VƏFA QULUZADƏDƏN HAKİMİYYƏTƏ MƏSLƏHƏT

vefa quluzade

«Azərbaycanın Avropa və Amerika ilə düşmənçilik etməyə imkanı yoxdur»

«Rusiya Həştərxanda qələbə qazana bilmədi»

Həştərxan sammiti başa çatdı. Rəsmi KIV beş prezidentin 19 bənddən ibarət birgə sənəd qəbul etdiyini bildirib. Sənəddə deyilir ki, “Xəzər beşliyi” akvatoriya hüdudlarında başqa dövlətlərin qoşunlarını görmək istəmir. “Xəzər dənizində yerləşmək hüququna yalnız sahilyanı ölkələrin silahlı qüvvələri malikdir, burada tarixən belə olub və biz bunu dəyişmək fikrində deyilik”, – Rusiya prezidenti Vladimir Putin bildirib.

Rusiya mətbuatı Həştərxan görüşünü böyük uğur kimi qələmə versə də, ekspertlər reallığın tam başqa cür olduğunu bəyan edirlər. Neçə ildir ki, həllini tapmayan Xəzərin statusu çözümünə yaxınlaşırmı? Politoloq Vəfa Quluzadə ilə müsahibəmizə bu sual ilə başladıq:

– Həştərxan görüşündə heç bir önəmli irəliləyiş olmadı. Rusiya istədiklərinə çata bilmədi. Rusiya istəyirdi ki, Xəzərin səthi ümumi olsun. Amma bu mümkün olmadı. Xəzər hələ də sektorlara bölünmüş vəziyyətdə qalır. Xəzərdə hər bir dövlətə məxsus 25 millik zona qalır. Bu o deməkdir ki, rus gəmiləri Xəzərin səthinə çıxan zaman onların hər bir dövlətə məxsus 25 millik zonanı keçmək hüququ yoxdur. Rusiya gəmiləri istədikləri Xəzəryanı dövlətin sahilində lövbər sala bilməz. Rusiya Xəzərdə yeganə silahlı qüvvələrə malik dövlətdir. Ona görə Rusiya dənizin səthini ümumi etmək istəyirdi. Lakin Həştərxandakı sammiti uğur kimi qələmə verməyə çalışır. Bəyənat çox qəbul oluna bilər. Amma bəyənatdakı bütün arzuların həyata keçməsi real deyil. Xəzəryanı dövlətlər əvvəl olduğu kimi indi də bütün qərarları konsensusla qəbul edirlər.

– 25 millik məsafə istisna olmaqla qalan ərazinin ümumi istifadəyə verilməsi nə anlama gəlir? Bunun hansı təhlükələri ola bilər?

– Rusiya istəyirdi ki, ekologiyaya ziyan vurma adı altında kəmərlərin Xəzərin səthi ilə keçməsinin qarşısını alsın. Amma bu mümkün olmadı. Onun əvəzində belə razılığa gəlindi ki, haradasa bir fəsad olsa, Xəzəryanı dövlətlər fəsadla birgə mübarizə aparacaqlar. Xəzər sektorlara artıq bölünüb, bunu heç kim dəyişə bilməz. Rusiya Həştərxan sammitində yeni bir şeyə nail ola bilmədi. 25 millik məsafə və ya 45 kilometr qadağası həmişə olub. Əgər Xəzər dənizi sərhədsiz elan olunsaydı, o zaman Rusiya donanması sabah Bakı limanında lövbər salaraq, topların bizə tuşlayardı. Rusiya özü də bu addımı ilə qanunları pozmayacaqdı.

“ABŞ-ın əleyhinə gedə biləcək dövlət yoxdur”

– Azərbaycan gələcəkdə NATO ilə əməkdaşlığı genişləndirərək alyansın gəmilərini Xəzər dənizində yerləşdirmək istəyərsə, hansı qadağalarla üzləşə bilər?

– Xəzər bağlı dənizdir. NATO bura hərbi gəmi yeridə bilməz. Amma digər tərəfdən nə NATO-nun, nə də Azərbaycanın buna ehtiyacı yoxdur. ABŞ qlobal dövlət kimi onsuz da Rusiyaya nəzarət edir və bu nəzarət daha da gücləndiriləcək. Çünki Rusiyanın Ukrayna uğrunda döyüşə girişdiyi və məğlub olduğu yaxşı məlumdur. Bunu Putinin yaxın adamı Duqin də etiraf edir. Duqin belə bir məlumat verib ki, Putinə qarşı sui-qəsd ola bilər, onun ətrafında “altıncı kalon var”. Putinə ölkə daxilində sui-qəsd edə biləcək qüvvə isə Qərbyönlü milyadrderlərdir. Putinin arxalandığı qüvvələr dövlət başçısının hansı addım atdığını, hansı siyasət yürütdüyünü başa düşməyən qüvvələrdir. Bütün bunlar isə o deməkdir ki, Rusiyada vəziyyət olduqca pisdir. Xəzərdə əsgəri qüvvə yerləşdirmək 19-cu əsrin ideologiyasıdır. Qərb 90-cı illərdə Azərbaycanda əsgəri baza yerləşdirməkdən imtina etdi. ABŞ qlobal dövlət kimi dünyadakı qlobalaşma, demokratikləşmə proseslərini dəstəkləyir. Amerika bu günə qədər istədiyinə nail olub. Bu sülh, siyasi, diplomatik yollarla edilib. Hətta Ukrayna ilə bağlı bəyanatında Obama bildirdi ki, Rusiya əleyhinə silah işlətməyəcək. Bu bəyanat o deməkdir ki, ABŞ silah işlədə bilərdi. Sadəcə olaraq buna ehtiyac duymadı. Dünyada ABŞ-ın əleyhinə gedən dövlət yoxdur. Hətta Şimali Koreya özü ABŞ-dan humanitar yardım alır. ABŞ-la əməkdaşlıq qaçılmazdır. Biz həmişə Amerika ilə yaxşı əməkdaşlıq etmişik. Mən administrasiyada post tutanda münasibətlər yüksək səviyyədə olub. Hazırda münasibətlərdə gərginlik var və əminəm ki, bu gərginlik aradan götürüləcək. Bu gərginliyin necə götürüləcəyini deyə bilmərəm. Amma Azərbaycanın dövlət kimi bu gərginliyin aradan götürülməsinə böyük ehtiyacı var.

– Bəs, Xəzərdə iş görən xarici şirkətlərin, xarici dövlətlərin gələcək fəaliyyəti necə olacaq?

Çünki Rusiya bu istiqamətdə də müəyyən məhdudiyyətlər reallaşdırmaq niyyətindədir…
– Burada əsas qadağa hərbi mövcudiyyətlə bağlıdır. Rusiya Xəzərdə çalışan xarici şirkətlərə qarşı hər hansı addım ata bilməz. Əgər Rusiya Xəzərdən xarici dövlətləri sıxışdırmaq istəsə, bu o deməkdir ki, Xəzərdə neft-qaz istehsalı dayandırılmalıdır. Rusiyanın özünün Xəzərdəki neft-qaz texnologiyası Amerikadan götürülüb. Ona görə Xəzərdə xarici dövlətlərin fəaliyyəti məhdudlaşdırılmayacaq.

– Xəzəryanı dövlətlər dənizin birgə mühafizəsini həyata keçirəcəklər. Amma bəlli olan odur ki, Xəzərdəki dövlətlərin hamısının hərbi potensialı bərabər deyil. Belə olan halda tarazlıq pozulmayacaqmı?

– Mühafizə Xəzərdə baş verə biləcək fəlakətlərlə birgə mübarizəni nəzərdə tutur. Bu heç də birgə hərbi mühafizə anlamına gəlməməlidir. Rusiyanın hər hansı dövlətin sərhədini mühafizəsi onun müstəqil olmaması anlamına gəlir. Ermənistanın hava məkanını, sərhədlərini Rusiya mühafizə edir. Bu o deməkdir ki, Ermənistan Rusiyadan asılıdır və müstəqil deyil. Azərbaycana dəfələrlə belə təkliflər edilib. Amma biz buna razılıq verməmişik.

– Xəzərin statusu ilə bağlı növbəti danışıqlar Qazaxıstanda olacaq. Qazaxıstanda keçirilən görüşdə Rusiyanın niyyətlərinin keçmə ehtimalı nə dərəcədədir?

– Rusiyanın niyyətləri bu toplantıda da keçməyəcək. Xəzərin hazırkı statusu sahil dövlətlərinin müstəqilliyindən, Rusiyadan asılı olmamasından xəbər verir. Müstəqil dövlətlər öz mövqelərindən imtina etmirlər. Rusiyanın isə istəyi budur ki, SSRI əvvəlki sərhədləri çərçivəsində bərpa olunsun.

“Rusiya sanksiyaların altında inləyir”

– Hazırda Rusiyaya qarşı sərt sanksiyalar həyata keçirilir. Qərb dövlətləri öz çıxarlarından da imtina edərək Rusiyanı küncə sıxmaqda israrlıdırlar. Amma Qərbin yürütdüyü siyasətə rəğmən Azərbaycan Rusiyanı düşdüyü vəziyyətdən çıxarmağa çalışır. Azərbaycanın bu təşəbbüsləri, Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxması ölkəmizə hansı problemləri yarada bilər?

– Azərbaycanın Rusiyaya nə qədər yardım etməsindən asılı olmayaraq bu Rusiyanı üzləşdiyi durumdan çıxarmayacaq. Rusiyaya qarşı sanksiyalar olduqca ağırdır və Rusiya bu sanksiyaların altında inləyir. Azərbaycan kiçik bir dövlətdir. Rusiyaya dəstək yalnız ərzaqla bitmir. Rusiyaya Azərbaycandan və başqa MDB dövlətlərindən nə getməsindən asılı olmayaraq, bu Avropa və Amerikanı əvəz edə bilməz. Əgər Qərb Azərbaycanın Rusiyaya bu dəstəyindən narahat olsaydı onu dilə gətirərdi. Avropa və Amerikanın Azərbaycana təzyiq etmək imkanları çox böyükdür. Amma onlar hələlik bu imkanlarından yararlanmayıblar. Rusiyaya mal idxalından Azərbaycanın daxilində problemlər yaranıb. Meyvələrimizin çox hissəsi Rusiyaya gedir. Nəticədə Azərbaycanda qiymətlər bahalaşıb, çeşidləri azalıb.

– ABŞ prezidenti Rusiyanı növbəti dəfə hədələyib. O, ümid edir ki, NATO və Rusiya arasında hərbi qarşıdurma olmayacaq. Amma bəyanatda vurğulanır ki, bu Rusiyanın hansı siyasət yürütməsindən asılıdır…

– Amerika Rusiyaya hücum etmək niyyətində deyil. Obama bunu açıq formada bəyan edib. Amma Amerikanı real olaraq təhdid edən Rusiyadır. Rusiya siyasətçiləri Amerikanı külə döndərə biləcəklərini bəyan edirlər. Rusiyanın ağlından belə fikirlər keçməsin deyə NATO Rusiya ətrafında bazalar yerləşdirməkdədir. Məqsəd Rusiyanı yerinə otuzdurmaqdır. Qərb Rusiyanı sanksiyalarla hədələdiyi və onların çoxunu reallaşdırdığı bir zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edir ki, münasibətlərə yenidən baxmaq lazımdır. Rusiya Qərbin ona qarşı sərt münasibətinə baxmayaraq, Kreml Qərblə münasibətləri pozmaq niyyətində deyil. Əksinə Rusiya münasibətlərin saxlanmasında, hətta inkişafında maraqlı olduğunu bəyan edir. Bu cür açıqlamalar, yanaşma ondan xəbər verir ki, Qərb Rusiyaya lazımı olan təzyiqi edib və bunun nəticələri göz önündədir. Çıxış yolu yürüdülən siyasətdən imtinadır. Ona görə Putinin devrilə biləcəyi dilə gətirilir.

– Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə əməkdaşlığa yenidən baxmaq istəyir. Parlamentdə aparılan müzakirələr zamanı Azərbaycanın Avronestdən çıxmalı olduğu dilə gətirilir. Avronest Avropa Birliyinin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edən dövlətlərin yaratdığı bir qurumdur və AB-nın əhəmiyyət verdiyi proyektdir. Azərbaycanın bu təşkilatdan çıxması nə vəd edir?

– Azərbaycanın Avronestdən çıxması qeyri-realldır. Azərbaycan ciddi sürətdə Qərblə əlaqələri normalaşdırmalıdır. Azərbaycan son zamana qədər ABŞ, Böyük Britaniya, Almaniya ilə gözəl əlaqələrə malik olub. Bunun nəticəsində Azərbaycanın Qərblə olan iqtisadi əlaqələri artıb, ölkə daxilində iqtisadi potensial güclənib. Ona görə Azərbaycanın münasibətlərdə nə Avropanı, nə də Amerikanı istisna etməyə imkanı yoxdur. Bizim həm Avropa, həm də Amerika ilə əlaqələrimiz yüksək səviyyədə olmalıdır. Bunu Azərbaycan rəhbərliyi düşünməli və doğru olan qərarı qəbul etməlidir. Başqa çıxış yolumuz yoxdur. Azərbaycanın Avropa və Amerika ilə düşmənçilik etməyə imkanı yoxdur.

~ tərəfindən Patriot 02/10/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma