«NATO ÜZVLƏRİ TÜRKİYƏYƏ HƏMRƏYDİR»

nato-turkiye

NATO-dan Türkiyəyə tam dəstək

PKK-nın mövqeləri növbəti dəfə bombardman edildi

Türkiyənin müraciəti əsasında dünən Brüsseldə NATO-nun növbədənkənar toplantısı keçirilib. NATO baş katibi Yens Stoltenberq prosesləri yaxından izlədiklərini bildirərək Türkiyəyə qarşı hücumları qorxunc terror adlandırıb. Stoltenberq terrora qarşı Türkiyə ilə həmrəy olduqlarını bəyan edib. Toplantının yekunu olaraq yazılı açıqlama ilə çıxış edən NATO Türkiyəyə yönəlik terror hücumlarını şiddətlə qınadığını bildirib:

“Suruçda, həmçinin polis və əsgərlərə yönəlik digər hücumlarda dünyasını dəyişənlərə, eləcə cə də Türkiyə hökumətinə başsağlığı veririk. NATO üzvlərinin təhlükəsizliyinə, beynəlxalq sabitliyə və rifaha birbaşa təhdid yaradan terror sərhəd, millət və din tanımayan qlobal bir təhlükədir. Və buna qarşı birgə mücadilə aparılmalıdır. Formasından asılı olmayaraq terrora əsla bəraət qazandırmaq olmaz. NATO-nun təhlükəsizliyi toxunulmazdır. Türkiyə ilə həmrəy olduğumuzu bildiririk. Prosesləri yaxından izləməyə davam edəcəyik. Terrorla mübarizədə Türkiyəyə əlimizdən gələn yardımı edirik. NATO-nun bütün müttəfiqləri terroru şiddətlə qınayır”.

Baş katib onu da əlavə edib ki, Türkiyə hələlik NATO-dan hərbi dəstək istəməyib. Qeyd edək ki, Türkiyə toplantını son günlər Iraqın şimalında PKK-ya, Suriyada isə IŞID-ə qarşı həyata keçirdiyi antiterror əməliyyatlarını müzakirə etmək üçün çağırmışdı. NATO-ya üzv ölkələr ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid görəndə belə çağırışlar edə bilərlər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin NATO-dan gözləntilərinə aydınlıq gətirib. Ərdoğan bildirib ki, hazırda Türkiyə hücuma məruz qalan tərəfdir. Və özünü hücumlardan müdafiə etmək haqqına sahibdir. Bu haqqı sona qədər istifadə edəcəklərini deyən Türkiyə prezidenti NATO-nu hazırlıqlı olmağa çağırıb: “Beynəlxalq normaların verdiyi bütün hüquqlardan istifadə edəcəyik. NATO-dan da bu məsələdə hazırlıqlı olmasını tələb edirik”.

İŞID Türkiyədə terror hazırlayır – konsulluqda və polis idarəsində

Bu arada, ölkə daxilində antiterror əməliyyatları davam etdirilir. Öz növbəsində, terror təşkilatlarından da Türkiyə hökumətinə hədələr və xəbərdarlıqlar gəlməkdədir. Dünən Türkiyə polisinə IŞID-in Ankara və ya Istanbulda terror hazırladığı barədə məlumat daxil olub. Ölkənin Milli Təhlükəsizlik Təşkilatı və hüquq-mühafizə orqanları xəbərlə bağlı operativ hərəkətə keçiblər. Məlumata görə, polisə terror planı barədə xəbəri ötən il qardaşı IŞID-ə qoşulan S.K. adlı şəxs ötürüb. S.K. bildirib ki, qardaşı Gökhan ona gizli nömrədən zəng edərək “Anamı, atamı, sizləri incitdiyimi bilirəm. Əgər hansısa konsulluq və ya polis bölməsinə bombalı hücum barədə eşitsəniz, bilin ki, mən ordayam. Haqqınızı halal edin” deyərək dəstəyi asıb. Qardaşının canlı bomba olmasından ehtiyat edən S.K. Kocaeli Polis Idarəsinə müraciət edib: “Qardaşımdan canlı bomba kimi istifadə olunmasından qorxuram. IŞID-in yoldan çıxardığı qardaşımın özünü partladaraq intihar etməsinə imkan verməyin”.

Türkiyə polisi bu xəbərdən sonra ölkədə fəaliyyət göstərən bütün səfirlik və konsulluqlarda, polis idarə və bölmələrində, həmçinin əhalinin sıx olduğu bütün məkanlarda mühafizəni gücləndirib.

Davudoğlu: “2 milyon suriyalı qaçqın azad zonaya yerləşdiriləcək”

Türkiyə baş naziri Əhməd Davudoğlu ABŞ-la əldə olunan son razılaşma, həmçinin IŞID və PKK-ya qarşı həyata keçirilən əməliyatlarla bağlı CNN-ə müsahibə verib. Qeyd edək ki, iyulun 27-də Ankara ilə ABŞ arasında Suriyanın şimalında azad zonanın yaradılmasına dair anlaşma əldə olunub. Anlaşmaya əsasən, iki ölkə Suriyanın şimalını IŞID-dən təmizləmək üçün birgə fəaliyyətə başlayacaq. Məqsəd, IŞID-dən təmizlənmiş zona yaratmaq, həmçinin Türkiyənin Suriya ilə sərhədində təhlükəsizliyi və sabitliyi təmin etməkdir.

CNN-in müxbiri Christianeÿ Amonpourun suallarını cavablandırarkən Davudoğlu bildirib ki, Türkiyə hələ Suriya böhranın əvvəlindən azad zonanın yaradılmasını istəyib: “Birincisi bu, qaçqınların öz ölkələrində məskunlaşmasına imkan yaradacaq. Hazırda Türkiyədə 2 milyon suriyalı qaçqın var. Ikincisi də, bu ərazi terrorçu qrupların gəlişinin qarşısını alacaq. Mülki vətəndaşlar bu zonada özlərini təhlükəsiz hiss edəcəklər”. Azad zonada suriyalı müxaliflərin silahlandırılması və təlim görüməsi ehtimalına gəlincə, baş nazir bildirib ki, ABŞ-la məlum anlaşma gələcəkdə Suriya müxalifətinin radikal olmayan kəsiminə dəstəyi də ehtiva etməlidir.

Müxbirin “Savaşı gecikdirdiniz. Bu qəfil qərar dəyişikliyinin səbəbi nədir?” sualını baş nazir belə cavablandırıb: “Əslində qəfil dönüş deyil. Suriya torpaqlarındakı bütün terrorçu qruplara əvvəldən son dərəcə qarşı olmuşuq. Lakin bu dəfə Suruçda 32 vətəndaşımızı öldürdülər. Sərhəddə bir əsgərimiz şəhid edildi. Sərhədimizi terrorçulardan təmizləmək zərurəti yarandı və dərhal əməliyyatlara başladıq”.

İŞID-in hücumlarının artmasına Əsəd rejiminin cavabdeh olduğunu bildirən Davudoğlu bu qruplaşmanın Türkiyə ilə yanaşı, Avropaya, ABŞ-a və bütün dünyaya təhdid olduğunu bəyan edib: “Suriyada elə situasiya yaratmalıyıq ki, bu ərazidə bir daha terrorçu qruplar formalaşmasın. Beynəlxalq aləm Əsəd rejiminə qarşı hərəkətə keçmədiyindən ortaya IŞID kimi bir təşkilat çıxdı”.
PKK-ya qarşı əməliyyatlara toxunan Davudoğlu Türkiyənin kürdlərlə yox, adıçəkilən təşkilatla savaşdığını vurğulayıb. Son bir həftədə PKK-nın polis və əsgərləri, həmçinin mülki vətəndaşları hədəf aldığını deyən baş nazir HDP-ni də tənqid etməyi unutmayıb: “Onları təkrar-təkrar terrorla mübarizəyə dəvət etmtişəm. Razılaşmırlar, çünki PKK ilə bəzi əlaqələri var. PKK-nın terrorçu fəaliyyətini qınamırlar. Mülki vətəndaşlar və polislər PKK tərəfindən öldürüldüyündə bunu qınmağa çağırdıq, imtina etdilər”.

PKK-ya qarşı növbəti hava əməliyyatı

Türkiyənin hərbi təyyarələri hava əməliyyatlarını davam etdirirlər. Dünən türk “F-16”ları PKK-nın Şırnakdakı mövqelərinə hava zərbələri endirib. Türkiyənin Müdafiə Nazirliyindən verilən açıqlamada zərbələrin hədəfləri tam tutduğu, hazırda qarşı tərəfdən itkilərin hesablandığı bildirilib. Zərbələrə cavab olaraq PKK da hərəkətə keçib. Bir qrup PKK-çı Şırnakın Beytüşebbap bölgəsindən türk əsgərlərinə atəş açıb. Əsgərlərdən bir neçəsinin yaralandığı bildirilir.

 

~ tərəfindən Patriot 29/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma