SEYMUR HƏZİ ŞƏRLƏNƏRƏK HƏBS EDİLDİ (VİDEO)

seymur hezi - hebs

“Azadlıq”ın əməkdaşı xuliqanlıqda ittiham olunur; Məhkəmə həbs-qətimkan tədbiri seçdi

Bir gün qabaq yaşadığı Ceyranbatan qəsəbəsində təxribatla üzləşən və daha sonra guya tanımadığı adamı döyməkdə şübhəli bilinərək saxlanılan Seymur Həzi avqustun 30-da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Prosesin saat 11:00-da başlayacağı elan edildiyi üçün Seymur Həzinin yaxınları, həmkarları və partiyadaşları həmin dəqiqələrdən etibarən Abşeron Rayon Məhkəməsinin qarşısına toplaşıblar. Lakin onlar məhkəmənin başlamasını bir neçə saat gözləməli olublar. Seymur Həzi məhkəməyə saat 15 radələrində gətirilib. Məhkəmə başlayandan az sonra qərarını elan edib: Seymur Həzi barəsində istintaq dövrü üçün 2 ay həbs-qətimkan tədbiri seçilsin.

“Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi avqustun 29-da saxlanılıb. Polislərin onu saxladığı barədə Seymur Həzi vəkil Elton Quliyevə xəbər çatdırmağa macal tapıb. Bəlli olub ki, o, Abşeron polisinə aparılıb. Vəkil Elton Quliyev Seymur Həzilə görüşəndən sonra onun saxlanma səbəbləri barədə jurnalistlərə məlumat verib.

Vəkil bildirib ki, Seymur Həziyə qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Eyni zamanda jurnalistin həbsi üçün hazırlanan təxribatın təfərrüatlarını açıqlayıb. Bəlli olub ki, evdən şəhərə gələrkən, Ceyranbatanda tanımadığı bir nəfər ona yaxınlaşıb və “facebook” vasitəsilə göndərdiyi mesaja niyə cavab vermədiyini soruşub. Daha sonra həmin adam cavab belə gözləmədən Seymur Həzinin üzərinə hücum çəkib, ona bir neçə zərbə endirib. Seymur Həzi isə özünü müdafiə etmək istəyib. Bundan sonra Seymuru həbs edərək, guya həmin adamı döydüyünü, başına butulka ilə vurduğunu deyiblər. “Əhval-ruhiyyəsi yüksəkdir. Xahiş elədi dostlarına çatdırım ki, möhkəm olsunlar. Dedi ki, onsuz da həbs olunacağını bilirdi”, – deyə vəkil əlavə edib.
Vəkil bildirib ki, avqustun 30-da Seymur Həzi barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsində vəsatət qaldırılacaq: “Məhkəmə saat 11-ə planlaşdırılır, dəqiq vaxt bilinmir. Onu da qeyd edim ki, mən idarədə olduğum müddətdə ortalıqda Seymur Həzinin üzünə duran kimsə olmayıb”.

“Bu, həm də “Azadlıq” qəzetinə qarşı təzyiqlərin tərkib hissəsidir”

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Seymur Həzinin siyasi sifariş əsasında həbs olunduğunu bildirib:

“Azərbaycan hakimiyyəti repressiya siyasətini davam etdirir. Seymurun həbsi də bu siyasətin nəticəsidir. Seymur həm ”Azadlıq” qəzetində, həm də “Azərbaycan saatı” proqramında hakimiyyəti sərt tənqid edirdi. Görünür, artıq hakimiyyət Seymurun tənqidlərinə dözmək istəməyib və ona qarşı təxribat həyata keçirməklə həbs ediblər. Bu həbs birmənalı olaraq siyasi motiv daşıyır.
Bundan əvvəl də “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov həbs olub. Bu həbs də Natiq Ədilova təzyiq üçün həyata keçirilib”.

Qeyd edək ki, Seymur Həzi həbs olunmamışdan əvvəl dəfələrlə təzyiq və təqiblərə məruz qalıb. O, 2011-ci ildə evinə gedərkən naməlum şəxslər tərəfindən qəddarlıqla döyülüb. Indiyə qədər bu cinayətin üstü açılmayıb. Hüquq-mühafizə orqanlarının hadisəni araşdırmağa maraq göstərməməsi baş verənlərin siyasi sifariş olduğunu deməyə əsas verib. Yeri gəlmişkən, Seymur Həzi Abşeron polisini hadisəni araşdırmaqdan yayındığına görə məhkəməyə verib.

“Seymur bəy həbsi demək olar ki, şüurlu seçdi”

AXCP sədri Əli Kərimli Seymur Həzinin həbsinə münasibət bildirib. Əli Kərimli Facebook səhifəsində yazıb:

“Dünyada vəziyyətin gərginləşməsindən sui-istifadə edən hökumətimiz repressiyaları ardıcıl şəkildə davam etdirir. “Azadliq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Seymur Həzi uydurulmuş ittihamla həbs olundu. Aydındır ki, bu həbsin hədəfi birbaşa AXCP, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramıdır. Seymur bəyin hakimiyyətin hər bir addımını ifşa edən dərin analizlərinə, kəskin teleçıxışlarına, facebookda yazdığı statuslarındakı öldürücü ironiyaya tab gətirə bilmədilər. Әsəbləri dözmədi. Seymur bəyin həbs qərarı çoxdan verilmişdi. Özünü xəbərdar etmişdilər. Uğurlu bəhanə axtarırdılar, tapa bilmədilər, ona görə də heç bir bəhanəsiz tutdular. Desəm ki, Seymur bəy AXCP-də böyüyüb, formalaşıb, məncə, səhv etmərəm. O, partiyaya faktiki qoşulanda, rəsmi üzvlük üçün yaşı çatmırdı. Sonradan 5 ilə yaxın bir müddətdə AXCP Gənclər Komitəsinə rəhbərlik etdi. Möhkəm əqidəli, ideallarına və prinsiplərinə sədaqətli bir şəxsiyyətdir. Nə həbs, nə də digər məhrumiyyətlər onu əyə, yolundan döndərə bilməz. Seymur bəy həbsi demək olar ki, şüurlu seçdi. Leyla xanımın həbsindən sonra ona – həbsxanaya yazdığı məktubda belə qeyd edirdi: “Siz “Azərbaycan saatı”na müsahibənizdə demişdiniz ki, 25 ildir həbs olunmağınızı gözləyirsiz. Mənim anam bunu eşidib, qəribə bir reaksiya verdi: “Hamı bizim kimi gözləyir”… Sizin həbs xəbərinizdən sonra, o, mənə artıq “ehtiyatlı ol” demir. Yəqin ki, bunu öz qüruruna sığışdırmır. O, artıq anlayır ki, oğlunun yeri bu böyük həbsxana deyil, sizin yanınızdır”. Seymur bəyi həbslə hədələyənlər həbs olunmamaq üçün ona “çıxış yolu” da təklif edirdilər. Ya ölkəni tərk etməli, ya da heç olmasa mübarizənin ön cəbhəsindən müvəqqəti də olsa, çəkilməli idi. Seymur bəy bu “çıxış yolundan” istifadə etmədi. Nəinki mövqeyini, heç ritorikasını da dəyişmədi.

Azərbaycan öz tarixinin ən çox utanc verən dövrlərindən birini yaşayır. İndi bu ölkədə ləyaqətli, şəxsiyyətli, ədalətpərəst, azadlıqsevər, məğrur, Azərbaycanı sevən, Azərbaycan üçün çalışan insanlar hökumətin hədəfindədir. Seymur bəy optimist dostlarımızdandır. O da mənim kimi inanır ki, rəzalətin meydan suladığı, şərin at belində olduğu indiki dövr müvəqqətidir. Bu kütləvi ədalətsizlik toplumun vicdanını oyadacaq, oyatmalıdır!”.

~ tərəfindən Patriot 31/08/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: