«ƏHALİNİN PANİKASI MANATI DAHA SÜRƏTLƏ UCUZLAŞDIRACAQ»

Hökumət manatın ucuzlaşmasına qərar verdi

Nemət Əliyev: «Əmək haqları, təqaüdlər artırılmalı və ən vacibi yanacaq ucuzlaşdırılmalıdır»

Samir Əliyev: “Bu addım gözlənilən idi, çünki baş verən proseslər manatı ciddi təzyiq altında saxlayırdı”

Fevralın 16-dan Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib. Mərkəzi Bankdan Trend-ə bildiriblər ki, məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: «Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək».

Anons verilmişdi

Xatırladaq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov fevralın 15-də «Financial Times» qəzetinə müsahibəsində deyirdi ki, Azərbaycan manatın dollara nisbətdə saxlanmasından imtinaya hazırlaşır: «Fiskal və monetar siyasətə bəzi düzəlişlər etmək lazımdır. Daha çevik məzənnə və tədricən hədəflənən inflyasiya rejiminə keçid etməyi nəzərdən keçiririk»

Müəlliflər Cak Farçi və Toni Barber yazır ki, dolların məzənnəsinin tənzimlənməsindən imtina Azərbaycan üçün ciddi siyasət dəyişikliyidir. İyundan neftin qiymətində 47 faizlik düşmə iqtisadi və siyasi sabitliyi ilə öyünən bu ölkəni də silkələyib. Neft və qaz ölkə ixracının 95, hökumət gəlirlərinin 70 faizini təşkil edir.

Əhalinin maraqları

On il davam edən çiçəklənmə əhalinin demək olar yarısını yoxsulluqdan çıxarıb, Bakıda tikinti bumu yaradıb. «2015-ci il Azərbaycan iqtisadiyyatı üçün kritik illərdən biridir. Əsas məqsəd iqtisadiyyatı şaxələndirmək, yeni iqtisadi artım modelinə keçmək, xammaldan asılılığı azaltmaqdır».   Mərkəzi Bankın sədri dolların tənzimlənməsindən nə vaxt imtina olunacağını deməyib, ancaq vurğulayıb ki, valyutanın hər hansı formada zəifləməsi qəfil deyil, tədrici olacaq, bank «əhalinin maraqlarını nəzərə alacaq».   2011-ci ildən dolların manata nisbətən məzənnəsi 0.78 həddində saxlanıb, baxmayaraq ki, digər regionlarda valyutalar – rus rublu, qazax təngəsi, gürcü larisi kəskin düşüb.
Manatın qorunmasına bu il 1 milyard xərclənib

Elman Rüstəmov söyləyib ki, məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: “Burada avronun payı 20-30%, inflyasiya ilə bağlı oriyentir isə 5-7% təşkil edəcək. Ötən il inflyasiya 1.4 faiz olub». Baş bankirin dediyinə görə, ilin əvvəlindən milli valyutanın qorunması üçün 1 milyard dollara yaxın vəsait xərclənib. Narahat əmanətçilər əmanətlərini dollara çeviriblər.

Azərbaycanın xarici valyuta ehtiyatları 52 milyard dollardır, iqtisadiyyatın həcminə baxanda, nisbətən böyük rəqəmdir, ÜDM-nin 70 faizinə bərabərdir. Bu fakt ölkə iqtisadiyyatını neftin qiymətinin düşməsinin təsirindən qoruyub.

Ancaq Rüstəmov deyib ki, Mərkəzi Bank iqtisadiyyatda ötən ildəki 2.8 faizlik artımla müqayisədə «müəyyən azalma» müşahidə edib.
«Financial Times» yazır ki, iqtisadiyyat dövlət investisiyasından çox asılıdır. Dövlət sərmayəsinin isə bu il azalacağı gözlənir. Hökumət neftin qiymətinin ilkin olaraq 90 dollar nəzərdə tutulduğu büdcəyə yenidən baxır. Məzənnə siyasətində dəyişiklikdən əlavə, Mərkəzi Bank iqtisadiyyatın stimullaşdırılması üçün bir sıra monetar tədbirlər üzərində də işləyir. Bu tədbirlərə ipoteka istiqrazlarının alınması, kiçik və orta sahibkarlığa kredit ayrılması, bank sektoruna birbaşa dəstək daxildir. Onu da qeyd edək ki, keçən ilin dekabr və bu ilin yanvar aylarında MB manatın məzənnəsinin qorunması üçün öz valyuta ehtiyatlarının 15 faizini, yəni 2.3 milyard dollar xərcləyib.

Manatın ucuzlaşması nə vəd edir?

İqtisadçı Nemət Əliyev bildirdi ki, elə proseslər var,  onlar işə düşdükdən sonra insan amili arxa plana keçir. N.Əliyevin sözlərinə görə, son dövrlər Azərbaycanın sosial-iqtisadi həyatı ilə bağlı baş verənlər elə məcraya daxil olub ki, hökumətin bütün üzvləri yığışsa da onlar manatın ucuzlaşmasının qarşısını ala bilməz: «Bu proses artıq özünün aktiv mərhələsinə daxil olub. Burada diqqəti bir məsələ cəlb edir. Əvvəl baş verənləri dövlət başçısı İlham Əliyev etiraf etmirdi. Daha sonra digər vəzifəli şəxslər baş verənlərin mahiyyətini tam açıq formada demirdilər. Bəyan olunurdu ki, dünya iqtisadiyyatında baş verənlərin Azərbaycan iqtisadiyyatına təsiri olmayacaq. Bu gün artıq boğazdan yuxarı səslənən fikirlər öz aktuallığını itirib. Deməli o fikirlərin heç birinin gerçək əsası olmayıb. Elman Rüstəmovun açıqlaması eyni zamanda onu göstərir ki, ölkənin qeyri-neft sektoruna sahib çıxmayan Azərbaycan hökuməti vəziyyət gərginləşən kimi manata da sahib çıxmır». Hökumətin manatın məzənnəsini ucuzlaşmaya getməsi səbəbinə gəlincə isə N.Əliyev vurğuladı ki, hökumət müəyyən addımlar atmaq üçün əlində olan maliyyə vəsaitini də xərcləmək istəmir: «Manatın ucuzlaşmasının qarşısını almaq artıq çox gecdir. Amma ən dəhşətlisi odur ki, bütün baş verənlərdən sonra Azərbaycan hakimiyyəti yenə də yanlış xətt tutub. Hökumət başa düşməlidir ki, ölkənin qeyri-neft sektorunun inkişafı üçün bütün mümkün addımları atmalıdır. Korrupsiya və rüşvətin qarşısı alınmalıdır. Manat əslində çoxdan ucuzlaşmalı idi. Hökumət həmişə gözünü neftdən gələn gəlirlərə dikib. Amma hazırda qabiliyyət, bacarıq tələb olunan mərhələyə qədəm qoyuruq».

«Əhalinin panikası manatı daha sürətlə ucuzlaşdıracaq»

Manatın ucuzlaşmasının əhali arasında panika yarada biləcəyini istisna etməyən N.Əliyev vurğuladı ki, dövlət başçısı manatın ucuzlaşması niyyəti ilə bağlı açıqlama verdikdən sonra yerli və xarici vətəndaşlar banklardakı vəsaitlərini geri çəkməyə başladılar. Geri qaytarılan vəsaitlər isə banklara təkrarən dollar ilə yatızdırılmağa başladı: «Artıq banklardan vəsaitlərin çıxarılması prosesi başlayıb və gedir. Elman Rüstəmovun bu açıqlaması prosesi bir qədər də sürətləndirəcək. Nəticədə ölkədə vətəndaşlar arasında psixoloji faktorlar aktualaşacaq. Bu isə manatı daha sürətlə dəyərdən salacaq. Xatırlayırsınızsa Rusiyada rubl dəyərdən düşərkən Rusiyanın Mərkəzi Bankı öncə rublun məzənnəsini saxlamaq üçün valyuta ehtiyatlarından külli miqdarda vəsaitlər xərcləməli oldu. Nəticədə elə bir durum yarandı ki, rublun məzənnəsini sərbəst buraxmağa məcbur oldu. Amma bu addım da Rusiya iqtisadiyyatına daha böyük zərbə vurmuş oldu». Azərbaycan rəsmilərinin nə demələrindən asılı olmayaraq manatın ucuzlaşmasının həm də ölkədəki sosial problemləri qabardacağını deyən N.Əliyev bildirdi ki, ölkədə manatın ucuzlaşması ilə bağlı psixoloji faktorların güclənməsi Mərkəzi Bankı daha böyük xərcləmələrə getməyə vadar edəcək: «Manatın devolivasiyası  dövriyədə manatın kütləsinin artması hesabına baş verəcək. Manatın kütləsinin artması isə heç şübhəsiz hökuməti əks addımlar atmağa da vadar etməlidir. Hökumət zəhmət çəkib xaricdəki neft pullarını Azərbaycana gətirməlidir əhalinin onsuz da ağır güzaranı daha da pisləşməsin.

Manatın ucuzlaşması ölkədə ərzaq məhsullarının qiymətini artıracaq. Artıq biz ilkin ərzaq məhsullarında qiymət artımını müşahidə edirik. Kartof və soğanın qiymətində bahalaşma baş verib. Hökumət yaranmış situasiyada əmək haqlarının, təqaüdlərin artırılmasına diqqət yetirməlidir. Və ən vacibi bahalaşmanın daha geniş vüsət almaması üçün enerji daşıyıcılarının qiyməti ucuzlaşdırılmalıdır».

“Azərbaycan hökuməti manatın yumşaq ucuzlaşdırılmasına start verdi. Əslində bu addım gözlənilən idi, çünki baş verən proseslər manatı ciddi təzyiq altında saxlayırdı”.

Bunu iqtisadçı-ekspert Samir Əliyev, özünün “Facebook” səhifəsində yazıb. Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarını şərh edən ekspert qeyd edib ki, iki ayda manatın saxlanmasına 2,3 milyard dollar sərf edilib: “Bu isə valyuta ehtiyatının 15 faizinə bərabərdir. Mərkəzi Bank 2 yoldan birini seçməli idi: ya manatı kəskin ucuzlaşdırmalı (təxminən 20-30%), ya da tədricən ucuzlaşdırmalıdır. Göründüyü kimi, ikinci yol seçildi, çünki qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi bir zamanda manatın devalvasiyası ehtimalı yüksək idi”. Onun sözlərinə görə, bu gün artıq manat dollara nəzərən 0,05 faiz ucuzlaşıb: “Bu ucuzlaşma avronun dünya bazarlarında dollara münasibətindən asılı olaraq davam edəcək”. S.Əliyev vurğulayıb ki, manatın məzənnəsinin bivalyuta səbəti əsasında müəyyənləşdirilməsi mexanizmi bizdə mövcud olub və ondan 2011-ci ildə imtina edilib: “Bu səbət 90/10 nisbəti əsasında dollar-avrodan ibarət idi. Indi səbətdə dollar və avronun payı haqqında məlumat verilməsə də, ehtimal etmək olar ki, ilkin dövr üçün əvvəlki səviyyədə saxlanılıb. Sonrakı dövrlərdə xarici ticarət dövriyyəsinin Avrozonanın xüsusi çəkisindən asılı olaraq avronun payı artırıla bilər. Hər bir halda bivalyuta səbəti manatın ucuzlaşmasını şərtləndirəcək”.

~ tərəfindən Patriot 17/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma