ATƏT-dən ETİRAZ

ATET

“Azərbaycan hökuməti şüurlu şəkildə vətəndaş cəmiyyətini boğur”

Son həbslər və «Azadlıq»ın bağlanmasına görə bütün dünyadan hakimiyyətə etirazlar davam edir

Azərbaycanda son vaxtlar daha da güclənən repressiyalara, o cümlədən hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun, Arif Yunusun həbsi, “Azadlıq” qəzetinin təzyiqlər nəticəsində fəaliyyətini bir neçə günlüyə dayandırması ilə əlaqədar beynəlxalq ictimaiyyətdən hakimiyyətin ünvanına etirazlar davam edir.

ATƏT-in media azadlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç daha bir hüquq müdafiəçisinin – Rəsul Cəfərovun həbsi və müstəqil mətbuata hücumların davam etməsilə əlaqədar narahatlığını bildirib.

“Turan”ın məlumatına görə, Miyatoviç öz bəyanatında Azərbaycanda media azadlığını dəstəkləyən QHT-lərin təqib olunmasından həyəcanını ifadə edib: “Faktiki həmin QHT-lərin fəaliyyəti dayandırılıb. Görünür, bu hərəkətlər azad fikrin və KIV azadlığının məqsədyönlü şəkildə susdurulmasına yönələn kampaniyanın tərkib hissəsidir. Mən hakimiyyəti dərhal Rəsul Cəfərovu azad etməyə, tənqidi səslərə qarşı təqiblərə son qoymağa çağırıram”.

Bəyanatda qeyd olunur ki, may ayında Baş Prokurorluq xarici və yerli QHT-lərə qarşı cinayət təqibinə başlayıb. Bura Danimarkanın International Media Support və Amerikanın IREX təşkilatları da daxildir. Onlar vəzifədən sui-istifadə və saxtakarlıqda şübhəli bilinirlər. Azərbaycanda söz azadlığı ilə bağlı layihələri dəstəkləyən hər iki təşkilatın bank hesabları dondurulub.

Həmçinin Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun da bank hesabları dondurulub, nəticədə təşkilat öz fəaliyyətini dayandırmalı olub.
“Media üzrə QHT-lər jurnalistlərə və bütün mediaya mühüm dəstək göstərirlər. Onları qorxutmaq üçün istənilən hərəkətləri etmək və ya onların işinə müdaxilə ATƏT çərçivəsində öhdəliklərə ziddir”, – deyə Miyatoviç vurğulayıb.

ATƏT-in xüsusi nümayəndəsi həmçinin hökumətə qarşı tənqidçi mövqeyilə seçilən “Azadlıq” qəzetinin maliyyə çətinliyi səbəbindən nəşrini dayandırmaq məcburiyyətində qalmasından təəssüfləndiyini bildirib.

Avropa Birliyi komissarlarından hökumətə çağırış

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun Genişlənmə üzrə komissarı Ştefan Füle də növbəti dəfə Azərbaycanda vətəndaş cəmiyyətinin təqibini pisləyən birgə bəyanat yayıb.

“Biz narahatlıqla Azərbaycanda növbəti məşhur hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs edildiyini qeyd edirik. O, bu il fevralın 12-də qanuna edilmiş düzəlişlər əsasında məsuliyyətə cəlb edilib. Biz bu düzəlişlərlə bağlı narahatlığımızı bildirmişdik.

Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun həbsindən dərhal sonra Rəsul Cəfərovun həbsi hakimiyyətin Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyət sahəsini şüurlu və metodik şəkildə daraltdığı barədə təəssüratı gücləndirir.

Biz həmçinin Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsindən narahatıq və hesab edirik ki, vətəndaş cəmiyyəti münaqişələr zamanı vətəndaşların əsas hüquqlarının müdafiəsində mühüm rol oynayır.

Biz Azərbaycan hakimiyyətini ölkənin üzvü olduğu Avropa Şurasının standartlarına riayət etməyə çağırırıq. Həmçinin hakimiyyəti vətəndaş cəmiyyətinə qarşı siyasətə yenidən baxmağa çağırırıq”, – deyə bəyanatda qeyd edilir.

“Eurovision”un qalibindən Rəsul Cəfərova dəstək

2012-ci ildə Bakıda keçirilmiş “Eurovision”un qalibi olmuş isveçli müğənni Lorin də Azərbaycanda hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsinə münasibət bildirib. Lorin özünün Instaqram səhifəsində Rəsul Cəfərovla Bakıda çəkdirdiyi fotonu belə bir qeydlə paylaşıb: “Mənim dostum, hüquq müdafiəçisi Rəsul Cəfərov Azərbaycan hakimiyyəti tərəfindən həbs olunub”.

Lorin qeydinin sonunda haştaqla (#releaserasul) Rəsul Cəfərova azadlıq tələb edib.

Xatırladaq ki, Rəsul Cəfərovun koordinatorluğu ilə Azərbaycanın ictimai fəalları 2012-ci ildə “Eurovision” ərəfəsində ölkəmizlə bağlı beynəlxalq səviyyəli “Demokratiya naminə oxu” (“Sing for democracy”) kampaniyası keçiriblər və Lorin də həmin kampaniyaya dəstək verib. O, Bakıda kampaniyanın fəalları, o cümlədən Rəsul Cəfərovla görüşmüşdü.

Norveç hökuməti də etiraz edir

Norveçin dövlət katibi Bard Pedersen də Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalarla bağlı bəyanat yayaraq, etirazını ifadə edib. Bəyanatda deyilir:

“Mən Azərbaycanın iki məşhur hüquq müdafiəçisinin çox ağır ittihamlarla həbsindən hədsiz narahat oldum. Xüsusi narahatçılıq doğuran məsələ odur ki, bu hadisələr Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda baş verir. Azərbaycan Insan Hüquqları və Əsas Azadlıqlara dair Avropa Konvensiyasından irəli gələn ifadə, birləşmə və toplaşma azadlıqlarına hörmət etmək öhdəliklərini təmin etməlidir. Təəssüf hissilə qeyd edirəm ki, Rəsul Cəfərov və Leyla Yunusun həbsi Azərbaycanda insan hüquqları müdafiəçilərinə təzyiqlərin hədsiz artdığı vaxtda baş verdi. Azərbaycan hakimiyyətini Leyla Yunusun səhhətindəki problemlərlə əlaqədar zəruri tədbirlər görməyə çağırıram”.

~ tərəfindən Patriot 07/08/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma