İLHAM ƏLİYEVİN TƏCİLİ ALMANİYA SƏFƏRİ

ilham eliyev-berlin

Hüfuzlu hüquq müdafiə təşkilatı Əliyevə təzyiq üçün Merkelə çağırış etdi

Onu Berlində etiraz aksiyası gözləyir

Ölkə başçısı İlham Əliyevin Almaniya səfərə gedib. Bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda bildirilir ki, İlham Əliyev yanvarın 20-də Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşüb. Görüşdə Azərbaycan, Almaniya və Avropa İttifaqı arasındakı münasibətlər, Azərbaycanda və regiondakı vəziyyət müzakirə olunub. Məlumata görə, yanvarın 21-də İlham Əliyev Almaniyanın federal kansleri Angela Merkellə görüşəcək. Onunla görüşdə də Azərbaycan və regiondakı vəziyyətin ciddi müzakirə olunacağı bildirilir.

Adətən İlham Əliyevin xarici səfərləri barədə bir neçə gün əvvəldən ictimaiyyətə məlumat açıqlanır. Lakin maraqlıdır ki, bu səfər barədə əvvəlcədən heç bir xəbər verilməyib. Səfərin gizli saxlanılması Bakının bundan o qədər də məmnun olmadığı qənaətini yaradır. Yada salaq ki, Azərbaycan hakimiyyəti ABŞ dövlət katibi Con Kerrinin İlham Əliyevlə telefon danışığını da ictimaiyyətdən gizlətmişdi. Çünki Kerri Əliyevlə ikincinin ürəyincə olmayan mövzu – Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşməsi – ətrafında müzakirə aparmışdı. Azərbaycan ictimaiyyəti Con Kerri ilə İlham Əliyevin telefon danışığından ABŞ Dövlət Departamentinin məlumatından sonra xəbər tutdu. İlham Əliyevin Almaniyaya səfərində Azərbaycandakı vəziyyətin müzakirə mövzusu olması hakimiyyətin bu barədə susmasını şərtləndirə bilər.

Yeri gəlmişkən, son vaxtlar Azərbaycan hakimiyyətinin ABŞ və Avropa ilə münasibətlərində gərginlik müşahidə olunur. Hətta Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov yerli mətbuata açıqlamasında münasibətlərin dözülməz olduğunu bəyan etmişdi. Məsələnin kökündə isə ABŞ və Avropanın Azərbaycan hakimiyyətindən demokratik islatahlar tələbidir. Ona görə də ehtimal etmək olar ki, İlham Əliyevin Almaniya səfər gərgin keçəcək.

Bu arada Human Rights Watch təşkilatı bəyanat yayıb. “Almaniyanın kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevi çağırmalıdır ki, aparıcı insan haqları müdafiəçiləri, jurnalistləri, hökumətin digər tənqidçilərini azadlığa buraxsın”, – deyə bəyanatda bildirilir (“Azadlıq” radiosu).

Təşkilat bildirir ki, təkcə 2014-cü ildə Azərbaycan hakimiyyəti 30-dan çox hökumət tənqidçisini həbsə atıb. Müstəqil təşkilatların işini məhdudlaşdıran qanunvericilik dəyişiklikləri qəbul olunub. Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktoru Hyuc Villiamson deyir: “Kansler bu fürsəti qaçırmamalı, açıq və qapalı görüşlərdə Azərbaycan prezidentini insan haqlarına hücumu dayandırmağa çağırmalıdır. Fəallara qarşı bu ittihamlar siyasi motivlidir. Merkel onların azadlığının təminatına kömək edə bilər”.

Bəyanatda qeyd olunur ki, hökumət azı 34 insan haqları müdafiəçisi, siyasi və vətəndaş cəmiyyəti fəalı, jurnalist və bloqqerə qarşı saxta ittihamlar irəli sürüb. Bəziləri ölkədən qaçıb gizlənməyə məcbur olub. Saxta ittihamlara isə qanunsuz narkotik maddə və silah saxlama, vergidən yayınma, xuliqanlıq, təhrik etmə, hətta vətənə xəyanət daxildir.

Azı 50 qeyri-hökumət təşkilatının, bəzi hallarda həmin qurumlarının əməkdaşlarının bank hesabları dondurulub. Azı 3 insan haqları qrupu bağlanmağa məcbur olub, digərləri fəaliyyətini dondurub: “Artan təzyiqlərlə eyni vaxtda Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu meqa idman tədbiri ölkənin beynəlxalq imicini gücləndirməyə xidmət edir. Avropa ölkələrinin iştirak etdiyi bu yarış ilk dəfə olaraq Bakıda, iyunun 12-dən 28-dək keçiriləcək. Merkel aydın şəkildə bildirməlidir ki, həbsdəki fəallar azad olunmayanadək Almaniya Avropa Oyunlarına yüksək səviyyəli nümayəndə heyəti göndərməyəcək”.

Human Rights Watch-un mövqeyinə görə, Angela Merkel özəlliklə hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, İntiqam Əliyev, Anar Məmmədli, jurnalist Xədicə İsmayıl, siyasi hərəkat lideri İlqar Məmmədovun dərhal azad edilməsini istəməlidir. Villiamson deyib: “Dünya liderləri ilə görüşmək və meqa idman tədbirləri keçirməklə Prezident Əliyev daha böyük legitimlik axtarışındadır. Merkel aydın şəkildə bildirməlidir ki, Avropa ilə daha sıx siyasi və iqtisadi təmaslar, ədalətsiz həbs olunmuş jurnalist və hüquq müdafiəçilərinin buraxılması və fundamental insan haqlarına hörmətə birbaşa bağlıdır”.

“Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı isə yanvarın 21-i saat 13.30 Angela Merkelin iqamətgahı qarşısında Azərbaycanda həbsdə olan jurnalistlər və bloggerlərə görə etiraz aksiyası təşkil edib. Təşkilat bəyan edib ki, aksiyanın səbəbi Angela Merkelin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşməsidir. “Biz bu aksiya vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevi öz ölkəsində söz və mətbuat azadlığını nəhayət ki, təmin etməyə çağıracağıq. Azərbaycanda hakimiyyət tənqidçi səslərə qarşı misli görünməmiş səviyyədə repressiyalar həyata keçirir. Bu avtoritar ölkədə hazırda ən azı 12 nəfər jurnalist və blogger həbsdədir. Onların arasında dissident-jurnalist Xədicə İsmayılova da var.

Biz aksiyada çoxsaylı tərəfdarlarımızın iştirakını səbrsizliklə gözləyirik. Çərşənbə günü bu aksiya keçirilən zaman Berlində olmayanlar elektron poçtumuz vasitəsilə “Xədicəyə azadlıq!” kampaniyasında iştirak edib dəstəyini ifadə edə bilər”, – deyə “Sərhədsiz reportyorlar”ın aksiya ilə bağlı açıqlamasında bildirilir.

~ tərəfindən Patriot 21/01/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma