ƏLİ KƏRİMLİ İLHAM ƏLİYEVİN ÇIXIŞINI DARMADAĞIN ELƏDİ

aliyev-kerimli

“Onun təkcə bir səhv bəyanatı nəticəsində ölkəmiz bir neçə milyard manat itirəcək”; “Azadlıq” dövlət başçısı ilə müxalifət liderinin qiyabi debatını təşkil etdi

“Ölkə iqtisadiyyatını neft çıxarıb satmaq, onun pulunu bölüşdürmək həddinə qədər primitivləşdirməyə görə kim məsuliyyət daşıyır?”

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən dövlət başçısı İlham Əliyev bir sıra açıqlamaları ilə diqqəti özünə cəlb etdi. Həmin çıxışda səslənən bəzi məqamlara AXCP sədri Əli Kərimli münasibət bildirib.

İlham Əliyev dostu Putinin hərəkətlərini niyə Avropanın ayağına yazır?

– Əli bəy, ölkə başçısı deyib ki, hazırda dünyada maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlayıb. Səbəb isə dünyada gərginliyin artması, Yaxın Şərqdə və Avropadakı qanlı toqquşmalar və müharibələrdir. Bu qiymətlə razısınızmı?

– Yanlış dəyərləndirmədir. Əvvəla, dünyada ciddi iqtisadi böhran yoxdur. Dünya iqtisadiyyatının əsas nəhəngləri olan ABŞ və Çində ciddi inkişaf var. ABŞ son illərin ən böyük iqtisadi artımını məhz 2014-cü ildə əldə edib. Çində isə 10 ildən də artıqdır ÜDM-nın illik artımı 7 faizdən çox olur. Avropa Birliyi tədricən də olsa, əvvəlki illərdə qarşılaşdığı iqtisadi böhrandan çıxır. Bu il isə Avropa Mərkəzi Bankı Avropa iqtisadiyyatını daha da stimullaşdırmaq üçün 1,1 trilyon avroya yaxın əlavə pul xərcləyəcək və bu, mütləq iqtisadi artımı gücləndirəcək. Hətta Asiya, Afrika, Latın Amerikası ölkələrinin də əksəriyyətində iqtisadiyyat ciddi inkişaf edir. Yəni qlobal iqtisadi böhran yoxdur. Beynəlxalq Valyuta Fondu 2014-2015-ci illərdə dünya iqtisadiyyatının müvafiq olaraq 3.3-3.8 faiz böyüyəcəyini proqnozlaşdırır. Hazırda xam neftin qiymətinin düşməsi ilə əlaqədar sosial-iqtisadi böhran yalnız bir neçə ölkənin qapısını kəsib. Bu sırada da Rusiya, Venesuela, Azərbaycan kimi iqtisadiyyatı bütövlükdə neftdən asılı olan ölkələr başda gəlir. İlham Əliyev Azərbaycanın qapısı ağzında olan sosial-iqtisadi böhranı xalqa qəsdən qlobal böhran kimi təqdim edir ki, ölkənin yaşayacağı çətinliklərə görə özünün və hökumətinin məsuliyyətini azaltsın. Əslində isə vaxtında ölkədə neft pullarından düzgün istifadə edilsəydi, qeyri-neft sektoru güclü inkişaf etdirilsəydi, real iqtisadi islahatlar aparılsaydı, kənd təsərrüfatı, ölkənin ixrac potensialını artırmaq indi yox, 11 il qabaq yada düşsəydi, neftin ucuzlaşması ölkə iqtisadiyyatını bu qədər güclü vurmazdı. Yəni İlham Əliyev dünya iqtisadiyyatı dedikdə iqtisadiyyatı yalnız neft istehsalı və satışından ibarət olan Rusiya, Azərbaycan, Venesuela kimi avtoritar ölkələrimi nəzərdə tutur?..

Bu dəyərləndirmənin siyasi tərəfi ilə də razı deyiləm. İlham Əliyevin dostu Putinin Ukraynadakı işğalçılıq hərəkətlərindən başqa Avropada hansı qanlı toqquşmalar var? Putinin etdikləri Avropanın ayağına niyə yazılır? Yaxın Şərqdə isə təssüf ki, son 70 ildə davamlı sülh olmayıb. Həmişə kimsə kimlərləsə vuruşub. İndi xalqa dünyanın belə qaramat təsvirinin təqdim edilməsi isə məqsədlidir. Daha inkişaf nağılları danışmaq mümkün olmadığından xalqa mesaj verilir ki, indiki sabitliyə şükr et və əlavə heç bir şey istəmə.

Hökumət iclaslarını özünütərifə həsr etmək neqativ praktikadır

– Ölkə başçısı çıxışında həm də 2014-cü ilin yekunlarına, hökumətin fəaliyyətinə yüksək qiymət verib. Onun fikrincə, Azərbaycanda keçən il ərzində bütün işlər müsbət istiqamətdə gedib. Ölkə inamla irəliyə gedir, dayanıqlı inkişafını təmin edib, dünyada sabitlik adasıdır və s.

– Əvvəla, bu çox neqativ praktikadır ki, həqiqətdə vəziyyətin necə olmasından asılı olmayaraq, İlham Əliyev keçirdiyi müşavirələrdə hər zaman özünün və rəhbərlik etdiyi hökumətin fəaliyyətini tərifləyir. Əgər dövlət başçısı özünütəbliğ xarakterli çıxışlara ehtiyac duyursa, yaxşı olar ki, bunu başqa formatda etsin. Hökumət iclasları əvvəla, işgüzar, sonra da özünütənqid ruhunda keçirilməlidir. Əgər hökumət üzvləri ilə keçirilən iclaslarda, müşavirələrdə işlərin necə getməsindən asılı olmayaraq, bir qayda olaraq heç bir hökumət üzvü tənqid olunmayacaqsa, onların işləri daim təriflənəcəksə, nazirlərin, komitə sədrlərinin, digər vəzifəli şəxslərin öz fəaliyyətlərində dönüş etməsi üçün heç bir səbəb olmayacaq.

İndi isə konkret 2014-cü ilin yekunlarına nəzər salaq. Hökumət əsas makroiqtisadi göstərici olan ÜDM-in il ərzində 5.2 faiz artacağını proqnozlaşdırsa da, ilin yekunlarına görə ÜDM cəmi 2.1 faiz artdı. Bir halda ki, ötən ilin yekunlarına görə, neftin illik orta qiyməti bir barrel üçün 100 dollardan da azca artıq oldu, deməli, proqnozun doğrulmamasının səbəbi neftin qiymətinin son aylarda düşməsi olmayıb. Hökumətin inkişaf proqnozunun özünü doğrultmamasının hesabatı verilməyəcəkmi? Hələ ÜDM-in bu 2 faizlik artımı bilirsiniz daha çox nəyin hesabına əldə olunub? İlk növbədə Avropa Yay Olimpiadası ilə bağlı ötən il tikilən çoxlu və bahalı tikintilərin hesabına. Yəni 2014-cü ildə Azərbaycan iqtisadiyyatı real olaraq böyüməyib, sadəcə büdcədən stadionların, idman qurğularının və başqa tikililərin inşasına çoxlu pul xərclənib (həm də gələcəkdə gəlir gətirməyəcək sahələrə) və ÜDM rəqəmləri formal olaraq şişib. Realda isə 2014-cü ildə (11 ayın nəticəsinə görə) xarici ticarət dövriyyəsində 3 milyard dollardan artıq azalma oldu. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkənin ixracatı 1.4 milyard dollar, idxalatı isə 1.6 milyard dollar azalıb. Ötən il neftin istehsalı da (1.2 milyon ton), neftdən əldə olunan gəlirlər də əvvəlki illə müqayisədə azalıb. 2014-cü il “sənaye ili” elan olunmuşdu, lakin ilin sonunda sənaye istehsalının da azaldığı məlum oldu.

Ölkənin kənd təsərrüfatında vəziyyət 2014-cü il ərzində xeyli dərəcədə ağırlaşıb. Ümumilikdə kənd təsərrüfatı istehsalı 2,6% , bitkiçilik məhsullarının istehsalı 8,3% azalıb. Ötən il “Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq” sahələrinə investisiya qoyuluşu 47% azalıb və cəmi 302,6 milyon manat olub. 2014-cü ildə emal sənayesinə kapital qoyuluşu da 56% və ya 582,7 milyon manat azalıb. 2014-cü ildə dövlət büdcəsinin xərclər bölməsi 1,4 milyard manat məbləğində kəsirlə yerinə yetirilib. Dövlətin valyuta rezervləri 54 milyard dollardan 50 milyard dollara qədər azalıb.

Ötən ilin siyasi yekunları da acınacaqlı olub. İlk növbədə Azərbaycan üçün həm iqtisadi, həm də siyasi baxımdan olduqca vacib qurum olan Avropa Birliyi parlamenti Azərbaycanla bağlı xüsusi qətnamə qəbul edib, ölkəmizdəki vəziyyəti kəskin şəkildə pisləyib, siyasi məhbuslar azad edilməyəcəyi təqdirdə Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinin gözdən keçiriləcəyini vurğulayıb. Geniş ictimaiyyət bilir ki, ABŞ Konqresindəki dinləmələr zamanı, AŞPA və ATƏT PA-da qəbul edilən qətnamələrdə ölkəmizdəki anti-demokratik durum kəskin tənqid edilib, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanda İlham Əliyevin həyata keçirdiyi qeyri-demokratik idarəetməni, ölkədəki irimiqyaslı korrupsiyanı, seçki saxtakarlığını, siyasi opponentlərin kütləvi həbsini il boyu tənqid edib. Dövlət başçısının həyata keçirdiyi anti-demokratik siyasət ölkəmizi potensial müttəfiqlərindən uzaqlaşdırıb, Azərbaycan faktiki təklənmiş duruma salınıb. Əcabə, İlham Əliyev bütün bunları nəzərdə tutaraqmı “Azərbaycanda keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir” fikrini səsləndirir?..

21 illik ailə hakimiyyəti heçmi məsuliyyət daşımır?

– İlham Əliyevə görə, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. Onun fikrincə, iqtisadi, maliyyə böhranı ilə bağlı qarşıda daha böyük sınaqların durduğu istisna deyil. Bu fikirləri necə dəyərləndirirsiz?
– Nəhayət ki, İlham Əliyev qapımızın ağzında da yox, evimizin içində olan böhranı etiraf edib. Amma çox gec deyilmi? Cəmi 1 ay bundan qabaq dövlət başçısı hansı məntiqlə azərbaycanlılara vəd edirdi ki, xalqımız neftin qiymətinin düşməsini öz həyatında hiss etməyəcək. Bir ailənin 21 il davam etmiş hakimiyyəti dövlətimizin neftin qiymətindən bunca asılı olmasına görə heçmi məsuliyyət daşımır? Bütün ötən illər ərzində iqtisadiyyatımızın şaxələndirilməsi, qeyri – neft sektorunun inkişafı, siyasi və iqtisadi islahatlar barədə danışmaqdansa, bütün bu islahatlar həyata keçirilsəydi, indi biz neftdən və onun qiymətindən bunca aslı olardıqmı? Ölkə iqtisadiyyatını faktiki olaraq neft çıxarıb satmaq, onun pulunu bölüşdürmək həddinə qədər primitivləşdirməyə görə kim məsuliyyət daşıyır?

İlham Əliyevin manatla bağlı bəyanatı ciddi səhvdir

– Əli bəy, ölkə başçısının çıxışında başqa bir məqam da manatın məzənnəsi ilə bağlıdır. O, faktiki devalvasiyasının anonsunu verib. Manatın ucuzlaşdırılmasına, dəyərini itirməsinə tərəfdar olub. Hətta ucuz manatın ixracı stimullaşdıracağına ümid etdiyini də vurğulayıb. Sizcə, hökumət manatın devalvasiyasına niyə gedir, əsl məqsəd nədir?

– Əvvəlcə onu vurğulamaq istəyirəm ki, hökumət prinspial məsələlərə münasibətdə fikrini tez-tez dəyişməməli, hərdəmxəyal olmamalıdır. İqtisadi siyasəti sabit olmayan, proqnozlaşdırıla bilməyən hökumət yaxşı hökumət deyil. Sonuncu müşavirədən cəmi 2 həftə əvvəl – yanvarın 10-da İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına dair onun sədrliyi ilə keçirilən iclasında manatın sabitliyinin qorunub saxlanılacağını vəd etmiş və bu siyasətini “manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir” fikri ilə əsaslandırmışdı. Bununla da kifayətlənməyib, hətta xarici vətəndaşlar və xarici şirkətləri də çağırmışdı ki, öz vəsaitlərini manat hesablarında saxlasınlar. İndi təsəvvür edək ki, xeyli adam dövlət başçısının bu fikirlərinə inanıb və xarici valyutalarda saxladığı vəsaiti manata çevirib. Cəmi 2 həftə sonra da məlum olub ki, dövlət başçısı fikrini dəyişib. İndi də manatın dəyərdən düşməsinin “faydasından” danışır. İş adamları, hətta sadə insanlar belə bir hökumətə, onun sözünə və vədinə necə inansın? İkincisi, manatın ciddi şəkildə ucuzlaşacağını İlham Əliyevin şəxsən özünün bəyan etməsi ciddi səhvdir. Nə vaxtdan milli valyutaların kursunu prezidentlər müəyyənləşdirir? Niyə Milli Bankın səlahiyyətinə müdaxilə edir? Manatın kursuna belə bir siyasi müdaxiləni görən sahibkar, hətta az da olsa, yığımı olan sadə vətəndaş nə düşünəcək? Əlbəttə, ilk növbədə həmin adamlar düşünəcəklər ki, hökumət uzun illər ərzində az qala qürur mənbəyi kimi baxdığı milli valyutanın sabitliyindən vaz keçirsə, deməli ölkənin iqtisadi vəziyyəti yaxşı deyil. Hökumət manatı uzun müddət sabit saxlayacağına heç özü də inanmır. Bu qənaətə gəlmiş iş adamını, sadə vətəndaşı necə inandırmaq olar ki, manat çox yox, məsələn yalnız 10-15% ucuzlaşacaq? Deməli bu adamlar tezliklə kütləvi şəkildə hücum çəkəcəklər valyuta dəyişmə məntəqələrinə, banklara. Hamı manatla olan pulunu dollara dəyişəcək. Dollara təlabat süni yaradılmış ajiotajla daha da artacaq, Milli Bank vəziyyəti sabitləşdirmək üçün əlavə olaraq bir neçə milyard dollar öz rezervlərindən xərcləməli olacaq. Onsuz da “psixoloji təzyiqə” məruz qalan manat bu hücumlardan sonra “tarazlığını” tamamilə itirməz ki?

Hökumət böhran xərclərini xalqa ödətdirir

Manatın ucuzlaşdırılmasını ixracı stimullaşdırmaqla əsaslandırmaq da mümkün olmayacaq. Hansı ixracı stimullaşdırmaq istəyirlər? Ölkənin ixracının 96 faizi neft, neft məhsulları və qaz deyilmi? Ölkənin qeyri-neft məhsulları ixracı il ərzində cəmi 1 milyard dollardan bir az artıq deyilmi?
Manatın indi ucuzlaşdırılmasının iki əsas səbəbi var. Əvvəla, neftin qiymətinin aşağı düşməsi, Rusiyadakı böhran səbəbindən manatı sabit saxlamaq hökumətə baha başa gəlir. Son iki ay ərzində Milli Bank manatın sabitliyini təmin etmək məqsədilə rezervlərindən 3 milyard dollara yaxın vəsait xərcləyib. Bu sürətlə cəmi 10 ayın ərzində Milli Bankın rezervləri tükənəcək. Hökumət dilemma qarşısındadır: böhrana görə hesabı kim ödəsin? Əgər əhalinin yaşayış səviyyəsini saxlamaq prioritet seçilsəydi, gərək rezervləri xərcləyəydilər. Hökumət ikinci yolu seçib, rezervləri imkan daxilində qorumaqla, manatı ucuzlaşdırmaqla böhran xərclərini xalqa ödətdirir.

Manatın anons edilən ucuzlaşmasının ikinci səbəbi isə büdcəni manatla birtəhər doldurmaq istəyidir. 2015-ci ildə əgər neftin orta qiyməti bir barrel üçün 50 dollar olsa, Dövlət Neft Fondu Azəri-Günəşli-Çıraq yatağının işlənməsi üzrə mənfəət neftindən nəzərdə tutulduğundan 7.6 milyard dollar az olmaqla, cəmi 4.7 milyard dollar pul əldə edəcək. İndiki kursla bu pul manata çevriləndə olacaq 3.7 milyard manat. Manat ucuzlaşanda məsələn, 1dollar = 0.90 AZN olanda büdcə təqribən yarım milyard, 1dollar = 1 AZN olarsa, 1 milyard əlavə manat qazanacaq. Yəni əslində əldə edilən pul dollarla eyni qalmaqla, manatın ucuzlaşması hesabına manatla çox görünəcək. Buna da deyirlər, şapalaqla üz qızartmaq.

İlham Əliyevin sadəcə, bəxti gətirib

– İlham Əliyev müşavirədə ölkəni yaxşı idarə etdiyini vurğulayıb və bunun sübutu kimi xeyli faktlar sadalayıb. Bu faktlardan belə nəticə çıxır ki, İlham Əliyev ölkəni atası Heydər Əliyevdən də uğurla idarə edir. İlham Əliyevin istifadə etdiyi, məsələn, bu rəqəmləri necə şərh edərdiniz?
2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artıb; Sənaye istehsalı 2,7 dəfə artıb; 11 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub; 2004-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur; 2004-cü ildə orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda 565 dollardır; Orta aylıq pensiya 24 dollar idi, hazırda 221 dollardır…

– Bilirsiniz, İlham Əliyev az qala bütün müşavirələrdə bu rəqəmlərdən istifadə edir. Amma bu rəqəmlər real və bacarıqlı idarəetməni deyil, daha çox ötən 11 ildə əldə etdiyimiz neft gəlirlərinin miqyasını göstərir. Açıq demək lazımdır ki, İlham Əliyevin bəxti gətirib. Onun hakimiyyət illəri böyük neft gəlirlərinin ölkəyə gəldiyi illərlə tamamilə üst-üstə düşüb. Bu illər nəinki neft istehsalının pik həddə olduğu illər olub, üstəlik, qısa fasilələrlə neftin qiyməti də çox yüksək olub. Müqayisə üçün xatırladım ki, məlum neft müqaviləsi imzalananda neftin 1 barrelinin qiyməti cəmi 16 dollar idi. Aydın başa düşmək lazımdır ki, 2003-2014-cü illərdə Azərbaycanda kimin prezident olmasından asılı olmayaraq məhz bu qədər neft çıxacaqdı və məhz satıldığı qiymətə də satılacaqdı. Nə neftin istehsal həcmində, nə də qiymətində İlham Əliyevin heç bir rolu yoxdur. Əgər ondan asılı bir iş varsa, niyə neft istehsalının və qiymətinin aşağı düşməsinə imkan verir? Əgər ötən 11 ildə Azərbaycanda ciddi siyasi, sosial-iqtisadi islahatlar aparılsaydı, indiki kimi irimiqyaslı korrupsiya olmasaydı, bacarıqlı hökumət olsaydı, bu qədər neft pulları ilə Azərbaycanın iqtisadiyyatı tamamilə yenidən qurulardı və bu gün Azərbaycanda həyat səviyyəsi Şərqi Avropa və Baltikyanı dövlətlərlə müqayisə olunardı. Yoxsa, bu rəqəmlərin formal məntiqindən belə çıxır ki, İlham Əliyev ölkəni nəinki AXC-dən, atası Heydər Əliyevdən də yaxşı idarə edib. Bunumu demək istəyir, İlham Əliyev? Niyə Heydər Əliyevin vaxtında 50 milyard rezerv olmayıb? Niyə onun vaxtında maaş və pensiyalar o qədər aşağı olub? İlham Əliyev nə edib ki, onu Heydər Əliyev bacarmayıbmış? Aydındır ki, bu suallar ritorik suallardır. Demək istəyirəm ki, rəqəmlərlə manipulyasiya etmək lazım deyil.

İnfrastukturu yaxşılaşdırmaq, yoxsa korrupsiya məqsədi?

– İlham Əliyev fəaliyyətinin uğuru kimi ölkəmizin yaxından iştirakı ilə reallaşmış enerji layihələrindən (BTC, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi), yol çəkilişlərindən, körpü və tunel tikintilərindən də bəhs edib.

– Əgər son illərdə ölkəmizdə ildə 30-40 milyon ton neft ixrac olunubsa, həmin neftin dünya bazarına çıxarılması üçün boru kəmərlərinin çəkilməsindən təbii nə ola bilər? Hakimiyyət nəyin minnətini qoyur xalqa? Dünyada elə dövlət varmı ki, çoxlu nefti, qazı olsun, amma boru kəməri çəkdirə bilmədiyi üçün neftini dünya bazarına çıxarmaq imkanı olmasın? Dünyada elə dövlət varmı ki, nefti qazı var, amma onu sata bilmir? Üstəlik, İlham Əliyevin öyündüyü enerji layihələrinin tam əksəriyyətində operator kimi də, investor kimi də beynəlxalq enerji şirkətləri çıxış edir. Nədən ibarət imiş Azərbaycan hökumətinin “ünlü” neft strategiyası? Azərbaycandan çıxarılan neftin əksər hissəsini xam neft kimi satıb, neft qurtaranda neftayırma zavodu tikmək fikrinə düşməkmi? Yoxsa, BP-nin rəhbərliyilə beynəlxalq əməliyyat şirkətinin istehsal edib, Azərbaycan dövlətinə verdiyi mənfəət neftini qohumların adına açılan şirkətlər vasitəsilə satdırıb, həmin şübhəli alqı-satqılarla nəhəng pullar əldə etməkdir, bu “möhtəşəm” neft strategiyası?

Neft pulları ilə həyata keçirilən infrastruktur layihələrinə gəldikdə isə deməliyəm ki, əlbəttə, yolların çəkilməsi, körpülərin tikilməsi, elektrik, su xəttlərinin yenilənməsi vacibdir. Biz də hesab edirik ki, neft pullarının bir hissəsi ölkədə normal infrastruktur yaratmağa xərclənməli idi. Amma sual budur ki, niyə Azərbaycanda çəkilən yollar, tikilən körpülər, eləcə də digər tikintilər başqa ölkələrlə müqayisədə çox baha başa gəlir? Niyə bu tikintilərin sifarişləri şəffaf tendrlərdə verilmir, inhisarçıların şirkətləri bu layihələri 3-4 dəfə şişirdilmiş smetalarla tikir? Belə olduğu üçündür ki, bu tikinti-təmir işlərini ictimai fikir haqlı olaraq infrastukturu yaxşılaşdırmaq məqsədilə deyil, korrupsiya məqsədilə görülən işlər kimi qəbul edir.

Deməli, İlham Əliyev isrtafçılıq etdiklərini bilir və qəbul edirmiş

– Bəs, müşavirədə İlham Əliyevin ətrafına etdiyi xəbərdarlığı necə qiymətləndirirsiz? O, deyib ki, neftin ucuzlaçması istər-istəməz gəlirlərə təsir göstərir, daha əvvəlki illərdəki kimi valyuta ehtiyatlarını artırmaq mümkün olmayacaq, buna görə də israfçılığa yol verilməməlidir…

– Bilirsiniz, problem də ondadır ki, deməli, İlham Əliyev bilirmiş və qəbul edirmiş ki, uzun illərdir ölkədə neft pulları israfçılıqla xərclənib. Xüsusi ehtiyac olmayan layihələrə də külli miqdarda pullar xərclənib. Və bu neqativ tendensiya qəfil meydana çıxmayıb. Biz uzun illərdir ki, həmin israfçılığı tənqid edirik. Sual budur ki, eyni küçələr, səkilər ildə bir neçə dəfə sökülüb, təmir ediləndə, şəhərin işıq dirəkləri az qala hər il dəyişdiriləndə, Bakıda fasaddəyişmə kimi gözdən pərdə asmaq işlərinə milyardlarla manat xərclənəndə, aeroport yolunda əkilmiş hər ağacın dibinə işıq çəkdirib, gecə gündüz yandıranda, Xəzər dənizini, rayon mərkəzlərini bahalı və mənasız hasarlarla hasarlayanda və bu qəbildən olan yüzlərlə mənasız layihələrə milyardlarla xərclənəndə, hökumət niyə dərk etmirdi ki, bir gün bu pullar qurtaracaq. Niyə başa düşmürdülər ki, bir gün neftin qiyməti aşağı düşə bilər, neft istehsalı da ildən-ilə azalacaq. Ağıllı hökumət neft gəlirlərinin pik dövründə bu günləri düşünməliydi, israfçılıq etməməliydi. Dövlət başçısının israfçılığa qarşı çıxması üçün mütləq neftin qiyməti düşməli idi? Vaxtilə hökumət səhv siyasət həyata keçirib, israfçılıq edib deyə, ölkə indi böhrana hazır deyil. Neftin qiymətinin düşməsinin ziyanını vergiləri, qiymətləri artırmaqla, iş yerlərini ixtisar etməklə xalqa ödətdirirlər. Üstəlik də, istəyirlər ki, bu qədər yarıtmaz idarəetməyə görə xalq bunlara hələ bir “çox sağ ol” da desin.

Ermənistanın motivi aydındır, bəs bizim rəsmilər niyə Rusiyanın qoltuğundan çıxmırlar?

– Əli bəy, müşavirə əsasən sosial-iqtisadi mövzulara diqqət ayrılsa da, bir-iki siyasi bəyanat da səslənib. Ölkə başçısı deyib ki, Azərbaycan tam müstəqil siyasət aparır, Ermənistan isə müstəqilliyini itirir. “Dilənçi Ermənistana nəzər yetirin. Ermənistan nəinki müstəmləkə, bəlkə heç nökər adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər”, – deyə o bildirib.

– Əlbəttə, İlham Əliyev bu məsələdə haqlıdır ki, Ermənistan Qarabağı işğal etmək naminə müstəqilliyini xeyli dərəcədə itirib. İndi Ermənistan ərazisində Rusiyanın hərbi bazaları var, Ermənistan Rusiyanın yaratdığı Avrasiya Birliyinə qoşulub və s. Düşmən dövləti müstəmləkə də, nökər də adlandırmaqda haqlıyıq. Amma sual yaranır ki, niyə Azərbaycan rəsmiləri bir çox hallarda Qarabağ savaşında Ermənistana açıq-aşkar kömək etmiş Rusiyaya Ermənistandan da yaxın olmağa çalışırlar? Ermənistanın özünü müstəmləkə kimi aparmasının motivi xeyli dərəcədə aydındır. Rusiya Qarabağı de-fakto bizdən alıb, verib onlara. Bəs bizim rəsmilər hansı motivlə Rusiyanın qoltuğundan çıxmırlar, özlərini Rusiyanın kölgəsi kimi aparırlar? AŞPA-da sonuncu müzakirələrin birində, Avropa-Rusiya diplomatik qarşıdurması zamanı Azərbaycan nümayəndə heyətinin səsvermə zamanı yekdilliklə Rusiyanı müdafiə etməsinə nə ad vermək olar? Hətta Ermənistan nümayəndə heyətinin belə cəsarət edib, səsvermədə bitərəf qaldığı bir halda, Azərbaycan rəsmilərinin özlərini “müstəmləkə və nökər”dən də qorxaq aparmasına nə ad verək?…

~ tərəfindən Patriot 01/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma