QUBADLI İŞĞALININ 22 – ci İLİ (VİDEO)

qubadli

Qubadlı rayonunun işğalı üzərindən 22 il ötür

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb.

Qubadlı rayonu 1933-cü ildə təşkil edilmişdir. 1963- cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb. Qubadlı rayonunun sahəsi 802 kvadrat metr, əhalisi işğaladək dövrdə 31 min nəfər idi.

Rayon Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri Torağac yüksəkliyidir. (Dəniz səvviyəsindən 2003 metr yüksəklikdədir). İqlimi mülayim kontinentaldır. Ərazisindən daim axırlı Həkəri və Bərgüşad çayları keçir.
Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.

Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır.
Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı.

Qubadlı qədim insan məskənlərindəndir. Bu arəzi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşiçki qalalarının qalıqları müasir dövrə qədər gəlib çatmışdır.

Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. Bunu həm də tarixi bilinməyən qədim qəbiristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri yaxınlığından tapılmış maddi məişət nümunələri, əmək alətləri də təstiq edir. Tapılmış maddi mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir.

Qubadlı şəhəri ərazisində aşkar olunmuş “Xırman yeri”, Əliquluuşağı kəndində aşkar olunmuş “Qalaça”, “Koroğlu qalası”, Muradxanlı kəndi ərazisində “Mal təpə” abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edirlir.

Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzüllikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.

Ötən əsrdə Qubadlı dəfələrlə Erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır. (1915, 1918, 1920) Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə bütün çətinliklərə və azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulmuşdur.

1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir.

1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərrəmanı adına layiq görülmüşdür.

Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qalmışdır. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşmüş, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşmışdır.
Rayonun 1,2 milyard dollar dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülküyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilmişdir.

Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Azərbaycanın xalq qəhrəmanlarından ikisi – Qaçaq Nəbi, və Həcər Qubadlı rayonundandır.

Son əsrdə Azərbaycan elminə, hərb sənətinə, ədəbiyyatına samballı töhfə vermiş, yüksək ad san qazanmış akademik Möhbalı Əmiraslanov, general Valeh Bərşadlı, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Süleyman Rəhimov Qubadlı torpağının yetirmələridir.

Ümumiyyətlə, əslən Qubadlıdan olan 2 nəfər akademik, 24 elimlər doktoru, 4 general, 6 nəfər Sosialist Əməyi Qəhrəmanı vardır.
Azərbaycanın mədəni həyatında müəyyən yer qazanan ziyalıların yetişməsində hələ XIX əsrdən Qubadlıda açılan dünyəvi məktəbin böyük rolu olmuşdur. El arasında Həsən bəyin məktəbi adlandıran 2 sinifli rus-tatar məktəbi Qubadlıda 1882-ci ildə açılmışdır. (Həsən bəy əslən Qubadlıdandır, cavan yaşlarında dünyasını dəyişib).

Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

~ tərəfindən Patriot 31/08/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: