“HÖKUMƏT ÖZ VƏTƏNDAŞLARINA HÖRMƏT ETMƏLİDİR”

eliyev_security

Azərbaycanla müqavilə imzalamaq üçün Əliyevə şərt qoyuldu

Avropa Parlamentinin vitse-prezidenti: «Sazişin taleyi siyasi məhbusların buraxılması, repressiyalara son qoyulmasından asılı olacaq»
Rəsul Cəfərovun barəsindəki hökm kəskin beynəlxalq reaksiyaya səbəb oldu

Hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökm beynəlxalq aləmdə sərt reaksiya ilə qarşılanıb. ABŞ Dövlət Departamentindən tutmuş, Avropa Parlamentinin, Avropa Şurasının rəhbər şəxslərinə qədər dünyada söz sahibi olan beynəlxalq təşkilatlar bu hökmü pisləyərək, Azərbaycan hökumətinə də çağırış ediblər. “Biz tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərova əsasən siyasi motivli sayılan ittihamlarla altı il yarım həbs cəzası verilməsindən dərin narahatlıq hissi keçiririk”, – deyə ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib. O, qeyd edib ki, Rəsul Cəfərovun həbsi Azərbaycanda insan haqları fəallarına qarşı geniş təzyiqlərin tərkib hissəsidir: “Rəsul Cəfərovun məhkum edilməsi Azərbaycanda demokratik inkişafda bir daha geriləməni göstərir. Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə əməl etməyə, vətəndaşlarının hüquqlarına hörmət göstərməyə çağırırıq. Ilk addım kimi, cənab Cəfərovu və fundamental azadlıqlarından istifadəyə görə həbsə atılmış digərlərini buraxmağa çağırırıq. Bu, ölkənin uzunmüddətli sabitliyini və ikitərəfli münasibətimizi gücləndirər”.

“Azərbaycandakı bu vəziyyəti görmək çox ağırdır”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Ann Broşur da Rəsul Cəfərovun barəsindəki hökmü pisləyib. “Azadlıq” radiosunun məlumatına görə, o, “Twitter”də yazıb ki, Azərbaycanda hüquq müdafiəçilərinə qarşı repressiyaların davam etməsi vəziyyətin pisləşdiyini göstərir. “Azərbaycanın insan haqları, hüquq sisteminin müstəqilliyi və söz azadlığının təminatı məsələlərinin öhdəsindən gələ bilmədiyini görmək çox ağırdır”, – deyə AŞ PA prezidenti bildirib.

“Hökumət öz vətəndaşlarının hüquqlarına hörmət etməlidir”

“Biz Rəsul Cəfərovun 6 il yarım azadlıqdan məhrum edilməsinə dair hökmü qətiyyətlə pisləyir və onun dərhal azadlığa buraxılmasına çağırırıq” – bunu isə Avropa Parlamentinin insan haqları və demokratiya məsələləri üzrə vitse-prezidenti Aleksandr Qraf Lambsdorff deyib. O, qeyd edib ki, hökm əsaslandığı iddia olunan cinayətlərə də adekvat deyil: “Üstəlik, bu məhkəmə prosesi çoxsaylı pozuntularla müşayiət olunub. Bu da durumun daha gərgin, daha həyəcanverici olduğunu deməyə əsas verir. Biz Azərbaycan hökumətini ilk növbədə insan haqları sahəsindəki vəziyyətin yaxşılaşması üçün konkret addımlar atmağa çağırırıq”. Avropa Parlamentinin vitse-prezidenti vurğulayıb ki, Azərbaycan hökuməti öz vətəndaşlarının hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır. Aleksandr Qraf Lambsdorff onu da əlavə edib ki, Avropa Parlamenti ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan tərəfdaşlıq sazişinin taleyi həbsdəki hüquq müdafiəçilərinin azadlığa buraxılması, bu ölkədə repressiyalara, vətəndaş cəmiyyəti fəallarına qarşı təqiblərə son qoyulmasından asılı olacaq.

“Azərbaycan hökuməti tənqidi səslərin kökünü kəsmək istəyir”

“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı da Rəsul Cəfərovun 6 il yarım azadlıqdan məhrum edilməsini pisləyən bəyanat yayıb. Təşkilatın bəyanatında bildirilir ki, bu hökm hökumətin müstəqil səslərə qarşı amansız təzyiqinin göstəricisidir: “Hakimiyyət dərhal Cəfərovu azad etməli və ona qarşı siyasi motivli hökmü ləğv etməlidir. Hakimiyyət həmçinin ölkədə insan haqları icmasının təqibini dayandırmalı və insan haqları qruplarının azad hərəkətinə imkan verməlidir”. Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Georgi Qoqia deyib ki, Rəsul Cəfərova qarşı məhkəmə hökmü dəhşətli ədalətsizlik hərəkətidir: “Cəfərov Azərbaycanda siyasi motivli təqiblərin ən nüfuzlu və açıq tənqidçisi idi, indi isə özü bu təqibin qurbanına çevrildi. Şübhə yoxdur ki, Cəfərova qarşı hökm hökumətin ölkədə tənqidi səslərin kökünü kəsmək cəhdlərinin bir hissəsidir”.

“Avropa Oyunlarının açılış mərasimini boykot edin!”

“Amnesty International”, “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatları da Rəsul Cəfərovun barəsindəki hökmü pisləyib. “Hazırda Azərbaycanda azı 20 vicdan məhbusu var. Rəsul Cəfərov da daxil olmaqla, bütün vicdan məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır”, – deyə “Amnesty International”ın bəyanatında deyilir. “Freedom House”un Avrasiya proqramları üzrə direktoru Susan Kork isə Rəsul Cəfərovun həbsi fonunda beynəlxalq ictimaiyyətə çağırış edib. O, Qərb siyasətçilərini Azərbaycandakı repressiyaları nəzərə alaraq, Bakıda keçiriləcək Avropa Oyunlarının açılış mərasimini boykot etməyə çağırış: “Azərbaycan hökuməti insan haqları fəalları və jurnalistlərə qarşı saxta ittihamlar əsasında bir təqib nümunəsi yaradıblar. Biz Avropa liderlərini iyunun 12-də Avropa Oyunlarının açılışına qatılmamaqla, Azərbaycan hökumətinin hərəkətlərini pisləməyə çağırırıq”.

~ tərəfindən Patriot 18/04/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma