ARIF YUNUSDA HƏBS EDİLDİ

arif yunus

Ona da “dövlətə xəyanət” ittihamı verildi; barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildi

Fransa rəsmi Bakını Leyla Yunusu azad etməyə çağırdı; Avropa Birliyi isə Azərbaycan hökumətinə xəbərdarlıq etdi

Sülh və Demorkatiya Institutunun həbsdə olan direktoru Leyla Yunusun həyat yoldaşı Arif Yunus Istintaq Təcridxanasında saxlanılan həyat yoldaşına sovqat aparan zaman saxlanılıb. Vəkil Xalid Bağırovun Turana verdiyi məlumata görə, əvvəl Arif Yunusu Yasamal Polis Idarəsinin 27-ci bölməsinə aparıblar. Daha sonra vəkilə məlumat verilib ki, o Baş Prokurorluğun Ağır Cinayətlərə dair Istintaq Idarəsinə, müstəntiq Ibrahim Ləmbəranskinin yanına aparılıb.

Daha sonra Arif Yunus məhkəməyə aparılıb: “Arif Yunus mənə zəng etdi ki, məni aparırlar. Düşündüm ki, polis nəzarətindədir deyə, buna görədir. Bir saat sonra telefonlarına zəng çatmadı. Sonra özü zəng vurub dedi ki, prokurorluqdayam və məni məhkəməyə aparırlar. Sonradan məlum oldu ki, onun ev dustaqlığının həbs qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı sanksiya tətbiq olunub. Indi məhkəməyə gedirəm”.
Nəsimi Rayon Məhkəməsi Arif Yunus barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələrilə təqsirli bilinir.

Qeyd edək ki, iyulun 31-də onun xanımı, hüquq müdafiəçisi Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Fransa rəsmi Bakını Leyla Yunusu azad etməyə çağırdı

Bu arada rəsmi Paris Azərbaycan hakimiyyətini hüquq müdafiəçisi Leyla Yunusu azad etməyə çağırıb. Bu barədə Fransa hökuməti adından verilən bəyanatda deyilir. Fransanın Xarici Işlər və Beynəlxalq Inkişaf Nazirliyinin yaydığı bəyanatda Leyla Yunusun həbsindən narahatlıq ifadə olunur və deyilir: “Bu ilin may ayında Azərbaycana səfəri zamanı Fransa prezidentinin görüşdüyü xanım Yunus insan haqları sahəsində hörmət edilən bir şəxsiyyətdir. Bu sahədə xidmətlərinə görə o , 2013-cü ildə ”Fəxri Legion” ordeni ilə təltif edilib”.
Fransa Azərbaycan hökumətini Leyla Yunusu səhhəti ilə əlaqədar həbsdən buraxmağa çağırır. Rəsmi paris həmçinin, Leyla Yunusun müdafiə olunmaq,  o cümlədən vəkillə maneəsiz görüşmək hüququna hörmət etməyə çağırır.

Avropa Birliyi Leyla Yunusla bağlı Bakıya xəbərdarlıq etdi

Avropa Birliyi də Leyla Yunusun həbsinin ardınca bəyan edib ki, Azərbaycan təşkilatla daha dərin münasibətlər istəyirsə, öz beynəlxalq öhdəliklərinə əməl etməlidir.

Avropa Birliyinin xarici işlər komissarı Ketrin Eşton və  Avropanın genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Stefan Fülenin sözçüləri bildiriblər ki, AB Azərbaycanla münasibətlərini dəyərləndirir. Lakin bu münasibətlər, Azərbaycan hazırda nazirlərinin komitəsinə sədrlik etdiyi Avropa Şurasına üzvlükdən doğan öhdəlikləri də daxil olmaqla, öz beynəlxalq öhdəliklərinə hörmət etmədən tam potensialına çata bilməz.
Həm Eşton, həm də Füle Azərbaycanda qeyri-hökumət təşkilatı olan Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunusun həbsindən dərin narahatlıqlarını ifadə ediblər.

AB rəhbərlərinin bəyanatında deyilir: “Belə görünür, Yunusun həbsi Azərbaycanda vətəndaş cəmiyyətini hədəfləyən və artmaqda olan məhdudiyyətlərin bir hissədir”.

Sözçülər bildiriblər ki, AB insan haqları sahəsindəki vəziyyətdən son dərəcə narahat olduğunu Azərbaycanın nəzərinə çatdırıb.

Hökumətdən beynəlxalq aləmə sərt reaksiya

Azərbaycan hökumətindən bu çağırışlara sərt reaksiya gəlib. Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Eşton və Fülenin bəyanatına cavab olaraq APA-ya bildirib: “Bu, Avropa Komissiyası daxilində təzadlı yanaşmanın olduğunu göstərir. Avropa Komissiyası prezidentinin Azərbaycana səfəri ölkəmizin Avropa Birliyi ilə münasibətlərində strateji əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoymasının nümunəsi idi. Belə bir mərhələdə Ketrin Eşton və Ştefan Fülenin belə bəyanatla çıxış etmələri Coze Manul Barrozonun səfərinin əhəmiyyətinə və uğurlu nəticələrinə sanki kölgə salmaq məqsədi daşıyır. Bu da göstərir ki, Avropa Komissiyasının daxilində müəyyən ziddiyyətli yanaşmalar mövcuddur. Avropa Komissiyası prezidentinin Azərbaycana önəmli bir səfər həyata keçirdiyi, tərəflər arasında əməkdaşlığın bu cür strateji bir səviyyədə olduğu anda belə bəyanatın səslənməsi təbii ki, qəbuledilməzdir. Ketrin Eşton və Ştefan Fülenin bəyanatı Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlığın ruhuna və məzmununa tam ziddir.  Ikincisi, biz bu bəyanatı Azərbaycana siyasi təzyiq cəhdi kimi qiymətləndiririk. Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Qanun hamı üçün eynidir, Azərbaycan dövləti qanunun aliliyini hər zaman yüksək tutub. Konkret cinayət əməlləri törətməkdə ittiham edilən hər bir kəs qanun qarşısında cavab verməlidir. Barəsində danışdığımız Leyla Yunus cinayət tərkibli əməllərlə bərabər, vətənə xəyanətdə də ittiham edilir. Təbii ki, Avropa Birliyi rəsmiləri tərəfindən məhkəmə-hüquq proseslərinin və cinayət tərkibli əməllərin məqsədyönlü şəkildə siyasiləşdirilməsi və insan hüquqlarını əldə bəhanə, alət edərək Azərbaycana təzyiq göstərmə cəhdləri bizim tərəfimizdən rədd olunur”.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə APA-ya deyib: “Leyla Yunusun həbsi məsələsi ilə əlaqədar qeyd etmək istərdim ki, hüquq mühafizə orqanları ona qarşı ciddi faktlara əsaslanan ittiham irəli sürüblər. Hazırda istintaq prosesi gedir. Ittihamların əsaslı olub-olmamasını yalnız məhkəmə müəyyənləşdirə bilər. Nəticə etibarilə müxtəlif xarici dairələr və daxili qruplar tərəfindən məsələni siyasiləşdirmək, müvafiq orqanların fəaliyyətinə kölgə salmaq cəhdləri səmərəsizdir və heç bir nəticə verə bilməz”

 

~ tərəfindən Patriot 07/08/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: