AVROPADAN PUTİNƏ DAHA BİR ZƏRBƏ

putin_ eu

AŞ PA rusların səsini aldı, Avropa Birliyi isə sanksiyaları genişləndirir

Avropa həmişə öz içində yaranan problemləri həll etməyə çalışır. Elə bir zamanlar Norveçin ölkəmizdə çalışan diplomatlarından biri də belə demişdi: Kosovo Avropanın mərkəzində yerləşir, NATO onu müdafiə etdi, Qarabağ isə çox aralıdadır – ora müdaxilə niyyəti yoxdur. Bu gün yeni bənzər məsələ ortaya çıxıb – Ukrayna. Nəzərə alaq ki, Rusiya kimi fövqəldövlət Ukraynada de-fakto müharibə aparır və hətta Krımı ilhaq edib. Amma Qərb sərhədlərinin təhlükəsizliyi və öz ali maraqları naminə bu fövqəldövlətlə, necə deyərlər, yumruq-yumruğa çıxıb. Hətta iş o yerə çatıb ki, Rusiyanın özünün də iştirak etdiyi Avropa Şurası da mübarizənin tərəfinə çevrilib. Belə ki, dünən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) plenar iclasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməsi məsələsinə baxılıb və orada Monitorinq Komitəsindən Stefan Şennaxın məruzəsi, Nizam-İntizam Komitəsindən isə Hans Frankenin hazırladığı xüsusi rəy müzakirə olunub.

Xatırladaq ki, AŞ PA-nın ötən ilin aprelində keçirilmiş yaz sessiyasında qurum Rusiya nümayəndə heyətinin səsvermə səlahiyyətlərini 2014-cü ilin sonuna qədər dondurub. Bu sessiya ərzində isə bir qrup parlamentar Rusiyaya qarşı sanksiyanı daha bir il müddətinə uzadılması təklifi ilə çıxış edib.

İclasda Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi ilə bağlı da təkliflər səsləndirilib. Çıxış edən avropalı parlamentarlar Rusiyanın ötən il Krımı işğal etdiyini və bununla da beynəlxalq hüquq normalarını pozduğunu bildiriblər. İsveçrəli parlamentar Andres Qross isə sərt qərarların heç bir nəticə verməyəcəyini, Rusiya ilə dialoq aparılmasının tərəfdarı olduğunu deyib. Parlamentar Pedro Aqramunt isə Krımda tatarların çox acınacaqlı vəziyyətdə olduğunu qeyd edib, Rusiyanı bu məsələnin həlli üçün addımlar atmağa çağırıb. Bundan başqa, Assambleya üzvləri Rusiyanı Ukraynanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Nadiya Savçenkonu dərhal azad etməyə çağırıblar.

Müzakirələrdən sonra Rusiya tərəfinin hesabatla bağlı irəli sürdüyü əlavə və dəyişikliklərin heç biri qəbul olunmayıb. Rusiyaya qarşı olan təkliflərin bir çoxu isə hesabata salınıb.

Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin səsvermə hüququ qurumun aprel sessiyasına qədər dondurulub. Həmçinin, Rusiya nümayəndə heyətinin Assambleyanın Daimi Komitəsi və Sədrlər Komitəsindəki iştirakı dayandırılıb.

Qətnamə layihəsi bütünlüklə səsə qoyulub, 160 səs lehinə, 42 səs əleyhinə olmaqla qəbul olunub.
Əlbəttə, ruslar da adekvat cavab veriblər. Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Puşkov bildirib ki, onlar üçün səs hüququnun aprel və ya iyuna qədər dondurulması arasında fərq yoxdur. Ona görə də onlar bütünlükdə 2015-ci il boyu AŞ PA-nın işini boykot edirlər.

V.Puşkov saxlanılmış ukraynalı deputat Nadia Savçenkonun dərhal azad edilməsi ilə bağlı AŞ PA-nın çağırışının da heç bir əsası olmadığını deyib: “Çünki AŞ PA Rusiya ilə dialoqdan imtina etdi. Bizimlə əməkdaşlıq etməyən qurumun çağırışı heç bir əhəmiyyət daşımır”.

Deyəsən rus parlamentarilərin davranışı Qərbin qəzəbini bir az da alovlandırıb. “Röyters”in məlumatına görə, Polşanın xarici işlər naziri Qjeqoj Sxetına deyib ki, Rusiyanın səsini almaq üçün bu ölkə qarşı tətbiqlənən sanksiyaların əhatəsi genişləndirilməli və daha da kəskinləşdirilməlidir: “Sanksiyalar artıq var. İndi yeni sanksiyalar olmalıdır. Rusiya nəticə çıxarmalıdır və anlamalıdır ki, bütün dünyanın vahid mövqeyi ilə üz-üzədir”.

Hadisələrin belə kəskinləşdiyini və söz davasının get-gedə daha da qızışdığını görən keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov dilə gəlib. Nobel mükafatçısı bildirib ki, Rusiya və ABŞ arasında açıq-aşkar “soyuq müharibə”nin gedir və bunun “qaynar müharibə”yə çevrilə biləcəyi ehtimalı var. M.Qorbaçov bildirib ki, Vaşinqton dünya fatehi olmaq ideyasını gerçəkləşdirməyə çalışmaqla, Moskvanı qarşıdurmaya sövq edib: “Təəssüf ki, bu “soyuq müharibə”nin “qaynar”a çevrilməyəcəyini əminliklə deyə bilmərəm. Qorxuram ki, amerikalılar risk edə bilərlər”.
M.Qorbaçov Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına da toxunub: “Bu gün ABŞ və Avropadan ancaq Rusiyaya qarşı sanksiyalar barədə eşidirsən. Onlar başlarını tam itiriblər?”.

Avropa İttifaqı xarici işlər nazirləri Brüsseldə Rusiyaya Ukraynanın şərqinə müdaxilə ilə əlaqədar əlavə sanksiyalar qəbul etməyi müzakirə etmək üçün görüşəcək. Görüş, həftəsonu Rusiyapərəst üsyançıların Mariapol limanına hücumundan sonra çağırılıb. Aİ və ABŞ bundan əvvəl, Rusiyada fərdi və biznes şəxslərə, o cümlədən, Ukraynada separatçı liderlərə səyahət qadağaları qoyub və onların bank hesablarını dondurub.

NATO bildirir ki, Ukraynanın şərqində yüzlərlə Rusiya tankları və silahları mövcuddur. Moskva birbaşa müdaxiləni rədd etsə də, rusiyalı könüllülərin döyüşlərə qoşulduğunu bildirib. BBC Avropa müxbiri Damian Grammaticas deyir ki, Aİ nazirləri yeni sanksiyalar və mövcud sanksiyaları davam etdirmək barədə danışacaq. Bu görüşdə veriləcək istənilən qərar fevralın 12-də qəbul ediləcək. Onun sözlərinə görə, hətta Rusiyaya qarşı ABŞ tərəfindən idarə edilən maliyyə sanksiyası da tətbiq edilə bilər.

Bu arada ruslara ən böyük mənəvi zərbəni Belarus rəhbəri vurub. Bu ölkənin prezidenti Aleksandr Lukaşenko bildirib ki, Avrasiya İttifaqı çərçivəsində əldə edilən razılaşmalara əməl olunmadığı halda Belarus bu təşkilatdan çıxacaq. A.Lukaşenko bildirib ki, Belarus təşkilata şərtlərlə daxil olub. Onun fikrincə, Avrasiya İttifaqının yaradılmasına aparan yol o qədər də asan olmayacaq: “Biz bu institutu bir neçə ildir yaradırıq və iqtisadiyyatda dərhal hər şeyin qaydasına düşməsini istəmək düzgün deyil. Bu yol o qədər də asan deyil”.

A.Lukaşenko həmçinin qeyd edib ki, Ukrayna 1000 kubmetr Rusiya qazı üçün təxminən 400 dollar ödədiyi halda, Belarus Rusiya ilə sıx münasibətlərə görə 134 dollar ödəyir. “Biz Avrasiya Birliyi çərçivəsində açılan imkanlardan yararlanmalıyıq”.

“Bəzi ağzıgöyçəklər var ki, Belarusun, onların sözləri ilə desək, “rus dünyası”nın, hətta az qala Rusiyanın bir hissəsi olduğunu bildirirlər. Bunu unudun. Belarus suveren və müstəqil dövlətdir. Biz belə bir ölkənin tarixdə olmadığını düşünən hər kəsi öz müstəqilliyimiz və suverenliyimizə hörmət göstərməyə məcbur edəcəyik. Əvvəl olmayıb, lakin indi var və bununla hesablaşmaq lazımdır”. “İnterfaks”ın verdiyi məlumata görə, bu sözləri də Belarus prezidenti Rusiyanın ünvanına mesaj olaraq göndərib. A.Lukaşenko Rusiya torpaqlarına iddia etmədiklərini bildirib: “Mən Smolensk, Bryansk, Pskov torpaqları haqda danışanda bunu cavab kimi söyləmişdim. Bu, ritorik zarafat idi. Bizə başqasının torpaqları lazım deyil. Vacib olan öz torpaqlarımızı heç kimə verməmək və onu uşaqlarımıza, nəvələrimizə ötürməkdir”.

~ tərəfindən Patriot 30/01/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma