyin yerini doldurmaq mümkün deyil. Bunu tarix də qiymətləndirəcək, xalq da. Həsən bəyin dünyasını dəyişməsi yüzminlərlə insanı kədərləndirdi, minlərlə insan onun cənazəsinə çiynini verməyə çalışdı.

Bir həqiqəti də dərk etmək lazımdır ki, biz bir-birimizin çiynində gedəcəyik. Müxtəlif mərhələlərdə, müxtəlif mübahisəli mövzularda nə olursa olsun, bunu bilməliyik.

Həsən bəy haqq dünyasına qovuşdu. Allah rəhmət eləsin! Bizim borcumuz onun xatirəsini yaşatmaq, getdiyi yolu – Rəsulzadə-Elçibəy yolunu davam etdirmək, bir dost, qardaş kimi yaxınlarının yanında olmaqdır. Hər birimiz gücümüz çatan qədər bu işi görəcəyik.
Tanrı Həsən bəyin ruhunu şad eləsin!

***

Həsən Kərimovun vəfatını ölkə ictimaiyyəti böyük kədərlə qarşılayıb. Onlarla ictimai-siyasi xadim öz kədərini sosial şəbəkədəki hesabında ifadə edib. Onlardan bir neçəsini təqdim edirik:

Qurban Məmmədov:

Bir çox dəyərlər baxımından; insanlığa, dostluğa, vətəndaşlığa, valideynliyə, siyasətçiliyə, mübarizliyə, ardıcıllığa, sədaqətliliyə, cəsarətliliyə, prinsipiallılığa nümunə oldu Həsən Kərimov. Onun əziz xatirəsi biz durduqca bizim və gələcək nəsillərin qəlbində yaşayacaqdır. ALLAH (c.c) rəhmət eləsin! AMİN !!!

Gültəkin Hacıbəyli:

Üzülməmişəm, yox, kədərlənməmişəm yox, sarsılmışam…Həsən bəy təkcə şərəfli, ləyaqətli, qürurlu insan deyildi, Şərəfin adı idi, Ləyaqətin ünvanı, Qürurun özü idi. Bu itkinin yerini kim dolduracaq, kim?! Əvəzi olmayacaq, yeri heç vaxt doldurulmayacaq İNSAN getdi aramızdan. Eh, Həsən bəy…

Eldəniz Quliyev:

Ömrünü haqq iş üçün fəda edən İNSANlar heç vaxt ölmürlər. Dünyada ən şirin və ən qiymətli nemət sayılan HƏYATını xalqın mübarizə ruhunun yaşaması uğrunda qurban verən İNSAN ölərmi heç?! Əbədiyyətin mübarək, Həsən bəy! Nur içində rahat yat, qardaşım! Amin!

Rafiq Manaflı:

Müstəqilliyi uğrunda qanımızı axıtdığımız bu vətən, bizim özümüzçün artıq qurbangaha çevrilib. Sadəcə ölümümüzü deyil, bütün həyatımızı tələb edir bu qurbangah. Özü də sapıntılarsız, tərəddüdlərsiz, səhvlərsiz bir həyat. Çünki, tük boyda səhvimiz, həyatımızı fəda etdiklərimizin gözündə tirə dönüb bizə qarşı çevrilir. Həsən belə yaşadı… Azərbaycanın müstəqilliyi, azadlığı, haqq, ədalət mehrabına sapıntısız, səhvsiz, tərəddüdsüz bir mübarizə həyatı qoydu. Məkanın cənnət olsun, bəy!!!

Aslan İsmayılov:

Bu gün AXCP Ali Məclisinin sədri, mərd Kişi, təvəzökar insan, ləyaqətli vətəndaş Hesen Kerimov dünyasını dəyişdi. Həsən Kərimov haqqında şəxsi tanışlığımızdan çox-çox əvvəl eşitmişdim. Bir professor dostum onun AXC hakimiyyəti dövrü Səbail Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyətindən heyranlıqla danışırdı. Onun bacarıqlı, mədəniyyətli, sadə, xüsusilə vicdanlı, ədalətli və nəfsinə qalib gəlmiş bir başçı olmasını qeyd etməkdən yorulmurdu. O həm də çox mətin insan idi. Qısa müddətdə iki oğul itirməsinə, bir neçə dəfə ağır əməliyyat keçirməsinə baxmayaraq heç vaxt apardığı mübarizədən çəkinmədi. Həsən müəllimi şəxsən tanıdıqdan sonra deyilənlərə bir daha əmin oldum. Bu günki icra başçılarından onun fərqini göstərmək üçün onun icra başçısı olduğu dövr mənzilinin olmamasından daha önəmli olan bir məqamı qeyd edim. Həsən Kərimov icra başçısı olan müddətdə onun iş otağının qapısında “Əziz qohumlar və dostlar mənə şəxsi işinizlə bağlı müraciət etməyin” sözləri yazılmış elan olub.

Həsən Kərimova uca Allahdan rəhmət, doğmalarına və dostlarına səbr diləyirəm.

Arif Hacılı:

Həsən Kərimovun vəfat etməsi xəbərini Budapeştdə aldım. Bu cəmiyətimiz üçün ciddi itkidir. Həsən Kərimov xalq hərəkatının fəal üzvlərindən biri idi. Elçibəy hökumətində mühüm vəzifə tutmuşdu. Çalışdığı hər sahədə , o cümlədən AXCP Ali Məclisinin sədri kimi üzərinə düşən funksiyaları əzmkarlıqla yerinə yetirməyə çalışırdı. Mərhumun ailə üzvlərinə və yaxınlarına baş sağlığı verirəm.

Namizəd Səfərov:

Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri dostumuz,mübariz yoldaşımız Həsən Kərimovun vəfatından sarsıldım.Dostları və doğmalarına təskinlik verməyə söz tapmıram.

Yalçın İmanov:

Azərbaycan cəmiyyətinin (insanının) öz hərəkətlərinə görə qarşısında utanacağı, narahatlıq hissi keçirəcəyi beş-on nəfər var. Onlardan biri idi Həsən Kərimov. Allah rəhmət eləsin.

İbrahim İbrahimli:

Diri ikən ölümsüzlük qazanan insanlar ölmür, əbədiyyətə qovuşurlar… Sufi həyatı yaşayıb dəyər yaradan həsən bəy bu mərhələləri-şəriəti, təriqəti və mərifəti keçib həqiqətə qovuşdu… Sənə ağlamiram, qardaş, çünki sən cismindən azad olub ruhuna qovuşmusan… Sənin keçdiyin o haqq yolu bizə də nəsib olsun ki, yanina üzü ağ gələk, amin!!!

Aqil Səmədbəyli:

AXCP Ali Məclisinin sədri,Elçibəy iqtidarı dönəmində Səbail rayonunun icra başçısı olmuş,əqidəli Dostumuz Həsən Kərimovun bu fani dünyadan köç etməsi xəbərini böyük üzüntüylə duydum.Bu qara xəbəri ortaq can dostumuz doktor Cahangir bəy telefonda ağlaya-ağlaya dedi mənə… Həsən bəyin taleyi ayrıca bir kitab mövzusudur.. Oğlanlarına qovuşmaq üçün tələsirdi… Yerleri Cənnətdir inşallah! Hamımızın başı sağ olsun!

Nəsimi Məmmədli:

Azərbaycanın demokratik ictimaiyyətinə ağır itki üz verib. Çağdaş siyasi tariximizin nüfuzlu və fədakar insanlarından biri, tanınmış siyasi xadım, AXCP Ali Məclisinin sədri Hesen Kerimov qəflətən vəfat edib. Onun yoxluğu bütün tanıyanları, dostları, əqidədaşları və demokratik düşüncəli insanları dərindən kədərləndirdi. Uzun illərdir qarşılıqlı hörmətə söykənən münasibətlərimizdən qalan xoş xatirələri qəhərlə xatırlayıram. İctimai-siyasi düşərgəmizin dəyərli insanları sırasından bir dəyərli, mübariz, cəsarətli, nümunəvi insan ayrıldı. Həsən bəy elə insan idi ki onu tanıyanların qəlbində yalnız xoş xatirələrlə qalacaq. Onun ailəsinə, AXCP üzvlərinə, ölkənin demokratik düşüncəli insanlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyirəm. Həsən bəy bütün tanıyanların qəlbində əbədi yaşayacaq. ALLAH rəhmət eləsin!

Oktay Güləliyev:

… Apardığımız azadlıq və demokratiya ugrunda mücadilədə daha bir şəhid verdik. Milli Azadlıq Hərəkatının fəallarından olan, ləyaqətli və dürüst insan, fədakar cəhbəçi, etibarlı dostumuzu- Həsən Kərimovu itirdik. O bütün mənalı həyatını şüurlu şəkildə Azərbaycanın müstəqilliyi, xalqımızın rifahı və demokratiya ugrunda mübarizəyə həsr etdi. Həmişə mübarizənin önündə oldu. Şəxsi həyatından itkilər verdi. Vaxtsız iki övladını və sağlamlığını itirdi. Amma qəddini bükmədi, özünü və mübarizəsini itirmədi. Örnək olası bir həyat sürdü. … Kim nə deyir desin Həsən bəy bu rejimin qurbanlarından biridir. O, cinayətkarlığın, sifarişli qətllərin, adam oğurluğunun, reketçiliyin dövlət qurumları səviyyəsində vəzifəli şəxslərin simasında himayə olunduğu və həyata keçirildiyi bir məmləkətin vicdanlı, əzabkeş vətəndaşı olaraq bu haqsızlığı görən və susmadan etiraz etməyin əzabını yaşadı. Eyni zamanda dəfələrlə əsassız və haqsız olaraq həbs olundu, təqib edildi. Bir neçə dəfə infakt keçirməsinə, əməliyyat olunmasına baxmayaraq polis bölmələrində zorakalığa və işgəncələrə məruz qaldı. Normal, sağlam insanların tab gətirə bilmədiyi ədalətsizliklərə, psixoloji təzyiqlərə və haqsızlıqlara sinə gərdi. Ən nəhayətdə arzularını yarımçıq buraxıb, xəyalında görmək istədiyi Azad, Bütöv, Demokratik Azərbaycanı bizlərə əmanət edib haqq dünyasına qovuşdu. Allah sənə rəhmət etsin əziz dost, yerin cənnət olsun! Qəbrin nurla dolsun, məzarında rahat uyu. Əmin ol ki, başladığımız bu mübarizənin qələbə ilə başa çatması üçün əlimizdən gələni bütün gücümüzlə edəcəyik. Bunu Vətənimiz üçün, sabahımız üçün, gələcəyimiz üçün, sizin kimi şəhidlərimizin ruhu naminə edəcəyik! Əbülfəz Elçibəy başda olmaqla Allah bütün şəhidlərimizə rəhmət etsin!

Mehriban Vəzir:

Həsən Kərimov – O, mübariz, ləyaqətli, abırlı insan idi. Eləcə də, lal-dinməz, toxtaq bir kədər mücəssiməsi idi. Qara xəbəri kimliyinə bələd olan hər kəsdə acı təəssüf doğurdu. Yerində qalanları sağ olsun.

Şahvələd Çobanoğlu:

Ağır şəxsi dərdlərinə sinə gərib, ana yurdun dərdini çəkə bilən adam idi Həsən bəy! Belə insanlarla bizim ölkə fəxr etməlidir! Səninlə fəxr edirik, Həsən bəy! Xatirən həmişə əziz olacaq! …Bəli, taleyi çox ağır oldu, övladlarını itirdi, həyatdan tez getdi, amma şərəflə yaşadı, ləyaqətlə getdi! Odur ki, ona talesiz adam deyə bilmərik! Həsən bəy ən yaxşı sözlərə layiq adam idi. Mətin və mübariz idi, həm də çox yaxşı insan idi. Təkcə cəbhəçilərin deyil, bütün mübarizə adamlarının əmisi, qardaşı, doğması idi. Qürur duyulacaq bir ömür səlnaməsi yaradıb getdi! Çox ağır itkidir, amma belə insanla fəxr etməliyik!

Rüstəm Behrudi:

Həsən Kərimovun ölüm xəbərı mənim üçün ağrılı və gözlənilməz oldu. Həsən 25 ildir tanıdığım ləyaqətli, namuslu,m illətə olan sevgisində iddiasız, nadir adamlardan biriydi. Qəbri nurla dolsun.

Bizi öldürürlər, xəbəriniz yox,
Bizi yandırırlar, koram tüstümə.
Yenə tufan gəlir qarşı tərəfdən,
Yenə ayrılıqdı gəlir üstümə…

Çingiz Sultansoy:

– Yanır ürəyim, yanır Həsən bəy kimi adamın ölməyinə, dünyadan belə nakam getməsinə, ölkədəki vəziyyətə, yaxşı adamların əzablarına, məşəqqətlərinə, əzilməsinə, iqtidarın kölgəsində puldan, maddi xeyirdən başqa Allahı olmayan gədə-güdənin kök atıb budaqlanmasına, çoxalmasına. Həsən bəy 1992-də Səbayıl İH başçısı olanda, Xalq Cəbhəsindən, demokratlardan indi də zənd-zəhləsi gedən qardaşım dedi ki, AXC hakimiyyətə gələndən sonra icra hakimiyyətindən zəng gəldi, dedilər ki, qeydiyyata verdiyiniz şirkətlərin sənədlərini gəlin aparın. Hazırdı. Nə?! O sənədləri ki, qeydiyyatdan keçirməyə Mütəllibovun vaxtında ətək-ətək pul verirdik… Sonralar onun düzlüyü barədə nə qədər eşitdim, bildim. Allah sənə qəni-qəni rəhmət eləsin, dürüst insan, böyük insan, Həsən bəy!.. Sənin kimilər Azərbaycanda azdı, çox azdı. Biz dost deyildik, yaxın deyildik, amma mən ona necə hörmət edirdim ürəyimdə bir uca Tanrı bilir. İndi ümid edirəm ki, hiss edirdi bunu. Niyə indiyəcən demədim, hisslərimi, münasibətini dilə gəturmədim? Yanır ürəyim, yanır! Çox qansız adamam, yaxınlarım, doğmalarım bilir xasiyyətimi, qınayıb bu soyuqqanlığıma görə məni. Çox doğmalarımın, əzizlərimin ölümünə, yasında ağlamamışam, kövrəlməmişəm, bəlkə də ona görə ki Allaha inanıram, namaz qılmasam da, ölümü Allahın bir hökmü, qədər hesab edirəm. Amma indi gözlərimdən yaş axır. Eləcə sakit-sakit axır, hıçqırıqsız, səssiz. Yanır ürəyim, yanır… Baş əyirəm sənin ruhun önündə böyük vətəndaş, əsl vətəndaş, əsl azərbaycanlı Həsən Kərimov!.. Bəlkə indi Azərbaycandan ötrü yanan, narahat ruhun oğlanlarına qovuşub rahat oldu…

Heydər Oğuz:

Çox dəyərli insan, həyatını Azərbaycanın müstəqilliyinə, demokratikləşməsinə sərf edən Həsən Kərimovun vəfat xəbərinə çox üzüldüm. Allah ona rəhmət eləsin. Mərhumun xatırəsini bir qəzəlimlə yad edirəm. Hər gedən gor evinə, sanma ki, tək bez aparar, Kimi ad-san apararkən, kimi od-köz aparar. İmtahandır eşidib getməsin ağlın sınağa Gidi nəfsim, demə dörd yalnışı bir düz aparar. Elə düz var ki, onun beşcə quruş qiyməti yox, Elə yalnışlar olur doğrunu yüz- yüz aparar. Demə, saqqal tutaram, səhvi bağışlar Yaradan Kölə, qul haqqı yesən boş yerə əl üz aparar. Yaxşının qədrini dünyada mələklər də bilər Bu səbəbdən gözəl insanı əcəl tez aparar. Bəndə qumsaldakı iz, fırtınadır sanki əcəl, Döyərək sahili hər dalğa neçə iz aparar. Gün gələr, yolçu olar son evinə Heydər Oğuz İnci karvanı kimi mənzilə min söz aparar. Həsən bəy də əcəlin tez apardığı dəyərli xəzinələrimizdən idi.

Erkin Qədirli:

AXCP’nin Ali Məclis Başqanı, Həsən Kərimov’un ölüm xəbərinə çox üzüldüm. Oxucularımın bir qismi onu tanımıya bilər. Heç mən özüm onu yaxından tanımamışam. Amma barəsində ancaq xoş sözlər eşitmişəm. Cəmiyyətimizin indiki halında bunun özü az şey deyil.
AXC hakimiyyəti zamanı Həsən bəy Səbayel rayonunda İcra Hakimiyyətinin Başçısı olmuş və rayon sakinlərinin xatirələrində düzgün məmur kimi qala bilmişdi. Daha sonra, 2005-ci ildə, Həsən bəy 29 saylı Səbayel kimi çətin dairədə seçkiləri udmuşdu. Onun qələbəsi bütün sənədlərlə sübut olunmuşdu. Lakin, iqtidar Həsən bəyi və seçicilərini bu qələbədən kobud şəkildə məhrum etdi. Onun daha öncədən iki oğlunun vaxtsız olümü ailəsinə ağır dərd oldu. İndi də Həsən bəy…
Allah rəhmət etsin.

Natiq Cəfərli:

EAL Hərəkatı və öz adımdan dəyərli və mübariz insan Hesen Kerimovun vaxtsız vəfatı münasibəti ilə yaxınlarına, dostlarına mənsub olduğu AXCP Partiyasına dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət eləsin.

Ataxan Adilov:

Həsən Kərimovun vəfatı xəbərindən sarsıldım. Ruhu şad olsun. Bu vəfasız dünyadan arzuları gerçəkləşmədən getdi. Yaxınların, qohumların, əqidədaşların başı sağ olsun!

Lalə Şövkət:

AXCP Ali Məclisinin sədri Həsən Kərimovun vaxtsız vəfatından kədərləndiyimi bilidirir, onun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.

Əvəz Temirxan:

AXCP Ali Məclisinin sədri Həsən Kərimovun vaxtsız vəfatından kədərləndiyimi bilidirir, onun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.

Samir Kazımlı:

Həsən Kərimovun vəfat etməsi xəbərini almaq çox üzücü oldu. Həsən bəyin necə mülayim, səmimi və möhkəm adam olduğunu çox adam bilirdı. Həsən bəy yeganə siyasətçi idi ki, onunla rastlaşanda bir-birimizin boynunu qucaqlayib görüşürdük. O, gözəl insan idi. Həsən bəylə tanışlığımız çoxdan idi. Amma bir müddət onun oğlu Rəşadla yoldaşlıq etdik. Həmin müddətdə Həsən bəy arada mənə zəng vurub Rəşadı soruşardı və ya Rəşadın özü ilə danışardı. Kasıbçılıqdan Rəşad özünə telefon ala bilmədiyi üçün. Və beləliklə Həsən bəylə dostluq münasibətimiz yarandı. Sonra Həsən bəyin böyük oğlunun, ardınca isə kiçik oğlu Rəşadın ölüm xəbərlərini eşitdik. Ağır idi Həsən bəy üçün. Amma o, bunlara da dözdü. Həsən bəy oğlanlarının ölümündən bir müddən sonra keçirilən tədbirlərin birində parlaq bir çıxış etmişdi və demişdi ki, bu ağır günləri yaşamasına baxmayaraq o yenə də haqq, demokratiya yolunda mübarizəsini davam etdirəcək. Vəfat etdiyi günə qədər də dediyi sözün üstündə durdu. Amansız həyat gərək belə etməyəydi, onsuzda Həsən bəyə övlad dərdiləri yaşatmışdı. O, həyatının mənasını nəvələrində və demokratiya uğrunda apardığı mübarizədə görürdü… Ruhu şad olsun.

Zöhrab Əmirxanlı:

… Allah qurban olduğum adamın həyatına nöqtə qoymaq isyəyəndə bu qədər qəddar olmamalıdı… … Dostlar çox dəyərli kişini, ölkənin ləyaqət simvollarından birini, otuz illik dostumu – Həsən Kərimovu son mənzilə yola salanda mən həkimin qəbulunda burnumun lılığını axıdırdım. İki həftə əvvəldən növbəyə yazıldığımdan bu şansı buraxa bilmədim. … Və məlum oldu ki, klinika birinci tip diabetləri, yəni şəkərin ən ağır formasının daşıyıcılarını əməliyyat eləməyi hələ ki, boynuna çəkə bilmir… … 43 ildə bu bədən ən azı otuz üç min iynə “yeyib”. Və həkimin deməsindən belə çıxdı ki, get o iynələrin sayını artırmaqla məşğul ol, atam balası… … Allah haqqı, dilənməklə də olsa, o 18 mini tapmağa hazır idim… … O xarabaya nə boyda və hansı ümidlərlə getmişdim, ilahi… … Deyin, indi mən kimə, hara və nə boyda tüpürüm – dünyayamı, yaradanımamı, öz varlığımamı?!

Qubad İbadoğlu:

Kənarda olanda dostların dünyasını dəyişməsi xəbərini daha ağrılı qarşılayırsan. Çünki, ölkədən çıxanda heç vaxt düşünmürsən ki, onları bir daha görməyəcəksən, bir də ki, burda vətəndəki kimi dərdini bölüşə, kədərini paylaşa bilmirsən. ABŞ-da olduğum qısa zamanda Orxan Kərimov, Mübariz Tağıyev, Elçin Behbudovdan sonra dəyərli siyasətçi, ləyaqətli insan Həsən Kərimovun vəfat etməsi xəbərini də eyni acı ilə yaşayıram. Onların hamısının xatirəsini yad etməklə bərabər Həsən bəyə Allah rəhmət eləsin, qəbrin nurla dolu, məkanın behiştlik, ruhun şad olsun deyirəm. Rəhmətliyi ehtiram və həsrətlə anıram…

Cahit Kılıç:

AXCP Yüksek Meclisinin Başkanı Sayın Hasan Kerimov’un vefat haberi, bende derin üzüntüye sebep olmuştur. Bir “bilge insan” veçhesi altında yatan alçak gönüllü ve insaniyetli bir şahsiyetin vefatı, şüphesiz ki, öncelikle efrad-ı ailesi, eş ve dost çevresiyle siyaset yoldaşları için çok büyük bir kayıptır. Başta ailesi ve yakınları olmak üzere; AXCP genel başkanı Sayın Ali Kerimli ve onun şahsında bütün AXCP’li dostlara başsağlığı diliyorum. Merhumun mekânı cennet olur inşallah.

Aynur İmranova:

AXCP üçün ağır itkidir. Başınız sağ olsun, dostlar! O ki, qaldı özünə, övlad dərdi çəkməkdən qurtardı. Yeri rahat olsun, bu ömründə çəkdiyi həddən çox ağrı-acı o biri həyatlarında mükafatı olsun

Vətəndaş Həmrəyliyi Partiyası:

Milli Azadlıq Hərəkatının fəallarından biri, AXCP Ali Məclisinin sədri Həsən Kərimov dünyasını dəyişib. Həsən Kərimov bütün şüurlu həyatını Azərbaycanın azadlığı, müstəqilliyi, demokratiyası uğrunda mübarizədə keçirdi. Öz səmimiyyəti, heç bir təmənna güdmədən ideallarına sədaqətli xidməti ilə hər zaman seçilirdi. Təkcə təmsil olunduğu siyasi qurum deyil, bütün demokratik düşərgə səmimi olduğu qədər də ədalətini qorumağa çalışan bu insanı özününkü sayırdı. Həsən Kərimov övlad dağı yaşamışdı, qısa ara ilə iki gənc oğlunu itirmişdi və bu, onun səhhətində dərin üz buraxmışdı. Ürəyi bu faciəyə dözmədi. Həsən Kərimovun simasında Azərbaycan daha bir işıqlı övladını itirdi. Bu itki hələ uzun müddət öz yerini göstərəcək. Dostlarının, ailəsinin, yaxından-uzaqdan onu tanıyanların başı sağ olsun.

Müsavat Partiyası:

Müsavat Partiyasının Divanı Həsən Kərimovun vəfatı ilə əlaqədar kədərləndiyini bildirir, onun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Avropada yaşayan siyasi mühacirlər adından Demokratik Azərbaycan Hərəkatı:

Demokratik Azərbaycan Hərəkatının Həsən Kərimovun vəfatıyla bağlı BİLDİRİ Biz – Azərbaycandan kənarda yaşamağa məcbur olmuş siyasi mühacirlər olaraq Azərbaycan Respublikasının müstəqilləşməsində əvəzsiz xidmətləri olmuş, Milli Azadlıq Hərəkatının əsas simalarından olan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri, hər birimiz üçün əziz, hörmətli Həsən Kərimovun vaxtsız vəfatından hədsiz kədərləndik. Azərbaycanda demokratiya qurulması üçün hər zaman ön cəbhədə olan Həsən Kərimov mübarizənin öndərlərindən biri idi. Məhz buna görə də onun üzərinə ağır yük düşürdü. Bütün aksiyalarda əsas təşkilatçılardan biri olaraq daim öndə duran Həsən bəyin sağlamlığına məhz bu mübarizəyə görə ciddi zərər dəymiş, ürəyində prolemlər bundan yaranmışdı. İki övladını mübarizə yollarında qurban verən və bütün problemlərə baxmayaraq, əqidəsindən dönməyən Həsən bəyin səhhəti həm də dəfələrlə qanunsuz həbs edilməsi, havasız şəraitdə saxlanılması üzündən ağırlaşmışdı. Ölkədə səhiyyə sisteminin bərbad durumda olması, xaricdə bahalı müalicəyə imkanlar olmaması Azərbaycanın mübariz və ləyaqətli bir oğlunun qəfil vəfatıyla nəticələndi. Çox təəssüf edirik ki, hakimiyyət Azərbaycanın müstəqilliyinin əleyhinə olanlara medal, ödül, bahalı ənamlar paylamaqdaykən xalqımızın, dövlətimizin müstəqilliyi üçün canını fəda etmiş insanlara çox laqeyd yanaşır. Hansı ki, məhz Həsən Kərimov kimi insanlar çoxdan bütün dövlət ordenlərini haqq etmiş insandır. Ölkədə normal dövlətçilik ənənəsini olsaydı bu gün Həsən Kərimovun dəfnini dövlət qurumları həyata keçirib, onun ailəsini – övladlarından yadigar qalmış iki nəvəsini dövlət himayəsinə götürməlidir. Çox təəssüflər ki, Azərbaycanda siyasi hakimiyyət öz xalqına, demokrat insanlara düşmən münasibəti bəsləyərək bunu etmir. Amma Azərbaycan xalqı öz ləyaqətli övladını nə unudur, nə də unudacaqdır. Biz əminik ki, çox keçmədən Həsən bəyin uğrunda mübarizə apardığı əsl demokrat Azərbaycan qurulacaq. O zaman hamılıqla Həsən bəy və onlarla onun kimi ləyaqətli Azərbaycan övladları dəyərlərini alacaq, xatirələrini əbədiləşdirmək üçün adlarına küçə və meydanlar veriləcəkdir. Biz ölkədən kənarda yaşayan siyasi mühacirlər olaraq Həsən bəyin ailəsinə, silahdaşlarına, yaxınlarına, doğmalarına və bütün onu sevən insanlara başsağlığı verir, onların qəminə şərik olduğumuzu bildiririk.
***
AXCP Ali Məclisinin sədri Həsən Kərimov noyabrın 20-də vəfat edib. Partiyadan verilən məlumatda deyilir ki, Həsən Kərimovun yolda halı pisləşib, onu dərhal maşınla yaxınlıqdakı klinikalardan birinə aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, 1954-cü il təvəllüdlü Həsən Kərimov ürək xəstəliyindən əziyyət çəkirdi. Onun üzərində bir neçə dəfə cərrahiyyə əməliyyatı aparılmışdı. Altı il əvvəl aralarında bir neçə gün fərqlə iki oğlunu itirən Həsən Kərimov xəstəliyinə, yaşadığı ağrı-acılara baxmayaraq, ömrünün son gününə qədər demokratiya uğrunda mübarizədən bir addım geri çəkilmədi.

“Azərbaycan daha bir ləyaqətli oğlunu itirdi…

AXCP sədri Əli Kərimli Həsən Kərimovun vəfatı ilə bağlı nekroloq verib. Nekroloqda deyilir:

“Bu gün çox ağır bir xəbər aldıq. Azərbaycan demokratik qüvvələrinin görkəmli nümayəndəsi, AXCP Ali Məclisinin sədri, fədakar cəbhəçi, ləyaqətli vətəndaş Həsən Kərimov dünyasını dəyişdi.

Həsən Kərimov bütün şüurlu həyatını haqq uğrunda mübarizəyə həsr etmiş, səhhətinin ən ağır vaxtlarında da demokratiya və azadlıq uğrunda çarpışmış, heç vaxt mübarizədən geri çəkilməmişdi.

O, Xalq Hərəkatının fəallarından olmuş, Azərbaycan Xalq Cəbhəsi yaranandan bu təşkilata qoşulmuş, özünün fədakar fəaliyyəti ilə bütövlükdə demokratik düşərgənin güclənməsinə, inkişafına töhfələr vermişdi.

Həsən bəy istər Xalq Cəbhəsi hakimiyyətdə olduğu aylarda işlədiyi icra başçısı kimi, istərsə də ondan sonra müxalif düşərgənin əsas funksionerlərindən biri kimi göstərdiyi fəaliyyətlə insanların yalnız rəğbətini qazanıb. Onun çalışqanlığı, dürüstlüyü, prinsipiallığı mübarizə yoldaşlarına hər zaman nümunə olub.

O, bütün mənalarda nümunə idi. Heç zaman şəxsi mənfəəti və rahatlığı barədə düşünmədi, mübarizədən yayınmaq üçün bəhanə axtarmadı. Daim mübarizənin ən qaynar yerlərində, ön cəbhədə dayandı. Dəfələrlə əməliyyat olunmasına, iki övladının vaxtsız ölümü kimi bir sarsıntı keçirməsinə baxmayaraq, yenə ayaqda qalmağı, mübarizəsini davam etdirməyi bacardı.

Həsən Kərimov Azərbaycanın ləyaqət simvolu sayılacaq şəxsiyyətdir. Təkcə AXCP ailəsi yox, bütövlükdə ölkənin demokratik ictimaiyyəti, onu tanımış hər kəs Həsən bəylə qürur duyur, fəxr edirdi. O, ömür yolunu əsl vətəndaş, əsl insan, əsl ailə başçası kimi qət etdi.

Təəssüflər olsun ki, Həsən bəy arzuladığı Azərbaycanda yaşaya bilmədi. Amma o həmişə bizim qəlbimizdə yaşayacaq. Onunla bağlı xatirələrimiz tükənməyəcək. O, həmişə bizim istinad yerimiz olacaq. Onun haqqında çox sözlər demək olar və çox sözlər deyiləcək, yazılacaq.

Azərbaycan daha bir ləyaqətli oğlunu itirdi. Başın sağ olsun, Vətən!
Allah sənə rəhmət eləsin, Həsən bəy! Qəbrin nurla dolsun!

~ tərəfindən Patriot 22/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma