AZƏRBAYCAN SEÇİM QARŞISINDA

vefa_quluzade

Vəfa Quluzadə: «Azərbaycan seçimi geriyə, bizim kolonial keçmişimizə doğru deyil, gələcəyə doğru etməlidir»

«Azərbaycan ondan tələb olunan mövqeyi müəyyənləşdirənə qədər Qərblə Rusiyanın savaşı davam edəcək»

Son vaxtlar Azərbaycana xarici dövlətlərin təmsilçilərinin səfərləri intensivləşib. Bir qayda olaraq seçki ərəfəsində müşahidə olunan intensivlik hazırda yaşanmaqdadır. Ötən bir ay müddətində Bakı həm Qərbdən, həm də Rusiyadan gələn emissarları qəbul edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini Dmitri Roqozindən əvvəl Bakıya AB təmsilçisi Joze Manuel Barrozo səfər edəcək. Bir çox ekspertlərin fikrincə, Putinin sağ əli Sergey Narışkinin də böyük heyətlə Azərbaycana gəlişi Qərblə Rusiya arasındakı mübarizənin təzahürü sayılmalıdır. Politoloq Vəfa Quluzadə ilə müsahibəmizə bu suala cavab almaqla başladıq.

– Azərbaycan Cənubi Qafqazın çox önəmli ölkəsidir. Ona görə indiki şəraitdə Ukraynadan sonra Rusiya-Qərb münasibətləri gərginləşdiyi bir zamanda baş verənlər təsadüfi deyil. Qərb Azərbaycanı öz təsirində saxlamaq istəyir. Azərbaycan müstəqilliyinin ilk günündən Qərbə inteqrasiya edib. Mən bunun canlı şahidiyəm. Qısa müddət ərzində Azərbaycan-ABŞ, Azərbaycan-Avropa münasibətləri inkişaf edib. Bu inkişafın əsasını da həmişə iqtisadiyyat təşkil edib. Azərbaycan qısa müddət ərzində aparıcı Qərb şirkətləri ilə münasibətlərini inkişaf etdirib. Ötən müddət ərzində Azərbaycanın Rusiya ilə olan əlaqələrində isə əksinə, enmə yaşayıb. Hətta 95-96-ci illərdə Rusiya Azərbaycana qarşı embarqo tətbiq etmişdi. O zaman Rusiya Azərbaycanın Qərbə çıxış yolunu bağlamışdı. Hətta Rusiya Gürcüstana da təzyiq edirdi ki, Azərbaycanın yolunu bağlasın. Lakin bu blokada heç bir nəticə vermədi. Azərbaycan iqtsadi əlaqələrini Türkiyə ilə qurdu. Türkiyənin vasitəsilə Avropaya çıxdı. Prosesləri belə görən Rusiya anladı ki, tətbiq etdiyi embarqo daha çox ona ziyan vurur və Kremlin Bakı ilə münasibətləri daha da məhdudlaşır. Ona görə embarqo götürüldü və əlaqələr yenidən inkişaf etməyə başladı. Rusiyanın Azərbaycana yeganə təsiri Qarabağ problemi ilə bağlıdır. Ona görə Kreml münaqişənin həllinə indiyə qədər imkan vermir. Bu problemdən savayı Azərbaycanın Rusiyadan heç bir asılılığı yoxdur. Azərbaycanın torpaqlarını işğal edən Ermənistan yox, Rusiyadır. Amma yaranmış şəraitdə Avropa da bizə təzyiq edəcəkdir ki, biz qorxmayaraq Avropaya inteqrasiya edək. Eyni zamanda Rusiya da təzyiqlərini davam etdircək ki, siz bizdən asılısınız və bizim istəyimizə uyğun hərəkət etməlisiniz. Rus politoloqları Rusiyanın Azərbaycana qarşı başqa təzyiq vasitələrinə əl ata biləcəyini də dilə gətirirlər. Söhbət Azərbaycanın şimal sərhədlərindən gedir. Görünür, Rusiya Azərbaycanda etnik məsələni qabardaraq Ukraynadakı olayları burada təkrar etmək istəyir. Ruslar vaxtilə şimalda ləzgilərin “problemlərini” qabartmışdılar. Indi də eyni məsələ təkrarlanarsa, Azərbaycana qarşı ləzgilər deyil, rus döyüşçüləri duracaq. Rusiya bizi hədələyir. Indi Azərbaycan onu hədələyən, yenidən onu boyunduruğu altına qaytarmaq istəyən Rusiya istiqamətində getməlidir, yoxsa ona inkişaf vəd edən Avropayamı? Mən Azərbaycanın Avropa istiqamətində getməsini istəyirəm. Azərbaycanın müstəqilliyinin ilk günlərində Avropanın ölkəmizin inkişafında əməyi böyük olub. Hazırda da Azərbaycanda maraqları olan iki qüvvə ölkəmizə təsir edir. Ölkəmizə intensivləşən səfərlər də bunun təzahürüdür.

Səfərlər bitməyəcək…

– O zaman səfərlər Azərbaycanda mövqe müəyyənləşdirməsini tələb etmək məqsədilə edilir?

– Azərbaycana Lavrovun, Roqozinin, Narışkinin gəlməsi yeni hadisə deyil. Oxşar situasiya 90-cı illərin əvvəlində də müşahidə olunurdu. O zaman Azərbaycana Rusiyanın müdafiə naziri Pavel Qraçov, baş nazir Çernomırdin tez-tez səfər edirdi. Azərbaycan uğrunda Qərblə Rusiya arasında savaş həmişə gedəcək. Azərbaycan ondan tələb olunan mövqeyi müəyyənləşdirənə qədər bu savaş davam edəcək. Ona görə bu səfərləri normal qarşılamaq lazımdır.

– Siz açıqlamanızda bildirmişdiniz ki, Lavrovun Azərbaycana səfəri Putinin sərt mesajlarını çatdırmaq üçündür. Bəs AB təmsilçisi Barrozonun səfəri hansı məqsədi daşıyır və o, kimin mesajlarını çatdırmaq üçün səfər edəcək? Onu da qeyd edim ki, Barrozo səfərinin enerji məsələləri ilə bağlı olmadığını bəyan edib?

– Barrozonun səfəri Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının daha da dərinləşdirilməsi məqsədi daşıyır. Çünki enerji ilə bağlı Azərbaycanla Avropa Birliyi arasındakı münasibətlər artıq bəllidir. Azərbaycan artıq öz təbii sərvətlərini dünya bazarına sərbəst formada çıxarır. Azərbaycana bu siyasəti reallaşdırmaqda yalnız Rusiya mane ola bilər. Lovrovun səfəri Rusiyanın ən ümdə məqsədlərini reallışdarmağa xidmət edir. Putin layihələri olan Gömrük və Avrasiya Ittifaqının möhkəmlənməsini istəyir. Putin bu ittifaqları yaradandan sonra Avropaya təklif edəcək ki, danışıqları kiçik dövlətlərlə deyil, elə birbaşa onun özüylə aparsınlar. Bununla Rusiya Qərbi özündən asılı vəziyyətə salmaq istəyir. Bax, bu siyasətə sadiq qalmağı bizə təklif edəcəklər. Bu təkliflər də sərt təzyiqlərlə müşayiət olunacaq. Rusiya açıq şəkildə artıq bəyan edir ki, Azərbaycan üçün ən yaxşısı Kremllə birlikdə olmaqdır. Oxşar təzyiqlər dəfələrlə olub. Mənim özümə neçə dəfə təklif ediblər ki, Rusiyanın maraqlarını ifadə edim. Mənə deyirdilər ki, axı siz sovet diplomatı olmusunuz, SSRI-nin ən önəmli orqanlarında çalışmısınız. Açıq şəkildə deyirdilər ki, “siz bizimlə olmalısınız, sizin kimi şəxslərə ehtiyacımız var”. Indi eyni mesajları Azərbaycan rəhbərlərinə təklif edəcəklər.

“Qarşımızdakı aylar çox önəmlidir”

– İyunun 27-də Gürcüstan, Ukrayna və Moldova Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalayacaqlar. Bununla da Qərbin postsovet məkanında əsas müttəfiqlərinin birləşdiyi GUAM-da yeganə bu sazişi imzalamayan Azərbaycan qalacaq. Azərbaycanın seçimi necə olacaq?

– Qarşımızdakı aylar çox önəmli olacaq. Bu aylarda Azərbaycanın seçimi bəlli olmalıdır. Azərbaycan bir tərəfdən Avropada olmaq istəyir. Azərbaycan Qərbyönlü dövlətdir. Amma o biri yandan Qərbdən gələn təhlükələr də məlumdur. Qərbin tələbləri Azərbaycanı Avropa standartlarına qaldırmaq üçün lazımi islahatlar aparılmasından ibarətdir. Digər tərəfdən isə Rusiyanın hədələri var. Azərbaycan indiyə qədər bu iki qüvvə arasında neytral mövqe tutub. Amma bundan sonra oxşar mövqe sərgiləmək mümkün olacaqmı? Bu Barrozo və Lavrovun səfərindən asılıdır. Düşünürəm ki, Azərbaycan seçim etməli olacaq. Ancaq Azərbaycan seçimi geriyə, bizim kolonial keçmişimizə doğru deyil, gələcəyə doğru etməlidir. Bu hamımızın xeyrinə olacaq.

– İyunun 27-də Azərbaycan da Brüsseldə keçiriləcək toplantıda iştirak edəcək. Ancaq Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmadığından Avropa Birliyi ilə azad ticarət sazişini imzalaya bilməyəcək. Azərbaycan bunun müqabilində Avropa Birliyinə Bakıya heç bir öhdəlik vəd etməyən “strateji əməkdaşlıq” sazişini təklif edir. Qərb Azərbaycanın enerji təminatının müqabilində insan haqlarının pozulmasına göz yumacaqmı?

– Ona görə mən təsadüfən demədim ki, qarşımızdakı aylar çox önəmli olacaq. Məhz hazırda gedən proseslərin nəticəsi kimi Azərbaycanın mövqeyi bəlli olacaq. Ola bilsin ki, Azərbaycan axır məqamda öz mövqeyini dəyişdi. Amma o da ola bilər ki, Avropa Birliyi Azərbaycana münasibətdə mövqeyini dəyişdi. Vaxtilə Osmanlı imperiyasının qalıqları üzərində qurulan Türkiyə Rusiyanın təhdidləri ilə üz-üzə qalanda NATO-ya daxil edildi. O zaman Türkiyə NATO standartlarına uyğun deyildi. Amma Türkiyə NATO-ya qəbu edildi və daha sonra Türkiyə inkişaf etməyə başladı. O zaman Stalinin Bosfor və Dardanel boğazlarını işğal etməsi təhlükəsi fərqli situasiya yaratdı. Ona görə hazırda Azərbaycanla da bağlı dalana dirənmiş vəziyyətdən çıxış yolu var və əminəm ki, bu yol tapılacaq.

“Fürsəti əldən verməməliyik”

– Rusiyalı politoloq Stanislav Tarasovun Cənubi Qafqazda yaranmış durumla bağlı maraqlı fikirləri var. O bildirir ki, hazırda Rusiya Azərbaycanı üzük halqasına alıb və rəsmi Bakı ciddi seçim qarşısında qalıb. Baş verənlərin nəticəsi olaraq Cənubi Qafqazda ciddi siyasi dəyişiklər baş verə bilər…

– Əgər Azərbaycan Qərbdən ciddi dəstək alarsa, o zaman Rusiyanın hazırda Ukraynadakı proseslərə başının qarışıq olduğu bir vaxtda Kreml Cənubi Qafqazda heç nə edə bilməyəcək. Biz vaxtdan səmərəli istifadə etməliyik. Əgər bunu edə bilsək, Rusiyanın imperiya maraqlarından xilas ola biləcəyik. Düşünürəm ki, bu fürsətdan və vaxtdan yararlanmalıyıq.

– Rusiya FTX-nin rəhbəri bəyan edib ki, bir sıra xarici qüvvələr MDB məkanında qarışıqlıq törətməyə, hakimiyyətləri devirməyə çalışırlar. Amma Rusiya buna imkan verməyəcək. Bu açıqlama nə anlama gəlir?

– Bu açıqlama bütün keçmiş sovet ölkələrinə bir mesajdır. Bu mesaj ondan ibarətdir ki, Qərb sizi devirmək istəyir. Amma biz Rusiya olaraq sizi Qərbdən xilas etməyə hazırıq. Ancaq bir şərtimiz var. Gərək siz bizimlə bir ittifaqda təmsil olunasınız. Məntiqlə düşündükdə əgər Qərb və ya daxili qüvvələr Azərbaycan və ya Qırğızıstanda hakimiyyəti dəyişmək istəyirsə, Rusiyanın bu proseslərə müdaxilə etməsi nəyinə lazımdır? Rusiya yalnız onu müdafiə edən dövləti öz müdafiəsi ilə təmin edə bilər. Bu mesaj dəfələrlə dilə gətirilib. Hazırda da bu formada yenidən gündəmə qaytarılır.

– Avrasiya Ittifaqının silahlı qüvvələrinin yaradılması təklifi ilə çıxış edilib. Sizcə, bu ideya nə dərəcədə gerçəkləşə bilər?

– Bu, Rusiyanın növbəti oyunudur. Çünki Rusiya təsiri altına aldığı dövlətlərin hərbi birliyini yaradıb. Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvləri məhz bu niyyətlə bir araya gətirilib. Rusiyanın yeni hərbi birləşmə təklif etməsi o deməkdir ki, bütün bu ölkələri Rusiya ordusu yenidən işğal edir. Qırğızıstan və ya Azərbaycan hansı hərbi gücü ortaya qoyacaq ki, Rusiya ilə müttəfiqlik yaransın? Məsələn, NATO-da Almaniya, Fransa kimi dövlətlər olsa da, əsas hərbi gücü ABŞ təşkil edir. Hazırda da Rusiya özünün hökmran olduğu bir hərbi birlik yaratmaq istəyir.

~ tərəfindən Patriot 09/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma