BU GÜN MİLLİ ŞURANIN MİTİNQİDİR!

12okt2014-mitinq

Hakimiyyət yeni təxribata əl atdı; xalqı çaşdırmaq cəhdi alınacaqmı?; ictimai-siyasi xadimlərdən mitinq çağırış

Milli Şuranın noyabrın 10-nə təyin etdiyi mitinqin vaxtı dəyişib. Mitinq noyabrın 9-da olacaq. Bakı Şəhər İcra Hakimiyyəti təşkilatçılara göndərdiyi cavabda mitinqin 9 noyabr, saat 15:00-17:00 arası “Məhsul” stadionunda keçirilməsinə razılıq verildiyini göstərib.

BŞİH-dən “Azadlıq” qəzetinə bildiriblər ki, mitinqin 10 noyabrda olacağı haqda məlumatın yayılması tələskənlik və yanlışlıq olub. Təşşkilatçılar cavab məktubunun mətni ilə tanış olmadan mitinqin 10 noyabrda olacağını elan ediblər.

Təşkilatçılardan biri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə qəzetimizə açıqlamasında bunu hakimiyyətin Milli Şuraya qarşı növbəti təxribatı adlandırıb. O, mitinqin vaxtı barədə dəqiqəşdirmə aparmadan məlumat yaydıqları barədə BŞİH-dən deyilənləri də təkzib edir:
“Noyabrın 5-də Bakı Şəhər Icra Hakimiyyətindən ictimaiətlə əlaqələr şöbəsinin müdiri Zaur Ramazanov mənə zəng edib, dəqiqləşdirdi ki, bizim onlarda üç müraciətimiz var – ayın 9-u, 10-u və 16-ı üçün – bunlardan hansını əsas tuturuq. Mən də dedim ki, ayın 10-nu. O da sağollaşdı. Ayın 6-da Zaur Ramazanov saat 17 radələrində təkrar mənə zəng vurdu və müraciətimizə müsbət cavab verildiyini dedi. Mən dəqiqləşdirdim ki, mətbuata açıqlama verəcəm, müraciətlərimizdən hansına – 10 noyabramı müsbət cavab verilib? O da təsdiqlədi ki, bəli, 10 noyabra razılıq verilib. Artıq iş gününün sonu olduğu üçün razılaşdıq ki, cavab məktubunu bu gün, yəni ayın 7-də götürəcəyik. Mən də buna uyğun olaraq mətbuata məlum açıqlamanı verdim. Amma bu gün BŞIH cavab məktubunda razılığı ayın 9-na göstərib. Bu sadəcə, təxribatdır. Hökumət bizimlə oyun oynadı. Məqsəd mitinqin keçirilməsinə, keçirilərsə kütləviliyinə problem yaratmaqdır”.

Yaranmış vəziyyətlə bağlı Milli Şura noyabrın 7-də fövqəladə iclas keçirib. Müzakirələrin nəticəsi olaraq mitinqin noyabrın 9-da keçirilməsinə dair qərar çıxarılıb. Bununla bağlı AXCP sədri Əli Kərimli də “Facebook” səhifəsində status paylaşıb:

“Dostlar, Milli Şuranın mitinqi ilə bağlı hökumətin yeni təxribatından xəbəriniz var? Milli Şura əvvəlcədən mitinqi 9 noyabrda etmək istəyirdi. Amma sonradan nəzərə aldıq ki, 9 noyabr ”Bayraq günü” bayramına düşdüyü üçün hökumət həmin gün mitinq keçirilməsinə mane ola bilər. Buna görə də mitinqimizi 10 noyabra təyin etdik. Təbii ki, icra hakimiyyətinə də müvafiq müraciət göndərildi.
10 gündür 10 noyabr mitinqinə hazırlıq gedir. Indi mitinqə 2 gün qalmış icra hakimiyyəti bildirir ki, mitinqin yalnız 9 noyabrda keçirilməsinə razılıq verib, 10 noyabrda yox. Aydındır ki, məqsəd bizim mitinq hazırlığımızı pozmaq, mitinqin kütləviliyinə mane olmaqdır. AXCP və Milli Şura olaraq çətin seçim qarşısında qaldıq. Hazırkı mərhələdə razılaşdırılmamış mitinqləri məqsədəuyğun saymadığımızdan iki seçimimiz var idi. Ya mitinqi 9 noyabrda keçiririk, ya da mitinqin keçirilməsi daha sonrakı vaxta təxirə salınır. Müzakirələrdən sonra qərara gəldik ki, mitinqi 9 noyabr (bazar günü) saat 3-də “Məhsul” stadionunda keçirək.
Bilirik ki, müxalifətin mətbuat imkanlarının minimuma endiyi indiki vaxtda bu məlumatı 2 gün ərzində ölkə əhalisinə çatdırmaq çox çətin olacaq. Amma ilk növbədə sizlərin – sosial şəbəkə fəallarının dəstəyinə bel bağlayaraq bu qərarı verdik. Sizlərin bu məlumatı maksimum yayacağınıza ümid edirik.
Dostlar, boş yerə demirlər ki, hər şərdə bir xeyir də var. Hamı gördü ki, hakimiyyət mitinqin kütləviliyindən necə narahatdır. Mitinqə 1-2 min adam az gəlsin deyə, onu bayram gününə keçirdilər. Siz də bunu nəzərə alın. Bizə qarşı atılmış bu addımı özlərinə qarşı çevirək. Mitinqi daha kütləvi edək.
9 noyabr mitinqində inadına daha çox milli bayraq, inadına daha böyük izdiham! Bayraq günü – 9 noyabrda milli bayraqlarımızla meydandayıq!”.

Bu arada mitinqin təşkilatçıları kimi AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib. BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Muradəliyev onlarla görüşüb. Görüşdə mitinqin noyabrın 9-da keçirilməsinə razılıq verildiyi bildirilib. Deyilib ki, polis mitinqin təhlükəsiz və dinc şəraitdə keçməsi üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək. Təşkilatçılar da aksiyanın qanunvericiliyin tələblərinə uyğun, asayiş pozulmadan keçməsini təmin etməlidirlər.

***
Ölkə ziyalıları, tanınmış ictimai-siyasi xadimlər və gənclər də 9 noyabr mitinqində fəal iştiraka çağırış edib.
Bu mitinqdə iştirak etmək, vətəndaşlıq borcudur

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli hesab edir ki, özünü vətəndaş sayan hər kəs bu mitinqdə iştirak etməlidir: “Biz Konstitusiyanın bizə verdiyi imkanlardan istifadə edərək qanunsuzluğa, ədalətsizliyə etiraz edirik. Bu mitinqin keçirilməsi vacibdir. Ölkədə bu qədər qondarma həbslər baş verirsə, insanların hüququ tapdanırsa, cəmiyyət buna öz münasibətini bildirməlidir. Repressiyaların sürətləndiyi bir dövrdə, insanların bu mitinqlərdə iştirak etməsi onu göstərir ki, baş verənlər cəmiyyəti də narahat edir. Problemlər yalnız bununla da birmir. Ölkədə rüşvət, korrupsiya, bütün sahələrdə qanunsuzluq hökm sürür. Ona görə də etiraz etmək, tələb etmək hər bir vətəndaşın borcudur. Məhz buna görə əhalinin bütün təbəqələri, siyasi mövqeyindən asılı olmayaraq mitinqdə iştirak etməlidir və Milli Şuranın bu təşəbbüsünə dəstək verməlidir”.

Bu mitinqlər sabaha inamı artırır

Tanınmış jurnalist Şahvələd Çobanoğlu bildirdi ki, Milli Şuranın keçirdiyi mitinqləri müsbət qiymətləndirir və insanların bu mitinqdə iştirakını zəruri sayır: “Bugün dinc aksiyaların gücü əvvəlki illərdən daha böyükdür. Uğurlu aksiyalar cəmiyyətdə inamı gücləndirir və vətəndaşların baş verənlərə münasibətini dəyişir. Bugün ölkəmizdə kifayət qədər problemlər var və bu problemlər hakimiyyətin yanlış siyasətindən qaynaqlanır. Belə bir zamanda susmaq, baş verənlərə biganə qalmaq, ədalətsizlikdir. Mən ölkə vətəndaşlarını 9 noyabr mitinqinə dəstək olmağa və ölkənin rifahına töhfə verməyə səsləyirəm”.

Islamçılar 9 noyabr mitinqində kütləvi şəkildə iştirak edəcək

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bildirdi ki, islamçılar 9 noyabr mitinqində kütləvi şəkildə iştirak edəcəklər: “Insan bütün şüurlu həyatını zülmlə mübarizəyə həsr etməlidir. Bu ölkədə uzun illərdi repressiyalar həyata keçirilir və ziyalılar, hüquq müdafiəçiləri, jurnalistlər, ilahiyyatçılar qondarma ittihamlarla həbs olunur. Mən mitinq qərarını dəstəkləyirəm, zəruri hesab edirəm. Xalqımız bu şərtlər daxilində yaşamağı qəbul etməməli, bu qanunsuzluqlardan bezdiyini bildirməlidir. Bu Aşura günlərində inanclı insanlar da dua edərək, haqsız həbs olunanlara azadlıq istədilər. Ümidvaram ki, 9 noyabr mitinqi, əvvəlki mitinqdən də əzəmətli olacaq və islamçılar daha izdihamlı formada mitinqdə iştirak edəcəklər. Çünki, Azərbaycandakı problemləri inkar etmək mümkün deyil və bu haqsızlıqları görənlər etiraz etməlidilər”.

Azərbaycan xalqı hakimiyyətin yürütdüyü siyasətə etiraz etməlidir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Samir Kazımlı: “Azərbaycandakı siyasi məhbus məsələsi tək ölkə daxilində deyil, artıq dünya ictimaiyyətində, dünya mediasında aktual mövzu kimi müzakirə edilməkdədir. Siyasi məhbuslara görə Azərbaycandakı siyasi hakimiyyət sivil dünyanın tənqidləri ilə üzləşir və bu tənqidlər getdikcə artmaqdadır. Bu o deməkdir ki, Azərbaycanda günahsız həbs edilən şəxslər tək azərbaycanlıları deyil, artıq dünya ictimaiyyətini narahat edir. Belə bir vaxtda Milli Şuranın siyasi məhbus məsələsi ilə bağlı mitinq keçirməsi, onların müdafiəsinə qalxması müsbət haldır. Hakimiyyət repressiyaları gücləndirməklə düşünürdü ki, bunu etməklə ölkədə demokratiya istəyən şəxsləri birdəfəlik susduracaq. Amma Milli Şuranın siyasi məhbuslarla bağlı ötən dəfəki mitinqi və mitinqə cəmiyyət tərəfindən olan diqqət göstərdi ki, hakimiyyət atdığı bu antidemokratik addımlarla heç nəyə nail ola bilməyib. Məlum oldu ki, bu qədər amansız repressiylara baxmayaraq ölkədə demokratiya istəyən insanlar qalıb və onların sıralarına yeni insanlarda qoşulmaqdadır. Bu gün həbsdə olan siyasi və vicdan məhbusları Azərbaycan dövləti, cəmiyyəti üçün çox vacib insanlardır. Azərbaycan xalqı həmin insanların bilik və bacarıqlarından bəhrələnməlidir. Hakimiyyət isə Azərbaycan xalqını bu imkanlarından məhrum edib. Məncə, Azərbaycan xalqı hakimiyyətin bu siyasətinə etiraz etməli, siyasi məhbusların azadlığı üçün bacardığını əsirgəməməlidir. Buna görə də ölkə vətəndaşlarını 10 noyabr mitinqinə dəvət edirəm”.

Mitinq keçirmək zərurətə çevrilib

Islam Partiyasının sədr əvəzi Elçin Manaflı da Milli Şuranın mitinqini müsbət qiymətləndirir: “Insanlar başqa vasitələrlə hüquqlarını bərpa edə bilməyəndə, problemləri həllini tapmayanda, mitinqlər keçirmək zərurətə çevrilir. Indi,  bizim cəmiyyətdə də elə vəziyyət yaranıb ki, insanlar öz etirazlarını bildirməlidilər. Ona görə də Milli Şuranın mitinqini müsbət qiymətləndirirəm. Bu çox önəmli təşəbbüsdür və təqdirəlayiq haldır”.

Əlayif Həsənov: «Milli Şuranın bu istiqamətdəki təşəbbüsünü alqışlayıram»

Tanınmış vəkil Əlayif Həsənov hesab edir ki, siyasi məhbus probleminin aktuallaşdığı dönəmdə bu cür aksiyaların keçirilməsi xüsusi önəm daşıyır. Milli Şuranın bu istiqamətdəki təşəbbüsünü alqışlayan Ə.Həsənov vurğuladı ki, Azərbaycandakı siyasi məhbus problemi daha çox siyasi məsələ sayılır: «Hakimiyyət İşçi Qrupunu yaratmaqla, Avropa təssisastlarında siyasi məhbus problemini müzakirə etməklə özü də onu etiraf edir ki, son həbslər siyasi motiv daşıyır. Ona görə baş verənlərə insanların öz etirazlarını bildirməsinə, aksiyalar təşkil etməsinə xüsusi ehtiyac var. Digər bir tərəfdən Azərbaycan dövlətinin İnsan Haqları ilə bağlı tərəfdaş çıxdığı Konvensiya mövcuddur. İnsanları sərbəst toplaşmaq hüququndan məhrum etmək olmaz. İnsanların ölkədə baş verən neqativlərə münasibət bildirməsi tamamilə arzuedilən və normal hadisələrdir».

Aslan İsmayılov: «Etiraz olmasa, həbslər hər kəsin qapısının önünü kəsə bilər»

Hüquqşünas Aslan İsmayılov da Milli Şuranın təyin etdiyi aksiyanı alqışladı. Onun da fikrincə, bu tip aksiyaların keçirilməsi günümüzün zərurətinə çevrilib. Çünki cəmiyyətin, toplumun etirazı səfərbər olunmayacağı təqdirdə siyasi həbslər daha geniş vüsət ala bilə. «Siyasi məhbuslara azadlıq» aksiyaları keçirilməsə, ictimaiyyət buna diqqət yetirməsə, bu siyasət daha da genişlənə və hər kəsin qapısının önünü kəsə bilər», deyə A.İsmayılov vurğuladı.
Xalid Bağırov: «Cəmiyyətin siyasi məhbus probleminə biganə qalmaması təsirsiz ötüşməyəcək»
Tanınmış vəkil Xalid Bağırov bildirdi ki, Milli Şuranın «siyasi məhbuslara azadlıq» tələbi ilə keçirdiyi aksiyanın məramı xoşdur. Bu üzdən cəmiyyətdə geniş dəstək qazana bilər: «İnsanların sərbəst toplaşmaq azadlığı var. Buna hörmətlə yanaşmaq lazımdır. Hazırda baş verənlərə də vətəndaşların münasibət bildirmək isətəməsi normal haldır. Düşünürəm ki, cəmiyyətin siyasi məhbus probleminə biganə qalmaması, proseslərə müdaxilə etməsi cərəyan edən hadisələrə təsirsiz ötüşməyəcək».

Bəhruz Bayramov: «Aksiyalar siyasi məhbuslara bir mənəvi dəstəkdir»

Tanınmış vəkil Bəhruz Bayramov da hesab edir ki, vətəndaşların ölkədə baş verənlərə münasibət bildirməsi, narazı olduğu məqamlara etiraz etməsi onların konstitusiyon hüququdur. Bu hüququn Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq qanunlarda da əksini tapdığını deyən B.Bayramov vurğulayıb ki, vətəndaşlırn hüquqları təmin edilməli və onların tələbləri dinlənilməlidir. «Milli Şuranın təşəbbüsü ilə keçirilən aksiyalar siyasi məhbuslara bir mənəvi dəstəkdir. Bu cür məsələlərin cəmiyyətin gündəminə gətirilməsi təqdiredicidir».

Həsən Kərimov: «Aksiyaya ciddi hazırlaşmışıq»

AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, artıq aksiyanın zamanının dəyişdirilməsi ilə bağlı təşkilatın müvafiq strukturlarına göstəriş verilib və partiya üzvləri tam məlumatlandırılıblar: «Biz aksiyaya ciddi hazırlaşmışıq. Bütün təbliğat vasitələrindən də istifadə edərək aksiyanın vaxtının dəyişdirilməsi barədə məlumat vermişik. Əminəm ki, çətinliklərə baxmayaraq mitinqin kütləviliyini təmin edə biləcəyik. Çünki mitinqin keçirilmə səbəbi Azərbaycanın əsas problemlərinə həsr olunub. Siyasi məhbus probleminin həlli mübarizə istiqamətlərimizdən biridir».

Gözəl Bayramlı: «Aksiyamız planlaşdırdığımız kimi möhtəşəm alınacaq»

AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, hakimiyyətin Milli Şuranın aksiyasının əvvəlcə noyabrın 10-na razılıq verdiyi barədə məlumat yayması, daha sonra isə aksiyanın tarixinin tam başqa gün olduğunu bəyan etməsi təsadüfi deyil. G.Bayramlı hesab edir ki, burada hakimiyyətin maraqları başa düşüləndir: «Düşünürəm ki, noyabrın 9-da keçirəcəyimiz aksiya möhtəşəm alınacaq. Biz buna çalışırıq, partiya olaraq buna səfərbər olunmuşuq. Bütün vətəndaşlarımıza çağırış edərək demək istəyirəm ki, aksiyaya qatılmaq bir vətəndaş borcumuzdur. Çünki hazırda həbsdə yatan siyasi məhbuslar bizim hüquqlarımızı qoruduqları üçün azadlıqlarından məhrum olublar».

Məşədi Vaqif Pənahov: «Bu ədalətsizliyə susmaq olmaq, hamını mübarizəyə çağırıram»

AXCP Rəyasət Heyətinin üzvü Məşədi Vaqif Pənahov bildir ki, Milli Şuranın «siyasi məhbuslara azadlıq» tələbi ilə keçirdiyi mitinq zamanın tələbi ilə səsləşir. Vətəndaşlarımızı hamılıqla aksiyada iştirak etməyə çağıran V.Pənahov vurğuladı ki, ölkədə dəyişikliklərə nail olmaq üçün cəmiyyətin müqavimətinin səfərbər olunması vacibdir: «Aksiya Bakıda keçirildiyi üçün Bakı kəndlərinin əhalisinə müraciət edirəm. Aksiyada iştirak hazırkı dönəmdə dövlətçiliyimizə böyük dəstəkdir. Yüzlərlə insan hazırda nahaq yerə məhbus həyatı yaşayır. Buna səbəb onların haqq uğrunda mübarizə aparmalarıdır. Seymur Həzi bir müddət əvvəl məndən müsahibə götürmüşdü. Mən həmin müsahibədə hakimiyyətin əsl mahiyyətini açmışdım. Eyni zamanda Xaliq Qarayev də mübarizliyinə görə həbsə olunub. Ona görə mən hamını syiasi məhbuslarımızın taleyinə biganə qalmamağa, bu ədalətsizliyə qarşı mübarizə aparmağa çağırıram. Çünki baş verənlərə biganə qalmağımıza görə cavab verməli olacağıq».

Gültəkin Hacıbəyli: «Mitinqə qoşulmaq hər bir insanın vicdan borcudur»

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də hesab edir ki, aksiyanın keçirilmə vaxtının dəyişdirilməsi mitinqin izdihamlılığına ciddi təsir etməyəcək. Noyabrın 9-nu aksiya keçirmək üçün daha uğurlu gün sayan G.Hacıbəyli vurğuladı ki, noyabrın 9-da vətəndaşlarımız aksiyaya qatılmaqla Bayraq Gününü də qeyd etmiş olacaqlar: «Vətəndaşlarımız məhz noyabrın 9-da Bayraq Günü aksiyaya qatılaraq bayrağımızı başları üzərində dalğalandırmaqdan əlavə zövq almış olacaqlar. Bu bayramı da həmin mitinqdə qeyd edəcəyik. Bu mitinqə qoşulmaq hər bir insanın vicdan borcudur. Çünki bu gün məhbəsdə min bir əzəb-əziyyətlə üzləşən insanlar bizim hüquqlarımız uğrunda mübarizə aparıblar. Onlar şəxsi firavanlıqlarını düşünsəydilər, bu gün xarici ölkədə yaşamış olardılar. Amma bu insanlar Azərbaycanda məhbəs həyatını seçdilər. Çünki gözəl anlayırlar ki, Azərbaycanın həqiqi azadlığa, inkişafa gedən yolu demokratik mübarizədən keçir. Bu gün məhbəsdə olan və ağır xəstəliklərdən əziyyət çəkən İntiqam Əliyev barəsində cinayət işi başlanan zaman o Praqada idi. Onun bu ölkədə qalması üçün gözəl imkanlar təklif edirdilər. Amma İntiqam Əliyev həbs olunacağını bildiyi halda Bakıya geri döndü. Çıxışlarının birində İntiqam Əliyev bildirdi ki, o, geri dönməsəydi, özünə hörmət etməzdi. Çünki o, təqibə məruz qalan buradakı dostlarını, əqidə yoldaşlarını tək buraxa bilməzdi».

G.Hacıbəyli hesab edir ki, Azərbaycanın xoşbəxtliyini düşünən hər bir insan İntiqam Əliyev və başqa siyasi məhbuslar həbsdə olduğu müddətdə mənəvi rahatlıq tapmamalıdır. Ona görə hər bir vətəndaş siyasi məhbuslara azadlıq mübarizəsinə öz töhfəsini verməlidir. «Mən məhz buna görə həmin mitinqdə olacam və siyasi baxışlarına görə həbs olunan siyasi məhbuslara dəstəyimi ifadə edəcəm», deyə G.Hacıbəyli vurğuladı.

Mirvari Qəhrəmanlı: «Hakimiyyətin aksiyanın izdihamını azaltmaq cəhdi fayda verməyəcək»

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mirvari Qəhrəmanlı vurğuladı ki, meriyanın aksiyanın müddətini dəyişməsi sözsüz ki, planlı şəkildə həyata keçirilib. Çünki bundan əvvəl də dövlət bayramlarında aksiyanın keçirilməsi ilə bağlı müraciət edilsə də, hökumət buna razılıq verməmişdi: «Aksiyaya bir gün aqlmış keçirilmə zamanının dəyişdirilməsi bilərəkdən edilib. Amma hər halda sosial şəbəkələrdəki yazışmalar aksiyanın zamanının dəyişdirildiyini qısa müddətdə ictimailləşdirdi. Milli Şuranın keçirdiyi aksiya cəmiyyəti narahat edən problemlərə etirazdır. Bu siyasi məhbuslara mənəvi dəstək aksiyasıdır. Milli Şura eyni zamanda vətəndaşımızı narahat edən sosial problemlərə də toxunacaq. Ona görə vətəndaşlar həm öz problemlərini, həm də siyasi məhbus problemini bir daha gündəmə gətirmək üçün aksiyaya qatılacaqlar».

Oqtay Güləliyev: «Aksiyaya qatılmaq demokratiya uğrunda mübarizə aparanlara dəstək üçün vacibdir»

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev də bildirdi ki, mitinqin vaxtının dəyişdirilməsi son nəticəyə elə bir təsir edə bilməz. Bununla bağlı internet saytlarında, sosial şəbəkələrdə kifayət qədər təbliğat aparıldığını deyən O.Güləliyev vurğuladı ki, təşkilatın mitinqə hazırlığı Koordinasiya Mərkəzində yüksək qiymətləndirilib: «Ölkədəki iqtisadi vəziyyətin dözülməz olması vətəndaşlarımızı narahat edir. Əhali çörəklə imtahana çəkilir, hər addımbaşı korrupsiya ilə üzləşir. Ona görə hesab edirəm ki, vətəndaşlarımız bu mitinqdə fəal iştirak etməlidirlər. Ölkə həbsxanları siyasi məhbuslarla doludur. Bu dalğa davam etməkdədir. Azərbaycanda heç kim rejimin apardığı siyasətdən sığortalanmayıb. Bu qanunsuz həbslərin insanların qapılarını döyməməsi, demokratiya uğrunda mübarizə aparan insanlara dəstək olmaları üçün vətəndaşlarımızın aksiyaya qatılması vacibdir».

Şəhid ailələri öndə olacaq

“Atəşkəs qurbanları” Ictiami Birliyinin üzvü, şəhid atası, ictimai fəal Əli Kərimbəyli bildirdi ki, son nəfəslərinə qədər zülmlə mübarizədən çəkinməyəcəklər və mitinqlərdə iştirakı vicdan borcu hesab edirlər: “Biz 88-ci ildən  meydanlardıyıq və bir addım da olsun geriyə çəkilməmişik. Nə qədər ki, bu rejim var, nə qədər ki, Əliyev hakimiyyəti iş başındadır, bizim mübarizəmiz davam edəcək. Biz, müstəqil olsaq da, azad ola bilmədik. Bu hakimiyyət bizə bu azadlığı bəxş etmədi. Bugün onlarla vicdanlı insan şərlənərək həbs olunub və onlara dəstək olmaq, azadlıq tələb etmək bizim borcumuzdur. 9 noyabr mitinqində şəhid ailələri öndə olacaq və bizim heç kimdən qorxumuz yoxdur. Çürük bir rejim xalqa sağlam gələcək verə bilməz. Dünən də öndəydik, bugün də öndəyik, sabah da öndə olacağıq”.

Biz ona görə döyüşmüşük ki, xalqımız azad və firəvan yaşasın

Qarabağ qazisi Zaur Ağayev də 10 noyabr mitinqini yüksək qiymətlənidirir Zaur Ağayev “Biz canımız, qanımız bahasına torpaqlarımızın azadlığı uğrunda ona görə döyüşmüşük ki, xalqımız heç bir xalqın əsarətində qul olmasın, yoxsulluq içində yaşamasın. Biz döyüşdük ki, dövlət müstəqilliyimizi  qoruyub, azad, demokratik bir dövlət yaradaq, vətəndaşlarımız, ədalətli cəmiyyətdə firavan yaşasınlar. Biz qanımız canımız bahasına torpaqlarımızı dövlətimizi qormamışıq ki, Əliyevlər xalqımızın sərvətini talayıb, səltənət qurub, xalqı kölə etsinlər. Biz, bu idarəetməyə, aparılan siyasətə etiraz edirik və 9 noyabr mitinqində fəal iştirak edəcəyik. Insanları öz talelərinə biganə qalmamağa, meydanda öz varlığını sübut etməyə səsləyirik?

Xalq haqqını tələb etmək üçün, meydanlara çıxmalıdır

Şəhid atası Bəyalı Əzizov bildirdi ki, bundan öncə olan bütün mitinqlərdə iştirak ediblər və bu mitinqdə iştırakı da vətəndaş borcu bilirlər: “Xalq, öz haqqını tələb edə bilmək üçün, mütləq meydanlara çıxmalı və öz səsini ucaltmalıdır. Bu gün etiraz etmək üçün həddindən artıq səbəblər var, ölkə uçuruma aparılır və müsbət heç nə görünmür. Ona görə də insanlar məsuliyyət hiss etməli və mitinqlərdə mübariz insanlara dəstək verməlidi. Biz həmişəki kimi yenə də öndə olacağıq və hər kəsi bu mitinqə səsləyirik”.

Qazilər mitinqdə kütləvi şəkildə iştirak edəcəklər

Qarabağ qazisi Məhəmməd Məcidli bildirdi ki, 9 noyabr mitinqində qazilər kütləvi şəkildə iştirak edəcəklər: “Bugün ən çox haqqı tapdananlar Qarabağ qaziləridir. Qarabağ qazilərinə ögey münasibət göstərilir, minimal təqaüdlər verilir və əksər vaxtlarda çağırışları cavabsız qalır. Bundan əlavə, bu gün ölkədə həddindən artıq qanunsuzluq, ədalətsilik hökm sürür, insanlar qondarma ittihamlarla həbs olunur. Ona görə də bu mitinqdə iştirakı vacib sayırıq və insanları biganə olmamağa səsləyirik. Ətrafımızda olan Qarabağ qaziləri ilə birlikdə mitinqdə iştirak edəcəyik və etirazımızı bildirəcəyik”.

Hakimiyyətin bütün vədləri imitasiyadır

Qarabağ qazisi Babək Həsənli hesab edir ki, Milli Şuranın 9 noyabr mitinqində iştirak zəruridir: “Azərbaycan hakimiyyətinin özbaşına və yarıtmaz idarəçilik sistemindən ən çox əziyyət çəkən zümrələrdən biri də Qarabağ müharibəsi əlilləri ve şəhid ailələridir. 20 ildən artıqdır ki, kirayələrdə  və sökülüb- dağılan evlərdə yaşamağa məcbur olan əlillər hələ də ev ala bilmirlər. Onlar YAP hakimiyyətinin verdiyi yalançı vədlərin reallaşmasını gözləyirlər. Guya, regionun ən inkişaf etmiş ölkəsiyik. Ilham Əliyev xarici ölkələrdə park, körpü, muzey tikməyə pul tapdığı halda, vətəni üçün əlil olmuş, sağlamlığını itirmiş insanlara verməyə pul tapmır. Mən hesab edirəm ki,  hakimiyyətin bütün vədləri imitasiyadan başqa bir şey deyil.  Bunun üçün də bütün Qarabağ əlillərini və şəhid ailələrini 9 noyabr mitinqində iştiraka səsləyirəm”.

Qarabağ qazisi, 2- ci qrup Qarabaq əlili Vüqar Qədirov bildirir ki, indiki Əliyevlər rejimi biz veteranlara  ögey münasibət bəsləyir. toxunacam. Gənclərdə vətənpərvərlik hissini öldürüblər.Bugün Qarabağ qaziləri ailələrini dolandıra bilmədiklərinə görə, intihara əl atırlar. Hakimiyyət isə, yalnız müğənnilərə yüksək təqaüd, ev, fəxri adlar verir: “Biz, 43 manat təqaüd alırıq. Biz, düşmənə güllə atmışıq. Bizim güllə atdıqlarımız bu hakimiyyətə doğma adamlardımı?  Dünyanın müxtəlif ölkələrində milyonlarla dəyəri olan xeyriyəçilik işləri görürlər. Vətəndaşa gələndə isə, dilənçi pulu təqdim edirlər. Mən bütün Qarabaq qazisi və veteranlarına üz tuturam və müraciət edirəm. Əzizlərim nə qədər ki haqqinizi tələb etməyəcəksiz, nə qədər ki, yatacaqsınız, susacaqsız, belə də davam edəcək. Hamınızı Milli Şuranın 9 noyabr mitinqinə dəvət edirəm. Haqsızlıqlara etiraz edək, siyasi məhbuslara azadlıq istəyək”.

İlham Hüseyn: “Biz bu mitinqdə iştirakı vicdan borcu sayırıq”

AXCP Gənclər Komitəsinin sədri Ilham Hüseyn bildirdi ki, cəbhəçi gənclər həmişə olduğu kimi budəfəki mitinqdə də kütləvi şəkildə iştirak edəcəklər: “Mitinqlə bağlı zəruri hazırlıqlara start verilib. Gənclər həm real, həm də virtual aləmdə təbliğat kampaniyası aparırlar. Biz bu mitinqdə iştirakı vicdan borcu sayırıq. Çünki, bu həm də ədalətsizliyə, zülmə, yalana etiraz mitinqidir. Ona görə də ölkə gəncliyini bizimlə çiyin-çiyinə dayanmağa və öz taleyinə biganə qalmamağa səsləyirik”.

Cəmil Hacıyev: “Gəncliyi ayıq olan xalq həmişə inkişafda olur”

Milli Şuranın üzvü, gənc fəal Cəmil Hacıyevin də fikrincə, ictimai fəallıq siyasi məhbus probleminin həllinə öz töhfəsini verə bilər: “Ölkənin gəncliyi nə qədər fəal olsa, hakimiyyət də xalq qarşısında özünü məsuliyyətli hiss edə bilər. Tolstoy deyib ki, gəncliyi ayıq olan xalq həmişə inkişafda olar. Milli Şuranın 9 noyabr aksiyası ilə AXCP Gənclər Komitəsi maraqlı videorolik hazırlayıb və sosial problemləri qabardıb. Eyni zamanda siyasi məhbuslara azadlıq şüarı da aksiyanın əsas tələblərindəndir. Hakimiyyət istəsəydi ölkəyə gələn neft pulları hesabına sosial problemləri tam həll edərdi. Amma bu istək, siyasi iradə olmadığından bu reallaşmır”.

Ülvi Həsənli: “NIDA mitinqə təşkilat olaraq qatılacaq”

NIDA Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü Ülvi Həsənli vurğuladı ki, NIDA mitinqə təşkilat olaraq qatılacaq. NIDA-nın aksiyanın tələblərini bölüşdüyünü deyən Ü.Həsənli vurğuladı ki, gənclərin hazırkı dönəmdə gənclərin aksiyaya qatılması olduqca zəruridir: “Siyasi motivlərlə həbsdə olan insanlar Azərbaycanın gələcəyini firavan görmək istədikləri, başqa insanların hüquqları üçün mübarizə apardıqlarından cəzalandırılıblar. Azərbaycan vətəndaşı özündə təpər taparaq siyasi məhbuslarına sahib çıxmalıdır”.

Tural Hüseynli: “Cəmiyyətin dəstəyi siyasi məhbus probleminə xeyir gətirə bilər”

VHP Gənclər Təşkilatının sədri Tural Hüseynli də bildirdi ki, təşkilata daxil olan gənclər də aksiyanın tələblərini dəstəkləyir: “Qısa zamanda Azərbaycanın ən ümdə problemlərindən biri olan siyasi məhbus məsələsi həllini tapmalıdır. Bu, ölkənin nüfuzuna xələl gətirən məqamdır. Hesab edirik ki, cəmiyyətin siyasi məhbus probleminin həllinə cəlbi bu mübarizəyə yalnız xeyir gətirə bilər”.

Əhliman Abbas: “Siyasi məhbus problemini aksiyalarla cəmiyyətin gündəminə gətirmək vacibdir”

Gənc fəal Əhliman Abbasın da fikrincə, hazırkı dönəmdə Milli Şuranın reallaşdırdığı təşəbbüs sözsüz ki, təqdirəlayiqdir: “Ölkədə siyasi məhbusların və siyasi təqiblərin indiki kimi geniş miqyaslı xarakter aldığı şəraitdə Milli Şuranın bu təşəbbüsü təqdirəlayiqdir. Siyasi məhbus problemini aksiyalarla və digər vasitələrlə cəmiyyətin proseslərdən kənar düşmüş hissəsininin gündəminə gətirmək vacibdir. Ümid edirəm ki, Milli Şuranın siyasi məhbus problemini cəmiyyətin gündəminə daşımaq cəhdləri uğurlu olar. Ümumən hökumətin hazırkı repressiv siyasitinə qarşı bütün etirazlar qiymətlidir”.

~ tərəfindən Patriot 09/11/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma