HAKİM: «YALAN-PALAN DA OLSA, CİNAYƏT İŞİDİR…»

intiqam_eliyev

Prokuror İntiqam Əliyevə 10 il həbs cəzası istədi

«Məhkəmə özü top-tüfənglə silahlanıb, mənim də əl-qolumu bağlayıb deyir ki, gəl vuruşaq…»

Ölkənin tanınmış hüquqşünaslarından olan Intiqam Əliyevin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən dünənki məhkəmə iclasında prokuror Intiqam Əliyevin 10 il azadlıqdan məhrum edilməsini istəyib. Amma məhkəmə iclasında bundan əvvəl bir sıra başqa hadisələr də baş verib. Müdafiə tərəfinin vəsatəti əsasında Beynəlxalq Bankın Səbail filialının əməkdaşı Namiq Həsənov dindirilib.

Xatırladaq ki, Intiqam Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabı bu bankda olub. Bu hesabdan uzun illər Hüquq Maarifçiliyi Cəmiyyətinin mühasibi olmuş Gülşən Orucovanın bacısı Əfsanənin “Unibank”dakı hesabına 79 dəfəyə olmaqla, ümumilikdə, 119 min manat vəsait köçürülüb. Gülşən Orucova iddia edir ki, o pulları Intiqam müəllimin tapşırığı ilə bacısının hesabına köçürüb, sonra oradan çıxarıb onun özünə qaytarıb. Lakin hüquq müdafiəçisi bu haqda deyilənlərin yalan olduğunu bəyan edir. Bildirir ki, Gülşən Orucova təşkilatın pulunu öz bacısının hesabına gizlicə köçürüb. Intiqam Əliyev buna sübut kimi, Əfsanə Orucovanın hesabına pul köçürülməsinə dair ödəniş göstərişlərindəki imzaları ortaya qoyur. Qeyd edək ki, o sənədlərdə mühasibin və Intiqam Əliyevin imzası olmalıdır. Əfsanə Orucovanın hesabına pul köçürülməsinə dair ödəniş göstərişlərində Intiqam Əliyevin adı qarşısında atılan imza onun digər imzalarından açıq-aşkar fərqlənir. Intiqam Əliyev dəfələrlə məhkəmədə bəyan edib ki, həmin imzalar ona məxsus deyil və onların xətşünaslıq ekspertizasından keçirilməsini istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Bu səbəbdən müdafiə tərəfi ötən məhkəmə iclasında vəsatət qaldıraraq, ödəniş tapşırığındakı imzaları yoxlamadan köçürməni həyata keçirmiş bank əməkdaşlarının dindirilməsini istəmişdi.

Bankın əməkdaşı Namiq Həsənovun vəkillərin suallarına cavabından bəlli olub ki, ödəniş tapşırıqları ilə bağlı banka ancaq mühasib Gülşən Orucova müraciət edib. Onun sözlərinə görə, bankın imza nümunələrilə sənədlərdəki imzaları müqayisə etmək üçün xüsusi vasitəsi yoxdur. Bankın əməkdaşı onlara təqdim olunmuş imza nümunəsi ilə sənədlərdəki imzanı tutuşduraraq ödəniş əməliyyatlarını icra edir. Bununla belə, Namiq Həsənov onu da etiraf edib ki, bəzən işlərin çoxluğu üzündən hamısını bir-bir yoxlamaq fiziki baxımdan mümkün olmur.
Intiqam Əliyevin vəkili Şəhla Hümbətova 27 may 2010-cu ildə banka təqdim olunmuş iki sənədi şahidə göstərib. Bu sənədlərdən biri əsasında təşkilatın hesabından pul çıxarılıb və oradakı imzanın özünə məxsusluğunu Intiqam Əliyev də təsdiqləyir. Digər sənəd əsasında isə Əfsanə Orucovanın hesabına pul köçürülüb. Həmin ödəniş göstərişindəki imzanın isə ona məxsus olmadığını bildirir. Vəkil Intiqam Əliyevin adından atılmış bu iki imza arasında fərq olub-olmadığını şahiddən soruşub. Lakin hakim “bu şəxs ekspert deyil” deyə, müdaxilə edib. Bu da Intiqam Əliyevin etirazına səbəb olub:

– Sizin etdiyiniz qanunsuz müdaxilədir. Siz indi ittiham tərəfin vəkili kimi çıxış edirsiniz…
Hakim:

– Mən istədim bu şəxs izah etsin ki, 4 ilə 119 min manatı necə bir hesabdan başqa hesaba köçürmək olar?
Intiqam Əliyev:

– Açıq-aydın qərəzlisiniz. Siz bizə sual verməyə qoymursunuz. Izah edin. Niyə dindirməni kəsirsiniz? Həqiqət üzə çıxır deyə xoşunuza gəlmir?

– Sizin sualınızın arxasında nə durur?

– Sizə nə var nə durur…

Daha sonra müdafiə tərəfi həm zalda oturanlara, həm də bank mütəxəssisinə imzaların böyüdülmüş surətini nümayiş etdirib. Bu zaman bank mütəxəssisi imzalar arasında fərqin açıq-aydın göründüyünü bildirib.

Bu cavabdan sonra hakim “bura teatr yox, məhkəmədir” deyərək sənədlərin surətinin zaldakılara göstərilməsinə etiraz edib.
Intiqam Əliyev:

– Xeyr, bura məhkəmə deyil, məzhəkədir, teatrdır. Niyə xoşunuza gəlmir? Onsuz da axırda acığınızı çıxacaqsınız…
Hakim imzaların böyüdülmüş surətini sübut kimi qəbul etmədiyini bildirib. Intiqam Əliyev isə bunu absurd adlandırıb:

– Söhbət cinayət işindəki sənədlərin sadəcə böyüdülmüş surətindən gedir. Bu sənədlərdən də açıq-aydın görünür ki, ödəniş tapşırıqlarındakı imzalar mənə məxsus deyil.

Daha sonra hakim Intiqam Əliyevə ifadə verməyi təklif edib. Intiqam Əliyev isə istintaqdan tələb etdikləri sənədlərin ona təqdim olunmayacağı halda, müdafiəsini qura bilməyəcəyini deyib: “Istintaq orqanından bizim ofisimizdən rəsmiləşdirilmədən, qanunsuz olaraq götürülən sənədləri tələb etmişdik. Onlar olmadan məhkəmə ədalətli qərar çıxara bilməz. Dövlət orqanı – prokurorluq basqın edərək, ofisimizdəki bütün sənədləri, o cümlədən maliyyə hesabatlarını, qrant müqavilələrinin qeydiyyatına dair məktubları və s. torbalara dolduraraq aparıb. Məhkəmənin sorğusuna verilən cavabda isə göstəriblər ki, ofisimizdən götürülmüş və indi müdafiəni qurmaq üçün tələb etdiyimiz sənədlər guya, onlarda yoxdur. Mən əminəm ki, həmin sənədlər prokurorluqdadır və onların ofisimizə basqın edib sənədləri rəsmiləşdirmədən götürməsinin özü qanunsuzdur. Indi həmin sənədləri təqdim etməmələri də ittihamın saxta olduğunu bir daha göstərir. Siz də nəticədə bu cür məktublara inanıb hökm çıxaracaqsınız. Işdə 79 ödəniş tapşırığından söhbət gedir, amma cəmi 29-u var. Bəs qalan 50-si haradadır? Bunlar olmayan yerdə mənə qarşı necə ittiham irəli sürülə bilərdi? Bu 29-dakı imzaların mənə məxsus olmadığı açıq-aşkar görünür. Görün indi o 50 dənədəki imzalar nə gündədir ki, ümumiyyətlə üzə çıxarmayıblar. Mənim evimdən, qardaşımın mənzilindən, ofisimizdən götürülən kompüterlər və digər texniki avadanlıqlar niyə bu günə qədər qaytarılmayıb? Səbəblər məlumdur. Məhkəmə özü top-tüfənglə silahlanıb, mənim də əl-qolumu bağlayıb deyir ki, gəl vuruşaq. Məni keyfiyyətli müdafiə hüququndan məhrum etmisiz. Məhkəmə prokurorluğa sorğu göndərib sənədləri istəyir, prokurorluq vermir. Məhkəməyə əsl hörmətsizlik budur. Siz mənə istədiyiniz qədər cəza verə bilsirsiz, amma mənim söz demək haqqımı əlimdən ala bilməzsiz. Ala bilirsiz prokurorluqdan sənədlərimizi?”

Hakim:

– Məni düz başa düşün, sizə təqdim edə biləcəyimiz bütün sənədlər bu on cildin içindədir.

– Əgər qanunsuz olaraq ofisə basqın edib, bütün sənədləri torbalara doldurub aparıblarsa və indi də vermirlərsə, mən indi özümü necə müdafiə edim?

– Siz bu on cildə münasibət bildirin.

– Hörmətli hakim, işdə 50 ödəniş qəbzi yoxdur, bu sizi narahat eləmir? Əslində, mənim barəmdə hansı hökm çıxarılacağı bəllidir. Bilirsiz, məhkəmələr müxtəlif olur. Məsələn, NIDA-çıların işində hakim Rəşadətə, Rəşada, Ilkinə Şahinə “oğlum” deyirdi, sonda da oğullarının hərəsinə 7-8 il həbs cəzası verdi. Əvəz Zeynallının məhkəməsində duyğusal anlarda Ramella Allahverdiyeva ona “qardaşım” deyirdi, axırda da “qardaş”a 9 il verdi…

– Mən sizə elə demirəm…

– Yaxşı ki, “qardaşım”, “oğlum” demirsiz, bu, ümidimizi artırır. Təkrar edib məhkəməni izləyənləri də yormaq istəmirəm, amma müdafiə üçün vacib sənədlər işin içində yoxdur. Bu işin içində olarlar da yalan-palandır.

– Yalan-palan da olsa, cinayət işidir.

– Yaxşı ki özünüz etiraf edirsiz…

Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb və işin içindəki bir sıra sənədlər elan olunub.
Intiqam Əliyevin vəkili məhkəməyə Hüquq Maarifçilik Cəmiyyətinə maliyyə vəsaiti ayırmış bir sıra donor təşkilatların məktublarını təqdim edib: “Intiqam müəllimin guya, mənimsədiyi iddia olunan vəsaitlər donor təşkilatların puludur. Həmin təşkilatlar məhkəməyə məktub göndərərək bildirirlər ki, ayrılan qrantlar təyinatı üzrə xərclənib və bununla bağlı heç bir narazılıqları yoxdur, əksinə, Intiqam Əliyevə yüksək etimadları var. Məktubları Açıq Cəmiyyət Institutu (Soros), Norveç Insan Hüquqları Evi və Çexiya hökuməti göndərib”.

Ardınca dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, ittihamların məhkəmədə sübuta yetirildiyini bildirib və Intiqam Əliyevin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Növbəti məhkəmə iclası aprelin 21-nə təyin olunub.

~ tərəfindən Patriot 15/04/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma