DÜNYA RUSİYANI İTTİHAM EDİR

Putin - Boeing-777

Ukrayna səmasında təyyarəni Kremlin dəstəklədiyi terrorçuların vurduğu aydınlaşır

putin terroristİyulun 18-də Ukrayna səmasında vurulan, Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən və içərisində 298 sərnişinin olduğu Malayziyaya məxsus Boeing-777 təyyarəsinin düşdüyü ərazidə 121 nəfərin meyiti tapılıb. Ukrayna saytlarının yaydığı xəbərə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Xidmətdən bildirilib ki, axtarış xilasetmə işləri Donetsk vilayətinin Rassıpnoye və Qrabovo yaşayış məntəqələri arasında aparılır. Bu məqsədlə 95 nəfər və 18 ədəd texnika cəlb edilib, lakin silahlı separatçılar aparılan işlərə mane olur.

“Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. Boeing-777-də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 Indoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib.
Təyyarəni vuran terrorçuların səs yazısı yayıldı

Ukrayna tərəfi sərnişin təyyarəsinin ölkənin şərqində fəaliyyət göstərən silahlı terrorçular tərəfindən “Buk” zenit-raket kompleksi ilə vurulduğunu bildirir. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hadisədən sonra terrorçular arasındakı telefon danışıqlarının audioyazısını açıqlayıb. Audioyazıda “Bes” ləqəbli terrorçu Iqor Bezler təyyarənin vurulması haqda öz kuratoru, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat Idarəsinin (QRU) polkovniki Vasili Nikolayeviç Geraninə məlumat verir: “Elə indicə təyyarə vurduq. ”Miner”in qrupu vurub.

Yenakiyevo tərəfə düşüb”.

Təyyarənin qalıqlarına baxışdan sonra terrorçular sərnişin təyyarəsi vurduqlarını başa düşüblər. Bunu “Mayor” və “Qrek” təxəllüslü terrorçuların telefon danışığından bilmək olur. “Qrek”in təyyarədə silah olub-olmadığı haqda sualına “Mayor” belə cavab verir: “Heç nə yoxdur. Mülki əşyalar, tibbi ləvazimatlar, dəsmallar, tualet kağızları…”
Bir qədər sonra terrorçulardan biri Don kazaklarının atamanı Nikolay Kozitsinlə danışır. Kozitsin deyir: “Sneijnoye-Torez rayonunda vurulan təyyarə barədə… Bu, sərnişin təyyarəsi imiş. Qrabovo tərəfə düşüb, orada çoxlu meyitlər, qadın və uşaq meyitləri var. Kazaklar indi oraya baxış keçirir”.

Terrorçunun “Malayziya təyyarəsi Ukraynada nə edirdi” sualına Kozitsin belə cavab verir: “Deməli, casusları daşıyırmış”.

Ağ Evdən bəyanat

ağ evSərnişin təyyarəsinin vurulması bütün dünyada çox geniş əks-səda doğurub. Ağ Ev fəlakətin səbəblərinin araşdırılmasına yardım etməyə hazır olduğunu açıqlayıb. “ABŞ aparılacaq beynəlxalq təhqiqata təcili şəkildə yardım etməyə, Federal Təhqiqatlar Bürosu və Nəqliyyatda Milli Təhlükəsizlik üzrə Idarənin resurslarını da bu məqsəd üçün cəlb etməyə hazırdır”, – deyə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest deyib. C.Ernest təyyarənin qalıqlarının hadisə yerində toxunulmaz qalmasının önəmini vurğulayaraq sübutların saxtalaşdırıla biləcəyi haqda xəbərdarlıq edib. O, təhqiqata şərait yaratmaq üçün atəşkəsin əldə olunması və təhqiqata BMT, ATƏT mütəxəssislərinin cəlb olunmasının vacibliyinə diqqət çəkib: “Biz bütün faktlara malik olmasaq da, bilirik ki, bu insident Ukraynadakı böhran kontekstində baş verib. Rusiya oradakı separatçılara silah, texnika və kadr hazırlığı sahəsində dəstək verir. Bu olay Rusiyanın Ukraynada gərginliyin azaldılması üçü təcili addımlar atmasının zəruriliyi haqda bizim çağırışlarımızın aktuallığını təsdiqləyir”.

Malayziya “qara qutu”nu tələb edir

Malaysia boeing 777Malayziyanın baş naziri Nəcib Tun Razak da Amerika kimi tələb edib ki, hadisə yerində heç nəyə, o cümlədən “qara yeşik”lərə toxunulmamalıdır. O bildirib ki, Malayziya olayın araşdırılmasında iştirak edəcək. (Xatırladaq ki, terrorçular “qara yeşik”ləri Moskvaya göndərəcəklərini deyiblər.

Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib. Xarici işlər naziri Frans Timmermans ukraynalı həmkarı Pavl Klimkinlə telefon söhbətində faciənin müstəqil təhqiqatının aparılmasını istəyib. O qeyd edib ki, Niderland Ukraynaya kömək etməyə və meyitlərin identifikasiyası üçün məhkəmə-istintaq qrupu göndərməyə hazırdır.
Olayda 27 vətəndaşını itirən Avstraliya isə konkret olaraq Rusiyanı ittiham edib. Bu ölkənin baş naziri Toni Ebbott Rusiyanı Ukraynadakı separatçıları “Buk” zenit-raket kompleksi ilə təchiz etməkdə suçlayıb: “Biz situasiyanı gərginləşdirmək istəmirik, lakin təyyarənin Rusiyanın göndərdiyi ”yer-hava” tipli raketlərlə vurulduğu təsdiqlənərsə, məsuliyyətin böyük hissəsi Rusiyanın üzərində qalacaq”.
BMT baş katibi Pan Gi Mun isə hərtərəfli və şəffaf təhqiqatın aparılmasının vacib olduğunu deyib.

Təyyarə qəzasında 23 ABŞ vətəndaşı həlak olub

Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak Donetsk ərazisində vurulan Boinq-777 sərnişin təyyarəsinin partlaması nəticəsində 300-dən çox insanın həlak olduğu bildirib. Onlardan 23-nün ABŞ vətəndaşı olduğu deyilir. Şkiryak bu barədə Facebook səhifəsində yazıb.

“300-dən çox günahsız insan həlak oldu. ABŞ-ın 23 həlak olmuş vətəndaşı haqqında məlumatlar var”, – deyə o qeyd edib.
Ukraynanın Rusiya sərhədinə yaxın ərazisində qəzaya düşən “Malayziya hava yolları” şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsində 285 sərnişin və 15 ekipaj üzvü olub.

Hillari Klinton Rusiyanı ittiham etdi

Hillari KlintonABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Ukrayna səmasında Malaziya təyyarəsinin vurulmasında Rusiyayönlü qiyamçıları ittiham edib və bildirib ki, Putinə çox uzağa getməsi barədə xəbərdarlıq verilməlidir və biz hərəkətsiz dayana bilmərik.
Klinton Amerikanın PBS xəbər şəbəkəsinə verdiyi müsahibədə deyib ki, bu hündürlükdə uçan təyyarəni vurmaq sadə bir əməliyyat deyil. Burada xüsusi raket qurğuları və bu qurğulardan peşəkar istifadə edə bilən şəxslər olub. O, həmçinin Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsinin vurulmasının öncədən planlaşdırıldığına işarə edib.
Rəsmi Kiyev də təyyarənin vurulmasında birbaşa separatçıları ittiham edir.
Xanım Klinton deyib ki, bu Avropa reysi olub və Avropa paytaxtları öz dərin hiddətlərini nümayiş etdirməlidir.

Mərkəzi Kəşfiyyat Idarəsi olayı araşdıracaq

Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda təyyarənin vurulmasında Moskva birbaşa ittiham olunmur, lakin bildirilir ki, bu hadisəyə Ukraynada Rusiya tərəfindən qızışdırılıan münaqişə kontekstində baxılmalıdır.
Bəyanatda deyilir ki, Ukrayna separatçılarını silah, sursat və təlimlə təchiz edən məhz Kremldir.
Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Barak Obama bildirib ki, təyyarənin vurulması ilə bağlı insidentin araşdırlmasında Mərkəzi Kəşfiyyat Idarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası NTSB (National Transportation Security Board) birbaşa iştirak edəcəklər.
Rusiyayönümlü separatçılar isə təyyarəni regionda onlara qarşı anti-terror əməliyyatı aparan Ukrayna ordusunun vurduğunu iddia edir.
Rusiya prezidenti Vladimir Putin isə konkret ad çəkməsə də bölgədə gedən qarşıdurmanı günahlandırıb ki, bu toqquşmalar olmasaydı, Malayziya təyyarəsi də vurulmazdı.

Merkeldən sərt açıqlama

Angela Merkel“Rusiya Ukraynada sabitliyi pozduğundan cəzalandırılmalıdır. Avropa Birliyi Rusiyaya qarşı təcili sanksiyalar tətbiq etməlidir”. Bunu Almaniya kansleri Angela Merkel bildirib.
Onun sözlərinə görə, Avropa Rusiyanı Ukraynanın şərqində sabitliyi pozduğu səbəbindən cəzalandırılmalıdır.ÿ
“Yaxın günlərdə Avropa Birliyi əsasən biznes və və şirkətlərə təsir edəcək yeni sanksiyalar paketini hazırlamalıdır. Rusiya birbaşa olaraq Ukraynada sabitliyin pozulmasına cəlb olunub. Bu son hadisələrə adekvat cavab olmalıdır. Ukrayna ilə sərhəddən Rusiya separatçılara silah sursat çatdırır”.

Obama Rusiyanı suçlu bildi

Barak ObamaABŞ prezidenti Barak Obama Donbassdakı terrorçuların Rusiya tərəfindən dəstəkləndiyinə əmindir. Obama hesab edir ki, Rusiyanın dəstəyi olmasaydı, separatçılar danışıqlar masası arxasına oturardı. Bu barədə o Ağ Evdə keçirdiyi brifinqdə bildirib. «Biz  görürük ki, təyyarə Ukraynada Rusiyayönlü separatçıların nəzarətində olan ərazidən atılan «yer-hava» raketi ilə vurulub. Həmçinin onu da bilirik ki, son həftələr ərzində bu Şərqi Ukraynada vurulan ilk təyyarə deyil. Rusiyapərəst separatçılar Ukraynanıın nəqliyyat təyyarəsini və vertolyotu vurub, daha sonra bəyant ediblər ki, vurduqları döyüş təyyarəsidir. Biz bilirik ki, separtçılar daim Rusiyadan dəstək alır. Rusiyadan onlara silah, həmçinin təyyarələri vurmaq üçün qurğular verilir», – deyə Obama qeyd edib.

“Təyyarə Rusiya tərəfdən raketlə vurulub”

Rəcəb Tayyib ƏrdoğanUkrayna səmasında Malaziya hava yollarına məxsus sərnişin təyyarəsinin vurulmasına Türkiyənin baş nazirə Rəcəb Tayyib Ərdoğan da münasibət bildirb. Bursada prezidentliyə namizəd kimi keçirdiyi görüşdə hazırda Fələstində yaşananlarla yanaşı Malaziya təyyarəsinin vurulmasını da pisləyən Ərdoğan bu olayda Rusiyanı ittiham edib.
“Ukrayna hava məkanında Malaziya uçağı Rusya tərəfindən raketlə vurularaq endirildi. Nə vardı bu uçaqda? Uçaqdakıların təxminən 160-ı hollandiyalı. Hollandiyadan Malaziyaya gedəvə uçaq Ukrayna hava məkanında vurulur. Bu necə yanaşmadır, necə anlayışdır? Hanı, bəs dünyada sülh üçün çalışacaqdıq?! Bunlar “mən güclüyəm, istədiyim kimi vuraram, istədiyim kimi endirərəm” deyənlərdir. Biz də deyirik ki, siz bu gücünüzü bir yerə qədər istifadə edəcəksiniz, unutmayın, bu tələlərdən daha böyük tələ var. O tələ bir gün sizi tutacaq”, – deyə Ərdoğan bildirib.

~ tərəfindən Patriot 20/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma