İSA SADIQOV NATO-QAFQAZ ALYANSININ PREZİDENTİ OLDU

isa sadikov - NATO

«Azərbaycanın «balans siyasəti» cəsarətin deyil, qorxunun ifadəsidir və bu,
İlham Əliyevin qorxusudur»

«İctimai nəzarətin olmadığı şəraitdə ordunun büdcəsinin artırılması sadəcə, korrupsiyadır»
Avropada yeni bir ictimai təşkilatın əsası qoyuldu və təşkilat rəsmən qeydə alındı. Bu, NATO-Qafqaz Alyansı adlı ictimai təşkilatdır. Alyansın prezidenti Azərbaycanda hər kəsin yaxşı tanıdığı və sayğı bəslədiyi polkovnik Isa Sadıqovdur. Isa Sadıqov NATO-Qafqaz Alyansının hansı zərurətdən yarandığını və qarşıda duran fəaliyyət prioritetlərini danışır.

– NATO, əlbəttə, bütün dünyada hərbi blok kimi tanınır və qəbul edilir. Amma bu, sıradan bir hərbi blok deyil, eyni zamanda konkret siyasi dəyərlər üzərində qurulan əsgəri birlikdir. Bu o deməkdir ki, hərbi-texniki standartlarını kamilləşdirən hər hansı dövlət NATO-ya üzv ola bilməz. NATO-ya üzv olmaq üçün hökmən, konkret əsgəri-mənəvi prinsiplər də qəbul edilməlidir. Bu, demokratiyadır. Demokratik dəyərləri qəbul etməyən ölkə hərbi baxımdan özünü nə qədər gəlişdirsə də, bu, NATO standartı deyil. Buna görə də, NATO-Qafqaz Alyansına, sadəcə olaraq, Şimal Alyansı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edən ictimai birlik kimi baxılmamalıdır. Biz Qafqazda, o sıradan və təbii ki, Azərbaycanda demokratiyanın həyat və idarəetmə tərzinə çevrilməsi üçün çalışmalıyıq ki, NATO kimi güclü bir müttəfiqimiz də olsun.

– Indi Azərbaycanın NATO ilə daha sıx əməkdaşlığının perspektivləri görünürmü? Axı, get-gedə bəlli olur ki, Azərbaycan daha çox Rusiya blokuna tərəf meyllənir. Ən azı, siyasi baxımdan bunu inkar etmək mümkün deyil.

– 1994-cü ildə NATO-nun sammitində bir proqram haqqında qərar qəbul edildi. Bu proqram ATƏT çərçivəsində təmsil olunan, amma NATO üzvü olmayan 22 Şərqi Avropa ölkəsi ilə bağlı idi və Sülh Naminə Tərəfdaşlıq adlanırdı. Bu proqramın əsas tələbləri demokratik dəyərlər, insan haqları və silahlı qüvvələrə ictimai nəzarətin təmin edilməsidir. Bu prinsiplər NATO ilə əməkdaşlığın başlanması və dərinləşdirilməsi üçün əsas şərtdir. Azərbaycan da bu proqram çərçivəsində əməkdaşlığa razılıq verən və orada iştirak edən dövlətdir. Amma təəssüf ki, bu öhdəliklərin yerinə yetirilməsinə heç bir diqqət göstərilməyib, insan haqları və demokratiya bütünlüklə arxa plana keçirilib və buna görə də indi belə vəziyyət yaranır ki, Azərbaycan üçün NATO əlçatmaz üfüqdə görünür.

Bütün bunlar bilirsinizmi, nəyə görə baş verib? Başlıca məsələ, silahlı qüvvələrə ictimai nəzarətin tətbiq edilməməsidir. Indi Azərbaycanda hərbi büdcənin artırılması və bunun ordunu gücləndirilməsi naminə görülən vətənpərvərlik tədbiri olduğunu iddia edirlər. Amma hərbi büdcənin artırılması nə vətənpərvərlik deməkdir, nə də ordunun gücləndirməsi. Ictimai nəzarətin olmadığı şəraitdə, bu, sadəcə, korrupsiya qaynağıdır, vəssalam. Deyə bilərsiniz ki, axı, müharibə şəraitində olan bir ölkənin müdafiə xərcləri üzərində korrupsiya əməliyyatları qurmaq mümkün deyil və ya ifrat vicdansızlıqdır! Təbii ki, bu belədir. Amma bir halda ki, korrupsiya var, deməli, o, orduda da var və buna vərdiş edənlər, silahlı qüvvələr üçün ayrılan vəsaitə də sadəcə olaraq, korrupsiya mənbəyi kimi baxırlar.

Amma NATO prinsipləri həm müdafiə xərclərinin bu şəkildə əsaslandırılmamış yüksəldilməsini, həm də onun xərclənməsində dəqiq ictimai nəzarətin təminatını zəruri edir. Biz Azərbaycanda da, eləcə də Qafqazın başqa bölgələrində də NATO dəyərlərinin təbliğ edilməsi, müdafiə məsələlərinin yalnız dövlətin deyil, həm də cəmiyyətin əsas qayğılarından biri olmasını əsaslandırılması ilə məşğul olacağıq. Axı, son nəticədə, əgər hərbi təhlükə varsa, bu, cəmiyyətə və insanlara qarşı istiqamətlənən təhlükədir və insanlar özlərinin necə müdafiə olunduqlarını bilməkdə, öyrənməkdə, bu məsələlərlə maraqlanmaqda haqlıdırlar.

– Azərbaycanın NATO-ya üzvlüyü hansı konkret üstünlükləri yaradır? Bu məsələ ölkə ictimaiyyəti üçün, sadəcə olaraq, Rusiya-NATO qarşıdurması kontekstində müzakirə edilir. Amma Azərbaycan müstəqil dövlətdir və NATO-yamı, Rusiyayamı doğru sual cəmiyyətdə birmənalı qarşılanmır?

– Bilirsiniz, dünyada baş verən son hadisələr Əliyev rejimindən başqa hər kəsi inandırıb ki, təkbaşına olaraq ölkənin təhlükəsizliyini və zəmanətli sabitliyi yaratmaq mümkün deyil. Buna nəinki Azərbaycanın, hətta Rusiyanın da gücü çatmaz. Yeri gəlmişkən, Rusiya bu istiqamətdə çoxdan hansısa işlər görməyə çalışır, Kollektiv Təhlükəsizlik Təşkilatı kimi bir amorf hərbi birlik də yaradıb, amma korrupsiya və prinsipsizlik bu təşkilatın perspektivlərini bəri başdan sual altına qoyub. Üstəlik, Rusiya özünün ətrafındakı hərbi təhlükəsizlik zolağını intriqalardan yararlanaraq yaradır, prinsiplər üərində qurmur. Buna görə də, Azərbaycan öz milli maraqlarını əsas götürərək NATO ilə daha sıx əməkdaşlığa, münasibətlərin üzvlüyə qədər inkişaf etməsinə maraqlı olmalıdır. Dövlət maraqlarını ailə və ya klan maraqlarına qurban verməmək lazımdır.

Baxın, uzun müddətdir ki, davam edən ailə-balanslaşdırma siyasəti ölkəyə heç bir xeyir verməyib və verməyəcək də. Bu “balans siyasəti” NATO blokuna daxil olan ölkələrlə münasibətlərin daha da pisləşdirməsinə gətirib çıxarıb. Şübhəsiz, indiki beynəlxalq şərait bunu diqtə edir ki, Azərbaycan hansısa hərbi-siyasi bloklara qoşulsun. Bu istiqamətdə isə Azərbaycanın seçə biləcəyi tək blok NATO-dur. Bütün başqa hərbi siyasi müstəvilər Azərbaycanın uduzacağı müstəvilərdir. Çığırıb-bağırmağın mənası yoxdur: Azərbaycan təkbaşına öz təhlükəsizliyini təmin edə bilməz. Nə qədər silah alırsan, al, xeyri yoxdur. Büdcəyə ayrılan vəsaitləri 10 dəfə artırsanız da, xeyri yoxdur. Azərbaycan əslində, Ermənistanla deyil, Rusiya ilə hərbi münaqişədədir. Bunu etiraf etmək vacib deyil, amma nəzərə almaq vacibdir. Indi təsəvvür edin ki, Azərbaycan nə qədər silahlanmalıdır ki, özünü Rusiyadan müdafiə edə bilsin. Mümkün deyil, axı. Təbii resurslar da, fiziki resursdlar da, bütün digər resurslar da bunu istisna edir. Rusiya bloklarına daxil olmaq isə ölkənin müstəqilliyinin itirilməsi deməkdir. Biz ümummilli mübarizə sayəsində oradan qopa bilmişik və müstəqillik əldə etmişik.

Biz nəzərə almalıyıq ki, NATO artıq, Qafqaza daxil olub. NATO-nun baş katibi dəfələrlə bəyan edib ki, Gürcüstan NATO blokuna daxil ediləcək və bunun üçün Rusiyadan icazə almayacaqlar. Gürcüstanın NATO standartlarına uyğunlaşmaq üçün apardığı işlər bizim üçün örnək ola bilər və onlardan yararlanmaq lazımdır. Bizim hazırkı durumumuz fərqli deyil. Onların da ərazi problemi var, işğaldan əziyyət çəkən ölkədir. Buna baxmayaraq, cəsarətli mövqe göstərib öz təhlükəsizlikləri üçün zəmanət seçə biliblər. Bilirsiniz, Azərbaycan hakimiyyətinin elan etdiyi “balans siyasəti” əslində qorxudan seçilmiş variantdır. Ciddi hökumət cəsarət lazım olan yerdə onu göstərməlidir ki, ölkə ilə siyasi mövqeyi olan tərəf kimi danışsınlar. Üstəlik, bu cəsarət ölkənin sabahı üçün böyük və ən uğurlu perspektivləri birmənalı olaraq qarantiya altına alırsa, burada yalandan “balans siyasəti” deyib qorxaqlığı ört-basdır etməklə heç nəyə nail olmağa dəyməz. Azərbaycan indi elan edir ki, müdafiə xərclərini 5 milyard manata qaldırır… Bunun nə mənası var? Bu qədər xərci çəkməyə ehtiyac varmı? NATO üzvlüyü bütün bu mənasız xərcləri ölkə vətəndaşlarının rifahına sərf etmək üçün ən uğurlu variantdır. NATO üzvlüyü o deməkdir ki, Azərbaycanın müdafiə qayğıları birbaşa NATO-nun üzərinə düşür və ölkə bunun üçün nə milyardlar ayırır, nə də onların səmərəsizliyindən əziyyət çəkir.

– NATO-Qafqaz Alyansı. Adından görünür ki, siz bütün Qafqazda təmsil olunmaq istəyirsiz. Amma Qafqazda Ermənistan da var. Siz onlarla əməkdaşlıq edəcəksizmi?

– Ermənistan müstəqil dövlət olsa, o halda, əlbəttə, onlarla da əlaqə saxlamağa dəyərdi. Indiki halda isə, müstəqil deyil. Əslində, hətta ictimai rəy baxımından da hesablasaq, baxmayaraq ki, Rusiyanın birbaşa tərkibindədir, Şimali Qafqaz daha müstəqil subyektdir, nəinki Ermənistan. Bundan əlavə, Ermənistan Rusiyanın Kollektiv Təhlükəsizlik blokuna qoşulduğu üçün, artıq NATO-ya üzv ola bilməz. Amma bütün hallarda, nəzərə almaq lazımdır ki, Ermənistanda ölkəni Rusiyanın boyunduruğundan qurtarmaq istəyən ictimai çevrələr var və onlar fərqli fikrin ifadəçisidirlər. Ümumiyyətlə, təkcə Güney Qafqaz deyil, bütün Qafqaz NATO ilə münasibətlərin yeni mərhələsini müzakirə etməlidir. Axı, Qafqazın Güney və Quzeyi sırf birtərəfli qaydada siyasi məkanlar kimi ayrılıb. Bu sərhədi isə Rusiya müəyyən edib. Indi isə, hətta Rusiyanın özü də etiraf edir ki, bu sərhədlər yenidən müzakirə edilə bilər. Ukraynada rusların apardığı siyasət bunun göstəricisidir.

Azad Akifoğlu

~ tərəfindən Patriot 24/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma