AXC-nin YUBİLEYİ KEÇİRİLDİ (VİDEO – FOTOLAR)

axc 25

“Azərbaycana azadlığı biz qazandırdıq, demokratiyanı da biz qazandıracağıq”

Əli Kərimli: “Xalq Cəbhəsinin gücü xalqa olan sevgisindədir”

Bu gün AXCP 25 illiyik yubileyini keçirdi. Tədbir Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət evində təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə açan AXCP sədri Әli Kərimli qonaqları salamladı. Milli Azadlıq Hərəkatının, təşkilatın lideri Әbülfəz Elçibəy və bu müddətdə dünyasını dəyişən cəbhəçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbir dövlət himninin ifası ilə başladı.

Təşkilatın yaranma tarixi və şəraiti haqda danışan AXCP sədri bildirdi ki, Xalq Cəbhəsi xalqın bağrından yarandı: “Təşkilatın sədri Əbülfəz Elçibəy ilk və təəssüf ki, hələlik sonuncu dəfə demokratik seçki ilə seçilmiş prezident oldu. Fəxr edirik ki, sonradan xalqımızın dyərləndirib, seçdiyi Elçibəyi ilk olaraq biz kəşf etdik. İqtidarda olduğu bir ildə xalq üçün çalışdı. Biz klassik mənada siyasi partiya olmadıq. Heç zaman partiya maraqlarını milli maraqlardan üstün tuta bilmədik, tutmadıq. Müstəqilliyimizin, dövlətimizin qarantı ordumuzla yanaşı xalq cəbhəsidir”.
Ə.Kərimli dedi ki, Xalq Cəbhəsi və onun lideri Elçibey hər zaman birləşdirici olub, bu ənənə hazırda da davam edir. Partiya sədri təşkilatın proqram ve hədəfləri barədə yığcam məlumat verdi: “Xalq Cəbhəsi birlikləri, koalisiyaları dağıdan yox, quran təşkilatdır. Xalq Cəbhəsi təkcə yaşının 25 olduğu, sıralarında gəncləri birləşdirdiyi üçün gənc deyil, həm də sabahın planları ilə yaşadığı üçün gəncdir. Qapılarımız gənclərin üzüne açıqdır. sıralarımıza hər gün gənclər qoşulur. Rəhbərlikdə, 3-ü müavin olmaqla 10 gənc, 30-40 arası yaşda təmsil olunur”.
Çıxışına davam edən AXCP sədri siyasi məhbuslara salam göndərdi və onlara azadlıq tələb etdi.
“Xalq Cəbhəsinin gücü xalqa olan sevgisindədir. Bu qədər məhrumiyyətlə bu qədər gücü bu sevgiden alırıq”, deyə Ə.Kərimli vurğuladı.
Ə.Kərimlinin çıxışdan sonra gənclər yerlərindən Xəlil Rzanın “Yaşasın Xalq Cəbhəsi!” şerini dedilər və şüarlar səsləndirdilər.

Cəmil Həsənli: “Xalq Cəbhəsinin yaranması tarixi hadisədir”

axcp 25Söz Milli Şuranın sədri Cəmil Həsənliyə verildi: “Təsadüf elə gətirib ki, Azərbaycan Xalq Cəbhəsi qısaldılmış adı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qısaldılmış adı eynidir. Gərək Elçibəyin fotosunun yanındakı AXC 25-in yanında asılan Rəsulzadənin şəkili qarşısında da AXC 95 yazılardı. Çünki Resulzadə ilə Elçibəy eyni yolun adamlarıdır. Xalq Cəbhəsinin yaranması tarixi hadisədir. Onun yaranmasında rolu olanlar ən böyük hörmətə layiqdirlər”.
“Həyatımın böyük bir hissəsi bu təşkilatda keçib. Orada rəsmən təmsil olunduğum illərlə fəxr edirəm. Xalq Cəbhəsi gəncliyin cazibə mərkəzidir. Xalq Cəbhəsi gəncliyin hərəkatı olub, İndi de belədir. Gələcək Azərbaycan xalqının, bu xalqın haqq işi uğrunda mübarizə aparan Xalq Cəbhəsinindir”, deyə C.Həsənli vurğuladı.

AXCP sədrinin müavini Gözəl Bayramlı tədbir iştirakçılarının diqqətinə Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov və siyasi məhbus Qurban Məmmədovun təbriklərini çatdırdı.

Leyla Yunus: “Mübarizəmiz davam etməsə, balalarımız da belə istibdadda yaşayacaq”

Hüquq müdafiəçisi Leyla Yunus Xalq Cəbhəsinin yaranması haqda xatirələrini danışdı. L.Yunus dedi ki, bir vaxtlar SSRİ adlı xalqlar həbsxanasını dağılmasını istəyəndə ağlımıza da gəlmirdi ki, Əliyevlər rejiminin həbsxanasına məhkum ediləcəyik. L.Yunus daha sonra Əliyevlər despotizminə qarşı mübarizədə həbs olunanları xatırlatdı. L.Yunus dedi ki, mübarizəmiz davam etməsə, balalarımız da belə istibdadda yaşayacaq. “Ona görə də bu istibdad dağılana qədər mübarizə olmalıdır”, deyə L.Yunus bildirdi. L.Yunus çıxışını “azadlıq” şüarı ilə bitirdi.

Milli Şuranın üzvü, ədliyyə generalı Vidadi Mirkamal isə bildirdi ki, hazırda Azərbaycanın taleyüklü dövründə AXCP və onun sədri birlik mövqeyindən çıxış edərək milli maraqlara uyğun fəaliyyət göstərir. “Hazırda birliyi pozanlar, bu istiqamətdə addım atmayanlar gələcək nəzillər qarşısında nə cavab verəcək?”, deyə V.Mirkamal vurğuladı.

Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli Xalq Cəbhəsinin əsas xidməti kimi rus qoşunlarını Azərbaycandan çıxarmağı vurğuladı. G.Hacıbəyli cəbhəçiləri fədəkarlıqları, haqqı pozulanların daim yanında olduqları üçün öydü və onlara minnətdarlıq etdi.

ADP sədri Sərdar Cəlaloğlu da Azərbaycanda SSRİ dövründə başlanan milli hərəkat, azadlıq mübarizəsi, Xalq Cəbhəsinin bu proseslərdə yeri və rolu barədə fikirlərini bölüşdü.

İlqar İbrahimoğlu: “Xalq Cəbhəsi hər zaman xalqın yanında olub

“Tədbirdə çıxış edən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu hər zaman toparlanmağı bacaran cəbhəçiləri təbrik edib: “Azərbaycanın Xalq Hərəkatı dövrünü görmüş bütün ləyaqətli insanların ilk məktəbi, universiteti Xalq Cəbhəsidir. Xalq Cəbhəsi haqda danışmaq ona görə çətindir ki, adam öz doğma ocağı haqda duyğularını çatdırmaqda çətinlik çəkir. Bu, həm də bir məhrəm məsələsidir. Hər şeyi etdilər ki, yeni nəsil bu hərəkat, xalq cəbhəsi haqda gerçək məlumatları almasınlar. Amma bu siyasət nəticə verə bilməz”.
Hacı İlqar dedi ki, cəbhəçilər , həm də bu gün yeni texnolıgiyalardan da istifade etməklə böyük maarifçilik işi aparırlar. Bu baxımdan da Xalq Cəbhəsi gənc bir təşkilatdır: “Xalq Cəbhəsi hər zaman xalqın yanında olub. Biriləri ölkədə islamafobiyanı aşılamaq istəyirdi. Bunun qarşısında duranlardan biri də Əli Kərimli başda olmaqla cəbhəçilər oldu”. Hacı İlqar günümüzda İŞİD-in törətdiyi vəhşilikləri birmənalı şəkildə Xalq Cəbhəsinin qınamasını xüsusı vurğuladı.

İslam Partiyasının sədr müavini Elçin Manafov təşkilatın sədri Mövsüm Səmədovun təbrikini çatdırdı. O dedi ki, Xalq Cəbhəsilə bağlı şəxsi xoş xatirələri də var: “Bu partiya mənim üçün çox əzizdir. Hərəkat illərindən o sırada olmaq nəsib olub mənə. O günlərimlə fəxr edirəm. İndi də özümü sizlərdən ayrı saymıram. Bu, xalqın cəbhəsidir”.

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı çıxışında partiyanın gənclərə verdiyi önəmdən, partiya sədrinin gənclik siyasəti barədə danışdı. Ə.Qurbanlı dedi ki, bir vaxtlar İlham Əliyev də gənclər siyasətindən danışırdı, gənclərin lideri kimi təqdim olunurdu. Amma gənclər ondan qeyri-döyüş şəraitində əsgərlərin ölümlərinə son qoymasını istəyəndə, həmin gənclərə antimilli ünsürlər dedi və bununla da gənclər siyasəti barədə nağılları bitirdi. “İlham Əliyevin siyasətinə alternativ isə gənclərə xüsusi diqqət və etibar bəsləyən Əli Kərimlinin siyasətidir”, deyə Ə.Qurbanlı vurğuladı. İbrahim İbrahimli: “Xalq Cəbhəsi xalqın siyasi iradəsinə söykənir, xalqın bağrından doğub”

Daha sonra çıxış üçün söz veteran cəbhəçi, Milli Şuranın üzvü, İstiqlalçı deputat İbrahim İbrahimliyə verildi. O, qeyd etdi ki, Xalq Cəbhəsi Azərbaycanda tarix yaradıb. Bu tarixi dəyişməyə çox çalışsalar da buna nəsib olmadılar: “Bu, nə Heydər Əliyevə, nə de onun əziz xələfi İlham Əliyevə müəssər oldu. Xalq Cəbhəsi xalqın siyasi iradəsinə söykənir, xalqın bağrından doğub. Onu sıradan çıxarmaq mümkün deyil”.

Milli Şuranın üzvü Rövşən Əhmədli də çıxışı zamanı təbriklərini çatdıraraq Xalq Cəbhəsinin keçdiyi şanlı, şərəfli yola nəzər yetirdi.
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev çıxışında vurğuladı ki, Xalq Cebhesinin ən böyük xidmətlərindən biri də Azərbaycan mətbuatının fenomeninə çevrilmiş “Azadlıq” qəzetini yaratması olub.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Xalq Cəbhəsinin üstünlüklərindən, gördüyü işlərdən, mübarizə tarixindən və hədəflərindən danışdı.
Tədbirə AXCP sədri Əli Kərimli yekun vurdu. AXCP sədri çıxışına Ə.Elçibeyden sitat getirməklə başladı: “Azərbaycana azadlığı biz qazandırdıq, demokratiyanı da biz qazandıracağıq.  Biz bu çağırışı yerinə yetirəcəyik. Bu yolun sonunda azadlıq, ədalət, demokratiya var”. Tədbir “Koroğlu” üverturasının səslənməsi ilə bitdi. Qeyd edək ki, yubiey tedbirinden sonra AXCP Ali Məclisinin sesiyası işinə başlayıb.

 


AXC-nin möhtəşəm yubileyi

~ tərəfindən Patriot 16/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma