MİLLİ ŞURA RƏSULZADƏNİ YAD ETDİ (FOTO VİDEO)

resulzade ziyaret 2015

“Bu hakimiyyətin Rəsulzadəyə biganə münasibəti həm də bir nankorluqdur”

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu  Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə onun doğulduğu Novxanı kəndində, dahi insanın abidəsi önündə anım tədbiri keçirib. Yürüşlə başlayan anım tədbiri, Abidənin önündə Azərbaycan himninin oxunmasından sonra, çıxışlarla davam edib.

milli sura_resulzade“Rəsulzadə bu ölkədə milli dövlət yaratmaq istəyirdi. Ancaq bu gün bizim dövlətimiz, Rəsulzadənin milli görmək istədiyi dövlət,  tayfa dövlətinə, sülalə hakimiyyətinin əlində kriminal maraqları həyata keçirmək üçün bir vasitəyə çevrilib. Rəsulzadə insanlara azadlıq vermək istəyirdi. Ancaq bu gün hakimiyyətdə olan kriminal dəstə, insanların azadlıqlarını əlindən almaq, onları mənən sındırmaqla məşquldur. Ona görə də, Rəsulzadə irsinə belə ögey münasibət var. Bu ögey münasibət təkcə Rəsulzadənin şəxsiyyətinə, tarixdəki roluna qarşı deyil, eyni qəddarlıq Rəsulzadə ideyalarının daşıyıcılarına qarşı da ifadə olunur”,-deyə Fuad Qəhrəmanlı bildirib.

Növbəti çıxışçı AXCP sədri Əli Kərimli də Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyətindən, onun Azərbaycan tarixindəki rolundan və hazırkı rejimin bu tarixi şəxsiyyətə nankor münasibətindən danışdı:

“Bizim üçün Məhəmməd Əmin Rəsulzadə çox qiymətli əxsiyyətdir. Çox təəssüf ki, hələ də qurduğu bu dövlətdə layiq olduğu qiyməti almayıb. Çox təəssüf ki, sağlığında da layiq olduğu qiyməti ala bilməmişdi. İndi onun qaldırdığı bu üç rəngli bayraq, xeyli müddətdir ki, bizim dövlət bayrağımızdır. Amma yenə də bu dövlətə rəhbərlik edənlər, bu tarixi şəxsiyyətin, dövlətimizin banisinin qiymətini vermirlər. Ona görə də hesab edirəm ki, bu soyuq gündə çoxlu sayda insanın bura toplaşması, özünəməxsus etirazdır. Bu, Azərbaycan rəsmilərinin Rəsulzadə irsinə olan soyuq, nankor münasibətinə etirazdır. Çünki Rəsulzadənin fəaliyyətindən sözün bütün mənasında ən çox qazanan onlardır. Rəsulzadə və silahdaşları bu Cumhuriyyəti qurmasaydılar, Azərbaycan müstəqil dövlət olmasaydı, biz 1991-ci ildə də müstəqilliyimizi əldə edə bilməyəcəkdik. Və indi Azərbaycanı idarə edənlər, dünənə qədər heç kim olanlar, milyardların sahibi olan oliqarxlar ola bilməyəcəkdilər. Amma o nankorlar bunu unudurlar. Rəsulzadə bizlər üçün, Azərbaycan milli demokratik hərəkatının təmsilçiləri üçün olduqca qiymətli şəxsiyyətdir. Onun irsini, onun həyatını öyrənmək lazımdır. Əgər bunu hökumət etmirsə, biz öz təşəbbüsümüzlə etməliyik. O zaman görəcəyik ki, bu insan çox gənc yaşlarından başlayaraq bütün həyatını Azərbaycan sevdasına həsr edib. Bu yolda Rəsulzadə ailəsini itirib, məhrumiyyətlər yaşayıb, olmazın tənələrinə məruz qalıb. Hətta axtarışda olanda da, onun olduğu binanın ətrafında düşmənlər onu axtaranda da, bir an olsun qələmi yerə qoymayıb, Azərbaycan davasından vaz keçməyib, Azərbaycan milli azadlıq hərəkatının ideoloqluğundan əl çəkməyib. Rəsulzadə çoxtərəfli yaradıcılığı olan şəxsiyyətdir. Onu oxuduqca görəcəksiniz ki, o, Azərbaycan tarixi üçün nə qədər önəmli bir qaynaqdır. Cumhuriyyətimizlə bağlı elə məqamlar var ki, onunları yalnız Rəsulzadə qeydə alıb. Onu oxuduqca görəcəksiniz ki, Azərbaycanın təkcə tarixini yox, ədəbiyyatını da başa düşmək üçün Rəsulzadəni oxumaq lazımdır. Onu oxuduqca, həyatı ilə tanış olduqca, görəcəksiniz ki, onun fəaliyyəti yalnız Azərbaycan coğrafiyası ilə məhdudlaşmayıb, keçmiş sovet imperiyası, Yaxın Şərqdə, İranda, Türkiyədə, hər yerdə siz onun fəaliyyətinin izlərini görəcəksiniz. Biz hamımız fəxr etməliyik ki, bizim xalqımız o zaman üçün hədindən artıq irəlidə olan bir tarixi şəxsiyyət yetişdirib. Azərbyacanın müstəqillik yoluna, müstəqil dövlətçilik yoluna bu tarixi şəxsiyyət işıq tutub. Bu gün isə öz simvolu ilə bizim hamımızı müstəqil Azərbaycanı qorumağa, demokratiya və azadlığı bərqərar etməyə çağırır. Məhəmməd Əmin Rəsulzadə o qədər hərtərəfli şəxsiyyət idi ki, o qədər uzaqgörən idi ki, ideallara, dəyərlərə o qədər bağlı idi ki, onun o zaman irəli sürdüyü ideyalar qətiyyən köhnəlmir, hər zaman çağdaşdır, hər zaman bizi çağırır. Və bu gün də on minlərlə, yüz minlərlə azərbaycanlı üçün onun irəli sürdüyü “İnsanlara hürriyyət, millətlər istiqlal” şüarı yenə də aktualdır. Rəsulzadə azadlıq ideyasının insanlar üçün, bütün millətlər üçün nə qədər fundamental, qutsal olduğunu irəli sürmüş bir ideya rəhbəridir və bugünkü mübarizəmizin mənəvi keşikçisidir. Biz hamımız Rəsulzadədən öyrənməliyik. Məhəmməd Əmin Rəsulzadə kimi bu xalqı, bu milləti təmənnasız sevməyi öyrənməliyik. Rəsulzadə kimi bütün məhrumiyyətlərə baxmayaraq Azərbaycan davasından vaz keçməməyi öyrənməliyik. Ən çətin şəraitdə, Azərbaycan düşmənlərinin ən güclü olduğu zamanlarda belə, inamımızı itirməməliyik, onun kimi optimist olmalıyıq, onun getdiyi yoldan vaz keçməməliyik”,- deyə Əli Kərimli bildirib.

Daha sonra Milli Şuranın sədri, professor Cəmil Həsənli çıxış edərək, Məhəmməd Əmin Rəsulzadənin, silahdaşlarının yoxdan dövlət yaratmalarına, xalq qarşısındakı xidmətlərinə diqqət çəkdi:

“Mən bir balaca tarixə ekskurs edib, sizin yaddaşınızda bəzi məqamları təzələmək istəyirəm. Rəsulzadə bu bu kənddə doğulmuş, ilk təhsilini bu kənddə almış, Bakıya və sonradan bütün Azərbaycana məhz Novxanı kəndindən qədəm qoymuşdur. Rəsulzadə bir kənddən çıxdı, bir millətin ideoloqu oldu, bir dövlətin qurucusuna çevrildi. Tarixdə ideoloqlar, böyük şəxsiyyətlər çox olur, amma o şəxsiyyətlərin ən böyüyü odur ki, yeni dövlət yaradır, yeni sistem qurur. Rəsulzadə, digər qurucu babalarımız, heç nədən bu bayrağı ucaldanlar, dağılmış imperiyanın xarabalıqları üzərində yeni dövlət yaradanlardır. Dəyərli dostlar, Rəsulzadə, millətə xidmət etməyin nümunəsini yaratdı. Bir jurnalist, bir gənc, bir ziyalı, bir lider, bir dövlət adamı kimi. Biz, daima onu bütün hadisələrin qaynar nöqtələrində görürük. Qələmin millətə xidmət etməsinin ən müqəddəs nümunələrini Rəsulzadə yaratdı. 20-ci əsrin əvvəllərində, Azərbaycan mətbuatında    gənc Rəsulzadənin millət haqqında, milli ideya haqqında, milli düşüncə haqqında yazılarını oxuduqca, insanın necə inkişaf etdiyini, sadədən mürəkkəbə doğru yolun hansı trayektoriyanı əhatə etdiyini və insanın öz qələmi, içində olduğu hadisələrlə necə kamilləşdiyinin şahidi oluruq. Bu gün böyük liderin hüzuruna, onun ideyalarının, onun parlaq şəxsiyyətinin ziyarətinə gəlmişik. İdeya ölməz olanda, zaman-zaman yaşayır. Azərbaycan mühacirətinin lideri kimi Rəsulzadə hər zaman Azərbaycan bayrağını uca tutdu, milli ideyaya sadiqliyin nümunəsini göstərdi. Rəsulzadə elə bir parlaq şəxsiyyət idi ki, sovet hökuməti kimi totalitar bir rejim 70 il Rəsulzadəyə qarşı mübarizə apardı. Amma şəxsiyyət parlaq olanda, bu mübarizənin heç bir mənası olmur”,- deyə Cəmil Həsənli bildirdi.
Məhəmməd Əmin Rəsulzadənin anım tədbirinə qatılan şair Teyyub Qurban isə öz çıxışında, Rəsulzadəni tarixin əsl yaradıcısı kimi dəyərləndirdi. O, eyni zamnda Azərbaycanın tarixi gercəkliyini əsks etdirməyən məqamlara toxundu və Rəsulzadə şəxsiyyətinin

əbədiyaşarlığının daş heykəllərdə yox, qəlblərdə olduğunu bildirdi:
“Rəsulazdə yeganə şəxsiyyətdir ki, tarixin əsl yaradıcılarından biridir. Martın 21-i və yanvarın 31-i Azərbaycan xalqının ən böyük bayramıdır. Rəsulzadənin doğum günü və Novruz bayramı. Bizim Ulu Öndərimiz Rəsulzadədəir, kim nə deyir desin. Hər yerdə, rayonda, kənddə, kabinetlərdə ulu öndər düzəldiblər. Bizim Ulu Öndərimiz Rəsulzadədir. Gənclər Rəsulzadəni dərk etmək üçün onun əsərlərini öyrənməli və Cəmil müəllim başda olmaqla, digər görkəmli alimlərimizin Rəsulzadə haqqında yazılarını oxumalıdır. Onu da bilin ki, Rəsulzadənin gördüyünüz bu abidəsi, prezident sərəncamı ilə ucaldılmayıb. Prezident sərəncamı ilə ucaldılan heykəllər bu gn var, sabah yoxdur. Necə ki, vaxtilə hər yeri bürüyən Leninin heykəlləri daha yoxdur. Amma Rəsulzadənin bu abidəsi əbədiyaşardır”.
Mitinq başa çaatandan sonra gənclər AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli ilə xatirə şəkili çəkdiriblər.
Sonda tədbir iştirakçıları Rəsulzadənin Novxanı kənd qəbirstanlığında uyuyan yaxınlarının məzarını ziyarət etdilər.

~ tərəfindən Patriot 01/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma