ARİF MƏMMƏDOV: “HADİSƏLƏRİN HƏR CÜR İNKİŞAFINA HAZIRAM”

Arif Memmedov

“Üsyankar səfir” məqsədini açıqladı:  “Hadisələrin hər cür inkişafına hazıram”

Arif Məmmədov: “Komandanın daha mütərəqqi düşüncəli üzvləri yuxarıdan gələn qorxuya görə hətta fikirlərini də deyə bilmirlər”

“Mənə qarşı belə çirkin davranacaqlarını bilmirdim; Əleyhimə yazılan o məqalənin arxasında kimin dayandığını bilirəm”

Azərbaycanın Avropa Şurası, ardınca da Avropa Ittifaqındakı səfiri olmuş, hazırda isə Islam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovun Bakıdakı yanğından sonra məmurları tənqid etməsi onu hakimiyyətin hədəfinə çevirib. Bir neçə gündür ki, rəsmi mətbuat, xüsusilə haqqın.az və virtualaz.org saytları diplomata “xain” damğası vurmaqla məşğuldur. Adı ətrafında gəzən söhbətlərə aydınlıq gətirən diplomat Vinegret.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik:

– Gəlin əvvəldən başlayaq. Məlum məqalələrdə göstərilən statuslar və şərhlər həqiqətən də Sizə məxsusdur? Bu saxta profil deyil ki?
– Bəli, mənim status və şərhlərimdir
– Sözlərinizi təsdiq edirsiniz?
– Bəli, bu mənim sözlərimdir.
– Gəlin 16 mərtəbəli binadakı yanğınla bağlı statusdan başlayaq…
– Bu, qəlbimin fəryadı idi.
– Haqqın.az statusu dərc edənə qədər Bakıdan, XIN-dən kimsə Sizə zəng edib, nəsə deyib, ya statusu silməyinizi istəyib?
– Bir necə gün əvvəl Istanbulda Islam Əməkdaşlığı Təşkilatının görüşündə idim. Telefonuma zəng gəlib, ancaq görüşdə olduğuma görə çatdırıb cavab verə bilməmişəm. Sonradan ismarıc aldım ki, administrasiyadan mənimlə danışmaq istəyirlər. Ancaq kimin zəng etdiyini bilmirdim. Düşündüm ki, görüşdən çıxıb zəng edərəm.
– Yəni status yazandan sonra xeyli vaxt keçib və sonra Sizinlə əlaqə saxlamaq qərarına gəliblər?
– Bəli, dərhal deyil, sonradan.
– Deyirsiniz ki, administrasiyadan zəng olub. Dəqiqləşdirin, Prezident Administrasiyasından, yoxsa XIN-dən?
– Prezident Administrasiyasından.
“Haqqın.az-ı oxuyanda hakimiyyətin necə düşündüyünü anlayırsan”
– Haqqın.az-dakı məqalə Sizin üçün yenilik oldu? Belə reaksiya gözləyirdiniz?
– Bilirsiniz, mənə qarşı belə çirkin davranacaqlarını bilmirdim. Bunu heç şərh etmək istəmirəm. Hər yeni məqalədə daha iyrənc şeylər yazılır. Ancaq doğrusu özüm haqqın.az-ı həmişə oxuyuram, çünki ordakı yazılardan hakimiyyətdəkilərin necə düşündüyünü bilirsən. Analitik düşüncəli adam bu mənbənin bir-iki məqaləsini oxuyandan sonra dərhal bu barədə nəticəyə gəlir ki…
– Kim kimə qarşıdı və nəyə görə…
– Bəli. Əgər hansısa daxili məsələləri bilirsən, mətbəxə bələdsənsə, bu mənbəyi oxuyub daxildə hansı proseslərin getməsinə dair müəyyən nəticələrə gələ bilirsən. Bu isə çox vacibdir. Çünki prinsipcə hər şey çox qapalıdır. Haqqın.az-ı oxuyanda isə hakimiyyətin necə düşündüyünü anlayırsan.
– Neçə ildi diplomatik xidmətdəsiniz?
– XIN-ə 1993-cü ildə gəlmişəm. 1995-ci ildə Azərbaycan Respublikasının Belçikadakı səfirliyinə ikinci katib kimi gəldim.
– Yəni 20 il edir…
– Bəli, Avropada 20 il. Düzdü, məndə qısa fasilə olub – XIN-də insan haqları və demokratiya idarəsinin rəhbəri olmuşam.
– Nə vaxt IƏT-nın AB yanında səfiri oldunuz?
– 2013-cü ildən. Iki həftə sonra iki il tamam olur.
“Bu vəzifəyə Azərbaycanın qərarı ilə təyin edilməmişəm”
– Bu iki il müddətində Azərbaycan vətəndaşı olaraq Azərbaycan diplomatı deyilsiniz?
– Xeyir, mən Azərbaycan diplomatıyam. Fövqəladə və səlahiyyətli səfir rütbəm var. Ancaq IƏT-nın səfiri vəzifəsinə Azərbaycanın deyil, bu təşkilatın baş katibinin qərarı ilə təyin edilmişəm. Yəni məni ancaq IƏT-nın baş katibi geri çağıra bilər.
“Mənim yazdıqlarımı hamı danışır”
– Gəlin açıq danışaq. Azərbaycana işləməyən diplomat olmağınız əlinizi və dilinizi açdı, Sizə daha çox sərbəstlik verdi, nəticədə 16 mərtəbəli binada yanğın faciəsi ilə bağlı belə status yazdınız?
– Əvvəla, Azərbaycan IƏT-nın fəal üzvüdür. Bəli, bu status qəlbimin fəryadı idi. Ancaq bunu təkcə yanan 16 mərtəbəli binaya görə yazmadım. Xeyli şey yığılıb və özü də tək məndə yox. Mənim yazdıqlarımı hamı danışır. Sadəcə açıq demirlər, evdə, mətbəxdə, qonaqlıqda, istirahətdə pıçıldaşırlar. Azərbaycanda elə bir dövlət məmuru yoxdur ki, onu şəxsən tanımayım. Onların hər biri nəyisə tənqid edir, ancaq özü dəyişmək istəmir. Bakıya gəlirsən, minirsən taksiyə və taksi sürücüsü paytaxtda sürücülərin necə maşın sürməsindən şikayətlənir. Paralel olaraq özü də bir neçə yol hərəkəti qaydasını pozur. Məmurlar da elədi.
“Ya ağrıdan qışqırmalı idim, ya da bunu insanlarla bölüşməliydim”
– Status yazanda reaksiyanın necə olacağını düşünürdünüz, yoxsa belə olacağını heç təsəvvür etmirdiniz?
– Hansısa reaksiyanın ola biləcəyini bilirdim. Ancaq məsələ bundadır ki, feysbuk səhifəm çoxdandı aktiv deyil, onu xeyli vaxtdı istifadə etmirəm. Bir müddətdən sonra onu açdım və hansısa maraqlı faktlar, foto və videolar gözümə dəyməyə başladı. Bu faciə baş verəndə feysbukda övladını itirən ananın ağlamağı, yaxud yanan binaya daxil ola bilməyən atanın gözləri mənə ciddi təsir elədi. Bilirsiniz, hər şey qəfil olur. Insanı belə addım atmağa təhrik edən bir neçə fakt olmalıdır. Heç bilmirəm həmin an bunu nə dərəcə şüurlu şəkildə etmişəm.
Bəli, yazırlar ki, mən 20 illik təcrübəsi olan diplomatam və emosiyalarıma nəzarət etməliydim. Ancaq bu mərhələdə mən ya evdə yaxınlarımla müzakirə açıb ağrıdan qışqırmalı idim, ya da bunu insanlarla bölüşməliydim. Bu, qəlbin belə fəryadı idi.
– Əgər Azərbaycanın səfiri olsaydınız, eyni şeyi yazardınız, ya yox?
– Düşünürəm ki, yazardım. Xidməti vəzifəmə görə ölkə rəhbərliyinə yazdığım məktublar həmişə dəqiq, hər hansı təkliflə və daha çox tənqidi olub.
– Yəni əminsiniz ki, istənilən halda yazardınız?
– Bəli.
– Yaxşı, bu status qəlbin fəryadı idi. Ancaq KIV heç də siyasi xarakterli olmayan digər statuslarınızı da dərc edib və orda insanlar ölkəyə etinasız yanaşma görüb. O cümlədən Azərbaycanda yemək, yaxud Avropadakı spa-mərkəzlərinə getmək məhəbbətiniz barədə…
– Bağışlayın, amma mən yazmışam ki, bu gün üç dəfə şam etmişəm. Avropada adətən saat 18.00-dan sonra yemirəm. Azərbaycanda kiminləsə oturursansa, bu mütləq yemək süfrəsi başında olmalıdır, bu adət isə məni qane etmir. Vəssalam.
– Ancaq insanlar burda ənənələrə, vətənə etinasız münasibət görüb…
– Belə bir şey yoxdur. Mən də bu şəhərin bir hissəsiyəm. Biz evdə milli xörəklərimizi yeyirik. Sadəcə Azərbaycanda şirkətlərimizin satdığı kanserogen ərzaqlardan istifadə etmirik. Onlar bunu heç bir norma və standartlara əməl etmədən satırlar.
Bakıda onkoloji mərkəzdə qohumuma dəyməyə getmişdim və orada müalicə olanların sayından heyrətə gəldim. Özü də bu böyük mərkəzdir… Ərzaqların keyfiyyəti və dadı isə heç də yaxşı deyil. Bakıda onları yeyəndə təmiz və keyfiyyətli olmadığını hiss edirsən. Avropada norma və standartlara çox ciddi riayət edirlər. Biz azərbaycanlılarda xolersterin çox yüksəkdir. Ərzaqların keyfiyyəti və qidalanma forması ilə bağlı olan xeyli başqa xəstəliklər var. Oliqarxların istehsal etdiyi ərzaqlar yüksək kanserogenlidir. Əminəm, əgər Azərbaycanda bitən və istehsal edilən ərzaqlar yoxlanılsa, əksəriyyətində zərərli maddələr aşkarlanacaq.
“Istənilən halda o məqalə çıxacaqdı”
– Gəlin haqqın.az-da birinci feysbuk statusunuzla bağlı məqalənin dərc edildiyi günə qayıdaq. Bu yazı Sizi harda yaxaladı, XIN-dən, prezident aparatından zənglər oldumu, sonra nə baş verdi?
– Xüsusi bir şey olmadı. Buna qədər dediyim o zəng güman ki, ifadələrimə görə məni danlamaq məqsədi daşıyıb. Ancaq düşünürəm, istənilən halda məqalə çıxacaqdı. Çünki məqalə bir neçə saatdan sonra dərc edildi.
– Bundan sonra heç kim Sizinlə əlaqə saxlamadı?
– Xeyir.
“IƏT-də Bakının öyrəşdiyi tərzdə işləmirlər”
– Məlum olduğu kim Bakı IƏT qarşısında Sizin bu təşkilatın AB-də səfiri vəzifəsindən geri çağırılmaq məsələnizi qoyub.
– IƏT nüfuzlu beynəlxalq təşkilatdır. Üzv ölkələrin sayına görə 57 üzvlə dünyanın ikinci ən iri təşkilatıdır. Orda Bakının öyrəşdiyi tərzdə işləmirlər. Baş katib ölkəsindən xeyli kənarda tanınan təcrübəli siyasətçidir. Geri çağırılmağımla bağlı sorğunun göndərilib-göndərilməməsi, göndəribilsə, kim tərəfindən edilməsi barədə məlumatım yoxdur. Ancaq düşünürəm ki, baş katib hər hansı qərarı qəbul etməzdən öncə xeyli düşünəcək. Bundan əlavə, mənim müqaviləm var və bu müqaviləni pozmaq proseduru olduqca mürəkkəbdir. Bura, layiqli adamın işdən azad edilib bir saniyənin içində məhv edilə biləcəyi Bakı deyil. Prosedurlar BMT standartlarına çox yaxındır. Bu, BMT baş katibinə hər hansı ölkədəki nümayəndəsini onun vətəndaşı olduğu ölkənin tələbi ilə geri çağırmaq üçün müraciət etməyə bərabərdir. Baxaq görək bu nə ilə bitəcək. Ancaq təkrar edirəm, baş katibi tanıyıram. Çox tanınmış və təcrübəli adamdır. Onu həm Səudiyyə Ərəbistanında, həm də xeyli kənarda tanıyırlar. Bunun tezliklə baş verəcəyinə və asan qərar olacağına inanmıram.
– Yəni Siz IƏT-nın AB-də səfiri olaraq qalacaqsınız?
– Bəli, səfir qalacam. Məsələn, Brüsseldə 57 müsəlman ölkəsinin Belçikada və Avropa Birliyindəki səfirlərinin iclasını keçirirəm. Bundan sonra Avropa Birliyinin xarici əlaqələr xidmətinin baş katibi ilə görüşəcəm. Bu şəxs AB-nin xarici əlaqələr xidmətində qurumun xarici siyasət üzrə ali komissarı Federika Mogerinidən sonra faktiki olaraq ikinci adamdır.
– IƏT ilə neçə illik müqaviləniz var?
– Dörd illik.
– Iki ili artıq keçib.
– Bəli.
“Hər şey o qədər primitiv görünür ki, buna yumorla yanaşıram”
– Səs-küylü məqalələr dərc ediləndən sonra statuslarınızı layk edən və buna görə ciddi şəkildə cavab verməli olan həmkarlarınız Sizinlə əlaqə saxlayıblar?
– Nə onlar məni axtarıb, nə mən onları. Onların düşdüyü çətin durumu başa düşürəm. Üzrxahlıq bəyanatlarından əvvəl də bilirdim və deyirdim ki, mənə qarşı çıxış etmələri üçün onlara böyük təzyiq edilir. Bu hələ davam edəcək. Sadəcə olaraq bunu day heç kim oxumur. Hər şey o qədər primitiv görünür ki, buna yumorla yanaşıram.
“Insanlar xalqıma verdiyim başsağlığı ilə razılaşdığına görə hesab ödəməli olur”
– Yeri gəlmişkən onları işdən azad ediblər.
– Bilmirəm kimi azad ediblər, kimi saxlayıblar. Çox təəssüf edirəm ki, insanlar xalqıma verdiyim başsağlığı ilə razılaşdığına və layk etdiyinə görə hesab ödəməli olur. Onunla da razıyam ki, layk etmək mütləq razılaşmaq demək deyil. Bu o deməkdir ki, gördüm, baxdım, oxudum. Bu, layk edənin mənimlə həmrəy olması demək deyil.
– Gəlin düz danışaq. Kim nə deyir desin, layk ilk növbədə həmrəylikdir.
– Əgər onlar şərh yazsaydı, bu daha çox həmrəylik olardı. Layk isə görmək və bəlkə də müəyyən mənada razılaşmaq deməkdir. Diplomatlardan biri deyir ki, statusumun birinci hissəsi ilə razıdır və ona görə layk edib. Düşünürəm bu elədi ki var. Əgər sabah məqalənizi layk etsəm, bu o demək deyil ki, bütün məqalə ilə razıyam. Ola bilər ayrılıqda hansısa fikir xoşuma gəlib. Ona görə də layk edən uşaqları damğalamaq düzgün deyil. Onlar statusumun birinci hissəsi ilə razılaşıb, sonra yazılanlarla razı olmaya bilərdilər.
“Bu sayt barəmdə yazıbsa, deməli düşmənlər sırasına düşmüşəm”
– Birinci məqalə dərc ediləndən sonra Bakıya gəlib məsələni yerində izah etmək fikriniz olmayıb?
– Bu məqalənin arxasında kimin dayandığını bilirəm. Haqqın.az-ın barəsində yazdığı məqalədən sonra Bakıya gələnlər ordan çıxa bilmirdi. Bilirdim ki, bu sayt barəmdə yazıbsa, deməli mən də düşmənlər sırasına düşmüşəm.
– Yəni geriyə qayıda bilməyəcəyinizdən ehtiyat etdiniz?
– Sadəcə ehtiyat etmirdim, əmin idim ki, Azərbaycandan çıxa bilməyəcəm. Ölkədən çıxmağımla bağlı təhlükə əvvəl də olub.
– Deyirsiniz ki, Sizə qarşı bütün bu kampaniyanın arxasında dayanan adamın adını çəkə bilmərsiniz. Onda heç olmasa bunların niyə baş verdiyinin səbəbini deyin. Məsələn, deyirlər ki, Sizin Qərb xüsusi xidmət orqanları ilə ciddi bağlılığınız var, Qərb Sizi işbirliyinə cəlb edib, Qərbdə aparılan antiAzərbaycan kampaniyasının bir hissəsi olmusunuz və az qala onun rəhbərinə çevrilirsiniz. Bu barədə nə demək olar?
– Bilirsiniz, saytda yazıblar ki, Moskvada Baş Kəşfiyyat İdarəsinin məktəbini bitirmişəm. Cəfəngiyyatdır. İndi deyə bilərlər ki, əgər mən İƏT-da işləyirəmsə, deməli islamçıyam. Əgər sabah yadplanetlilərə işlədiyimi yazsalar, təəccüblənmərəm. Mən Azərbaycanda, Gəncədə, ən adi ailədə doğulmuşam. Orada böyümüşəm, bir müddət orada yaşamışam. Nənəm yaylıq bağlayırdı. Yəni bizim ənənəvi azərbaycanlı ailəmiz olub. Ancaq sonradan məktəbə Bakıda getmişəm. Rus sektorunda oxumuşam. Daha sonra Moskvada Hərbi Tərcüməçilər İnstitutunda oxumuşam. Yəni Azərbaycan mədəniyyəti, ailəmin mədəniyyəti ilə böyümüşəm. Ancaq rus xalqının mədəni irsini, sovet mədəniyyətini də mənimsəmişəm. Sovet filmləri, Puşkinin, Dostoyevskinin, Tolstoyun, Nekrasovun və s. əsərləri ilə böyümüşəm. Yəni mənə yad olmayan dəyərlərlə, o cümlədən rus mədəni dəyərləri ilə böyümüşəm. Biri var millətinin, ailənin dəyəri, bir də var böyüdüyün mühitin mədəniyyəti. Ancaq son 20 ildə Avropada yaşayaraq Avropa mədəniyyətinin bəzi adətlərini mənimsəyirəm. Yəni mən başqa mədəniyyətləri mənimsəməyi sevirəm. İnsan nə qədər çox mədəniyyəti mənimsəsə, bir o qədər mənəvi cəhətdən zəngin olur. Mükəmməl 7 dil bilirəm və daha çox öyrənməyə vaxtımın olmadığına təəssüflənirəm. İspan dilinin səviyyəsini bir qədər artırmaq istərdim. Bir qədər unutmağa başladığım həbəş dilinin səviyyəsin artırmaq istəyirəm. Yəni dillərin öyrənilməsi çox vacib məsələdir. Rus dilin bilərək bu dildə əsərlər oxuyuram. İngilis dilini bilməklə Amerika klassikasını oxuya bilirəm. Fransız dilini bilməklə fransız müəlliflərini oxuyuram.
“Feysbukda statusum onlar üçün bəhanə oldu”
– Ancaq yenə də Sizə qarşı belə bir kampaniyanın nəyə görə başlandığını demədiniz. Yəni doğrudan da məsələ ancaq statuslarınızdadır?
– Avropanın bütün siyasi elitası məni tanıyır. Strasburqda da, Brüsseldə də tanıyırlar. Bu da Bakıda bir çoxlarında narazılıq yaradıb. Avropada mənə hörmət edirlər və söhbətlərə, ideyalara və debatlara açıq olan demokratik ideyalı adam kimi tanıyırlar. Avropada səmimiyyəti, adamın müxtəlif proseslərə tənqidi yanaşma bacarığını, hər neqativdə nəsə yaxşı bir şey axtarmağı dəyərləndirirlər. Bakıda da uğurlu işlədiyimə görə məni sevməyən çevrə var. Yəqin onlar düşünür ki, burda nəsə elə deyil…
Bu çoxdan davam edirdi. Çoxdandı mənə diş qıcayırdılar. Dəqiq 5-6 il olar. Sadəcə feysbukda statusum onlar üçün bəhanə oldu.
– XİN-də, yoxsa prezident aparatında diş qıcayırdılar?
– Bu adamlar aparatdadır.
– Ancaq ona görə ki, Siz nüfuzlu diplomatsınız? Təkcə buna görə?
– Bu onunla bağlıdır ki, mən açıq danışan, ünsiyyətçil, Avropada müəyyən etimad səviyyəsi olan uğurlu diplomatam.
“Mən islahat tərəfdarı kimi çıxış edirəm”
– Bütün bu kampaniya başlayandan sonra növbəti status yazdınız və bildirdiniz ki, belə təzyiq heç Stalin dövründə olmayıb. Yəni faktiki olaraq hakimiyyəti repressiyalarda ittiham etdiniz. Bir çoxları bunu hakimiyyətə qarşı çıxış və hakimiyyəti dəyişməyə çağırış kimi qiymətləndirdilər. Həqiqətən də bunun tərəfdarısınız?
– Hakimiyyət dəyişikliyinin tərəfdarı kimi deyil, islahat tərəfdarı kimi çıxış edirəm. Hakimiyyət xalqın ondan gözlədiyi islahatları həyata keçirə bilsə… Biz də xalqın, küçədəkilərin, hətta elitanın əhvalını yaxşı bilirik. Elitada elə adamlar var ki, baş verənlərin səhv olduğunu görür. Onları şəxsən tanıyıram, elitanın bir çox üzvləri ilə ünsiyyətdəyəm. Əgər məni tanıdıqlarına görə də adamları işdən çıxarsalar, onda gərək bütün siyasi elitanı qovsunlar.
Adamlar başa düşür ki, nəsə etmək lazımdır. Mənə hücum edənlər komandanın daha mütərəqqi düşüncəli üzvlərini qorxu içində saxlayırlar. Sonuncular yuxarıdan gələn qorxuya görə hətta fikirlərini də dilə gətirə bilmirlər. Ona görə də düşünürəm ki, cəmiyyətdə islahat aparmaq və bundan qorxmamaq lazımdır. Əgər prezidentin buna gücü və qətiyyəti çatsa, xalq onu dəstəkləyəcək.
– İndi Siz diplomat kimi yox, daha çox siyasətçi kimi bəyanat verdiniz. Bu Sizin siyasətə qoşulmaq niyyətinizdən xəbər vermir? Çünki indi Sizin müxalifətə rəhbərlik edəcək, Qərbin vəzifəyə gətirmək istədiyi şəxs olmaq niyyətinizlə bağlı şaiyələr gəzir.
– Müxalifətin bir hissəsi, yaxud onun lideri olmaq, hər hansı siyasi partiya yaratmaq fikrim yoxdur. Əminəm ki, bu gün, 21-ci əsrdə siyasi partiyalar əvvəlki kimi aktuallığını itirib. Bu qəzet və sayt oxumaq kimi bir şeydir. Sən əlbəttə, hər gün qəzet oxuya bilərsən, ancaq Tvitterə girib hər dəqiqə dəyişən informasiyanı da oxumaq imkanın var. Siyasi partiyalar da elədir.
Hesab edirəm ki, bu gün savadlı adamlardan ibarət komandanın olması vacibdir. Bu, hər şeyin əsasıdır. Gözəl təhsil alan, xarici dillərdə danışan, tənqidi düşüncə səviyyəsinə malik olan və hər hansı suallara cavab tapa bilən adamlardan ibarət komanda. Sizin sayt vasitəsilə müraciət edib demək istəyirəm ki, adamları ölkəyə fayda üçün cəlb etmək lazımdır. Xaricdə – fərqi yoxdu Avropada, Ukraynada, Rusiyada və başqa yerlərdə yaşayan xeyli sayda savadlı azərbaycanlı var. Savadlı azərbaycanlıların bazasını yaratmaq lazımdır ki, gələcəkdə onları Azərbaycana qaytaraq. Əgər kimsə Avropada 3 min avro maaş alırsa, ona 5-6-8 min avro vermək lazımdır ki, vətənə qayıtsın və ölkəsinə fayda versin. İlkin məqsədim bu qrupu tədricən vətənə qaytarmağa cəhd etməkdir. Rusiyada, Ukraynada, digər ölkələrdə yaşayan yüzlərlə azərbaycanlı evə qayıdıb vətənlərinə fayda verə bilərlər. Onlar nəyə görə öz ölkəsində deyil, Almaniyada, Fransa, Ukraynada işləməlidir?! Ölkənin beyni olmalıdır. Onları bir yerə yığmaq lazımdır. Partiyalar saya fikir verir. Onlara tərəfdarlarının sayı vacibdir. Mən isə keyfiyyətin vacib olduğunu hesab edirəm. 10-20 nəfərlik komanda 5 partiyadan yaxşı işləyə bilər. Əgər düşünən insanları bir yerə toplaya bilsən, qarşında heç bir maneə olmayacaq. Mən ancaq bu insanların vətəninə qayıdıb öz evlərində layiqli yer tuta bilməsinə çalışacam.
“Hər bir diplomat həm də siyasətçidir”
– Deyirsiniz «mənim məqsədim». Diplomat olmayan Arif Məmmədovun məqsədi…
– Hələ ki, diplomatam. Sizə indiki vəzifəmdən çıxarılacağım təqdirdə ortaya çıxıcaq məqsədlərimdən danışıram. Bu halda digər işlərlə də məşğul olmaq üçün daha geniş imkanlarım olacaq. Hadisələrin hər cür inkişafına hazıram.
– Yəni həmçinin siyasətlə məşğul olmağa hazırsınız?
– Hər bir diplomat həm də siyasətçidir. Siyasətçilərin içindəsən, siyasi məsələləri müzakirə edirsən. Yəni diplomat elə siyasətçidir. Bəli, diplomat siyasətbaz olmamalıdır, ancaq diplomat istənilən halda siyasətçidir. Dağlıq Qarabağ məsələsinə, AB ilə tərəfdaşlıq və əməkdaşlıq razılaşmasına dair danışıqların başında olmuşam. Onda mən Avropa Birliyi və Avropa Şurası ilə münasibətlərin inkişafına çalışanlardan idim. Yəni özlüyündə mən diplomat və siyasətçiyəm.

~ tərəfindən Patriot 10/06/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma