“GET KİMƏ İSTƏYİRSƏN ŞİKAYƏT ET”

saakashvili-eliyev

Əliyev bir qubernator qədər də ola bilmir?

«Azərbaycan» qəzeti tənqid edir, amma əsas ünvanı göstərməyə cəsarət etmir
Təəssüf ki, bu ölkədə ən xırda problemlərin həlli də Qarabağ münaqişəsinin həlli kimi dalana dirənib. Yəni, “lazım” bütün məsələlərdə geçikir.  Belə problemlərdən biri də ölkə çimərlikləri ilə bağlıdır. Uzun illərdi iri məmurlar çimərlikləri sadə vətəndaşın üzünə qapamaqla məşğul olurlar.
Dənizkənarı ərazilər hasarlanır, çimərliklərdə gigiyenik  vəziyyət bərbaddır, xidmət bahalıdır və.s Artıq dənizkənarı ərazilərin özəlləşdirilməsi adi hala çevrilib və bütün sahələri inhisara aldıqdan sonra gözləri doymayan vəzifəlilər bu sahəni də nəzarətə götürüblər. Bu dəfə çimərliklər haqqında hakimiyyətin sözçüsü rolunda çıxış edən “Azərbaycan” qəzeti də yazıb. Tənqidi ruha köklənmiş müəllif yazır: “Dəniz sahilini ata malı kimi bölüb elə hasarlayıblar ki, mat-məəttəl qalırsan. Milli sərvətimizin yeni dəllalları peyda olub. Hələ ki, bu dəllallar təkcə dəniz suyunu sata bilmirlər. Qalan nə varsa, hər şeyə qiymət qoyublar. Giriş də pulludur, çıxış da. Bir nəfərin hasarlanmış əraziyə daxil olması ən azı beş manata başa gəlir. Sonra digər xərclər başlayır. Çətir pulu, çay pulu… Bir çaynik çaya 10 manat tələb edirlər, bir dənə qarğıdalı qıçası  2 manata təklif olunur. Novxanı çimərliyində irili-xırdalı bütün xərcləri hesablasaq, bir nəfərin dəniz kənarında istirahəti ən azı 40-50 manata başa gəlir. Dəniz sahilini zəbt edənlər bu yerlərə adları da özləri seçir, qiymətləri də kefləri istəyən kimi diktə edirlər. Nəyə etiraz etsən, dərhal sahibkarların “qoçuları” peyda olur, hər şeyə onlar aydınlıq gətirir. Nizam-tərəzini də onlar qurur, vətəndaşın haqqını da onlar pozur. Son sözləri də belədir: xoşun gəlmirsə, çıxıb gedə bilərsən! Soruşan yoxdur ki, bu milli sərvəti niyə hərraca qoyursunuz? Axı dəniz heç kəsin şəxsi mülkü deyil?.
Çox gözəl, bəyənilsin, haqlı iradlardı. Həmişə belə problemlərdən yazmağa davam edin. Amma arada özünüzə sual verməyi də unutmayın. Çünki, bütün bu problemlərin mənbəyi ətəyindən sallaşdığınız hakimiyyətdir.
Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti Saakaşvili hazırda Ukraynanda məsul vəzifə tutur. Bu adam Odessa vilayətinin qubernatoru təyin olunub və az müddətdə korrupsiyaya qarşı effektli mübarizə taktikası seçib. Bugünlərdə Saakaşvilinin də gündəmində çimərlik mövzularıdı. Adam dənizkənarı ərazilərdə “qoçuluq” edənləri bir-bir üzə çıxarır və böyük bir mafiyanı “nokaut”a salıb. Amma Azərbyacan hökuməti uzun illərdi yağlı vədlər versə də heç bir problem öz həllini tapmır.
Ona görə ki, dənizkənarı əraziləri hasarlayanlar da, bütün sahələri monopliya edənlər də, yüksək kredit faizlərini tətbiq edənlər də məhz hökumətin başında oturanlardı. Bəli, “Azərbaycan” qəzetinin gecə-gündüz müdafiə etdiyi, mədhinə səhifələr həsr elədiyi adamlar  bütün qanunsuzluqlara himayədarlıq edirlər. Hasarlanmış ərazilərin kimlərə məxsus olduğu, bu ərazilərdəki restoranların, istirahət mərkəzlərinin hansı məmurun nəzarətində olması “Azərbaycan” qəzetinin rəhbərliyinə də məlumdur.
Bir qubernatorun həyata keçirdiyi islahatları, bir hökumət həyata keçirə bilmirsə, bu hakimiyyətin niyə müdafiə edirsiz? Ölkə məmurlar arasında bölünübsə, “get kimə istəyirsən şikayət et” deyənlər həmin məmura güvənirsə, bu qədər tərif yağışı hansı zərurətdən doğur?
Dəstəklədiyiniz hökumətin ortaya qoyduğu nəticə budur. Hələ uzun illər əvvəl prezident dənizkənarı ərazilərlə bağlı sərəncam vermişdi. Amma nəticə daha da pisləşib. Bu da Qarabağ məsələsi deyil ki, ikili standartlardan, erməni lobbisindən şikayət edəsiz. Sadəcə olaraq ortada siyasi iradə yoxdur, hökumətin başında oturanlar korrupsiyaya bulaşıb və buna görə də bütün vədlər müşavirədə dəfn olunur.
Bir sözlə çimərlikləri hasarlayanlar, yolunda hasara çevrildiyiniz hakimiyyətdir.

~ tərəfindən Patriot 28/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma