MİNGƏÇEVİRDƏ ATƏŞ SƏSLƏRİ (VİDEO)

mingecevir-olum-aksiya

Etirazçılara güc tətbiq edildi

Avqustun 20-də axşam saatlarında Mingəçevir şəhər polis şöbəsində müəmmalı ölüm hadisəsi baş verib. Belə ki, polis şöbəsinə aparılan, şəhərin Günəş küçəsi, ev 25-də yaşayan (qeyd edək ki, bu ərazi qədim yaşayış məskəni kimi daha çox Mingəçevir kəndi olaraq tanınır – red.) 1988-ci il təvəllüdlü Bəhruz Dilsuz oğlu Hacıyevin bir müddət sonra ölüm xəbəri gəlib.

Hadisədən sonra Bəhruz Hacıyevin qohumları ilə yerli polis arasında qarşıdurma yaranıb. Hadisədən dərhal sonra gecə saatlarında mərhumun yaxınları, xeyli sayda Mingəçevir kənd sakini şəhər polis şöbəsinin qarşısına toplaşıblar. Daha sonra narazı insanlarla polislər arasında insident yaşanıb. Baş verənlərdən hiddətlənən kütlə şöbə istiqamətində hərəkətə keçməyə cəhd göstərib. Qısa qarşıdurmadan sonra ara sakitləşdilrilib.
Mingəçevir polis idarəsində intihar etdiyi bildirilən 27 yaşlı Bəhruz Hacıyev dünən dəfn olunub. Mərhumun valideynləri övladlarının polis idarəsində işgəncə ilə öldürüldüyünü iddia edir. Hüquq-mühafizə orqanlarından oğlanlarının qatillərini tapmağı tələb edir.

Bəhruz Hacıyevin bədənində «dubinka» və elektroşok izləri olub.

Bəhruz Hacıyev dəfn ediləndən sonra yaxınları etiraz aksiyası keçiriblər. Mərhumun atası mane olmaq istəsə də, onlar aksiyaya israr ediblər
Polis idarəsinin qarşısına yürüş edənlər «Qardaşımızın qanı yerdə qalmayacaq», «Qanını yerdə qoymayacağıq» şüarları səsləndiriblər. Aksiyaçılarla qarşıdurmada polis səs bombalarından istifadə edib.
İğtişaşların qarşısını almaq üçün şəhərə Daxili Qoşun bölmələri yeridilib.
Son məlumatlara görə, şəhərin bütün mərkəzi küçələri bağlanıb. Şəhər polis idarəsinin və icra hakimiyyətinin binaları polis tərəfindən ciddi qorunur.

Polis dəyənəklərlə qalxanlara vura-vura aksiyaçılara yaxınlaşıb. Etirazçıları dağıtmağa, döyməyə, tutmağa başlayıb. Polis mağazaların qarşında dayanmış adamlardan içəri keçməyi tələb edib.

Çevik Polis Alayının polisləri isə səs bombası, gözyaşardıcı qazdan istifadə edib.
Müsavatın Mingəçevir şəhər təşkilatının sədri Nurəddin Rüstəmlinin musavat.com-a verdiyi məlumata əsasən hazırda etirazlar səngimək üzrədir. Onun dediklərinə görə, polis nəinki etirazçılara hətta yoldan keçənlərə qarşı xüsusi aqressivlik nümayiş etdirib. Lakin etirazlara baxmayaraq hələ də polis bölməsinin rəisi haqda heç bir tədbir görülmür. N.Rüstəmli dedi ki, proseslərə müxalifətin hər hansı bir müdaxiləsi yoxdur, etirazlar

Mingəçevir əhalisi, kəndlərdən gəlmiş cavanlar tərəfindən keçirilib.

Qeyd edək kiək ki, mərhumun valideynləri övladlarının polis idarəsində işgəncə ilə öldürüldüyünü iddia edir.Mərhumun atası Dilsuz Hacıyevin sözlərinə görə, oğlu polis şöbəsinə dindirilmək məqsədi ilə aparılıb. Onlar bu barədə sonradan, artıq oğullarının ölüm xəbəri çıxdıqdan sonra məlumat əldə ediblər. Özü də bu məlumatı onlara polis yox, vaxtilə şəhərin Azərbaycan İES adlanan ərazisində yerləşən meyitxanada çalışan uzaq bir qohumları xəbər verib. Məhz o, Bəhruzu tanıyıb və bu barədə onun valideynlərinə xəbər çatdırıb.

Azadlıq.info-nun məlumatına görə, D.Hacıyev deyib ki, meyitxana şəhər mərkəzi xəstəxanasının yenicə əsaslı təmirdən çıxmış binasının korpuslarından birində yerləşir. Belədə Bəhruzun meyitini o boyda uzaq məsafə qət edib, hansısa qəsəbəyə aparmaq və orada xəlvəti yarmağa hazırmaq istəyi suallar doğurur. D.Hacıyevin sözlərinə görə, oğlunun meyitini gizlicə yarmaq istədikləri barədə meyitxanada işləyən qohumundan xəbər tutub. Meyiti isə güclə alıblar.

Yeri gəlmişkən, polislərin B.Hacıyevi nə məqsədlə dindirməsinin səbəbi indiyədək açıqlanmır.
D.Hacıyevin sözlərinə görə, oğlu polis şöbəyə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.
“Şöbədən sonradan bildirdilər ki, Bəhruz özünü 3-cü mərtəbədən aşağı atıb. Amma biz onların bu versiyasına inanmırıq”, – deyə D.Hacıyev bildirib.

Daxili İşlər Nazirliyi Mingəçevir şəhər polis şöbəsində saxlanılan B.Hacıyevin ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, avqustun 20-də Mingəçevir şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində şəhər polis şöbəsinə gətirilib: “İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”.

Maraqlıdır ki, başqa bir iddiaya görə Bəhruz Hacıyevi dindirmək üçün gətiriblər, lakin o, polislərin əlindən çıxaraq yuxarıya doğru qaçıb və binanın 3-cü mərtəbəsindən özünü atıb.

Mərhumun əmisi S.Səmədov qardaşı oğlunun ölümüylə bağlı DİN-in yaydığı açıqlamaya da münasibət bildirib. Onun sözlərinə görə, onlar, yəni mərhumun yaxın qohumları meyitin üzərində zorakılıq əlamətlərinin aşkar edilmədiyini deyil, meyitin onlara məxsus olduğunu deyiblər. “Bunlar isə tamamilə fərqli-fərqli şeylərdir. Bəhruzun ayağında, dizində, belində qaraltılar, göyərmələr vardı. Bunlar isə yıxılarkən alınan xəsarətlərdən yox, Bəhruza qarşı edilmiş zorakılıqlardan xəbər verir”.

Mərhumun yaxınları bildirib ki, Bəhruz Hacıyevin ölümünə görə yerli polis idarəsinin rəisi Ələsgər Bədəlov məsuliyyət daşıyır, o cəzalanmalıdır.
Bu arada Azərbaycan Daxili İşlər Nazirliyi Mingəçevirdəki baş verən hadisələrlə bağlı rəsmi açıqlama yayıb. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən bildirilib. Açıqlamada deyilir:“Xəbər verdiyimiz kimi, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir Polis Şöbəsinə gətirilmiş şəhər sakini Bəhruz Hacıyev inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən atıb.

Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.

Hazırda faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və istintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bununla belə, avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin ictimai asayişi kobud şəkildə pozaraq polisin qanuni tələblərinə tabe olmadan xuliqanlıq hərəkətlərinə yol verib və şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstərib.
Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şəhər Polis Şöbəsinin bir avtomobili isə yarasız hala salınıb.

İctimai asayişi pozan 21 nəfər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib.

Baş vermiş bədbəxt hadisədən təəssüfləndiyimizi bildirir və mərhum Bəhruz Hacıyevin valideynlərinə başsağlığı veririk. Eyni zamanda, diqqətə çatdırırıq ki, bu hadisədən sui-istifadə edən destruktiv elementlərin təhriki ilə şəhərdə ictimai qaydanı və sabitliyi pozmağa cəhdlərin qarşısı qətiyyətlə alınacaq, təqsirkar şəxslər barədə qanunvericiliyə uyğun tədbir görüləcək”.

Son məlumata görə, Mingəçevir polis şöbəsinə çoxlu sayda narazı adamlar gəlir. Onlar bugünkü aksiyada saxlananların yaxınlarıdır. Polis şöbəsindən Azadlıq Radiosuna saxlananlardan bir neçə nəfərin buraxıldığını deyiblər.

Şöbə rəisinə töhmət verilib, baş leytenant işdən çıxarılıb

“Avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş vətəndaş Bəhruz Hacıyevin özünü pəncərədən ataraq ölməsi faktı üzrə cinayət işi başlanıb və istintaq aparılır.”

“Report”un verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun yaydığı birgə məlumatda bildirilir.
“Müəyyən edilib ki, həmin orqanın Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub. Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir şəhər polis şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova “şiddətli töhmət” elan olunub”, – deyə bəyanatda qeyd olunur.
Həmçinin bildirlir ki, baş vermiş hadisələrlə əlaqədar istintaqın gedişi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və mütəmadi məruzə olunur.

~ tərəfindən Patriot 23/08/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: