BU GÜN “TALANA SON” MİTİNQİDİR!

mitinq - milli sura

Ölkənin tanınmışları vətəndaşları aksiyada fəal iştiraka çağırdı

«Bu aksiyaya biganə qalsaq, hakimiyyət talançı siyasətini davam etdirəcək»

Milli Şuranın 15 mart “Talana son” mitinqi ölkə gündəmini zəbt etdi. Xüsusən də sosial şəbəkələrdə bir mitinq havası əsdi. Hakimiyyət də 15 mart mitinqindən ciddi narahatlığını ortaya qoydu. Iqtidar mitinqin kütləviliyini azaltmaq üçün müxtəlif təxribatlara əl atdı. Bir neçə gün əvvəl Bakı Şəhər Icra Hakimiyyətinin adından mitinqə razılıq verilmədiyi barədə saxta məktub yayıldı. Bu təxribat ifşa olunduqdan sonra Milli Şuranın sədri Cəmil Həsənlinin profil və səhifəsi haker hücumu ilə oğurlandı, onun səhifəsində yaradılan və 100 min nəfərdən artıq insana göndərilən mitinqə dəvət ləğv edildi, Cəmil Həsənlinin adından vətəndaşları çaşdırmaq üçün yalan məlumatlar yayıldı.

Ötən gün isə məlumat aldıq ki, tələbələrin mitinqə getməsinin qarşısını almaq üçün bəzi ali məktəblərdə bazar gününə dərs salınıb. Bu sırada Inşaat Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının adını çəkmək olar.

Hakimiyyətin təxribatlarına baxmayaraq Milli Şuranın mitinqinə diqqət böyükdür. Hətta qurumun üzvü olmayan ictimai xadimlər, siyasilər də mitinqə çağırışlara qoşulub.

milli sura 15 mart mitinqMilli Şura Kordinasiya Mərkəzinin üzvü, istiqlalçı deputat İbrahim İbrahimli hesab edir ki, 15 mart mitinqinə belə ictimai marağa səbəb onun sosial-iqtisadi həyatımızda baş verən kəskin maddi dəyişiklikdən doğan sosial sifarişlə bağlıdır: “Bir gecədə milli valyutanı ucuzlaşdıranların məqsədi insanların min bir əziyyətlə yığıb-topladığı son tikəsini də əlindən almaqdır. Bu hakimiyyət ahıl yaşlı adamın kəfən puluna belə göz dikəcək qədər cılızdır. 21 fevral “Manat əməliyyatı”ndan sonra cəmiyyətin hakimiyyətə qarşı aqressiyası haqlı olaraq daha da artı. Bu əslində, milli valyutanın deyil, rejimin, hökumətin devalvasiyasi idi. 20 ildən artıq xalqı “güclü iqtisadiyyat” nağılları ilə yuxuya verən hakimiyyət son aylardakı soyğunçu siyasətilə öz mahiyyətini göstərmiş oldu”. İbrahm İbrahimli vurğudadı ki, Milli Şura ölkədə hökm sürən özbaşınalıqlara, soyğunçu siyasətə etiraz etmək üçün xalqın çağırışlarını nəzərə alaraq, 15 mart mitinqini təyin edib. Bu mitinq hər hansı siyasi təşkilatın deyil, bütövlükdə toplumun mitinqidir: “15 mart mitinqi hər bir azərbaycanlıya arzu-istəklərini ifadə etmək, “yalana, talana son” demək fürsətləri yaradacaq. Cəmiyyətin bütün təbəqələri – şəhid ailələri, pensiyaçlar, müəllimlər, həkimlər, bütövlükdə hər bir Azərbaycan vətəndaşı bu aksiyaya qatılmalıdır”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü hüquqşunas Qurban Məmmədov hesab edir ki, xalq nağılardakı kimi ağ atlı oğlan gözləməməli, baş verən soyğunçuluğa etiraz etməlidir: «İnsanlar baş verənlərə laqeyd qaldıqca bu cinayətkar rejim öz bəd əməllərini davam etdirəcək. Vəzifəyə, pula, şan-şöhrətə həris bir qrup adam Azərbaycan hakimiyyətini ələ keçirərək, bu xalqın əmlakını, malını dağıdır. Bir gecənin içində manatı 33 faiz ucuzlaşdıranıar bu əməliyyatın bədəlini xalqa ödətmək istəyirlər. Bu gün ölkədə monopoliya mövcuddursa, insanların qabiliyyəti hesabına qazanmasına imkan verilmirsə, beş-altı ailə ölkənin bütün sərvətlərini ələ keçiriirsə, baş vermiş iqtisadi böhrana görə niyə Azərbaycan xalqı bədəl ödəməlidir?! Bu baxımdan hesab edirəm ki, mitinq keçirilməsi doğru və zamanında verilmiş qərardır. Bu mitinqlər ardıcıl davam etməlidir. Azərbaycan xalqı da bu dinc etiraz aksiyalarında iştirak edərək etirazını bildirməlidir ki, bu rejim ən azından bu cinayətlərini durdursun. Nə qədər gec deyil, nə qədər ki, ölkə dağılıb virana qalmayıb, ziyanın yarısından da qayıtmaq xeyirdir. Ona görə də hamı bir nəfər kimi 15 mart aksiyasına qatılmalıdır. Bu, siyasi xarakterli mitinq deyil. Bu, ümumxalq problemlərini özündə birləşdirən, xalqın sifarişi ilə keçiriləcək bir aksiyadır».
Q.Məmmədov vurğuladı ki, dövlətinə və malına sahib çıxmayanın dövləti də, malı da özgəsinə qismət olar. «15 mart mitinqi dövlətinə və malına sahiblənmə aksiyasıdır», deyə Q.Məmmədov vurğuladı.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev də bu mitinqin izdihamlı alınacağına inanır. Xalqı aksiyada fəal iştirak etməyə səsləyən E.Quliyev hesab edir ki, insanlar ləyaqətlərinin tapdanmasına göz yummamalıdır: “15 mart mitinqi sözün həqiqi mənasında xalqın sifarişidir. Milli Şura heç bir siyasi divident güdmədən bu aksiyanın təşkilatçılığını boynuna götürərək, xalqın ağrısını, acısını dilə gətirəcəkdir. Millətimiz ilk növbədə biganəlikdən azad olmalıdır. Hər şeyə göz yummaq, susmaq vəziyyəti dəyişmir. Hər gün daha da pisləşən iqtisadi-sosial durum səssiz qalmaqla düzəlməyəcək. Xalq hamılıqla 15 mart aksiyasına qoşulmalıdır”.

Milli Şuranın Hüquq Komissiyasının rəhbəri Vidadi Mirkamal da 15 mart aksiyasının cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını söylədi: «Azərbaycanda bu gün çox böyük hadisələr baş verir. Manatın ucuzlaşdırılmasından sonra ölkədə ciddi narahatlıqlar başlayıb. İqtidar iyirmi ildən artiq bir zamandan, əsasən də neft gəlirlərinin pik dövrünü yaşadığımız son beş ildə əlinə düşən şansdan yararlanmadı, ölkə iqtisadiyyatını düzgün formalaşdırmadı. Mikro və makro iqtisadiyyat qurmaq, neftdən asılılığı azaltmaq əvəzinə, insanları daimi işlə təmin etmək yerinə ölkə sərvətlərini talamaqla məşğul oldu. Daimi iş yeri yolların, hasarların çəkilməsi, parkların salınması ilə yekunlaşmır. Paytaxt və bölgələrdə zavod və fabrikilərin tikilməsi, beynəlxalq rəqabətə malik məhsulların istehsalına inkişafına təkan verilməli idi. Lakin baş verənlər tamamilə fərqli oldu».
V.Mirkamal bildirdi ki, hakimiyyət neftdən əldə olunan gəlirləri lazımsız yerlərə sərf etməklə, bir zamanlar ölkə iqtisadiyyatının çox güclü olduğu ilə bağlı bəyanatlar verirdi. Amma neftin qiymətinin düşməsilə bütün bu yalanlar işfa olundu və bəlli oldu ki, bu hakimiyyətin güclü inkişaf bəyanatları sabun köpüyü imiş. «Bu gün Azərbaycan vətəndaşları çox narahatdır və son devalvasiya əməliyyatından sonra xeyli yoxsullaşıblar. Eyni zamanda maaş və pensiyaların artırılması yubanır. Ticarət obyektlərində malların qiyməti sürətlə qalxır. Belə bir vəziyyətdə insanıarın yaşayış minimumu aşağı düşür. Hakimiyyət büdcədən oğurlarıdığı pullara toxunmur, əksinə onların xarici banklardakı yerini daha da möhkəmlədir. Yürudülən yanlış iqtisadi siyasətinin acı nəticəsini xalqın üzərinə atan iqtidar bu siyasətdən vaz keçməlidir. Azərbaycan insanı bu baş verən soyğunçu siyasətə etiraz etməlidir. Martın 15-də baş tutacaq kütləvi aksiyaya qoşulmayan vətəndaş hökumətə «yaxşı yaşayırıq», «talana, alçaldıcı yaşayışa razıyıq» mesajını vermiş olacaq”, deyə V.Mirkamal vurğuladı.

Milli Şura üzvü Məşədi Natiq Kərimov hesab edir ki, hökumətin manatla bağlı qərarı və bahalaşmaya rəvac verməsi əslində xalqa qarşı hörmətsizlikdir: “20 ildir korrupsiya yolu ilə xalqın malını, pulunu. sərvətini talan edən hakimiyyət bu xalqa nə gün ağlayıb?! Oğurlayıb xaricə daşıdıqları pula toxunmayan iqtidar nümayəndələri iqtisadi problem yarandığında ağrını bu xalqa çəkdirməlidir? Xalqı bundan artıq necə təhiqr etmək, alçaltmaq olar? Hakimiyyətdə olduqları uzun illər ərzində maddi imkanlar olub ki, qeyri-neft sektorunu, kənd təsərrüfatını inkişaf etdirsinlər, bank sektorunda reformalar həyata keçirsinlər. Bunların heç biri olmadığı üçün mövcud iqtisadi problemlər ortaya çıxıb. Tez bir zamanda bu talançılığa son verilməsə sosial partlayış qaçılmaz olacaq.
İnsanlar nəhayət dərk etməlidir ki, öz taleyimizə özümüz sahib çıxmalıyıq. Kimsədən kömək gözləmədən səsimizi ucaltmasaq, hakimiyyət soyğunçuluğa davam edəcək. Mən bütün inanclı insanlarımızı da 15 mart mitinqinə dəvət edirəm”.

Tanınmış hüquqşünas, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov da hesab edir ki, 15 mart mitinqi xalqın maraqlarına uyğun, onun sifarişi əsasında təyin edilən bir aksiyadır: “Mən inanıram ki, “Talana son” mitinqi cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə kütləvi bir tədbirə çevriləcək. Narazı əhalinin öz tələbini hökumətə çatdırmaqçün meydana axışacağını güman edirəm. Bütün gəncləri, tələbələri, müəllimləri, həkimləri bu aksiyada iştiraka səsləyirəm. 15 mart aksiyası xalqın daha susmaq istəmədiyini əyani sübut edəcək bir mitinqə çevrmək üçün hamılıqla Məhsul stadionuna gəlməliyik!”.

Milli Şura üzvü Vahid Məhərrəmovun fikrincə, artıq hiss olunur ki, hökumət idarəetmədə çətinlik çəkir. Son proseslər bunu bir daha isbat edir. Vahid Məhərrəmov hökumətin iqtisadi problemləri həll etmək üçün xalqdan ciddi təzyiq görməli olduğunu vurğulayır: “Bu qədər neft gəlirləri hansı istiqamətə xərclənir? Niyə bu qədər işsizlik problemi, bahalaşma yaşayır bu xalq? Hesab edirəm ki, insanlar fəalliıq göstərib 15 mart mitinqinə qoşulmasa, hökumət geriyə çəkilməyəcək. Müəllim, həkim təbəqəsi, gənclik fəallaşmalı, öz vətəninə sahib çıxmalıdır”.

Milli Şura üzvü Rövşən Əhmədlinin fikrincə, xalq bu hakimiyyətin əsl mahiyyətini görür və artıq baş verənlərə susmaq fikrində deyil: “Millət öz taleyini saxta yolla hakimiyyəti qəsb edənlərin ümidinə buraxmamalıdır. Xalqın sifarişi əsasında təyin edilən 15 mart aksiyasına qatılmaq hər bir vətəndaşın hüququ və mənəvi borcudur. Ölkədə baş verən talançılığa münasibət bildirməyən vətəndaş əslində sabahı üçün daha böyük təhlükələr hazırlayır. Hakimiyyətin ən çox qorxduğu xalqın özünə inam hissinin formalaşmasıdır. ”Talana son!” mitinqinə cəmiyyətin göstərdiyi rəğbət iqtidarı özündən çıxardığı üçün artıq sosial şəbəkələrdə, yandaş mediada ucuz təxribatlarla məşğul olaraq xalqı çaşdırmağa çalışırlar. Bu təxribatı törədənlər çox böyük yanlışa yol verirlər. Çünki xalq artıq bu hakimiyyətin əsl mahiyyətini görür, bilir. Hamılıqla mitinqə qatılaraq rejim qarşısında millətin gücünü nümayiş etdirməliyik”.

Milli Şura üzvü Mehriban Vəzir uzun illər aparılan həm daxili, həm xarici siyasətin yanlışlığına səbəbin vətəndaşların lazımi anda proseslərə münasibət bildirməməsi səbəbin olduğunu deyir:
“Yürüdülən bu antixalq siyasətdən əhali çox narazıdır. Hökumət nəzərə almalıdır ki, bu aqressiyanın sonu çox ağrılı ola bilər. Iqtidar nümayəndələri ciddi düşünməlidir. Xalqı bu qədər alçaldaraq sosial partlayışa zəmin hazırlamaq kökündən yanlış siyasətdir. Hesab edirəm ki, insanlar baş verənlərə lazımi hüquqi münasibətlərini bildirməlidirlər. 15 mart ”Talana son!” aksiyasının sifarişini verən xalq bu mitinqdə kütləvi şəkildə iştirak etməlidir. Mövcud vəziyyətdən yeganə çıxış yolu dinc, kütləvi etirazlara qoşulmaqdır. Təklikdə etiraz etmək, daxilimizdə aqressiya yaratmaq vəziyyəti dəyişməyəcək. Insanlar narazılıqlarını Milli Şuranın təşkil etdiyi bu mitinqə qatılaraq bildirməlidir”.

AXCP Rəyasət Heyətinin üzvü Məşədi Vaqif Pənahov 15 mart mitinqinin kütləviliyinin xalqın özünəinam hissinin yaranmasına, yeni etiraz dalğasının formalaşmasına səbəb ola biləcəyini deyir:
“15 mart mitinqini faktiki olaraq xalq sifariş edib. Bu aksiyanın təşkilatçılığını Milli Şura öz üzərinə götürsə də, prosesə xalq qoşulmalıdır. Fevralın 21-i baş verən devalvasiya ilə xalqın cibinə girən hökumətə məsuliyyətini dərk etdirmək üçün hər kəs gərək bu aksiyada iştirak etsin. ”Talana son” aksiyasına hamılıqla qatılmasaq, hökumət düşünəcək ki, bu soyğunçu siyasətini davam etdirməlidir. Iqtisadçı ekspertlər də hesab edir ki, yaxın aylarda milli valyuta daha 15-20 faiz ucuzlaşdırılacaq. Mövcud iqtidar xalqın narazılığını görməsə,ÿheç bir gərəkli tədbirlər körməyəcək. Ölkənin bütün regionlarına müraciət edərək hər kəsi 15 mart mitinqinə qoşulmağa çağırıram”.

Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlı 15 mart mitinqinin kifayət qədər izdihamlı olacağına inandığını deyir: “Milli Şuranın 15 mart ”Talana son!” aksiyası milli valyutanın ucuzlaşdırılmasından sonra yaranan sosial sifariş əsasında təyin olunub. Hakimiyyət bu soyğunçu siyasətilə xalqın hər bir fərdinə maddi zərbə vurmuş oldu. Cəmiyyətin 15 mart aksiyasına göstərdiyi diqqət bu aksiyanın kifayət qədər kütləvi olacağını deməyə əsas verir. Hakimiyyətin narahatlığı da göz önündədir. Sosial şəbəkələrdə törədilən təxribatlar əksinə, insanların özünə inamının artmasına səbəb olub.
Mitinq Komitəsinin üzvü kimi əminliklə deyə bilərəm ki, 15 mart “Talana son!” mitinqi son illərin ən uğurlu aksiyası olacaq. Xalqın bu mitinqə müsbət reaksiyası, çağırışlara verilən müsbət cavablar, insanların bahalaşma siyasətinə daha susmaması, bu mitinqin kifayət qədər izdihamlı olacağına işarədir. “Talana son” aksiyası xalqın mitinqidir. Xalq ayaqda olmasa, bu təhqiramiz siyasət dayanmayacaq”.

Milli Şura üzvü Nurəddin Mustafayev də hesab edir ki, bu mitinqə cəmiyyətdə yetərincə diqqət var və BŞIH ilə razılaşdırılmış bu aksiyaya qoşulmamaq üçün heç bir səbəb yoxdur: “Biz sabahımızı, övladlarımızın gələcəyini düşünürüksə, 15 mart mitinqində iştirak etməliyik. Milli Şura Azərbaycan xalqının sifarişini nəzərə alaraq bu mitinqi təyin etdi. Ölkədə bu gün baş verənlərə biganə qalan vətəndaşın sabah kimdənsə küsməyə haqqı yoxdur. Milli Şura mitinqin ağırlığını çiyninə götürərək vətəndaşların səsini duyurmağa çalışacaq. Razılaşdırılmış bu aksiyaya qatılmamaq üçün heç bir bəhanə ola bilməz. Qanun çərçivəsində keçiriləcək ”Talana son!” mitinqində hər bir vətəndaşı fəal olmağa səsləyirəm”.

Yazıçı Zümrüd Yağmur da Milli Şuranın 15 mart mitinqinə çağırış edib. O, facebook səhifəsində yerləşdirdiyi çağırışda yazır ki, ölkədə son bahalaşma hamıya təsir edib, varlıdan kasıba hamının büdcəsinə vura bildiyi zərbəni vurub. Ona görə də 15 mart mitinqində hamılıqla iştirak etmək lazımdır: “Bu mitinqə də gəlməyəcəksinizsə, daha nə zaman öz taleyinzə sahib çıxacaqsınız? Əgər bu mitinqə də qatılmayacaqsınızsa, onda kimsə deməsin ki, ölkədə qanunsuzluq baş alıb gedir. Kimsə narazılıq etməsin ki, bahalıqdır. Kimsə deməsin ki, iqtidar bizi adam yerinə qoymur…
Gəlməyəcəksinizsə, bütün bunların memarının siz olduğunu təsdiq edəcəksiniz. Əgər bu mitinqdə də siz o meydanı seyrək və sönük qoyacaqsınızsa, yenə də “müxalifət etmədi, edə bilmədi” deyib yaxanızı kənara çəkəcəksinizsə, demək ki, aciz və yenə də aciz olduğunuzu boynunuza alırsınız. Demək ki, qorxu dəyər və heysiyyatınızdan böyükdür. Demək ki, kölə olmağı, əzilməyi haqq edirsiniz…
Müxalifət inqilab etmir, edə də bilməz. Bundan gözünüzü yığın. Qərb sizə xoncada azadlıq gətiməyəcək, onun belə bir öhdəliyi və ya borcu da yoxdur, bundan da gözünüzü yığın.
Kimlərsə həbs olunmağa, əzab çəkməyə borclu deyil. Onlar öz vicdanlarının səsi ilə hərəkət edirlər və onlara minnətdar olmalısınız. Ən azından sizin içinizdə boğduğunuz səsi canlı halda saxlaya bildiklərinə görə…
Sən, Azərbaycan xalqı, bu iyirmi ildə boynuna düşən hansı vəzifəni yetinə yetirdin? Hansı işin altına əlini qoydun? Ancaq qorxunu bəsləyib böyütdün öz içində…
Bəhanələri bir yana qoyun! Liderin olmamasından, müxalifətin zəif olmasından, inqilab etmək üçün “doymaqdan”, nə bilim, inamınızın qırıldığından bəhs etməyin lütfən. Qoyun lider olmasın, müxalifət də zəif olsun. Siz siz olun, xalq ola bilin!
Xalq lider gözləyirsə, demək zəif olduğunu etiraf edir. Xalq inamsız olduğunu əsas gətirirsə, demək ki, cahildir. Xalq aldadıldığını deyirsə, demək ki, nadandır. Xalq bəhanələrə sığınırsa, demək ki, acizdir. İndu buyurun, 15 matrda kim olduğunuzu nümayiş etdirin – bütün bu yalan, qorxu, bəhanələrdən sıyrılıb qılınc kimi parıldaya, o qılıncı bizi bu hala gətirənlərin boynuna dayaya biləcək qədər cəsarətlimi xalqıq, yoxsa?!.
15 mart yenidən millət ola bilmənin tarixi ola bilər.
O günü yazan da, pozan da siz ola bilərsiniz.
Nə müxalifət, nə Qərb…
Siz siz olun, tarix yazın.
Pozmayın…
Əks halda özünüzü tarixin şanlı səhifələrindən pozacaqsınız!”.

Tanınmış dissident Nadir Ağayev bildirib ki, ölkənin mübariz övladları, hamı bir nəfər kimi 15 mart mitinqinə qatılmasa milləti böyük iqtisadi fəlakət gözləyir: “Milli Şura xalqdan gələn sifarişi dəyərləndirərək mitinq təyin etmişdir. Ölkədə hökm sürən hər bir özbaşınalıqlara, korrupsiyaya, rüşvətə, talana yox demək üçün böyük bir fürsət yaranacaqdır. 15 mart mitinqinin məsuliyyəti böyükdur. Xalq bu aksiyaya biganə qalsa hakimiyyət talançı siyasətini davam etdirəcəkdir. Hər bir vətəndaşı ”Talana son” mitinqində iştiraka səsləyirəm”.

Vəkil Yavər Hüseyn bildirib ki, hakimiyyət öz qarşısında içtimai müqavimət görməsə xalqın maraqlarına uyğun olmayan bu siyasətə son verməyəcəkdir: “Hakimiyyət belnəlxaq öhtəliklərə, demoktatik prinsiplərə zidd olaraq bu günə qədər xalqın öz fikrini müstəqil şəkildə ifadə etməyinə maneələr yaradıb. Mövcud iqtidar düşünür ki, cəmiyyətdə müəyyən qorxu mühiti yaratmaqla bütün bu baş verənlərə adekvat cavab görməyəcək. Amma yanılır. Çünki insanlar daha əvvəlki kimi sadəlövh deyil. Artıq hər kəs bu rejimin mahiyyətini görür. Hesab edirəm ki, 15 mart ”Talana son” mitinqi cəmiyyətin məlumatlı təbəqəsinin iştirakilə çox minli bir aksiyaya çevriləcəkdir. Əgər mövcud yarıtmaz siyasətə uyğun olaraq xalq buna etiraz edərsə hakimiyyət müəyyən mənada geri addımlar ata bilər”.

Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin (ADNDTB) sədri Mehdibəy Səfərovun fikrincə, bu gün ölkədə baş verənlər, milli valyutanın devalyasiyası, məhsulların bahalaşması xalqın sosial-iqtisadi maraqlarına uyğun şəkildə aparılmayıb: “Hökumət əgər iqtisadi siyasət həyata keçirirsə, manatı ucuzlaşdırırsa bunu xalqdan xəbərsiz şəkildə etmək ən azından insanlara qarşı hörmətsizlikdir. Bir gecənin içində əhaliyə 34 faiz zərər vurmağa heç bir halda bəraət qazandırmaq olmaz. Əhalinin bir hissəsinin banka borcu dollarladır. Bəs bu şəxslərə hansı güzəştlər edildi?!
Hakimiyyət əgər bu siyasəti həyata keçirdisə indi zəhmət çəksin xalqa cavab versin. Milləti yalanlarla idarə etmək mümkün olmayacaqdır. Neft ölkələrinə nəzər yetirsək görərik ki, o ölkələrdə hakimiyyət xalqa neft gəlirlərindən müəyyən pay verir, nəinki sərvətləti talayır, millətin cibinə girir. Milli Şuranın 15 mart mitinqini təqdir edirəm. Xalqın problemlərini dilə gətirmək, bu soyğunçuluğa etiraz etmək üçün təşkil olunan bu aksiyaya hamılıqla dəstək verib, səsimizi duyurmalıyıq. Düşünürəm ki, “Talana son” mitinqi kifayət qədər üğürlu alınacaq. Hesab edirəm ki, əgər bu aksiya kütləvi alınarsa hakimiyyət müəyyən islahatlara getməyə məcbur olacaq”.

Masallı Ziyalıları Ictimai Birliyinin sədri Məmmədağa Eynullayev hesab edir ki, əgər millət olaraq bu haqsızlıqlara səsimizi ucaltmasaq hakimiyyət daha da irəli gedərək xalqın maddi rifahına böyük zərbə vuracaq: “Ölkənin vətəndaş cəmiyyəti,ziyalıları müxəlifət partiyaları təqdirəlayiq təşəbbüslə çıxış edərək 15 mart günü üçün ”Talana son” mitinqi təyin edib. Millətdən gələn sosial sifariş əsasında çağırılan bu mitinqə hər bir vətəndaş qoşulmalıdır. Mübarizə aparılan yerdə nəticə mütləqdir. Əgər hər bir vətəndaş qərar versə ki,bu haqsızlığa, bu yaşayışa layıq deyilik, o zaman həyatımızda hər şey dəyişər. Bunun yolu mübarizədən keçir. 15 mart “Talana son” aksiyasına qatılmaqla demokratik dəyişikliklər üğrunda gedən prosesin yeni mərhələsinə start vermək olar. Mən inanıram ki, cəmiyyətdə fəallaşma yaranarsa mövcud rejim nəticədə xalqla hesablaşmış olar. Cəmiyyətin saflaşması, rüşvətxorluğun, talançılığın aradan qaldırılması uğrunda hər kəsi 15 mart “Talana son” mitinqinə qatılmağa çağırıram”.

Şəhid atası Əli Kərimbəyli 15 mart “Talana son” mitinqinin sosial sifariş olduğunu qeyd edərək, Milli Şuranın təyin etdiyi bu aksiyaya vətənlaşların hamılıqla qoşulmalı olduğunu bildirir: “Xalq tərəfindən seçilməyən dövlət başçıları heç zaman xalqın maraqlarını nəzərə almırlar. Uzun illərdir aparılan mübarizənin uzanması hakimiyyətin repressiv siyasətilə bağlı olub. Artıq dünya dəyişir. Köhnə idaretmə sistemi, kölə təfəkkürü ilə cəmiyyəti idarə etmək artıq mümkün olmayacaq. Talançılıq, korrupsiya orduda, təhsildə, səhiyyədə hökm sürən rüşvətxorluq aradan qalxmayınca millətin gələcəyi işıqlı görünmür. Rejimin yeritdiyi antixalq siyasəti bir gün əlbəttə sona çatacaq. Mən əminəm ki, qələbə də uzaqda deyil. Yetər ki, hər kəz özünə inanaraq layiqli həyat uğrunda mübarizəyə atılsın. Layiqli həyat sürmək üçün ilk olaraq layiqli vətəndaş olmalıyıq. Hər kəsi 15 mart ”Talana son” aksiyada iştiraka səsləyirəm”.

Milli Şuranun üzvü Qələndər Muxtarlının fikrincə, 15 mart mitinqi millətimiz üçün böyük bir sinaqdır: “Hakimiyyət nümayəndələrindən heç kim 20 ildən artıq bir dönəmdə Azərbaycanda cərəyan edən proseslərin əsl mahiyyəti haqqında doğru olanı söyləmək istəmir! Əslində vəziyyət olduqca çətindi. Geosiyasi reallıqların yaratdığı və diqtə etdiyi mənzərə isə olduqca narahatvericidir, düşündürücüdür. Vaxtilə bizim nəsil Azərbaycanın dövlət müstəqilliyinin bərpasından yana Milli Azadlıq Hərəkatına nə qədər önəm verirdisə, indi ondan daha artıq fədakarlığı Azərbaycanın demokratikləşməsi üçün etməliyik. Bu gün ölkənin ictimai-siyasi həyatında, millətin, dövlətin taleyində fəal iştirak etmək recim tərəfindən təhlükə kimi qəbul edilir. Biz millət olaraq problemlərimizə, milli dəyərlərimizə və gələcəyimizə sahib olma haqqını özümüzə qaytarmalıyıq. Bütün hallarda ölkədəki ədalətsizliyi görüb susmaq bu ədalətsizlikdə iştirak etməkdir! 15 martda hamılıqla meydana gəlib, millət olaraq varlığınızı isbatlamalıyıq”.

AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, ölkədə böhranlı vəziyyət günü-gündən dərinləşir. Cəmiyyətdə narazılıqların artması sosial partlayış həddi yaradıb: “Bahalaşmanın vüsət almasına, sosial ədalətsizliklərə, baş alıb gedən qanunsuzluqlara və özbaşınalıqlara, korrupsiyanın, rüşvətin tüğyan etməsinə, talançılığa nə qədər dözmək olar? Xalqın sərvəti amansızcasına dağıdılır, milyonlarla vəsait havaya sovrulur, insanların, hətta elementar hüquqları tapdaq altındadır. Ölkədə belə acınacaqlı və çıxılmaz vəziyyət yaradanlara bu xalq “əhsən” deməlidir? Təbii ki, insanların səsini, şikayətini, narazılığını dinləmədikcə, o, daha ucadan bağıracaq ki, kar qulaqlar eşitsin, duysun, tədbir görsün”.
Əli Orucov vurğulayır ki, Azərbaycan vətəndaşları indiki həssas və kritik məqamda siyasi fəallığını daha da artırmalı, proseslərdən kənarda qalmamalı, dövlətinə, onun sərvətlərinə və çıxarlarına sahib durmalıdır: “Əks halda, günahı başqalarında axtarmamalıdır. Çünki nə qədər başına gətirilənlərə susacaqsa, nə qədər ki, hər şeyə biganə qalacaqsa, nə qədər ki, qorxub-çəkinəcəksə o qədər rəzil duruma salınacaq, onunla hesablaşan olmayacaq”.
Partiya yetkilisi mitinqdə iştirakla bağlı sualı isə belə cavablandırıb: “Doğrudur, AMİP partiya kimi bu aksiyada iştirak etməsə də, üzvlərinə sərbəstlik imkanı verib. Mən də bu imkandan yararlanacam. Fərqi yoxdur ki, bu aksiyanı Milli Şura, Müsavat Partiyası və ya hansısa başqa qurum təşkil edir. Harazı vətəndaşlardan biri kimi, mən də təşkil olunan etiraz aksiyalarında iştirak etmək niyyətindəyəm”.

~ tərəfindən Patriot 15/03/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma