REPRESSİYALARA QARŞI MÜQAVİMƏT MƏRKƏZİ TƏSİS EDİLDİ

Leyla Yunus: “Biz hücuma keçməsək, ölkənin axırı çox pis olacaq” 

Hüquq müdafiəçisindən siyasi məhbus ailələrinə çağırış…

Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya Institutunun nəzdində yeni qurum yaranıb – Repressiyalara Qarşı Müqavimət Mərkəzi. Hüquq müdafiəçisi dünən mətbuat konfransı keçirərək, bu qurumun yaranma zərurətindən danışıb.
Son vaxtlar ətrafında baş verən proseslər zamanı həm media nümayəndələri, həm də vaxtilə özünün müdafiə etdiyi şəxslərdən dəstək gördüyünü deyən Leyla Yunus bu adamların hər birinə minnətdarlığını ifadə edib.

Hüquq müdafiəçisi Mərkəzin yaradılmasına ehtiyacı hakimiyyətin təzyiqləri qarşısında vətəndaş cəmiyyətinin “müdafiə mövqeyindən hücuma keçmək” zərurətilə izah edib: “Bəlli olduğu kimi, ölkədə hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəaliyyət göstərsə də, repressiyalar daha da güclənir, siyasi məhbusların sayı artır. Ona görə də mən ictimaiyyətə müraciət edərək deyirəm ki, biz taktikanı dəyişməliyik. Bizdə insanlar əksər hallarda nədənsə, əyilməyə üstünlük verirlər. Əyilə-əyilə heç nəyə nail olmaq mümkün deyil. Hazırda ölkədə 130 nəfər siyasi məhbus var. Bu 130 nəfərin arasında NIDA-çılar, SMDT-çilər Anar Məmmədli, Bəşir Süleymanlı, gənc bloggerlər Əbdül Əbilov, Elsevər Mürsəlli, jurnalistlər, dindarlar və s. şəxslərin adları var. Bizim üçün insanın hansı dinə sitayiş etməyinin fərqi yoxdur. Əsas odur ki, bu adamlar günahsızdır və onların hüquqları pozulub. Deməli, onlar siyasi məhbus kimi müdafiə olunmalıdır”.

Avropa İttifaqı rəsmilərilə görüşdə “təslimçi” mövqe

Azərbaycanda vətəndaş cəmiyyəti və bir sıra hüquq müdafiəçilərinin apardığı taktikanın siyasi məhbusların azalmasına yox, artmasına gətirib çıxardığını deyən Leyla Yunus iyunun 5-də Avropa Ittifaqının Bakı nümayəndəliyində təşkilatın təmsilçilərilə yerli hüquq müdafiəçiləri arasındakı görüşün maraqlı detallarını da jurnalistlərlə bölüşüb: “Orada hüquq müdafiəçiləri maraqlı təkliflər verdilər. Məsələn, Avropa Ittifaqı təmsilçilərinə dedilər ki, siz insan haqları, siyasi məhbuslar məsələsində Ilham Əliyevə təzyiq göstərməyin. Hökumətə təzyiq etsəniz, Rusiyanın yanına gedəcək. Ikinci təklifləri dialoq haqda oldu. Yəni, siz Ilham Əliyevdən xahiş edin ki, bizimlə dialoqa getsin. Dedilər ki, 2012-ci ildə Əli Həsənovla dialoq olmuşdu, çox yaxşı nəticəsi vardı. Üçüncü təklifləri bu oldu ki, siz 130 nəfərlik siyahıya fikir verməyin, ölkədə cəmi 30 siyasi məhbus var. Avropa Şurası Parlament Assambleyasının iyunun 23-də başlayacaq yay sessiyasına qədər sakitlik olmalıdır, yeni əfv fərmanı imzalana bilər”.

Leyla Yunusun fikrincə, məhz belə “təslimçi” taktikanın nəticəsidir ki, Azərbaycanda bu qədər siyasi məhbus var.
Bu təkliflərin kim tərəfindən irəli sürüldüyü haqda “Azadlıq”ın sualını cavablandıran Leyla Yunus konkret ad çəkməsə də, bildirib ki, görüşdə Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri iştirak edib. Qeyd edək ki, bu qrupa Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və digərləri daxildir”.

“Susmaqla heç nəyə nail ola bilməyəcəksiz”

Leyla Yunus siyasi məhbusların ailə üzvlərinə də səslənərək, onları birgə müzakirələrə dəvət edib. Hüquq müdafiəçisi deyib ki, siyasi məhbusların yaxınları susmaqla və ya peşmançılıq məktubları ilə övladlarının azadlığına nail olacaqlarına ümid edirlərsə, yanılırlar: “Mən başa düşürəm ki, bu adamların övladları həbsxanadadır. Bir ana üçün bundan dəhşətli nə ola bilər? Rauf Mirqədirovun anası Anna Axmedovanın vəziyyətindədir: prokurorluq işçiləri həyat yoldaşının ürəyini partladıb öldürdülər, oğlu da heç bir günahı olmadığı halda, iyrənc maddə ilə həbsxanadadır. Təəssüf ki, siyasi məhbus ailələri bəzən sınırlar. Məhkəməyə qədər aksiyalara qoşulurlar, mübarizə aparırlar, amma hökm məlum olandan sonra mübarizəni dayandırırlar. Axı Azərbaycanda yaşayırsız, buradakı vəziyyəti bilirsiz, bu ölkədə prokurorluq, məhkəmə üçün qanun yoxdur, əmr var. Ruhdan düşməyin, əyilməyin, qanunla haqqınız olanı kimdənsə xahiş eləməyin, tələb edin. Günahsız olan balalarınızın azaldıqda olması onların qanuni haqqıdır. Sadaladığım halları bir daha götür-qoy edərək, Repressiyalara Qarşı Mübarizə Mərkəzini təsis etmək qərarına gəldim və bu gün bunu elan edirəm. Siyasi məhbus ailələrinə də çağırış edərək deyirəm ki, iyunun 11-də saat 14.00-da Sülh və Demokratiya Institutunun ofisində onları gözləyirəm. Özlərində mübarizə əzmi hiss edənlər gəlsinlər, birlikdə mübarizə yollarını müzakirə edək. Biz hücuma keçməsək, ölkənin axırı çox pis olacaq. Ancaq müqavimətlə qələbə qazanmaq mümkündür”.

ABŞ-da Azərbaycanla bağlı önəmli müzakirələr

Leyla Yunus iyunun 11-də ABŞ Senatının Helsinki Komissiyasında keçirilməsi planlaşdırılan Azərbaycan bağlı xüsusi iclas barədə da danışıb. Bildirib ki, Sülh və Demokratiya Institutu Azərbaycanda insan hüquqlarının gerçək vəziyyəti haqda sənəd hazırlayaraq, Vaşinqtona göndərib. Sənəddə ölkədəki işgəncə, qanunsuz məhkəmə hökmləri, istintaq saxtakarlığı, siyasi məhbuslar, söz azadlığının acınacaqlı durumu, jurnalistlər və bloggerlərin həbsi, vətən cəmiyyəti təmsilçilərinin özlərinə və yaxınlarına qarşı təqiblər və s. problemlər öz əksini tapıb.
Leyla Yunus bu dinləmənin böyük əhəmiyyət daşıdığını və ciddi nəticələrlə yadda qalacağını hesab edir.

“Siyasi məhbuslara təkrar məhkəmə istəyən adama salam verməyəcəm”

Hüquq müdafiəçisi Azərbaycandakı siyasi məhbuslar üçün təkrar məhkəmə keçirilməsini istəyənlərin bu addımının populizmdən başqa bir şey olmadığını bildirib. Qeyd edib ki, bundan sonra belə bir xahişlə hər hansı müraciətə imza atan adamlarla, hətta salamlaşmayacaq. Leyla Yunus fikrini belə əsaslandırıb: “Azərbaycanda müstəqil, ədalətli məhkəmə yoxdursa, bu adamların işi üzrə təkrar məhkəmə keçirilsə nə olacaq ki?! Bu təkliflə çıxış etmək, bunun üçün kiməsə müraciət etmək siyasi məhbusların orada saxlanılmasına qanuni don geyindirməkdir. Buna razılıq verən, eyni zamanda, Azərbaycanı bu günə salanlarla dialoqa gedən adamlar da ölkədə yaranmış acınacaqlı vəziyyətə görə günahkardılar”.

Leyla Yunus özü ətrafında cərəyan edən hadisələrdən də danışıb. Bildirib ki, son vaxtlar prokurorluqdan onu narahat etməsələr də, izlənməsi davam edir: “Yaxşı ki, izləyirlər. Yəqin, bugünkü mətbuat konfransını da izləyib lazımi yerlərə xəbər çatdırırlar”.
Hüquq müdafiəçisi AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçilərinin hökuməti müdafiə edən açıqlamaları, siyasi məhbusların sayını az göstərmək cəhdi barədə də sualı cavablandırıb: “Beynəlxalq aləmdə Azərbaycan iqtidarı ilə bağlı ”kürü diplomatiyası” ifadəsi nahaqdan yaranmayıb ki… Hökumət ölkədəki QHT-ləri ələ aldığı kimi, AŞ PA-da hesabat hazırlayanlara da eyni üsulu tətbiq edir. Kimlər ki, bunların puluna əhəmiyyət vermirlər, prinsipial mövqe nümayiş etdirirlər, onları bu ölkəyə buraxmırlar. Məsələn, Kristof Ştrasser kimi”.

~ tərəfindən Patriot 11/06/2014.

2 Cavab to “REPRESSİYALARA QARŞI MÜQAVİMƏT MƏRKƏZİ TƏSİS EDİLDİ”

  1. SALAM mən sizinlə necə görüşə bilərəm ünvanınizı bilmirəm

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma