“HÖKÜMƏTİN MÜXALİFƏT LİDERİNƏ TƏZYİQ ETDİYİNİ GÖRDÜK”

eli kerimli-AB

Əli Kərimliyə otel qadağası beynəlxalq skandala çevrildi

Hakimiyyətin AXCP sədri ilə görüşə mane olmaq cəhdi ATƏT PA-nın iclasında qaldırıldı

Danimarkalı deputat: “Hökümətin müxalifət liderinə təzyiq etdiyini gördük; Azərbaycan parlamentinin protokolu bizə söylədi ki…”

İyunun 30-da ATƏT Parlament Assambleyasının iclaslarının keçirilidiyi Fairmont otelində təşkilatın təmsilçiləri ilə AXCP sədri Əli Kərimlinin görüşünə imkan yaradılmaması bu gün yenidən gündəmə gəlib. Xatırladaq ki, Assambleyanın bir neçə deputatı – Peter Juel Jensen, Karsten Lauritzen və Livholm Sorensen Əli Kərimli ilə həmin oteldə görüşmək istəyiblər. Lakin təhlükəsizlik qüvvələri görüşə imkan verməyiblər. Bunun ATƏT-in qaydalarının kobud şəkildə pozulması olduğu təşkilatçıların diqqətinə çatdırılsa da, buna məhəl qoyulmayıb. Nəticədə ATƏT təmsilçiləri ilə Ə.Kərimli görüşlərini şəhərdəki kafelərin birində davam etdiriblər.

Danimarkadan olan deputat Karsten Lauritzen ATƏT PA-nın iclasında çıxışında bu məsələyə  toxunub və Azərbaycan hakimiyyətini insan haqlarını pozduğuna görə ittiham edib: «Gözəl şəhəriniz, mehriban xalqınız var, amma bunların heç biri heç bir vəchlə bu faktı dəyişməməlidir ki, ATƏT sessiyası insan haqları ilə bağlı çox ciddi narahatlıq olan ölkədə keçirilir. Vəziyyət dəyişmir. Mətbuat azadlığı, QHT-lərin azadlığı ilə bağlı problem var. 130 siyasi məhbus hazırda həbsxanadadır. 10 jurnalist və 6 bloqçu da həbsxanadadır. Ona görə ki, sadəcə düşündüklərini yazıblar.

Bazar ertəsi nümayəndə heyətimiz Azərbaycan hökümətinin müxalifət liderinə təzyiq etdiyini gördü. Danimarka nümayəndələri olaraq AXCP sədri Əli Kərimlini sessiyanın keçirildiyi otelə dəvət etdik. Amma onu otelə buraxmadılar. Biz onunla söhbət etmək istədik. Amma buna imkan verilmədi. Azərbaycan parlamentinin protokolu bizə söylədi ki, o şəxsin otelə daxil olması çox təhlükəli olar. O, müxalifət partiyasının lideridir, heç bir şeydə günahlandırılmır. Biz sadəcə dialoq aparmaq istəyirdik. Bunun özü də Azərbaycanda böyük problemlərin olduğunu bir daha göstərir. Mən xahiş edirəm ki, ev sahibləri olan ölkələr belə tədbirlərdə QHT, müxalifət nümayəndələri ilə deputatların görüşlərinə icazə versinlər. Əgər bu imkan verilməyəcəksə, onda belə ölkələrdə tədbirlər keçirilməsin».

Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova isə Danimarkalı deputatın söylədiklərinə özünəməxsus formada cavab verib. O, iddia edib ki, baş verənə görə məsuliyyəti ATƏT daşıyır: «Bu, Azərbaycanın problemi deyil. ATƏT PA-nın tətbiq etdiyi prosedur qaydaları ilə bağlıdır. Tədbir başlamazdan əvvəl gərək qeydiyyat üçün müraciət olunaydı. Bir nəfərin otelə buraxılmamasına görə, tədbirlərin Azərbaycanda keçirilməməsinə çağırışlar səslənir. Bəzi həmkarlarıma deyirəm ki, belə çıxışlar edəndə bir qədər ehtiyatlı olsunlar. Gözəl bir tədbirin sonunda belə çıxışlar yerinə düşmür».

AXCP-nin mətbuat xidmətindən bildirdilər ki, B.Muradovanın baş verənə görənə ATƏT-i ittiham etməsi əsassızdır və onun söylədikləri sadəcə olaraq yalındır. Mətbuat xidmətindən söylədilər ki, AXCP sədrini Fairmont otelinin önündə ATƏT PA-nın deputatı Karsten Lauritzen şəxsən qarşılayıb. Daha sonra onlar otelə keçməyə çalışıblar. Amma buna imkan verilməyib. Problem yaranandan sonra Danimarkanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun rəhbərliyinə daxil olan Peter Juel Jensen məsələyə müdaxilə edib. O, bir neçə dəfə otelin mühafizə xidmətinə bildirib ki, onların hərəkəti yolverilməzdir və ATƏT-in prinsiplərinə  ziddir. Baş verənlərə ATƏT PA-nın katibliyinə daxil olan şəxs də müdaxilə edib, amma yenə müsbət nəticə olmayıb. Otelin mühafizə xidməti göstərişin yuxarıdan gəldiyinə işarə edərək, ATƏT PA təmsilçilərinin istəyini icra edə bilməyəcəklərini söyləyib.

Liv Holm Andersen: “Mən Bahar Muradovaya yox, faktlara inanıram”

“Düşünürəm ki, onlar Əli Kərimlini yaxşı tanıdıqlarından, görüşümüzə maneə yaratdılar”

“Hökumət həbsdə olanlara nə ad istəsə qoya bilər, amma biz bilirik ki…”

Liv Holm AndersenATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyasının son günündə – iyulun 2-də çıxış edən Danimarka nümayəndə heyətinin üzvləri Azərbaycandakı ictimai-siyasi vəziyyət haqda danışıblar.

Nümayəndə heyətinin üzvü cənab Karsten Laurtizen Azərbaycandakı siyasi həbslərə, söz azadlığı problemlərinə diqqət çəkib.
O, Azərbaycanda siyasətçi, jurnalist, bloqqer və ictimai fəalların həbsə atıldığını bildirib. Karsten Laurtizen iyunun 30-da «Fairmont» hotelində AXCP sədri Əli Kərimli ilə görüşün əngəlləndiyini də vurğulayıb.

Danimarka nümayəndə heyətinin üzvü xanım Liv Holm Andersen “Azadlıq” radiosuna müsahibəsində həmvətəninin toxunduğu problemlərdən daha geniş söz açıb.

– Sessiyada müzakirələr gedərkən, AXCP sədri Əli Kərimli ilə görüş zamanı yaşananlardan danışdınız.  Söhbət hansı problemdən gedir?

– Biz mehmanxanada Əli Kərimli ilə görüşüb Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə etmək istəyirdik. Təhlükəsizlik işçisindən xahiş etdik ki, Əli Kərimli ilə görüşə imkan yaratsın. Onlarsa  bunun təhlükəli olduğunu dedilər. Bir daha xahiş etdik ki, heç olmasa, təhlükəsizlik əməkdaşlarının müşahidəsiylə görüşək, buna da razı olmadılar. Düşünürəm ki, onlar Əli Kərimlini yaxşı tanıdıqlarından, görüşümüzə maneə yaratdılar. Əli Kərimli ilə başqa yerdə görüşə bildik və Azərbaycandakı vəziyyəti müzakirə etdik. O bildirdi ki, hakimiyyət müxalifəti, ictimai təşkilatları təzyiq altında saxlayır, mətbuata problem yaradır. Biz partiyaların qərargahları haqda da danışdıq.

– QHT nümayəndələrindən kimlərlə görüşdünüz?

– Mətbuata beynəlxalq dəstək təşkilatı ilə görüşüb, mətbuat azadlığı məsələlərini, QHT-lərin üzləşdiyi çətinlikləri müzakirə etdik. Bizə bildirdilər ki, QHT-lər çətinliklərlə üzləşir, onların fəaliyyəti məhdudlaşdırılıb. Hüquq müdafiəçiləri ilə də görüşüb, insan haqlarının durumuna dair yetərincə bilgi toplamışıq.

– Deputat Bahar Muradovanın «Azərbaycanda siyasi məhbus yoxdur və ölkədə demokratik ab-hava var» fikrinə necə yanaşırsınız?

– Mən Bahar Muradovanın fikrinə deyil, faktlara inanıram. Biz bu tədbirdən kənarda vətəndaş cəmiyyətindən olan çoxlu insanla görüşdük. Onlar Azərbaycanda 100-dən çox siyasi motivli həbsin olduğunu bildirdilər. Hökumət həbsdə olanlara nə ad istəsə qoya bilər, amma biz bilirik ki, həbs edilənlər arasında QHT əməkdaşları, internet fəalları, müxalif partiya üzvləri var.

– Həbsdə olan məhbuslarla görüşməyə cəhd etdiniz?

– Bizim nümayəndə heyəti görüş üçün müraciət etməyib. Amma bizdən əvvəl görüş istəyənlər olub. Biz məhbusların vəziyyəti ilə maraqlanırıq.

 

~ tərəfindən Patriot 04/07/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma