ABŞ və AVROPADAN XƏDİCƏ İSMAYILIN HƏBSİNƏ KÜTLƏVİ ETİRAZ

abs-avropa-hebs-etiraz

“Onunla rəftar bizi qəzəbləndirir; Azərbaycan hökumətini dərhal onu azad etməyə çağırırıq”

“Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun hərəkət etmir”

Jurnalist Xədicə İsmayılın həbsinə ABŞ-dan da ilk reaksiya gəlib. Dövlət Departamentinin sözçüsü Mariya Harf dekabrın 5-də keçirdiyi brifinqdə bununla bağlı sualı cavablandırıb. O deyib ki, təmsil etdiyi hökumət Azərbaycanda ümumən vətəndaş cəmiyyətinə qarşı basqılardan narahatdır və bunu dəfələrlə yerli səviyyədə diqqətə çatdırıblar.

“Bu məsələ ilə bağlı spesifik hesabatları görmüşəm, amma onun detallarını indi təsdiq edə bilmirəm. Biz Azərbaycanda jurnalistlərə qarşı təzyiqlər də daxil, ümumiyyətlə vətəndaş cəmiyyətinin fəaliyyəti üzərində olan məhdudiyyətlərdən və basqılardan ciddi şəkildə narahatıq. Bu cür hallar təsdiq edir ki, Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun hərəkət etmir. Bütün bunlar bizi narahat edir. Yerində bu məsələlər dəfələrlə onların qarşısında qaldırılıb”, – deyə Departamentin sözçüsü qeyd edib.

hadice ismayil _hebs etirazATƏT ölkələri nazirlərinin İsveçrədəki görüşündə çıxış edən ABŞ nümayəndəsi Daniel Bayer də Xədicə İsmayılın həbsi haqda məlumat aldığını və bundan dərin narahatlığını ifadə edib.  «Azərbaycandan olan bu müstəqil jurnalisti çoxlarımız tanıyırıq», – deyə Bayer hadisələrin bu cür gedişatından narazılığını bildirib.

ATƏT-in media məsələləri üzrə xüsusi nümayəndəsi Dunya Myatoviç də İsveçrənin Bazel şəhərində keçirilən forumda Xədicə İsmayılın həbs edilməsilə bağlı bəyanat verib: “İsmayılovanın həbsi Azərbaycanda azad və tənqidi səslərin boğulmasına yönəlik kampaniyanın tərkib hissəsi və xüsusi təşkil olunmuş gözqorxutmadan başqa bir şey deyil. Mən Azərbaycan hökumətinə bu praktikaya son qoymaq barədə dəfələrlə səsləndirdiyim çağırışları təkrarlayıram. Çünki bu, ölkədə KIV azadlığına ciddi zərbə vurur”, – deyə Myatoviç bildirib.
Myatoviç bəyan edib ki, Xədicə İsmayılın həbsi Azərbaycanda son dövrlərdə həyata keçirilən həbslərin davamıdır. “Söhbət jurnalistlərdən və hüquq müdafiəçilərindən gedir”,- deyə o, əlavə edib.

ABŞ Yayım Şurası da Xədicə İsmayılın həbsini pisləyib və onu dərhal azad etməyə çağırıb.
«Xədicənin həbsi Azərbaycan hökumətinin öz tənqidçilərini susdurmaq və mətbuat azadlığını məhdudlaşdırmaq istiqamətində göstərdiyi son cəhdlərdən biridir. Onunla rəftar bizi qəzəbləndirir və Azərbaycan hökumətini dərhal onu azad etməyə çağırırıq», – deyə şuranın sədri Cef Şell bildirib.

Azad Avropa/Azadlıq radioları korporasiyasının baş redaktoru Nenad Pejic də Xədicə İsmayılın həbsi barədə açıqlama yayıb. Açıqlamada deyilir: “Xədicə İsmayılın saxlanması və həbsi Azərbaycanda hökumət aparatında korrupsiya və insan haqları pozuntularını araşdıran jurnalisti susdurmaq üçün iki ildir davam edən kampaniyanın nəticəsidir. Bu gün ona biabırçı ittihamlar irəli sürülüb. Xədicə jurnalist fəaliyyətinə görə cəzalandırılır”.

«Biz Azərbaycan rəsmilərini jurnalistləri qondarma ittihamlarla susdurmasına son qoymağa və Xədicə İsmayılı dərhal azad etməyə çağırırıq». Bunu isə Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya Bölməsinin təmsilçisi Müzəffər Süleymanov bildirib. «Bu həbsin siyasi mahiyyəti aydın görünür – mükafatlaralmış jurnalist Azərbaycandakı işinə görə təqib olunur», – deyə o əlavə edib.
Xədicə İsmayılın həbsilə bağlı Amnesty İnternational təşkilatı da bəyanat verib. Bəyanatda deyilir ki, bu həbs ölkədə müstəqil KİV-in səsini boğmağa hesablanmış bir addımdır.

“Xədicə İsmayılova Azərbaycanda azad sözün olduqca azsaylı təmsilçilərindən biridir”, – deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Con Dalhusen bildirib.

“Azad Avropa radiosu ilə əməkdaşlıq edən Xədicə İsmayılova olduqca cəsarətli araşdırmaların müəllifi olmaqla hakimiyyəti tənqid edir, korrupsiya və insan haqları ilə bağlı davamlı olarq məqalələr yazırdı.

O, olduqca anlaşılmaz bir ittihamla – kimisə özünü öldürmə həddinə çatdırmaqda günahlandırılaraq həbs edilib.
Azərbaycan hakimiyyəti öz peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı bu cür basqılara son verməlidir”, – deyə təşkilatın bəyanatında qeyd olunur.

Amnesty İnternational xatırladır ki, hələ oktyabrın 12-də Praqadakı konfransda iştirak etməli olan Xədicə İsmayılın ölkədən çıxmasına prokurorluğun qərarı ilə yasaq qoyulmuşdu. Oktyabrın 3-də Azərbaycanda insan haqlarının pisləşməsi ilə bağlı AŞ PA-dakı məruzəsindən sonra Strasburqdan geri qayıdarkən isə Bakı aeroportunda onu 4 saatdan artıq saxlayaraq axtarış aparmışdlar.

Daha bir bəyanatla Sərhədsiz Reportyorlar çıxış edib. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Departament rəhbəri Yohan Bihr deyib ki, saxta ittihamlardan və həbs qərarlarından şoka düşüblər. “Xədicə İsmayıla qarşı təqiblər hələ iki il bundan əvvəl başlayıb və bu həbs qərarı da həmin təqiblərin son mərhələsidir. Onun araşdırmaçı jurnalist olaraq həbsi bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti öz opponentlərini və tənqidçilərini tamamilə sıradan çıxarmaqda israrlıdır”, – deyə Bihr qeyd edib O, xatırladıb ki, Xədicə İsmayıl bu il mayın 3-də təşkilatın yaydığı hesabatda “Dünyanın 100 informasiya qəhrəmanı” siyahısındakı cəsur jurnalistlərindən biridir.

«Index on Censorship» beynəlxalq söz azadlığını müdafiə təşkilatı isə bildirir ki, Xədicə İsmayılın həbsi İlham Əliyev hökumətinin avtoritar instinktlərinin gücləndiyini göstərir.

«Xədicə İsmayılın həbsi Azərbaycanda azad media və vətəndaş cəmiyyətinə davamlı təzyiqlərin bir hissəsidir. Bu, hakimiyyətin tənqidi səsləri susdurmaq üçün apardığı qorxutma və qısnama kampaniyasının bir formasıdır», – «Index on Censorship»in təmsilçisi Melody Patry deyib.
İnsan Haqları Evi Fondu da Xədicə İsmayılın həbsini pisləyib. Qurumun icraçı direktoru Maria Dahle deyib: «Bu hökm bizdə təəccüb doğurmadı: hakimiyyətin Xədicə İsmayılı susdurmaq istədiyini bilirdik. Bu həbsdən sonra hər kəs nəzərə almalıdır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin müstəqil lideri bir hədəfdir və istənilən vaxt, istənilən ittihamla saxlana bilər».

 

~ tərəfindən Patriot 06/12/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma