“TALANA SON!” DEYİN, DÖVLƏTİMİZƏ VƏ MİLLƏTİMİZƏ SAHİB ÇIXIN!

5aprel-talana son

Əli Kərimlidən Xalq Hərəkatı fəallarına təsirli müraciət

Siz, Azərbaycan sevdalıları! Başladığımız mübarizəni yarımçıq qoymağa haqqımız yoxdur

Bəziləriniz bizdən, özünüzdən, həyatdan belə, küsmüsünüz; Hansı partiyada olmağınızdan, hazırki əhval-ruhiyyənizdən asılı olmayaraq, hamınıza müraciət edirəm

AXCP sədri Әli Kərimli 5 aprel mitinqi ilə bağlı Azərbaycan Xalq Hərəkatının iştirakçısı olmuş şəxslərə müraciət edib. Onun facebook səhifəsində paylaşdığı müraciəti təqdim edirik:   Əlbəttə, Azərbaycan Milli Azadlıq Hərəkatının hər bir iştirakçısı Martin Lüter Kinq deyildi. Amma onların hamısının “bir arzusu” var idi. O insanların heç də hamısı qaradərili amerikalıların hüquqlarının müdafiəçisi kimi bir tribun, lider deyildi və onlar arzularını onun kimi gözəl ifadə edə bilmirdilər.

Amma inanın ki, onların da arzuları olduqca ülvi, insani idi. Onlar ilk növbədə Azərbaycanı müstəqil görmək istəyirdilər. İstəyirdilər ki, nəhayət, bu xalqla heç kim ikinci növ insanlar kimi rəftar etməsin. Ölkənin milli sərvətləri bu xalqın özünə qismət olsun. Əminliklə deyirəm ki, Milli Azadlıq Hərəkatı iştirakçılarının arzuları yalnız müstəqilliklə bağlı deyildi. O mərd, cəsur insanlar bu ölkədə şəxsi azadlıqların, demokratiyanın, hüququn aliliyinin, ədalətin bərqərar olmasını arzulayırdılar. Totalitar Sovet hakimiyyətinin hüquqsuzluğundan bezmiş həmin insanlar özləri və övladları üçün bərabər imkanlar arzulayırdılar.

Hərəkat iştirakçıları bir tərəfdən şanslı, digər tərəfdən isə şanssız oldular. Müstəqillik mübarizəmizin tez bəhrə verməsi, üç rəngli bayrağımızın yenidən ucalıb, dövlət bayrağı olması bizim hamımız üçün bir ömürlük qürur mənbəyi olsa da, Azərbaycanla bağlı arzuların çoxu hələ də arzu olaraq qalır.

eli_kerimliAcgöz, qəddar sülalə hakimiyyəti ilə 10 illər ərzində davam edən demokratiya və azadlıqlar uğrunda mübarizə 80-90-cı illər gəncliyinin həyatının ən enerjili dövrünü sümürdü. Minlərlə hərəkatçı Qarabağa vuruşmağa könüllü gedib, ya qazi, ya da şəhid oldular. 10 minlərlə hərəkatçı rejimin ayrı-seçkiliyi səbəbindən işini itirdi, iş tapa bilmədi, ən ağır sosial məşəqqətlərə qatlaşdı. Vüqarlı, qürurlu həyata daha çox haqq edən bu mərd, mübariz insanları rejim çox vaxt ailələrinin, qohumlarının yanında başıaşağı etdi. Onların işləyib, halal pul qazanmaq imkanı olmadı. Onlara görə qohumları, övladları ayrı-seçkiliyə məruz qaldı. Əlləri ilə qurduqları dövlətin dəyənəyi başlarının üstündən əskik olmadı.

Bu, bir fenomendir ki, bu gün də sıralarımızda 20 ildən artıq mübarzə yolunu sapmadan, yorulub-usanmadan, qürurla yürüyən “azadlıq marafonu”nun minlərlə iştirakçısı var. Amma ülvi arzularla yaşayan 10 minlərlə hərəkatçı bu ölkəni tərk etdi. 10 minlərlə hərəkatçı yoruldu, ümüdini itirdi, gec də olsa, öz şəxsi həyatını birtəhər qurmağa qərar verdi. Sözüm sizlərə – Milli Azadlıq Hərəkatı iştirakçılarınadır.
Bu müqəddəs yola çıxmış insanların içində cəmi bir neçə yüz nəfər oldu ki, ideallarına, arzularına, əqidə dostlarına xəyanət etdi, öz kamfortlu həyatı üçün xalqı çapıb-talayanların sırasına qoşuldu. Hərakatçı nəslin mütləq əksəriyyəti isə aktiv mübarizədə deyillərsə də, ideal və arzularına xəyanət etməyiblər.

Amma sizin bir çoxunuz yorulmusunuz, dəyişikliklərə ümidinizi itirmisiniz. Bəziləriniz bizdən, özünüzdən, həyatdan küsmüsünüz. Daha bir qrupunuz sağlamlığınızı itirmisiniz, indi onunla məşğulsunuz. Sosial çətinliklər altında gözünü açıb ətrafa baxa bilməyənlər də xeylidir. Hansı partiyada olmağınızdan, hazırki əhval-ruhiyyənizdən, problemlərinizin böyüklüyündən asılı olmayaraq, hamınıza müraciət edirəm:

Başladığımız mübarizəni yarımçıq qoymağa, 10 illiklər ərzində bizləri sıxmış problemlərin həllini özümüzdən sonra gələn nəslin – övladlarımızın çiyninə yükləməyə haqqımız yoxdur. Özümüz, övladlarımız, hər bir azərbaycanlı ilə bağlı arzularımızdan vaz keçməyə heç haqqımız yoxdur. Günü-gündən dərinləşən sosial-iqtisadi böhran xalqımızı yeni-yeni sınaqlara çəkəcək. Belə bir məqamda siz, Azərbaycan sevdalıları mübarizədən kənarda qalmamalısınız! Azərbaycan arzusunun gerçəkləşməsi naminə yenidən hamılıqla dinc mübarizəyə qoşulmağınız lazımdır!

5 aprel, saat 15:00-da “Məhsul” stadionunda (İnşaatçılar metrostansiyasının yaxınlığında) keçiriləcək razılaşdırılmış mitinqə qatılın. “Talana son!” deyin, yeni bir proses başladıb, dövlətimizə və millətimizə sahib çıxın!

~ tərəfindən Patriot 04/04/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma