İŞİD İRAKI QARA GÜNƏ SALDI (FOTOLAR)

isid-terror

İraq qarış-qarış qanlı təşkilatın əlinə keçir; Baş nazir BMT və Ərəb Liqasından kömək istədi

İŞİD (İraq-Şam İslam Dövləti) terror təşkilatı İraqda sürətlə irəliləməkdədir. Ən son məlumatlara görə, İŞİD silahlıları türkmənlərin yaşadığı Telafer bölgəsini də daxil olub. Türkiyə mediası yerli mənbələrə istinadla bildirir ki, rayon əvvəlcə minomyotlarla atəşə tutulub, ardınca da İŞİD əsgərləri şiə türkmənlərin yaşadığı məhəllələrə girib. Yerli təhlükəsizlik qüvvəlləri və mülki sakinlər İŞİD əsgərlərinə silahlı müqavimət göstərirlər. Çoxlu sayda ölən və yaralananın olduğu deyilir. Rayon İŞİD-in blokadası altındadır. Rayona su və elektrik enerjisinin verilişi dayandırılıb.

isid - katliamKərkük vilayət məclisinin sədri Həsən Turan Əl Cəzirəyə deyib ki, Mosul əldən gedəndən bəri Telaferin hədəf olacağı bəlli idi. Amma mərkəzi hökumət heç bir tədbir görməyib. O, türkmənlərin mərkəzi hökumətdən kömək gözlədiyini deyib. Bildirib ki, ya İraq hökuməti, ya da bölgədəki Kürd yönətimi onların köməyinə çatmalıdır.
Duhok və Mosulun kürd əhalinin sıx yaşadığı Sncar rayonu arasında hərbi qüvvələrini artıran peşmərgələr (kürdlərin təhlükəsizlik gücləri) isə ərazi boyunca nəzarət məntəqələri qurublar. Onlar İŞİD-ə qarşı İraq ordusunun qoyub qaçdığı zirehli texnika və silah-sursatdan yararlanırlar.

Türkiyə KİV-in verdiyi xəbərə görə, Mosula İraqın hərbi hava qüvvələri zərbələr endirib.
İŞİD-in girov götürdüyü Türkiyə diplomatlarının isə hələ də Mosul valiliyində saxlandığı deyilir.

Dəhşətli qətliam

Mosul şəhərindən sonra paytaxt Bağdada tərəf irəliləyən İŞİD döyüşçüləri Səddam Hüseynin vətəni olan Tikrit vilayətində 1700 polis işçisini tək-tək güllələyib. İŞİD döyüşçüləri qısa müddətdə Tikrit şəhərində yerləşən “Səlahəttin” adlı polis idarəsini və qərargahını ələ keçiriblər.

İŞİD tərəfindən yayılan açıqlamada qeyd olunub ki, Tikritdəki əməliyyat zamanı 2500 polis əsir götürülüb ki, onlardan da şiə təriqətli 1700 nəfər güllələnərək qətlə yetirilib. Digər polis işçiləri isə əfv edilib.
Bu əmrin İŞİD lideri Əbu Bəkir Əl Bağdadi tərəfindən verildiyi qeyd olunub.

Əl Maliki köməyə çağırır

İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Baş naziri Nuri əl-Maliki kişiləri orduya çağırıb. Maliki həmçinin BMT və Ərəb Dövlətləri Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.

“Burada oynanılan oyunları dərk edirik”

İŞİD silahlıları Mosul şəhərini ələ keçirdikdən sonra şəhəri tərk edən sakinlər Ərbil şəhəri ilə sərhəddə qurulan çadır düşərgəsində məskunlaşıblar. Peşmərgə kürd birlikləri tərəfindən formalaşdırılan nəzarət-buraxılış məntəqələrinə gələn mosullular burada qeydiyyatdan keçdikdən sonra çadırlarda yerləşdirilir. Onlara ilkin humanitar yardım paylanıb.
Qaçqın düşənlər İraq əsgərlərini İŞİD-ə heç bir müqavimət göstərmədən Mosul şəhərini buraxıb qaçmaqda ittiham ediblər.
“Hamısı qaçıb getdi. Kiçik bir qrup şəhəri böyük bir ordunun əlindən aldı. Burada oynanılan oyunları dərk edirik. Evimizdən didərgin düşdük. Pərişan vəziyyətdəyik”, – Mosuldan qaçqın düşən sakinlərdən biri belə deyir.
Bu arada, Mosul şəhərində İŞİD silahlıları tərəfindən türk vətəndaşı olan TIR sürücülərinin qaçırılması hadisəsi bölgədəki digər sürücülərin narahatlığına səbəb olub. Türk vətəndaşı olan sürücülər qorxu içində işlədiklərini, lakin işləməyə məcbur olduqlarını bildirirlər. Sürücülər İraq hökumətindən onların təhlükəsizliyinin təmin edilməsini tələb edirlər.

İŞİD nefti bahalaşdırdı

İŞİD-in hücumları dünya birjalarında neftin qiymətinin bahalaşmasına da səbəb olub. Ötən həftə ərzində İŞİD yaraqlılarının İraqda şəhərləri bir-birinin ardınca ələ keçirməsinə dair xəbərlərin fonunda Nyu-York birjasında “Brent” markalı neft 4 faiz bahalaşıb. Bu, ötən ilin iyul ayından bəri ən kəskin bahalaşmadır.
WTI markalı yüngül Amerika nefti də bahalaşıb və bir bareli 106,9 dollar olub. “Brent” markalı neftin barreli isə ötən həftənin sonuncu hərracında 114.7 dollara satılıb.
Birja analitikləri qeyd edirlər ki, İraqdakı gərgin vəziyyət təkcə neftin bahalaşmasına səbəb olmayacaq, Amerikanın birja indekslərinin də bu vəziyyətlə bağlı aşağı enəcəyi gözlənilir.
İŞİD artıq Mosul, Tikrit, Bayca, Calaula, əl-Sadiyə şəhərlərinə nəzarət edir və Bağdada doğru irəliləyir. İraq ordusu İŞİD qüvvələrinə müqavimət göstərmir və qaçır. İŞİD-in ələ keçirdiyi şəhərlərdə kütləvi qətliamların baş verdiyinə dair xəbərlər var.
Mosulun neft rayonu olmasına baxmayaraq, İraqın əsas neft hasilatı regionları hələ hərbi əməliyyatlar zonasına çevrilməyib. İraq neftinin ixracında da azalma baş verməyib.
Buna baxmayaraq, analitiklər İŞİD-in hücumlarından ciddi narahatdılar. İraq OPEC ölkələri arasında ikinci ən iri neft ixracatçısıdır. May ayında bu ölkədə hər gün 3.3 milyon barrel neft hasil olunub.

Neft şirkətləri zərbə altında…

“Commerzbank”ın analitikləri deyirlər ki, əgər İraqın cənubunda neft hasilatı dayansa, dünya bazarı hər gün 2,5 milyon barrel az neft alacaq. Bu isə qiymətlərin artmasına səbəb olacaq. Analitiklər indidən qiymətlərin artmasını İraqdan neft ixracının artıq etibarlı hesab edilmədiyinin göstəricisi sayırlar.
İraqda baş verənlərdən dünyanın iri neft şirkətləri, habelə azərbaycanlı oliqarx Vahid Ələkbərovun başçılıq etdiyi “LUKoil” da zərər görə bilər. “ExxonMobil”, BP, “Total”, “Shell” və “LUKoil” İraqa milyardlarla dollar investisiya qoyub.
Təkcə “LUKoil”un İraqın cənubunda, Bəsrə yaxınlığında yerləşən nəhəng “Qərbi Kurna” yatağına 4 milyard dollar invstisiya yatırdığı məlumdur. Şirkət bu yaxınlarda həmin yataqdan hasilata başlayıb.
Ekspertlərin qənaətinə görə, İŞİD-in Bağdada doğru hücumları həmçinin ölkənin şimalına nəzarət edən kürdləri müstəqil şəkildə neft ixracına sövq edə bilər. Artıq mayın 23-də İraq Kürdüstanında hasil olunmuş neftlə dolu ilk tanker Türkiyənin Ceyhan limanından çıxıb.
Rəsmi Bağdad bu neftin qaçaqmal olduğunu elan edərək alıcıları ondan imtina etməyə çağırıb. “Bloomberg”in məlumatına görə, tanker hazırda açıq dənizdə üzməkdədir.

~ tərəfindən Patriot 16/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: