İLAHİ ƏDALƏT UĞRUNDA BÖYÜK SAVAŞÇI

elcibey 1992

Önümüzdəki ölümsüz yolçu

Elçibəy ilahi şəxs deyildi, amma ilahi ədalət uğrunda böyük savaşçı idi

İnsan tarixin bir parçası ola bilmək qüdrətini özündən imtina etməklə göstərir. Nə qədər başqalarının xeyrinə geri çəkilirsə, toplum onu önündə görür. Millətlərin böyük şəxsiyyətləri də belə çıxır ortaya, milləti naminə özündən daha çox imtina edən, tarixin qanunlarını dəyişdirən axınların önündə durmağa layiq olur.

Bu gün millət üçün ömrünü fəda eləmiş gerçək dövlət adamı Əbülfəz Elçibəyin vəfatından on dörd il ötür. O, Azərbaycanın müasir tarixinin təkərlərini millətin xeyrinə çevirməyə müvəffəq bir lider kimi milli düşüncənin mənəvi bayraqdarı olaraq qalmaqdadır. Elçibəy bu gün də şərin yuxusuna haram qatır… Fəqət Azərbaycan tarixindəki bir illik hakimiyyəti və 30 illik milli mücadiləsi haqqında kiçik bir yazıda bəhs edib onu təsvir etmək çox çətindir.

Elçibəy ilahi şəxs deyildi, amma ilahi ədalətə hörmətlə yanaşan rəhbər idi.

Əbülfəz Elçibəy “Deyirdim bu quruluş dağılacaq” kitabında yazırdı ki, o, imperiyanın laxladığını görəndə və bu silkələnmənin sürətlənməsi üçün çalışanda bu gün xalqın qanını içənlər sovetlər birliyinə sadiq qul kimi xidmət edirdilər. Şərin atını suvarırdılar. Bu, Elçibəyin tarixə qarşı ən böyük və cəsur addımı idi. Onun dünyada kommunizm yaymaq üçün yüz minlərin ölümünə bir imza ilə razılıq verən sistemə qarşı çıxmasını o zaman sadəcə anlamaq çətin idi. Tarix isə dərslik olduğu qədər də dərs verməyi bacarmayan bir elmdir. Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin  qaldırdığı bayrağı yenidən qaldırmağa müvəffəq oldu. Onun mücadiləsi təkcə milləti deyil, həm də dövləti özünə qaytardı. Onun tariximizdəki əksər milli liderlərdən fərqi odur ki, Elçibəyin mübarizəsi dövlət qurmağı hədəfləmişdi. Onun məhz Güney Azərbaycanla ilgili siyasəti də onu göstərirdi ki, dövlət qurmaq Elçibəy üçün mühüm strateji hədəf idi. Elçibəy üçün dövlətin içərisindəki olaylar tarixin qaydasına qoya biləcəyi olaylar idi. O, tarixüstü bir şəxsiyyət olduğunu bununla da sübut edirdi.

Elçibəy 20-ci əsrin sonunda sürgün yaşamış siyasi liderdir. O, demokratik dəyişiklik edib, hərbi yolla devrilib. Elçibəy böyük iddiaları və böyük düşmənləri olan şəxsiyyət idi. Onun düşmənləri bu gün tarixin tənəzzül dövrünü yaşayırlar. Elçibəy həyatda yoxdur, amma qalib gələn məhz onun təbliğ etdiyi dəyərdir. Iran və Rusiya bu gün demokratiya şüarları ilə çalxalanmaqda, Qərb zamanında demokratlara vermədiyi dəstəyə görə peşmançılıq çəkməkdədir. Bütün bunlar isə tarixi qabaqalayan bir liderin ideyalarının bəşəri və milli məzmunu qarşısında düşmənlərinin puç olmasıdır. O, azadlığa inanırdı, o, fərqliliyə meydan verirdi. Ona görə də onun miras qoyduğu azad və fərqli siyasi düşüncə bu gün də çox fərqli bir mübarizəni şərəflə davam etdirir…

Onun yolu uzun, davamçıları iradəli olduğu üçün Şər artıq  ən iyrənc yollara əl atmaqdadır. Fəqət Xeyir də, Şeyx Nizaminin məhşur əsərində olduğu kimi, gözünü verər, amma yolundan dönməz. Qəlbi ilə görənlərin yolu hər zaman aydınlıqdır…

Seymur Həzi

~ tərəfindən Patriot 22/08/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma