“MİTİNQƏ GƏLİN VƏ ÖLKƏNİZƏ SAHİB ÇIXIN!”

milli-sura-mitinq

Mitinqə getmək niyə vacibdir?

Siz hüququnuzu hakimiyyətə güzəştə getdikcə, hakimiyyət sizə qarşı güzəştsiz hüquqsuzluq edəcək

YAP hakimiyyəti Azərbaycan insanını yalnız səfil etməklə kifayətlənmədi. Həm də insanların təfəkkürünü, daxili aləmini zəhərləməklə məşğul oldu. Məhz bu zəhərləmənin sayəsində “mənəvi amneziya” əmələ gəldi. Yəni insanlar bütün müsbət dəyərlərin təyinatını təhrif etməyə başladılar. Məsələnin əsl mahiyyəti unuduldu. Vəziyyət o həddə çatdı ki,  Konstitusiyada əksini tapmış “sərbəst toplaşmaq azadlığı” da “pis adamların yığıncağı” kimi təqdim edildi. Bir qayda olaraq hakimiyyət mitinq keçirənləri “anti-milli”, “dövlətçiliyə ziyan vuranlar”, “inkişafı gözü götürməyənlər” kimi təqdim etdi. Hansıki, bu mitinqlər seçki saxtakarlığına, qiymət artımına, vicdanlı insanların şərlənərək həbs edilməsinə etiraz etməkdən ibarət olurdu.  Hakimiyyət isə AzTV-lər vasitəsilə insanlara sübut etməyə çalışırdı ki, xalq gözəl yaşayır, inkişafımız analoqsuzdur, iqtisadiyyatımız fontan vurur və s.

Insanları o qədər qorxu və ehtiyacla “mühasirə”yə saldılar ki, cəmiyyət də tədricən “bundan sonra gələn, bundan da pis olacaq” qənaətinə gəlməyə başladı. Yəni həqiqətin divarına yalanı hörə bildilər. Amma hamını satın almaq, qorxutmaq, susdurmaq mümkün olmadı və bir qrup insan xalqın yükünü öz çiynində daşımağa başladı. Bu insanlar bacardıqları qədər xalqa sübut etdilər ki, hakimiyyətin vədləri yalan, inkişaf haqqında danışılanlar nağıldı. Məhz xalqı bu “şər laylası”ndan oyatmaq istədiklərinə görə bu adamlar həbs edildi, döyüldü, təzyiqlərə, təqiblərə məruz qaldı. Amma bu adamlar, vicdanını qəfəsə salmamış ictimai-siyasi xadimlər  missiyanı davam etdirmək qərarı verdilər və bu gün də mübarizənin önündədilər.

Əslində, xalqı oyatmağa çalışanların haqlı olduqlarını zaman da təsdiqlədi. Neftin qiymətinin aşağı düşməsi kifayət etdi ki, YAP hakimiyyətinin 22 il ərzində yalnız cibini inkişaf etdirdiyi təsdiqlənsin. Bəli, məlum oldu ki, qeyri-neft sektoru iflic vəziyyətdədir, iqtisadiyyat şaxələnməyib, milli valyuta milyardlar hesabına yüksəkdə dayanıb. Üstəlik, rəsmi statistika da təsdiqlədi ki, təhsil və səhiyyə də “ölümcül” vəziyyətdədir. Amma hakimiyyətin yalanları bununla da məhdudlaşmadı. Yenə də statistik məlumatlar bəyan etdi ki, ölkə vətəndaşlarının 2.2 milyon nəfəri kredit bataqlığında çabalamaqla məşğuldu, 100 minlərlə ailə evsizlik problemi yaşayır, 2 milyondan artıq vətəndaş dolanışıq üçün ölkə xaricinə pənah aparıb. Bu neqativ statistikanı istənilən qədər davam etdirmək olar.

İndi vətəndaşa sual edirik: Bu hakimiyyətin hansı müsbət əməlini gördünüz? Sıravi vətəndşın cavabı belədir: “Yol çəkiblər, binaların fəsadını rəngləyiblər, uca binalar tikiblər”. Hətta hakimiyyətin qatı tərəfdarları da başqa faktları sadalamaqda əziyyət çəkirlər. Deməli, YAP hakimiyyəti 22 il ərzində vətəndaşa “mən yol çəkmişəm” deyərək minnət edir. Sanki hakimiyyətin üzərinə götürdüyü missiya yol çəkməklə məhdudlaşır. Bu məntiqlə yanaşsaq, ABŞ-da, Almaniyada, Fransada, ümumiyyətlə, dünya ölkələrinin 90 faizində hakimiyyət xalqın çiynində oturmalıydı. Çünki, bu ölkələrdə yol, körpü tikintisi daha keyfiyyətli, daha göz oxşayan və daha effektlidir. Yəni bu hakimiyyət xalqın mənafeyi naminə heç bir addım atmadığı və atmaq istəmədiyi üçün “tikmişəm” arqumentinin arxasına sığınıb. Əvvəla, bu tikintilər milyonlarla dövlət vəsaitlərinin mənimsənilməsi hesabına başa gəlib. Digər tərəfdən, tikintilərin əksəriyyəti prezidentin atasının adını daşıyan parklar, muzeylər, prospektlər, komplekslər, təhsil mərkəzləri ilə bağlıdır.  Son olaraq isə hakimiyyət ən yuxarı səviyyədə xalqı aldatdı. Prezidentin vədlərinə, Mərkəzi Bankın əsaslandırmasına baxmayaraq, manat qiymətdən düşdü. Vətəndaşların əmanətləri bir gecə də qiymətdən düşdü, üstəlik, mağazalarda qiymət artımı müşahidə olundu. Yəni 22 illik inkişaf nağılından sonra səfalətin qapıları açıldı.

Və belə bir vaxtda Milli Şura növbəti mitinq qərarını verdi.  Həm də “talançılığa son” şüarı ilə. Bu mitinqə gəlmək ona görə vacib deyil ki, bunu Milli Şura edir. Bu mitinqə az adamın gəlməsi də Milli Şuranı məyus etməyəcək. Çünki, mitinqin məqsədi “biz yaxşıyıq, hakimiyyət pis”, “bizə səs verin”, şüarları ilə keçirilmir. Yəni məqsəd real müxalifətin təbliğatı deyil. Əksinə, bu qədər ədalətsizliyin, talançılığın, korrupsiyanın, yalanın bütün ölkəni məhvə apardığının mesajını verməkdir. Ona görə də bu mitinqə gəlmək vətəndaşın öz taleyinə biganə qalmadığını, kölə olmadığını, yalanlara aldanmadığını təsdiqləməkdir.  Axı bərbad təhsil, xəstə səhiyyə, ölü hüquq sistemi, şikəst iqtisadiyyat, qiymət artımı yalnız müxalifəti təhdid etmir.  Bu acınacaqlı reallıq hamının qapısını döyəcək və hamının eyni vaxtda qapını açmaması daha ağır nəticələr vəd edir. Bu mitinqə gəlmək ona görə vacibdir ki, bu ölkədə doğulmaq da, ölmək də rüşvətlə bağlıdır. Doğum evindən qəbiristanlığa qədər insanın dəyəri puldan aşağıdır. Yəni mövcud hakimiyyət insanları hər an təhqir edir.

Bu mitinqə gəlmək ona görə vacibdir ki, bu ölkənin sərvətlərini bir qrup adamın talan etməsi, sizin övladlarınızın ac qalmasına xidmət edir. Məmurların nəzarətində olan banklar ən yuxarı faizlərlə sizi müflis edir. Seçkilərdə sizin seçiminizə hörmət edilmir. Qeyri-rəsmi ödənişlər sahibkarlıq fəaliyyətinizə əngəl törədir. Gömrük məntəqələri suyun qarşısını kəsmiş div rolunu oynayır. Mülkiyyətiniz əlinizdən alınır və sizin tələbinizə uyğun olmayan kompensasiya verilir. Bir sözlə, bu mitinqə gəlmək ona görə vacibdir ki, siz bu ölkənin vətəndaşısız və mitinqdə etiraz etmək sizin konstitusion hüququnuzdur.

Siz öz hüququnuzu hakimiyyətə güzəştə getdikcə, hakimiyyət sizə qarşı güzəştsiz hüquqsuzluq edəcək. Bu qədər faktları görə-görə, bilə-bilə mitinqə gəlməməyin əsalandırması yoxdur. Bu mitinqə gəlmək ona görə vacibdir ki, gəlməmək üçün bəhanə yoxdur. Bəhanə axtarmaq isə köləliyə könül verməkdən başqa bir şey deyil.

Mitinqə gəlin və ölkənizə sahib çıxın. Ləyaqətli, vicdanlı insanların əziyyətini və öz taleyinizi puç etməyin. Xalq öz yükünü çəkməyə qərar verməsə, xalqın yükünü çəkənlərin kürəyi çox yaralar alacaq.

~ tərəfindən Patriot 04/03/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma