AZƏR RƏŞİDOĞLU: «45 İL “QIZIL TEŞT”ə QAN QUSANLAR»

heyder eliyev 1969

O hakimiyyətə gələndə mənim cəmi 3 yaşım var idi. 

O həyatdan köçəndə isə artıq 37 yaşında idim. Qısa fasilələrlə, həyatımın 34 ili onun rəhbərliyi illərinə təsadüf edir. Elə də kiçik rəqəm deyil.

Uşaqlıq xatirələrim də az deyil. O fəaliyyətə respublikanın sabiq rəhbəri Vəli Axundovun korrupsiya əməllərini “ifşa” etməklə başlamışdı. Sonra, 24 noyabr 1982-ci il  tarixində eşitdim ki, onu Moskvaya aparıblar. O zaman 16 yaşım var idi. Artıq nələrisə anlaya bilirdim. Məsələn, anlaya bilirdim ki, ziyalı və ədəbli bir insan olan, Hippokrat andı içmiş Vəli Axundov təsvir edildiyi qədər də qorxunc ola bilməz. Artıq respublikada nə baş verdiyini a az-çox anlayırdım.  Şəhər mədəniyyətinin naxçıvanlaşdırılmasının da fərqində idim.  Respublikada yeganə yüksəlişin rüşvət olduğunu da bilirdim. Anarın “Şəhərin yay günləri”ni, “Adamın adamını” da oxumuşdum. Amma onun Moskvaya getməsinə sevinirdim. İlk dəfə idi ki,  bir azərbaycanlı bu dərəcədə yüksək vəzifəyə ucalırdı. İnanırdım ki, hər şey fərqli ola bilər. Düzdür, o zaman məlumatım da çox deyildi. Kommunist Partiyasının 1985-ci il qurultayı da  olmamışdı. O zaman Seyran Səxavətin “Qızıl teşt”ini də oxumamışdım. Hələ gənc idim. Ümid edirdim ki, 25 il Azərbaycan DTK-sında  işləmiş,  13 il  respublikanın rəhbəri olan bir şəxs yalnız Azərbaycan naminə yaşayacaq, bizi qoruyacaq. Sadəlövh idim.

Anlamadığım daha bir nəsnə onun özünə Kamran Bağırovu xələf seçməsi oldu.

Ədəbli, iddiasız, rüşvətə və tayfabazlığa bulaşmayan bir nəfər ölkənin hər küncündə sərt idarəçiliyinin izi olan rəhbəri necə əvəz edə bilərdi? Bu ölkədə boşluq yarada bilərdi. Dəmir əlin dadına öyrənənlərə isə bu ağır gələ bilərdi.  Xələf sələfinin tam ziddi. 2000-ci ildə xələf səfalət içində dünyasını dəyişdi. Son dərəcə kasıb bir yas məclisi quruldu. Dəfnə də cəmi bir-neçə yaxını gəlmişdi. Belə də olmalı idi. Vicdanlı, təmiz, əxlaqlı dövlət məmuru özünə milyardlar qazana bilməzdi. Milyardları olmayanların dəfnləri də təmtəraqdan uzaq olur.

Qorbaçov onu sevmirdi. O da Qorbaçovu sevmirdi. Lakin o, partiya və idarəetmə sistemini yaxşı mənimsəmişdi. Və 1985-ci ildə, Çernenkonun vəfatından sonra Qorbaçovun şanslarının yüksək olduğunu bildiyi üçün SSRİ-nin son rəhbərinə ilk səs verən də o özü olmuşdu. Ona yaxın olmaq istəmişdi.

O komanda adamı idi. Oyun qaydalarını da gözəl bilirdi. “Güclünü haqlı hesab etməyin vacibliyini”  bəlkə də Sovet məkanında ondan yaxşı bilən yox idi. Lakin böyük siyasət də elə böyük sevgi kimidir, gərək şansın gətirsin.  Bu dəfə alınmadı. 1987-ci ildə ona təklif elədilər ki, getsin. O da getdi. Sakit getdi. Etiraz belə eləmədi. Arxasına belə baxmadı. Getdi, unuduldu, infarkt oldu. Bu qədər sədaqətlə xidmət etdiyi Siyasi Büro onu taleyi ilə baş- başa buraxdı.

Sonra 20 yanvar 1990-cı il faciəsi baş verdi. Danışdı, qınadı, nələrsə dedi, nələrisə demədi və son nəticədə bəlli oldu ki, heç nə demədi. Deyə bilmədi. Cürət edə bilmədi.

Artıq o çoxdan unudulmuşdu. Onu yada salan belə yox idi. Təklənmiş,  istefaya göndərilmiş təqaüdçü qəfildən xalqını xatırladı və anlaya bilmədi ki, hansı səbəbə xalqı onu unudub. Doğma Naxçıvanını düşündü. Düşündü ki, hələ heç nə itirilməyib. Düşündü ki, onun kimi iradə sahibləri heç zaman məğlub olmurlar. Düşündü ki, vətənə dönmək zamanıdır.

Bir vaxtlar əbədilik tərk etdiyini düşündüyü vətəninə –  Naxçıvana qayıtdı.

1991-ci ilin iyuluna  Naxçıvana dönənə qədər o düşünürdü ki,  bu xalq 13 il ona rəhbərlik edən generalını necə unuda bilər?! Bunu anlamırdı. Anlamaq, bununla barışmaq istəmirdi. Belə fikirlərlə Naxçıvana döndü. Naxçıvanda xalq rəhbərini çoşqu ilə qarşıladı. Ayaq basdığı hər addımda onlarla qurbanlar kəsildi. O da, xalqı da belə qurbanları çox görmüşdülər. 13 il illik qurban vermə tarixi var idi bu respublikanın.

O qayıdanda xalq hərəkatı alovlanmışdı. O qoşulmadı.  Heç Kommunist Partiyasından da istefa vermədi. Kommunist biletini yalnız 1991-ci ilin iyulunda atdı. Artıq SSRİ-i çökürdü. Kommunist olmaq təhlükəli idi. Kommunistlərə nifrət etmək dəbdə idi. O da “partbilet”ini  tulladı. Elə həmin ilin sentyabrında  Naxçıvan Ali Məclisə sədr seçilərkən, gözəl dərk edirdi ki, Bakıya qayıdır. Qayıtmaq istəyirdi. Onu unudanlara özünü xatırlatdı. Onu xatırladılar. Hətta ona ümid də bəslədilər və düşünürdülər ki,  o, 13 illik hakimiyyətinin tam fərqli formasını təqdim etməyə qayıdıb.  Hətta “iki aya pencəyimi çiynimə atıb Qarabağa gedəcəyəm” zarafatını da ciddi qarşılayanlar var idi. Gözləyirdilər ki, o, qayıdacaq və söz verdiyi kimi torpaqları azad edəcək.

Onun təcrübəsinə inanırdılar. Nə ad-sanı, nə sabiq Siyasi Büro üzvü olması önəm daşımırdı. Ölkədə  müharibə gedirdi. Hər gün şəhidlər verilirdi. Savaşda qalib gəlmək son dərəcə vacib idi. Qələbə lazım idi. Pencəyi çiyinə atıb, Qarabağa getmək lazım idi… Hamı qələbənin intizarında idi. Savaş isə uduzuldu.

Xalq məğlubiyyətə uğradı.  Qısa bir müddətə 6 rayon işğal olundu. Vəziyyət daha da ağırlaşdı. O Qarabağı qaytarmaq istəyirdi. Tarixə qalib düşmək istəyirdi. Yenə də şansı gətirmədi. Lakin bu dəfə o rəqiblərinə layiqli dərs vermişdi. Onu daha heç bir zaman unutmayacaqlar. O özünü xatırlatmağı bacardı.

1987-ci ildə infarktdan yatdığı Kreml xəstəxanasında keçirtdiyi tarix həyatından silmək istədiyi yeganə səhifə idi. Ümumiyyətlə, onun 1987-ci ildən 1990-cı ilə qədər yaşadığı  3 il ərzində o  yalnız bir nəsnə barədə düşünürdü – qayıtsın, özünü xatırlatsın, bir daha unudulmasın. Belə də oldu. Özünü unudulmaz edə bildi. Çətin ki, bu 45 ildə baş verənlər unudula bilər.

Dünən şəhərdə atəşfəşanlıq idi. Onun hakimiyyətə gəlişinin 45 illiyi bayram edilirdi. O tam fərqli bir ölkə qurdu. Onu unudanları amansızlıqla cəzalandıra bildi. O bunu eləyə bildi. Bunu eləmək üçün isə güc və iradə lazım idi.

Onu bu gün ən parlaq simalarla müqayisə edirlər. Bəlkə də dünya siyasətində onun kimi düşünənlər, onun kimi yaşayanlar çox olub. Lakin o nə Atatürk ola bildi, nə Napoleon, nə də ki Şarl de Qoll. Taleyi yazan fərqli yazmışdı…

~ tərəfindən Patriot 16/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma