XARİCDƏKİ AZƏRBAYCANLI SOYDAŞLARIN QEYDİYYATI HAQDA

xarici-pasport

Xaricdə yaşayanların qeydiyyat qaydası dəyişdirilir

Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının qeydiyyata alınması qaydaları dəyişdirilir. İndiyədək yalnız xaricdə daimi yaşayanlar qeydiyyata düşürdüsə, bundan sonra bu qayda müvəqqəti yaşayanlara da aid edilir.
Azərbaycan vətəndaşları xarici ölkəyə gələndən sonra bir ay ərzində həmin ölkədə Azərbaycanın konsulluğunda qeydiyyatdan keçməlidirlər.

QEYDİYYATDAN NECƏ KEÇMƏK OLAR?

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər skan olunaraq elektron formaya əlavə olunur və Xarici İşlər Nazirliyinə göndərilir:

– rəngli fotoşəkil,
– şəxsiyyəti təsdiq edən sənədin surəti,
– xarici ölkədə daimi yaşamaq icazəsini təsdiq edən sənədin surəti (daimi yaşayanlara aiddir),
– həmin ölkədə işləməsi barədə rəsmi sənədin surəti (yalnız rəsmi işləyənlərə aiddir),

Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi bu məlumatları ildə iki dəfə (martda və sentyabrda) Dövlət Miqrasiya Xidmətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.

DƏYİŞİKLİYİN MÜSBƏT VƏ MƏNFİ TƏRƏFLƏRİ…

Miqrasiya Məsələləri üzrə hüquqşünas Asima Nəsirlinin fikrincə, bu dəyişikliyin həm müsbət, həm də mənfi tərəfləri var:

«Mənfi tərəfi odur ki, Azərbaycan hakimiyyəti xaricdə yaşayan, orda işləyən vətəndaşları nəzarətdə saxlayacaq. Hökuməti, ölkədəki ictimai-siyasi prosesləri tənqid edənləri tapmaq daha asan olacaq. Bu qanun hökumətin vətəndaşları nəzarətdə saxlamaq cəhdinin tərkibidir. Amma bununla belə, dəyişikliyin xeyli müsbət cəhətləri də var. Belə ki, əvvəllər xarici ölkədə yaşayan və işləyənlərdən məhkəmə aliment ala bilmirdi. Çünki onların harada işlədikləri barədə əllərində rəsmi sənəd yox idi. İndi Konsulluq İdarəsi bu məlumatları həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərəcək. Bununla da nəinki alimentlərin tutulması asanlaşacaq, həm də ailə üzvlərindən azı biri xaricdə işləyənlər sosial yardım ala bilməyəcək».

Qeydiyyat qaydaları Miqrasiya Məcəlləsi, «Vətəndaşlıq haqqında», «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanunlara uyğunlaşdırılıb.

Hökumət bu qaydaları Azərbaycan dövlətinin və vətəndaşlarının təhlükəsizliyi, onların sosial müdafiəsinin təminatı üçün etdiyini bildirir.

VƏTƏNDAŞLIQ HAQDA QANUNA ƏLAVƏLƏRDƏN SONRA…

Hüquqşünas Müzəffər Baxış 2014-cü ilin mayında «Vətəndaşlıq haqda» qanuna edilmiş dəyişikliklərə diqqət çəkir.

Həmin qanunun 18-ci maddəsinə görə, xarici ölkənin dövlət və ya bələdiyyə orqanlarında çalışanlar, silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət edənlər Azərbaycan vətəndaşlığını itirir:

«Mən «Vətəndaşlıq haqqında» qanuna əlavə və dəyişimləri əvvəllər də tənqid etmişəm. Yenə də təkrar edirəm, qanunda itirilmə kimi ifadə olunsa da, bu vətəndaşlıqdan məhrum etmədir. Azərbaycan vətəndaşının vətəndaşlıqdan məhrum edilməsi Konstitusiyanın 53-cü maddəsinə ziddir. Xarici ölkənin dövlət və ya bələdiyyə orqanında çalışır və ya silahlı birləşmələrdə xidmət edirsə, Azərbaycan vətəndaşlığından məhrum edilir. Konstitusiyanın 53-cü maddəsində deyilir ki, vətəndaşlıqdan heç bir halda məhrum edilə bilməz. İndi qanuna edilən bu dəyişimləri işlək hala gətirmək üçün qaydalar və digər qanunları dəyişirlər. «Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları»na dəyişimlər də bunun davamıdır».

Müzəffər Baxış hesab edir ki, «Vətəndaşlıq haqqında» qanuna əlavələrdən sonra digər qanun və qaydalar da bu dəyişikliyə uyğunlaşdırılacaq.

VƏTƏNDAŞLIĞI GİZLƏYƏNLƏR CƏRİMƏLƏNƏ BİLƏR… BƏS, XARİCDƏ YAŞAYANLAR?

«Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları»nda xaricdə daimi və ya müvəqqəti yaşayanlar və çalışanlar bir ay müddətində qeydiyyata düşməzlərsə, nə olacaq? Qaydalarda bununla bağlı hər hansı qeyd yoxdur.

Aprelin ortalarında prezident İlham Əliyev başqa ölkənin vətəndaşlığını qəbul edən və bununla bağlı Azərbaycan hökumətinə məlumat verməyənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı Milli Məclisə təklif vermişdi.

Ötən il «Vətəndaşlıq haqqında» qanuna əlavə və dəyişikliklərə əsasən, xarici ölkə vətəndaşlığını qəbul edənlər bir ay müddətində Azərbaycanın Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidirlər. Məlumat verməyənlərinsə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulurdu. Amma nə cinayət, nə də inzibati məcəllədə buna görə hər hansı cəza növü nəzərdə yoxdur. Prezident təklif edir ki, başqa ölkənin vətəndaşlığını qəbul edən və bu haqda hökumətə məlumat verməyənlər 3 min manatdan 5 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılsın.

~ tərəfindən Patriot 30/04/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma