ABİD ŞƏRİFOV: “ALABALA… SONRA?!”

abid serifov

Abid Şərifovun dedikləri məsuliyyətsizlikdir

Mətbuatdan bəlli olduğu kimi, baş nazirin müavini Abid Şərifov son yanğın hadisələriylə bağlı cəmiyyət və mətbuatın qınağına tuş gəlib. Belə ki, paytaxtın Nobel prospekti, Zığ yolunda yanan binanın narazı sakinləri ilə görüşən  A.Şərifov  binanın təmiri, kompensasiya ödənilməsi kimi məsələləri qaldıran sakinlərlə kobud rəftar edib. Narazı sakinin sözlərini yarımçıq kəsən baş nazirin müavini ona “Nağıl danışma” deyib və digər sakinlərə narazılıqlarını bildirməyə imkan verməyib.

Bu, dövlət məmurunun kobud davranışıyla bağlı yeganə fakt deyil. Prezident Ilham Əliyevin yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri olan Abid Şərifov yanan binanın gələcək taleyilə bağlı sualları cavablandırıb. Binada təmir işlərinin 5 aya tam başa çatacağını bildirən baş nazirin müavini üzlüklərin hansı materialdan olması haqda hələ ki, qərar verilmədiyini açıqlayıb. Xatırladaq ki, jurnalistin “Tikinti işlərinə hansı şirkət daxil olacaq? sualına Abid Şərifov belə cavab verib:

“Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala… Sonra?! Müəyyən olunur ki, finalkəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun ”pressa”ya dəxli var, ay oğul? Sonra? Sualınız var?! Allah sizi qorusun. Mənəm! Mənim şirkətimdir, yaz!”.

Görəsən, məmurun istər cəmiyyət, istərsə də  mətbuat nümayəndələriylə bu sayaq davranışını necə xarakterizə etmək olar? Mətbuat sözçüləri rəsmi şəxsin belə davranışını necə qiymətləndirir?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev söyləyir ki, dövlətçiliyin nə demək olduğunu başa düşən məmur özünün cəmiyyət və media qarşısında məsuliyyətini dərk etməlidir. Arif bəy qeyd edir ki, hər bir məmurun sözü və hərəkəti dövlətin adından deyilən, onun imicinə təsir edən məsələlərdir:

“Məmur belə məsuliyyətsizliyi asanlıqla edirsə, ya bunu anlamır, ya da ki, əhəmiyyətsiz olduğunu düşünür.  Bizim cəmiyyətdə hansısa bir dövlətçilik ənənəsi, onu dərk etməyi, insanların dərdini başa düşməyi  bacarmaq lazımdır. Çox böyük bir faciəyə səbəb olmuş bir məsələnin araşdırılması və onun təkrarlanmaması üçün yeganə qarantiya ictimai nəzarətdir. Baş nazirin müavini, dövlət məmuru hansı cəsarətlə deyə bilər ki, mənim şirkətim kommersiya fəaliyyətiylə məşğuldur?! Bilir ki, bunu deyəndə onun bir məsuliyyəti olmayacaq. Faciə hər yerdə baş verir və təbii ki, onun günahkarları var. Amma nə zamansa özündə cəsarət tapıb bütün bunlara son qoymaq, bir qayda yaratmağa cəhd etmək olar, ya da ”sizə nə var?” olacaq. Vətəndaşların təəssübkeşliyini edən mətbuata belə münasibət yaramaz. Məmur dərk etmir ki, onun dediyi ifadə cəmiyyətə hakimiyyətin münasibəti kimi qavranılacaq”.

Digər həmsöhbətimiz, tanınmış jurnalist Elçin Şıxlı isə məsələni başqa bir tərəfdən xarakterizə edərək mətbuatın düşdüyü vəziyyətə görə məmurun belə davranış sərgiləməsini təbii sayır:

“Günahı məmurdan daha çox, mətbuat nümayəndələrində görürəm. Onların əlindən yedikləri üçün üstlərinə də qışqırırlar. Məmurların əlindən yeməsinlər, sonra da üzünə qışqırığı, kobud və təhqiri qəbul etməsinlər. Cəmiyyətə gələndə isə,  vətəndaşlar dövlət məmurundan asılı deyilsə, onun etdiyi qanunsuzluqlara göz yummayıbsa, onun sözünü də həzm etməməlidir. Məmurun sözünü həzm edirsə, yenə də qarşı tərəf deyil, vətəndaş özü belə münasibəti gördüyü üçün günahkardır”.

~ tərəfindən Patriot 25/05/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma