«TƏYYARƏNİN VURULMASI PUTİNİN SONUNU YAXINLAŞDIRIR»

vefa quluzade

Vəfa Quluzadə: «Rusiyanın Ukrayna böhranından salamat çıxıb-çıxmayacağı məlum deyil» 

«Bizə güclü müttəfiq lazımdır»

ABŞ Konqressi Rusiyanın təcavüzünün qarşısının alınması haqqında qanun layihəsini ikinci oxunuşda qəbul etməsi maraqlı situasiya yaradıb. Konqress ABŞ prezidentinə bir süra keçmiş sovet ölkələrinin, o sıradan Azərbaycanın təhlükəsizliyini təmin etməsi üçün addımlar atmağa çağırır. Yaranmış situasiyada Rusiyanın aqressiyasının fonunda atılan bu addım necə qiymətləndirilməlidir? Ümumiyyətlə, Azərbaycanın təhlükəsizliyinə bu səviyyədə cavab verilməsi nədən xəbər verir. Mövzu ilə bağlı bu və başqa sualları politoloq Vəfa Quluzadə cavablandırıb.

– ABŞ Konqressinin qəbul etdiyi qərar olduqca əhəmiyyətlidir. Azərbaycan gərgin situasiyadadır. Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir və 20 faiz torpağı işğal altındadır. Yəni bu günə qədər heç bir tərəf Azərbaycanın təhlükəsizliyinə təminat verməyib. Amma Azərbaycan Qərb üçün olduqca əhəmiyyətli ölkədir. Ukrayna hadisələrindən sonra Azərbaycana dəfələrlə hədələr yönəlib. Bu olduqca təhlükəli haldır. Ona görə Azərbaycanın təhlükəizliyinə təminat lazımdır. Mən hələ 90-cı illərdə Azərbaycanda NATO bazalarının yerləşdirilməsi bəyanatını verəndə bu, ciddi əks-sədaya səbəb oldu. Amma sonradan məlum oldu ki, buna ciddi münasibət var və nə zamansa bu reallaşacaq. Qərb müttəfiqinin təhlükəsizliyini təmin etmək üçün belə bir forma seçib. ABŞ-ın Azərbaycanla yanaşı bir sıra postsovet ölkələrinin təhlükəsizliyinə təminat verməsi əsgəri əməkdaşlığın dərinləşməsi deməkdir. Bunu müxtəlif yollarla etmək olar. Birincisi, Azərbaycan Avropaya çox yaxındır. NATO-nun isə Avropada güclü əsgəri bazaları var. Digər tərəfdən, NATO üzvü olan Türkiyə Azərbaycanın yaxın müttəfiqidir. Yəni Azərbaycanın təhlükəsizliyini hər hansı yol ilə təmin etmək olar. Bunun üçün sadəcə siyasi iradənin nümayişi gərəkdir. ABŞ artıq belə bir siyasi iradə nümayiş etdirib və bu, vaxtında atılan addımdır. Çünki, Ukraynadan sonra Azərbaycan Rusiyanın təzyiqinə məruz qala bilərdi. Hazırda Rusiya Azərbaycana göstərdiyi təzyiqlərlə bizi Gömrük Ittifaqına üzv qəbul etmək istəyir. Ona görə Azərbaycanın müstəqilliyini, suverenliyini müdafiə etmək üçün bizə güclü müttəfiq lazımdır. ABŞ açıq şəkildə etiaf etdi ki, Azərbaycana yaxın müttəfiqi kimi yanaşacaq.

“ABŞ öz maraqlarını Rusiyaya qurban verməyəcək»

– Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar öz təhlükəsizliklərini təmin etməyə qadirdir. Azərbaycan ABŞ-dan gələn təhlükəsizliyin qorunması təklifinə mənfi reaksiya verərsə bunun hansı nəticələri ola bilər?

– Rusiya Konqressin bu cür qərar qəbul etməsindən sözsüz ki, çox narazıdır. ABŞ bu qərarı qəbul edəndə heç soruşmayıb. Çünki, ABŞ Azərbaycanı özü üçün strateji ölkə sayır. Amerika Azərbaycanın suverenliyini qorumaqla öz maraqlarını qorumuş olur. Yəni ABŞ öz maraqlarını Rusiyaya qurban verməyə hazırlaşmır. Bu istiqamətdə isə ABŞ Azərbaycanla məsləhətləşməyib. Çünki şərait yaranarsa, Azərbaycan Rusiya ilə döyüşən deyil. Bunu ABŞ edəcək. ABŞ Azərbaycan ciddi təzyiqlə üzləşərsə Rusiyaya qarşı yeni addımlar atacaq. Azərbaycanın “biz suverenliyimizi özümüz qoruya bilərik” bəyanatları bir qədər şüar xarakterlidir. Çünki, Rusiya Ukrayna və Gürcüstana qarşı reallaşdırdığı aqressiyanı Azərbaycanın da ünvanına yönəltsə, biz nüvə dövləti ilə müharibəyə dözmərik. Biz 20-ci ildə də müstəqiliyimizi qorumağa çalışdıq. Azərbaycan ordusu onun üzərinə gələn “qızıl ordunun” əsgərləri ilə savaşa girdi. Amma biz məğlub olduq. Hazırda da əgər Rusiya Avropanın qapısında olan 50 milyonluq bir dövlətə qarşı təcavüz siyasəti aparırsa, Azərbaycan bunu nəzərə almalıdır. Rusiya hesab edir ki, Ukraynadan sonra kiçik dövlətlərin gözünü qorxudub. Bəlkə də bizim gözümüz qorxa bilər. Amma bizim dövlətə qarşı təcavüz reallaşacaqsa, artıq biz əmin ola bilərik ki, suverenliyimizi qoruya biləcəyik. Çünki, bizim arxalana biləcəyimiz ABŞ var.

«Azərbaycanın Qərb üçün önəmi daha artıqdır»

– Azərbaycanın assosisiaya müqaviləsinə imza atması hələ də qeyri-müəyyən olaraq qalıb. GUAM-da yeganə Azərbaycan bu sazişi imzalamayıb. Amma bu arada Qərb Rusiyanın “Cənub axını”layihəsindən imtina edərək “Tranxəzər” kimi proyektlərin reallaşmasında maraq ifadə edir. Belə olan halda Azərbaycan hansı addımları atmalıdır? Qərbin Rusiyaya qarşı mesajları dayanıqlı sayıla bilərmi?

– Azərbaycan Avropa Birliyinin Assosiasiya Sazişi imzaladığı ölkələrdən daha əhəmiyyətlidir. Çünki Qərbin enerji layihələrini yalnız Azərbaycanın vasitəsilə həyata keçirmək olar. Azərbaycanın bu enerji layihələrinə “hə” deməsi ölkəmizi Qərbin yaxın müttəfiqinə çevirəcək. Düşünürəm ki, Azərbaycan bu layihələrə razılıq verəcək. 1994-cü ilin sentyabrında Azərbaycanın Qərb şirkətləri ilə neft müqaviləsi imzalayacağını heç kim gözləmirdi. Rusiya hesab edirdi ki, bu kontraktlar hazır deyil və onların reallaşması hələ uzun çəkəcək. Çünki bu kontraktların imzalandığı dövr Azərbaycanın yeddi rayonuni işğaldan sonrakı mərhələyə təsadüf edirdi. Rusiya Azərbaycanın belə bir addım atacağına inanmırdı. Hazırda da Rusiyanın gələcək təzyiqlərindən Azərbaycanı qorumaq üçün ölkəmiz Avropa Birliyinin son təklif etdiyi enerji layihələrini gerçəkləşdirməlidir. Bundan sonra Rusiya Azərbaycana qarşı təzyiq edə bilməz. Hələ Rusiyanın hazırkı Ukrayna böhranından salamat çıxıb-çıxmayacağı məlum deyil.

– Azərbaycandakı prezident seçkisindən öncə Rusiya ilə ölkəmiz arasında gərginlik hökm sürürdü. Amma Putinin Azərbaycana səfərindən sonra bu gərginlik aradan qalxdı və münasibətlər normallaşdı. Hazırda Rusiya ilə münasibətlərdə gərginlik yenidən müşahidə olunur. Bunun səbəbi nədir və bu gərginliyin aradan qalxma ehtimalı varmı?

– Öncə gəlin, prezident seçkisi ərəfəsində olan gərginliyi nəzərdən keçirək. Bu gərginlik Azərbaycan üçün heç nə vermədi. Rusiyada Azərbaycan vətəndaşlarının sıxışdırılması bir nəticə vermədi. Nəticədə Rusiya gördü ki, bütün bu metodlar Azərbaycana batmaq üçün işə yaramır. Hazırda isə Rusiya istəyir ki, Azərbaycan bəyan etsin ki, biz Gömrük Ittifaqına qoşuluruq. Amma Azərbaycan belə bir addım atmayacaq. Çünki, bu ittifaqa qoşulmaq Azərbaycanın milli maraqlarına ziddir. Hakimiyyət gözəl bilir ki, belə bir addımın atılması ilk növbədə onun özünə təhlükə yaradacaq.

– Baş verən proseslərdə maraqlı məqam ondan ibarətdir ki, son zamanlar Qərblə işləyən QHT-lərə qarşı hücumlar var. Eyni zamanda ABŞ-ın USAID və Milli Demokratiya Institutunun fəaliyyətinə də ciddi əngəllər törədilir. Hakimiyyəti narahat edən nədir? Bu tip addımların atılmasının səbəbi nədən qaynaqlanır?

– Azərbaycan hakimiyyəti özünə təhlükə gördüyü hər hansı bir fəaliyyətlə mübarizə aparacaq. Hər ölkədə özünün oyun qaydaları var. Azərbaycan hakimiyyəti özünü qoruyur. Belə görünür ki, Azərbaycan hakimiyyəti Milli Demokratiya Institutu və USAID-in fəaliyyətini özü üçün təhlükə sayır və qəbulediməz qiymətləndirir.

«Ərdoğan istədiyi zaman sərhədləri aça bilməz»

– Türkiyə parlamentində Azərbaycanla bağlı maraqlı fikir səslənib. Deputatlardan biri bəyan edib ki, Azərbaycanda “Gülən məktəbləri”nin bağlanmasının səbəbi baş nazir Ərdoğanın Azərbaycan hakimiyyətinə təzyiqləri olub. Ərdoğan məktəblərin bağlanmayacağı təqdirdə Ermənistanla sərhədlərin açılacağını bəyan edib. Bu bəyanat nə dərəcədə əsaslı sayıla bilər?

– Hesab edirəm ki, Ərdoğanın istədiyi vaxt Ermənistanla sərhədləri açmaq imkanı yoxdur. Çünki Ermənistanla sərhədlərin açılmasını Rusiya istəmir. Rusiya Ermənistan siyasətini elə yönəldir ki, Türkiyə buna qarşı çıxa bilməz. Ermənistan Türkiyəni soyqırımda ittiham edir, o, bu dövlətə qarşı ərazi iddialarından əl çəkməyib. Belə olan təqdirdə Türkiyə Ermənistanla sərhədləri nə cür aça bilər? Ərdoğanın belə bir səpkidə hədə ilə çıxış edəcəyini inandırıcı saymıram. “Gülən məktəbləri” ilə bağlı Azərbaycanın daxilində də belə bir fikir səslənir ki, məktəblər məhz Ərdoğanın təzyiqi ilə bağlanıb. Bu məktəblər çox gözəl işləyirdilər. Lakin bu məktəblər pullu idi və gəlirləri var idi. Deməli, Fətulah Gülənə bu məktəblərdən gəlir daxil olur. Amma burada ağıllı addım atmaq lazımdır. Axı bizim uşaqların günahı nə idi ki, onlar bir günün ərzində küçəyə atılsınlar. Türkiyənin özündə bu məktəblər milliləşdirilib və Təhsil Nazirliyinə verilib. Eyni addımı bizdə də atmaq olardı. Bu cür qərar maraqlarımıza uyğun olardı. Ərdoğanın hədələrindən qorxaraq məktəblərin bağlanması bizə yaraşmayan addım olardı.

– Türkiyədə prezident seçkisi ərəfəsində yaranan durumu necə dəyərləndirirsiniz? Belə bir təsəvvür yaranıb ki, Ərdoğan siyasi rəqibləri tərəfindən təklənib. CHP, MHP ilə yanaşı digər siyasi qüvvələr, eks prezident Süleyman Dəmirəl, Gülən camatı da Ihsanoğlunu dəstəkləyir…

– Seçki öncəsi Türkiyədə siyasi proseslər gərginləşib. Türkiyədə demokratik ənənələr geniş yayılıb. Türkiyədə hazırda hakimiyyət uğrunda mübarizə gedir. Burada hər şeyi türk xalqı müəyyən edəcək. Ona görə indidən bəyan etmək ki, Türkiyədə seçkilərin nəticələri necə olacaq, doğru olmaz. Kifayət qədər gərgin mübarizə gedəcək və demokratik seçki nəticəsində prezident seçiləcək.

«Təyyarənin vurulması Putinin sonunu yaxınlaşdırır»

– Ukrayna səmasında Malaziyaya məxsus təyyarənin vurulması insidenti hansı nəticələr doğura bilər? Sübutlar Rusiyaya qarşı yönəlsə də Kreml ona yönələn ittihamları inkar edir…

– Bu qəzanın səbəblərini Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasətdə axtarmaq lazımdır. Rusiya Ukraynadakı sabitliyi pozmağa çalışır. Rusiya KIV-ləri Ukrayna hakimiyyətini fərasətsizlikdə ittiham edir. Təyyarənin separatçılar tərəfindən vurulması az inandırıcıdır. On kilometr hündürlükdə uçan təyyarəni təcrübəli komanda vura bilər. Hazırda məlum olur ki, bu təyyarə Rusiyaya məxsus zenit-raket kompleksi olan “Buk” silahı ilə vurulub. Hazırda bu silahı izi itirmək üçün təkrarən Rusiyaya aparıblar. Yəqin ki, ruslar bu təyyarənin Ukraynaya məxsus olduğunu düşünüb və belə bir addım atıb. Bu, Putin üçün böyük bir problem olacaq. Çünki beynəlxalq aləm bu məsələnin ciddi araşdırılmasını tələb edəcək. Rusiya aqressiyası getdikcə çökməkdədir.

~ tərəfindən Patriot 20/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma