SEYMUR HƏZİ: «ALTI RAYON BLEFİ»

«Altı rayonu almaq» təbliğatı beş rayonu verməyin ifşasıdır, yaxud, Kreml nə alsa, torpaq verər?

Hakimiyyət mediası yenidən ajiotaj yaratmağa başlayıb. Guya, hakimiyyət Qarabağı alır. Yaydıqları xəbərin məzmunundan isə məhz bu aydın olur ki, hakimiyyət Qarabağı verir. Regionda baş verən hadisələri əndrəbadi şəkildə təqdim edən xəbər və analizlərin mahiyyətində sadəcə, ictimai rəyi çaşdırmaq durur. Məsələn, Prezident Administrasiyasındakı Əli Həsənova bağlılığı şübhə doğurmayan sayt və qəzetlərdə belə başlıqlarla yazılar verilib: “Azərbaycan Qarabağı geri alır”.

Başlıqda ürək nə qədər dağa dönürsə, mətndə o qədər bulanma yaşayır: “Ermənilər təlaşda!; Iqtidar Rusiyanın vasitəsilə işğaldakı torpaqları geri almaq üçün hərəkətə keçib; Təmas xəttində düşmən tərəfdən minaların təmizlənməsi barədə ilginc məlumatlar var; Kremlin göstərişini Sərkisyan başlanacaq müharibəni uduzmaqla həyata keçirə bilər və s…”
Söhbət ondan gedir ki, guya, Rusiya Ermənistana torpaqları qaytarmaq əmri verəcək, o da qaytaracaq. Bu, nə qədər əsaslı ola bilər? Baxaq…
Bu xəbərin böyük bir yalan olduğunu sübut edəcək iki fakt var. Birincisi, Ermənistanla Rusiya hərbi və təhlükəsizlik sahəsində 50 illik saziş imzalayıblar. Bunun ardınca Rusiya generalı ötən aylarda açıqlama verib dedi ki, “kim Ermənistana hücum barədə düşünsə, qarşısında bizi görəcək”.
Bu isə o deməkdir ki, Azərbaycan Ermənistana hücum edərkən heç bir halda, Rusiyaya arxayın ola bilməz. Kim bu barədə düşünsə, deməli, o həm də siyasi baxımdan son dərəcə səbatsız biridir. Amma onu da iddia etmək olmaz ki, bu məlumatlar və “çalxalanmalar” səbatsızlıqdan yayılır. Deməli, ortada hansısa məqsədlər var. Biz də bu gün həmin məqsəd və planlardan yazacağıq.

“Altı rayon” blefi

Hər dəfə Ilham Əliyevin əli dara düşəndə, ondan demokratiya tələb olunanda “altı rayonu alırıq” kimi xəbər tozanağı aləmi bürüyür. Bu siyasət Heydər Əliyev hakimiyyətinin son dönəmindən dəbdədir. Amma 2010-cu ildə, hətta elə durum var idi ki, rəsmi Bakı özü beynəlxalq aləmə Qarabağ məsələsində güzəştə hazır olduğunu, amma Ermənistanın razılaşmadığını bəyan edirdi. O zaman bu açıqlamalar vətənini sevən insanları hakimiyyətin təslimçi mövqeyinə görə xalqa çağırış etməyə vadar etmişdi. Etdi də…
Indi də hakimiyyət bu mövzunu nahaqdan ortaya atmayıb. Azərbaycanı Rusiyaya yaxınlaşdırmaq Əliyevə öz hakimiyyətini qorumaq üçün lazımdır. Baxmayaraq ki, bu, ölkənin müstəqilliyi üçün ciddi təhdiddir, amma Əliyev bundan çəkinmir. Bu addımını pərdələmək üçün də guya, yeddi rayonu alacağı xəbərini yayır. Həqiqətdə isə hakimiyyətdə olanlar da bilirlər ki, bu, çox şişirdilmiş və təkrarı artıq bezdirən bir yalandır. Rusiyanın bizə sevgisi 1990-cı ilin yanvarında, 1992-ci ilin fevralında ifadə olunub. Ardınca isə Ermənistana daimi yaşamaq qarantiyası verən sazişlər bağlayıblar – iki milyard dollarlıq silah-sursat veriblər. Iki hərbi bazaları isə onları qorumaqla məşğuldur.
Ilham Əliyevin mirzələri isə insanlarımızı inandırmaq istəyir ki, qarı düşmən dost olub. Bu necə olur, əfəndilər? Axı siz özünüz aylar öncə bu Kremli düşmən kimi təqdim edirdiniz. Görünür ki, sizin də sabit maraqlarınız üçün təhlükə yaranıb. Bu maraq isə Əliyevin kürsüsünü daimi qorumaqdır.

Bəs beş rayon? Onları veririk?

Siyasətdə ən uğursuz adamlar bu peşənin riyaziyyatla əlaqəsini dərk etməyənlərdir. Ilham Əliyevin təbliğatçıları onu altı rayonu alacağı ilə təbliğ edirlər. Hərçənd, hər kəs anlayır ki, bu blefdir. Amma iqtidar təbliğatçıları anlamırlar ki, altı rayonun alınmasını təbliğ etmək eyni zamanda, beş rayonun ermənilərə təslim edilməsinin ifşasıdır. Çünki Erməmənistan bizim 6 yox, 11 rayonumuzu  işğal edib.
Ilham Əliyev elə rəy yaradır ki, guya, onun yaydığı məlumatlar hansısa ciddi uğurdan xəbər verir. Amma unudur ki, söhbət ərazi bütövlüyü prinsipinin qorunmasından və suverenliyin bərpa olunmasından gedir. Ilham Əliyev bunlara nail olurmu ki, belə sevinclidir? Yaxud da o, Rusiyaya nə verir ki, əvəzində altı rayonu alır? Bu sual sizin üçün də maraqlıdırmı? Yazının sonunda buna mütləq aydınlıq gətiriləcək.

Bu, həm də şantajdır…

Bir versiya budur ki, Ilham Əliyev sadəcə, şantaj edir. O bilir ki, Rusiya Qarabağ məsələsində güzəşt etməz. Amma onu da bilir ki, Qərb bu regionda savaş istəməz, ona görə də  “müharibə” deyib durur. O, bununla demək istəyir ki, “Rusiya nə istəsə, o da olacaq”. Çünki bu regionda konfliktdə iki ölkənin hakimiyyəti daha maraqlıdır. Birincisi, Rusiya hökumətidir – onlar münaqişənin mövcudluğundan istifadə edib Cənubi Qafqazın iki ölkəsinə təsir imkanını saxlayırlar. Ikincisi, Azərbaycan hakimiyyətidir ki, Əliyevlər də bu münaqişənin varlığını bəhanə edib, demokratik prosesin qarşısını alırlar. Ilham Əliyev bu cür məlumatlarla Qərbi açıq şəkildə şantaj edir ki, vəziyyətin dəyişməsinə imkan verməyəcək. Hazırda isə status-kvonun yeganə qarantı müharibədir.

ABŞ diplomatı maskaları cırdı

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi beynəlxalq ictimaiyyətdə böyük məsuliyyət nəzərdə tutur və ABŞ demokratiyanın, insan hüquqlarının və əsas azadlıqların inkişaf etdirilməsinə kömək etməyə hazırdır.
Təəssüf ki, vətəndaş cəmiyyətinin Azərbaycanda işləyə biləcəyi məkan əvvəlki kimi hakimiyyət tərəfindən daraldılır və bu meyl getdikcə güclənir ki, bu da regionda hərtərəfli təhlükəsizliyi təhlükəyə atır” – bu fkirlər ABŞ-ın ATƏT-də siyasi müşaviri Kristofer Robinsonun iyunun 5-də Vyanada, ATƏT Daimi Şurasında səsləndirdiyi bəyanatdan götürülüb.
ABŞ diplomatını bu qədər açıq danışmağa nə vadar edib? Görünür, Vaşinqtonda da anlayırlar ki, Azərbaycan hakimiyyəti artıq heç bir milli marağı nəzərə almadan davranır. Qərbin Qarabağ məsələsində bütün dəstəklərinə baxmayaraq, Əliyev administrasiyası Kremlin drektivlərindən çıxmaq istəmir. Çünki işğal faktorunun aradan qalxması Rusiyanın regional, Azərbaycan iqtidarının isə hakimiyyət maraqlarının əleyhinədir. ABŞ isə bu bəyanatla Əliyevə çatdırmaq istəyir ki, artıq heç nə gizli qalmayacaq. Bu prosesi yaşayan ölkələrin təcrübəsini öyrənmək elə də pis olmazdı. Yəni, Qərb artıq açıq danışırsa, deməli, anlaşmaq istəmir.

Narıncı əks-inqilabçılar

Bu xəbərə diqqət yetirin: “Destruktiv qüvvələrin MDB ölkələrində vəziyyəti qarışdırmağa yönələn səyləri yolverilməzdir. Biz bu səylərin qarşısını almaq üçün qanun çərçivəsində, ancaq olduqca sərt hərəkət edəcəyik ki, destruktiv qüvvələrin bizim ölkələrimizdəki vəziyyətə təsir etməsinə imkan verməyək”, – deyə Bortnikov bildirib.
Bortnikov Federal Təhlükəsizlik Xidmətinin rəhbəridir. FTX rəhbəri əlavə edib ki, onlar bu istiqamətdə real niyyətlərin şahidi olurlar və xüsusi xidmət orqanlarını mövcud informasiyaya reaksiya verməyə, səyləri birləşdirməyə, o cümlədən informasiya mübadiləsinə məcbur edir. A.Bortnikov bildirib ki, bu cür qüvvələr qeyri-leqal fəaliyyət göstərirlər, müvafiq Qərb qeyri-hökumət təşkilatlarından maliyyələşirlər və bu təşkilatlar o cümlədən MDB ölkələrinin ərazisində də mövcuddur. Bortnikovun sözlərinə görə, xüsusi xidmət orqanlarının səyləri “bu cür qanun pozuntularının profilaktikasına” yönəlib və məqsəd “leqal müxalifətçilik fəaliyyətinin radikal zəminə keçməsinin” qarşısını almaqdır”.
Bu müsahibə onu deyir ki, 2003-cü, 2005-ci və 2013-cü illər arasında Azərbaycan xalqının səsinin boğulmasında Ilham Əliyevin arxasında məhz Rusiya dayanıb. Amma bəzi mənəviyyat əlilləri bunu bilə-bilə çaşdırıcı ictimai rəy yaradıblar.
Ilham Əliyev üçün bu açıqlama istefa səbəbi olmalıdır. Onun hakimiyyətə gəlməsini və hakimiyyətdə qalmasını qanunsuz yollarla təmin edən hökumətin rəsmisi açıq etiraf edib. Bu etirafdan sonra biz o nəzəri söhbətin üstünə gəlirik ki, Rusiya nəyi alsa, altı rayonu verə bilər?

Dövlət gedir…

Məsələ çox konkretdir. Krım və Cənubi Osetiya təcrübəsi göstərir ki, Rusiya bütövlüyü yalnız bir halda qəbul edir – öz nəzarətində. Yəni, Rusiya, hətta altı rayonun qayıtmasına söz veribsə də, onun əvəzində Azərbaycanın müstəqilliyinə iddialıdır. Bunu almasa, heç vaxt razı olmaz ki, Azərbaycana  6 rayon geri qaytarılsın.
İlham Əliyev öz hakimiyyətini qorumaq üçün buna gedərmi?
Bu günə qədər olanlar və bu günlərdə baş verənlər onu deməyə əsas verir ki, gedər. Ola bilsin ki, bunu açıq yazmaq çox risklidir. Amma riskli olduğu qədər də vacibdir, həyatidir.  Ona görə də indi yalançı vətənpərvərlərin ifşa günüdür. Kim ki qalxıb “qarı düşmənin dost olmayacağını”, “Xocalı qırğınını törədəndən bizə xeyir gəlməyəcəyini” deməyəcək, deməli, onun özü təkcə bu iqtidarın köləsi deyil, hətta onun ağalarının buyruqçusunun buyruqçusudur.
Bir sözlə, Əliyevlər Azərbaycanın müstəqilliyini hakimiyyət maraqlarına qurban verirlər. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri ərəfəsində Ilham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Azərbaycana çağırmaqla demək istəyir ki, o, mövqeyində israrlıdır.
Xatırlatmaq yerinə düşər ki, Sərkisyanla Əliyev arasında baş tutan məşhur Soçi görüşündən əvvəl də hökumət mediası Əliyevin Qarabağı faktiki vermək planına don geyindirməyə çalışırdı və belə rəy var idi ki, o, Kremlin hazırladığı sülh layihəsinə qol çəkəcək. Amma həmin görüşə bir gün qalmış Əliyev Brüsselə dəvət edildi və Barrozo onunla görüşərək, bu mövqedən çəkindirdi.
İndi isə hakimiyyət cidd-cəhdə məsələyə nöqtə qoymaq istəyir. Yəni, torpaqları verib, problemdən canını qurtarmaq…
Onsuz da Əliyevlərin müstəmləkəyə rəhbərlik etmək təcrübəsi var.

~ tərəfindən Patriot 07/06/2014.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma