“ÇAĞIRIN CƏLLADI, OXUYUN HÖKMÜNÜZÜ…”

arif-leyla-yunus

Leyla və Arif Yunuslar 15 il 6 ay azadlıqdan məhrum edildi

Hüquq müdafiəçisi son anda da hakimiyyətə və məhkəməyə meydan oxudu: «Hə, cəllad, çıxışımı qurtardım, öz işinizi görə bilərsiz…»
Qəddar və sifarişli hökmə daxildən və xaricdən sərt reaksiyalar

Sülh və Demokratiya Institutunun direktoru, tanınmış hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı, tarixçi alim Arif Yunusun məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü elan edilməmişdən əvvəl Leyla və Arif Yunusların vəkilləri çıxış edərək, ittihamların əsassız olduğunu bildiriblər.

Vəkillərin çıxışı zamanı Arif Yunusun vəziyyəti pisləşib. Məhkəmədə fasilə verilib və həmin müddətdə ona tibbi yardım göstərilib.
Daha sonra hüquq müdafiəçisi və həyat yoldaşı məhkəmədə son sözlərini deyiblər.

“Bu gün Azərbaycan da faşizmin varisinə çevrilib”

Leyla Yunus çıxışına vəkillərinə minnətdarlıq etməklə başlayıb:

“Vəkillərimizə ”çox sağ ol” demək istəyirəm. Çünki Azərbaycanda siyasi məhbusları müdafiə etmək böyük cəsarət tələb edir. Arifin vəkili Xalid Bağırov idi. Onu ümumiyyətlə, Vəkillər Kollegiyasından uzaqlaşdırdılar. Mənim vəkilim Əlayif Həsənov idi. Başqa qadın dustaqlardan fərqli olaraq, yalnız məni kişi nəzarətçilərin aparması, kamera yoldaşımın, mayor Yaqubovun məni döyməsi barədə mətbuata açıqlamalar verdiyinə görə onu da cəzalandırdılar. Mənimlə eyni kamerada saxlanılan, dəfələrlə məhkum olunmuş şəxs onu məhkəməyə verdi və əlbəttə ki, məhkəmə də onun iddiasını təmin etdi. Əlayif Həsənov, hətta Vəkillər Kollegiyasından da çıxarıldı.

XIX əsrdə Puşkinin müəllimi olmuş Derjavin yazırdı ki, qərəzli məhkəmə quldurlardan daha qorxuludur. Hazırda burada baş verənlər XIX əsrdə baş verənlərdən daha dəhşətlidir.

Digər vəkilim Cavad Cavadovu işdən kənarlaşdırmaq üçün guya, şahid kimi dindirdilər. Lakin o dindirmə iş materiallarında öz əksini tapmayıb.
Daha bir müdafiəçim Fariz Namazlı gənc vəkildi. Mən başa düşdüm ki, ona da təzyiqlər var. Onu Vəkillər Kollegiyasından uzaqlaşdırmasınlar deyə, özüm ondan imtina ərizəsi yazdım. Istintaq davam etdiyi bir il ərzində 4 vəkilimizi uzaqlaşdırdılar. Ona görə deyirəm ki, vəkillərimiz böyük cəsarət göstərirlər.

Bu gün Azərbaycan eynilə keçmiş SSRI-nin, qırmızı faşizmin yolunu davam etdirir. Bu gün diktaturayla mübarizə aparanlara qarşı repressiyalar həyata keçirilir. Keçmiş SSRI-də Cinayət Məcəlləsində məşhur 57-ci maddə vardı, bütün siyasi məhbusları bu maddə ilə ittiham edirdilər. Bu maddə ilə həbsxanada olanlar bilinirdi ki, siyasi motivlərlə həbs olunublar. Indi Azərbaycan, Özbəkistan kimi ölkələrdə 57-ci maddə yoxdu, ancaq siyasi məhbusları, vicdan məhbuslarını ittiham etmək üçün dövlətə xəyanətdən tutmuş, narkotikə, iqtisadi cinayətlərə qədər Cinayət Məcəlləsindəki bütün maddələrdən istifadə edirlər. Amma verilən cəza müddətləri SSRI-də olduğu kimi qalır. Prokurorun bizim üçün istədiyi cəzanın müddəti məni təəccübləndirmədi. Çünki SSRI təcrübəsini gözəl bilirdim, 20 ildir də Azərbaycandakı repressiyaları müşahidə edirəm.

Vəkillərimiz ətraflı şəkildə izah etdilər ki, bizim əməlimizdə cinayət tərkibi yoxdur. Prokuror çıxışında ittiham aktını təkrarladı, lakin bir-iki səhvə yol verdi. Əslində səhvlər çox idi, mən 1-2-sini deyəcəm. Burada ifadə verən bank əməkdaşları dedilər ki, biz öz hesablarımızdan istifadə edərkən heç bir qanunsuz hərəkətə yol verməmişik. Amma prokuror deyir ki, Arif Yunus öz hesabından həyat yoldaşının hesabına pul köçürməklə dələduzluq edib. Hökumət mətbuatı isə yazır ki, ümumiyyətlə, başqa şəxsin hesabına köçürüb. Bizim Ariflə ümumi hesabımız vardı. Yəni Arif öz hesabından öz hesabına pul köçürüb. Prokurorluğun ağlı kəsməyib ki, bunu araşdırsın. Çünki xarici ölkədə ailənin bir neçə üzvünün eyni hesabı ola bilər. Arifin əməlində dələduzluq nə məhkəmədə, nə də istintaqda sübut olunub. Mənə qarşı dələduzluq ittihamı ilə bağlı da heç bir sübut yoxdur.

Bilirəm ki, bu məhkəmə quldurluqdan da pisdir. Amma ümid edirəm ki, heç olmasa, burada səslənən şahid ifadələri protokollarda öz əksini tapacaq.

Yalanların üstünün açılmasından qorxduqları üçün donor təşkilatların nümayəndələrinin dindirilməsinə imkan vermədilər. Qrant vəsaitləri gəlir vergisinə cəlb olunmur. Burada Bakı şəhər Icra Hakimiyyətinin əməkdaşı Zülfəli Ismayılov ifadə verdi. O, yalan danışdı. Çünki ittiham tərəfin şahidləri bilir ki, yalan ifadə versələr də, onları məsuliyyətə cəlb edən olmayacaq. O bildirdi ki, guya, Şəmsi Bədəlbəyli küçəsindəki evimiz sökülərkən bütün əmlak oradan çıxarılıb. Yalandır. Bütün əmlakımız, sənədlər, hətta atamın cəbhədən göndərdiyi məktublar da orada məhv edildi. Bu, Bakı Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin qərarlarında da öz əksini tapıb ki, ev içindəki əmlakla birlikdə sökülüb.
Qanunsuz sahibkarlıq ittihamı isə ümumiyyətlə, fantastikadır. Biz alınan qrant vəsaitlərinə seminarlar, konfranslar keçirmişik, o vəsaitə nə isə istehsal eləməmişik, tərəvəz əkib satmamışıq.

Bu hökumət hər gün Qarabağdan danışır. Bəs niyə biz Qarabağla bağlı təbliğat müharibəsində ermənilərə uduzuruq? Arif beynəlxalq konfranslarda ermənilərin mövqeyini darmadağın edən ən parlaq simalardan biridir. Onun kitabları dünyanın bir çox ölkələrindəki kitabxanalarda var – Londonda “Chatham House”da, ABŞ Konqresində… Biz bu gün təbliğatda ermənilərə qalib gələn adamların üzərində məhkəmə qurulub. Ermənistanda isə Azərbaycana qarşı mübarizə aparan adamları həbs etməyi heç ağıllarına gətirmirlər. Bu hökumət işğalçılara qarşı mübarizə aparanları məhv edir.

Bu hakimiyyət nədən qorxur? Sözdən. Bu məhkəmə göstərdi ki, siz hamınız sözdən qorxursuz. Ona görə də məhkəməni qapalı keçirdiniz, jurnalistləri, müstəqil şəxsləri düz sözü eşitməsinlər deyə, prosesə buraxmadınız. Çünki burada baş verənlər sübut etdi ki, bizi müstəqil Azərbaycan, demokratiya uğrunda mübarizəmizə görə tutmusuz.

V əsrdə Avqustin yazırdı ki, ədalətsiz dövlət quldur dəstəsidir. Bu gün Azərbaycan da faşizmin varisi, quldur dəstəsidir…

Hakim bu yerdə Leyla Yunusun çıxışını kəsib:

– Biz sizi leksiya deməyə dəvət etməmişik.

Leyla Yunus:

– Ən çətini odur ki, siz bu gün bizə qarşı ölüm hökmü çıxaracaqsınız. Çünki nə mənim, nə də Arifin səhhəti uzun müddət həbsdə qalmağa imkan vermir. Lakin bu, tarixi məhkəmədir – Saxarovun, Soljenitsının məhkəməsi kimi… Bu gün Xədicə Ismayıla, Intiqam Əliyevə, Anar Məmmədliyə və digərlərinə qarşı da repressiyalar davam edir. 1938-ci ildə kalonda yazırdı: “Biz bu gün susqun və ölüyük. Ancaq ölü vəziyyətdə də bizdən qorxursuz”.

Hakim:
– Leyla Yunusova, qurtardınız?

– Hə, cəllad, qurtardım, siz öz işinizi görə bilərsiz…

“Çağırın cəlladı, oxuyun hökmünüzü…”

Ardınca Arif Yunus məhkəmədə son sözünü deyib. O, çıxışında ilk növbədə həyat yoldaşı Leyla Yunusa minnətdarlığını bildirib:
“Insan həyata bir dəfə gəlir. Bu baxımdan kiminlə yaşayırsa, onunla həmfikir olması çox vacibdir. Biz azərbaycanlılar ”həyat yoldaşı” ifadəsini işlədirik. Bu yolda çətinliklər də olur, xoş günlər də. Mən çox şadam ki, həyat yoldaşım məhz Leyladır. Yenidən gənclik dövrünə qayıtsaydım, yenə də həyat yoldaşı olaraq Leylanı seçərdim.

Biz cavan deyilik. Yanvarda MTN-də 60 illiyim oldu. Görəsən kimsə 60 illik yubileyini MTN-in təcridxanasında, təkadamlıq kamerada qeyd edibmi? Biz bu 60 ilin 37 ilini Leyla ilə birlikdəyik. 37 rəqəmi Azərbaycan üçün mistik rəqəmdi. Bizim məhkəməmiz də 37-ci ilin məhkəməsinə oxşayır, o üsullarla keçirilir. Birlikdə olduğumuz 37-ci ildə həbs olunduq.

Babək deyirdi ki, 40 il qul kimi yaşamaqdansa, 1 gün azad yaşamaq daha üstündür. Biz tarixçiyik, Babəkin bu sözü bizim üçün devizdi.

Sovet dövründə camaat partiya bileti daşıyanda biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdıq. Azərbaycan müstəqil olandan sonra da biz mübarizəmizin ikinci mərhələsinə başladıq, ölkənin demokratikləşməsi uğrunda vuruşduq. Bu yol çətin idi, bizə təzyiqlər, basqınlar oldu. Hələ 88-ci ildə Ermənistana qarşı mübarizədə Azəbaycanla bağlı həqiqətləri üzə çıxaranda mənə “ekstremist” damğası vurub, prokurorluğa çağırırdılar. Xocalı soyqırımının qurbanlarının siyahısını təqdim edəndə yenə prokurorluğa çağırdılar.

Biz bütün bu yollarda Leyla ilə birlikdə olmuşuq. Bizim gözəl bir qızımız da var. Bizim valideynlərimiz rus dilini bilməyiblər. Sovet dövründə rus dilini bilməyən adamlar üçün karyera qurmaq mümkün olmadığına görə bizi məktəbə rus bölməsinə göndərmişdilər. Biz isə qızımızı Azərbaycan bölməsində oxutdurmuşuq. Azərbaycan, rus, türk və ingilis dillərini gözəl bilir. Amma əfsuslar olsun ki, o, bizim qızımız idi. Bizə qarşı təzyiqlər nəticə verməyəndə qızımıza keçdilər. Hüquq-mühafizə orqanlarındakı bəzi namuslu adamların sayəsində biz bu barədə xəbər tutduq və onu ölkədən çıxartdıq. Qızımız hazırda Hollandiyadadır. Mənim 23 yaşlı qızım Vətən haqqında şeiri oxuyanda ağlayır. Çox istədi ki, biz də onunla orada qalaq. Ancaq biz qalmadıq, demokratiya uğrunda mübarizə aparmağı, burada ölməyi seçdik. Bizə qarşı məhkəmələr də olub, 2011-ci ildə Ramil Usubov Leylanı məhkəməyə vermişdi. Təzyiqlərlə əlaqədar bir müddət Almaniyada yaşamalı olduq, amma yenə qayıtdıq. Çünki bura bizim vətənimizdir, ölsək də, burada öləcəyik. Indi qızım orada tək qalıb, burada valideynlərinin ikisi də həbsdədir. Amma tək olsa da, özünü itirməyib. Bir ata kimi, bununla fəxr edirəm.

Mən həbsimdən sonra okyabr ayına qədər ümumiyyətlə, yata bilmirdim. Oktyabrdan bəri hər gün yuxu dərmanı qəbul etmədən yatmıram. Bu məhkəmədə baş verənlərin 90 faizini başa düşmürdüm. Çünki hər gün bura gəlməzdən öncə mənə 2 iynə vurulur. Bu nə məhkəmədir ki, təqsirləndirilən şəxs gətirilib zombi kimi oturdulur, heç nə başa düşmür. Birinci gün vəziyyətim pisləşəndə bura həkim kimi çağırdığınız adamın peşəsi nə idi, bilmirəm, ancaq hər kimdirsə, mənə vurduğu iynədən sonra 3 gün əlim şişdi. Mən MTN-də olan o həkimə minnətdarlıq etmək istəyirəm. O insanlara hörmət edirəm ki, həm peşəkardır, həm də insanlığı var. O həkim olmasaydı, bəlkə də indi mən burada yox idim. Bəzən mən məhkəməyə gəlməmiş iki yox, hətta dörd iynə vururdu.

Vəkillərin işi isə həkimlərdən də çətindi. Mən ilk gündən bilirdim ki, bizim işimiz adi cinayət işi deyil. Ona görə də əvvəlcədən vəkillərlə də bu haqda danışmışdım. Bizi tutmaq istəyirdilər, nə çox maddə, tutacaqlar. Prokurorluqda mənə dedilər ki, hörmətimiz var sizə, amma bizi də başa düşün, ailəmiz var.

Zala baxanda bəzi jurnalistləri görürəm. Mənə hər gün “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” qəzetləri verir. Şəkillər, yazılar eyni olur, başqa imzalarla verilir. Biz sanki sovet dövrünə qayıdırıq. Amma az da olsa, istisna təşkil edən bəzi jurnalistlər var. Amma bilirəm ki, onların da taleyi ya bizim kimi, bura düşmək olacaq, ya da ölkədən getməyə məcbur olacaqlar.

Mən səfirliklərə də minnətdarlığımı bildirmək istəyirəm.

Hakimiyyətə də minnətdaram. Çünki biz deyəndə ki, Azərbaycanda demokratiya yoxdur, cavabında bildirirdilər ki, demokratiya olmasaydı, siz indi bunları danışmazdınız, həbsdə olardınız. Hakimiyyət bu arqumenti yox elədi.

ABŞ, Britaniya və başqa ölkələrin rəhbərləri bizdən danışır, dünyanın nüfuzlu qəzetləri bizdən yazır. Bundan yaxşı reklam olar? Hakimiyyət həbsimizlə bizim adımızı Azərbaycanın tarixinə yazdı. Mən peşman deyiləm. Əsas odur ki, insanın vicdanı olsun, vicdanla yaşasın. Prokurorluq iddia edir ki, biz ölkədən qaçmaq istəmişik. Bizi çox ölkədən dəvət ediblər. Amma imtina eləmişik. Çünki bura bizim vətənimizdir və burada ölməliyik…”

Arif Yunus çıxışının sonunda “Çağırın cəlladı, oxuyun hökmünüzü…” deyərək, əli ilə başını tutub, Leyla Yunusla birlikdə salındıqları şüşə kabinənin içindəki skamyanın üstünə yıxılıb. Dərhal məhkəmədə olan həkimlər ona yardım göstərib.
Təxminən iki saat sonra hökm elan olunub. Hökmə əsasən, Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Eyni zamanda, Yunusların əmlakının müsadirəsi, o cümlədən bank hesablarındakı vəsaitin dövlət nəfinə keçirilməsi də hökmdə öz əksini tapıb.
Leyla Yunusun vəkili Elçin Qəmbərov bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

***

“Hökumətin Yunusları həbsdə öldürmək arzusu baş tutmayacaq”

AXCP sədri Əli Kərimli Facebook səhifəsində məhkəmənin Leyla və Arif Yunusa çıxardığı ağır hökmə münasibət bildirib: “Məhkəmə şousu başa çatdı. Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edildi. Sifariş yerinə yetirildi. Hər ikisinin çox ağır xəstə olduğunu nəzərə alsaq, bu hökmlər elə ölüm hökmü və ya ömürlük azadlıqdan məhrumetmə kimi də qiymətləndirilə bilər. Hakimiyyət bu cəsarətli hüquq müdafiəçisinə və onun həyat yoldaşına o qədər acıqlı idi ki, məhkəməni başdansovdu, yarımqapalı keçirdilər. Hökmü sifarişlə yerinə yetirdiklərini heç gizlətmədilər. Belə görünür ki, dünyada rüsvay olmaq, imic haqda qayğı da yaddan çıxmışdı. Başlarını elə itirdilər ki, sosial şəbəkələrdəki agentura şəbəkəsini də pis vəziyyətə qoydular. Bir il ərzində boğazlarını yırtıb, Yunusların vətənə xəyanətindən dəm vuranlar, bildinizmi ki, Yunuslar haqda hökmə ağla gələn- gəlməyən çox ittiham yazıldı, amma vətənə xəyanət, casusluq ittihamı yazılmadı? İndi anladınızmı ki, sizlərdən qara piar üçün, günahsız insanlara şər atmaq üçün istifadə olundu? Yoxsa əvvəlcədən böhtan dediyinizi bilirdiniz? Nədir bu qəddarlığın səbəbi? Nədən Azərbaycanın gerçək düşmənlərinə qucaq açılırkən, Ermənistan təmsilçiləri Bakıda hörmətlə ağırlanırkən, ölkəmizlə bağlı fitnəkar planlarda yer alan xarici qüvvələrə gülər üz göstərilirkən, dövlətin bütün gücü, hakmiyyətin bütün kini, qəzəbi Azərbaycanın ictimai-siyasi qüvvələrinə, ziyalılarına, vətəndaş cəmiyyətinə, azad qələm sahiblərinə yönəlir? Niyə anlamırlar ki, hər şeyin bir sonu var, Süleymana qalmayan dünya onlara da qalmayacaq və bu gün etdikləri hər bir anti-insani hərəkətin bir gün məsuliyyətini daşımalı olacaqlar. Əminəm ki, hökumətin Yunusları həbsdə öldürmək arzuları baş tutmayacaq. Azərbaycan cəmiyyətini susdurmaq mümkün olmayacaq. Leyla xanım da, Arif bəy də, digər siyasi məhbuslar da azadlığa çıxacaq. Bu qaranlıq illərin acı xatirələrini bir az qüssə, bir az da qürurla gələcək nəsillərə xatirə kimi danışacaqlar”.

***

“Rejim vətəndaş cəmiyyətini hədəfə alıb”

Leyla və Arif Yunusa oxunan hökmlə bağlı AXCP bəyanatla çıxış edib. Bəyanatda deyilir:

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı politoloq Arif Yunusun məhkəməsi başa çatdı. Hakimiyyyət onların barəsində hökmü elan etməyə çox tələsirdi. Onların sağlamlıq durumunun ağır olmasına baxmayaraq, hər gün səhərdən axşama qədər məhkəmə iclasları keçirib, işi sürətlə yekunlaşdırdılar.

Avqustun 13-də məhkəmə əmlakları müsadirə olunmaqla, Leyla Yunusun 8 il yarım, Arif Yunusun isə 7 il azadlıqdan məhrum edilməsinə dair hökm çıxardı. Eyni gündə həm vəkillər çıxış etdi, həm Leyla Yunus və Arif Yunus sön sözünü dedi, həm də hökm oxundu. Halbuki iki saat fasilə verilmədən oxunan hökmün hazırlanması üçün məhkəmə tərkibinin cəmi bir saat vaxtı var idı. Beləliklə, hökmün əvvəlcədən hazır olduğu təsdiqini tapdı.

AXCP bəyan edir ki, Leyla Yunus ölkədə insan haqlarını müdafiə işində prinsipial mövqeyindən geri çəkilmədiyi üçün çoxdandır hakimiyyətin hədəfində idi. Leyla Yunus və Arif Yunus əvvəl “vətənə xəyanət” ittihamı ilə həbs edildi. Onlara qarşı “ermənilərlə əməkdaşlıq” ittihamı ilə total kampaniya aparıldı. Bu isə cəmiyyətdə çaşqınlıq yaratmağa hesablanmışdı, heç bir əsasa söykənmirdi. Təsadüfi deyil ki, Yunusları məhkəmə qarşısına çıxarılanda “vətənə xəyanət” maddəsi “unuduldu”, onlar dələduzluq, vergidən yayınma, mənimsəmə maddələri ilə mühakimə olundu. Hərçənd, bu ittihamlar da absurrdan başqa bir şey deyildi və elə buna görə də məhkəməni faktiki qapalı keçirməyə məcbur oldular.

AXCP bildirir ki, bu hökm ölkədə gerçək ictimai institutları, insan haqları müdafiə mexanizmini tamamilə sıradan çıxarmaq istəyindən qaynaqlanır. Rejim artıq tək siyasi müxalifəti deyil, həm də vətəndaş cəmiyyətini hədəfə alıb. Hakimiyyət ölkədə fərqli fikri, müstəqil düşüncəni, həqiqətin ifadəsini tamamilə yassaqlamaq ehtirasına o qədər tutulub ki, isətnilən ictimai-siyasi fəala qarşı itənilən cinayəti quraşdırmaqdan çəkinmir.

AXCP Yunuslara qarşı hökmü qətiyyətlə pisləyir, hakimiyyəti repressiv davranışından nəhayət əl çəkməyə, Yunuslara qarşı ədalətin sonrakı məhkəmə instansiyasında bərpa olunmasına çağırır.

Partiya Azərbaycan xalqını hər zaman onun hüquqlarının müdafiəsində durmuş, bunun üçün özünü təhlükələrə atmaqdan belə çəkinməmiş Yunuslara ciddi dəstək verməyə səsləyir. Partiya həmçinin, beynəlxalq birliyi baş verənlərə adekvat reaksiya göstərməyə çağırır.

***

Hökmə beynəlxalq birlikdən də ilk və sərt reaksiyalar gəlib.

ABŞ-dan sərt etiraz

ABŞ-ın nüfuzlu senatorlarından biri, Senatın Xarici Əlaqələr Komitəsi sədrinin müavini Ben Kardin Azərbaycanda vətəndaş cəmiyyəti fəalları Leyla və Arif Yunus barədə çıxarılmış məhkəmə hökmü ilə bağlı bəyanat verib.

Senatın yaydığı mətbuat məlumatında bildirilir ki, senator Kardin bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevi insan haqları pozuntularının dayandırılmasına, mətbuat azadlığına hörmət edilməsinə və Azadlıq Radiosu Bakı bürosunun təkrar açılmasına çağırıb.
“Mən Leyla və Arif Yunus barəsində çıxarılmış hökmdən dərin narahatlıq keçirdiyimi bildirirəm. Onlar çox illər ərzində Azərbaycana dinc şəkildə demokratiyanın gətirilməsi üçün yorulmadan işləyiblər və elə həmin müddətdə də hökumətdən təqib görüblər. Biz bu gün onlara ağır həbsxana cəzasının verilməsini pisləyir və eyni zamanda onların başqalarına ilham olacaq güc və dözüm hisslərini alqışlayırıq”, – deyə Kardin bildirib.

Ben Kardin bəyanatının sonunda Azərbaycanda qanunun aliliyinin bərqərar olunması və Leyla və Arif Yunusun azad edilməsi üçün səylərini əsirgəməyəcəyini vəd edib.

Senator Kardin həm də Senatın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki komisiyası) həmsədridir.

Böyük Britaniya hökmü “siyasi motivli” adlandırdı

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus haqqında çıxarılan məhkəmə hökmünə münasibət bildirib. Azadlıq radiosu xəbər verir ki, bununla bağlı yayılan bəyanatda hökmün siyasi motivli olduğu, prosesdə xarici diplomatların iştirakına əngəllər yaradıldığı bildirilib. Bəyanatda həmçinin Leyla və Arif Yunusun səhhətlərinin narahtlıq doğurduğu qeyd olunub.

“Biz Azərbaycanda insan haqlarının pis vəziyyəti barədə narahatlığımızı bildiririk və gələcəkdə də bu sahədə baş verən hadisələri izləməkdə davam edəcəyik” – deyə bəyanatda vurğulanır.

Bəyanat Azərbaycanı üzərinə götürdüyü öhdəliklərə, habelə qanunun aliliyinə hörmət etməyə və insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün konkret addımlar atmağa çağırır.

Britaniya XİN-in bəyanatında həmçinin Azərbaycanın vətəndaş cəmiyyətinin başqa görkəmli nümayəndələrinin – jurnalist Xədicə İsmayılovanın, insan haqları müdafiəçisi İntiqam Əliyevin və demokratiya kampaniyaçısı Rəsul Cəfərovun da məhbus edilməsi pislənir.
Bəyanatda siyasətçi İlqar Məmmədovla həbsxanada pis rəftar edildiyindən narahatlıq ifadə olunur.

AŞPA prezidentindən çağırış

“Mən şokdayam. Leyla Yunusun 8,5 il, Arif Yunusun 7 il həbsə məhkum olunması məni hiddətləndirib”, – deyə Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur bəyanat yayıb.  O, xatırladıb ki, Avropa Şurası dəfələrlə Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə basqıları dayandırmağa, eləcə də hüquq müdafiəçilərinə, müstəqil jurnalistlərə qarşı repressiyalara son qoymağa, ölkədə insan haqlarının durumunu düzəltməyə çağırıb: “Amma çoxsaylı çağırışlara baxmayaraq, vəziyyət düzəlməyib. Bu hökm Azərbaycanda insan haqlarının durumu ilə bağlı ciddi və sistematik problemlər olduğuna sübutdur”. Anne Brasseur iyun ayında AŞPA-da Azərbaycana edilən çağırışları da yada salıb: “İnsan haqları müdafiəçilərinə, media nümayəndələrinə və hakimiyyəti tənqid edən digər şəxslərə qarşı repressiyalara son qoyulsun; Bütün siyasi məhbuslar azad olunsun; Jurnalistlər, eləcə də öz tənqidi fikirlərini bölüşənlərin təqibi dayandırılsın”.

“Azərbaycan hakimiyyəti utanmır”

ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin sədri Isabel Santos da çıxarılan hökmdən məyus olduğunu deyib: “Mən Azərbaycanın ən tanınmış və cəsarətli hüquq müdafiəçiləri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barədə hökm xəbərindən məyus oldum. Azərbaycan hakimiyyəti açıq-aşkar ATƏT-in ən sadə statdartlarını pozmaqda utanc görmür. İnsan haqlarına, söz azadlığına və qanunun aliliyinə hörmət etmir. Bakıda antidemokratiya mühiti davam edir və mən Azərbaycan hökumətini bu tendensiyanı dayandırmağa çağırıram”.

“Məhkəmə faktiki qapalı keçirilib”

“Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyətini susdurmaq üçün hər şeyə əl atır. Bu məhkəmə hökmü buna bir nümunədir. Bu sadəcə olaraq dəhşətdir” – deyə, İnsan Haqları Evi Fondunun (Human Rights House Foundation) Şərqi Avropa və Qafqaz regionu üzrə rəhbəri Ane Tusvik Bonde bildirib. O, Leyla və Arif Yunusların məhkəməsinin müstəqil müşahadiçələrin, məhkəmələri monitorinq edənlərin üzünə qapalı olmasını da pisləyib: “Məhkəmə faktiki olaraq, bağlı qapılar arxasında keçirilib. Məhkəmə əməkdaşları zalın dolu olduğunu əsas gətirsə də, əslində zal işə aidiyyatı olmayan şəxslərlə doldurulub”

“Məhkəmənin hökmü edama bərabərdir”

“Freedom Now” təşkilatı da hakimiyyəti Leyla və Arif Yunusları dərhal azadlığa buraxmağa çağırıb. Təşkilatın icraçı direktoru Maran Turner məhkəmə hökmünü şokedici və utancverici adlandırıb: “Leyla və Arif həyatlarının böyük hissəsini insan haqlarını qorumağa, Azərbaycan və Ermənistan münaqişəsinin həllinə sərf ediblər. Onların səhhətləri və tibbi xidmətin keyfiyyəti nəzərə alınarsa, məhkəmənin hökmü edama bərabərdir”

“Azərbaycan hakimiyyətinə “yetər” deməyin vaxtıdır”

Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks isə hökmə öz Twitter hesabında münasibət bildirib. Komissar Yunusların barəsində çıxarılan məhkəmə hökmündən dəhşətə gəldiyini yazıb: “Bu hökm özü-özlüyündə Azərbaycanda insan haqları müdafiəçilərinə qarşı repressiyanın ən parlaq illustrasiyasıdır. Azərbaycan hakimiyyətinə “bu repressiyalar yetər” deməyin, Avropa Şurasına qoşulmaqla demokratiya, qanunun aliliyinə əməl etməli olduğunu deməyin vaxtı çatıb”

“Bu, ölüm hökmüdür”

“Human Rights Watch” Təşkilatının Mərkəzi Asiya və Avropa üzrə əməkdaşı Tanya Loksina isə məhkəmə hökmünü ölüm cəzası kimi dəyərləndirib: “Bu hökm vergidən yayınma, qrant, xarici fondlardan maliyyələşmə qaydalarını pozmaq kimi əməllərlə bağlı deyil. Bu, insanların cəzalandırılması, onların məhv edilməsidir. Arif və Leyla Yunusların hər ikisinin səhhəti bu cəzanı çəkməyə imkan verməyəcək. Leyla Yunus 8,5 il, Arif Yunus 7 il həbs olundu. Onların fiziki durumları buna tab gətirməyəcək və bu onlar üçün ölüm cəzası deməkdir”.

~ tərəfindən Patriot 14/08/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: